Mən səni elə axtarırdım ki... (hekayə)

Mən səni elə axtarırdım ki... (hekayə)

İrvin Şou

Mən səni elə axtarırdım ki...
(hekayə)
 
Nəhayət, ona rast gələndə əvvəlcə tanımadı. Qarşısındakı uzun ayaqlı, əynində adətən tələbələrin geydiyi geniş biçimli palto, qəhvəyi fetr şlyapa olan qadını gözlərindən yayındırmadan məhəllənin yarısınacan izlədi.
 
Lakin qəfildən yerişi yadına düşdü: Cənubda meksikalı və ispan qadınlar başlarında zənbil apararkən necə gedirdilərsə, eynilə o da yeriyərkən kürəyini düz saxlayır, boynunu və başını tərpətmir, astaca yırğalana-yırğalana addımlayırdı. 
 
Bir anlıq fikir verdi ki, yolun gün düşən tərəfi ilə gedir, çox ehtimal, On ikinci küçəyə yönələçəkdi, sonra çatıb əlinə toxundu.   
 
- Bu nədir? Alçaq dabanda?! Heç ağlıma da gəlməzdi ki, səni belə görə bilərəm.  
 
Təəccüblə  çevrildi, sonra sifətinə yayılmış təbəssüm üzünü işıqlandırdı, onun əlindən tutdu.
 
- Salam, Pol. Səhhətimə görə məcbur oldum.
- Səni xatırlayanda, ancaq Nyu Yorkda hündür dabanda təsəvvürümə gəlirsən.  
- Hər şey arxada qaldı, - Harriet cavab verdi. Günəşin işıqlandırdığı səki ilə sakit-sakit əl-ələ Altıncı küçəyə döğru addımlayırdlar. – O vaxt mən çox yelbein bir qız idim. 
- Ancaq yerişin heç dəyişməyib. Elə bil başında camaşır zənbili aparırsan.
- Bu yerişi öyrənmək üçün düz altı ay məşq etmişəm. Sən heç təsəvvürünə də gətirə bilməzsən ki, mən otağa daxil olanda necə diqqət çəkirəm. 
- Lap yaxşı təsəvvür edirəm, - Pol gözlərini ondan çəkmirdi. Həmin qara saçlar, ağappaq dəri, mütənasib qamət, hətta üçgünlük sərməstlikdən sonra belə parlayan tünd boz gözlər... 
 
Harriet boynunu qısıb poltosunu qoxladı və addımlarını bir qədər yeyinlətdi.  
 
- Mən "Uonameykers”ə gedirəm. Bəzi şeylər almalıyam. Bəs sən hara gedirsən? 
- "Uonameykers”ə, - Pol heç duruxmadan cavab verdi. – Düz üç ildir ki, "Uonameykers”də olmağı arzulayıram.  
Bir müddət dinməz-söyləməz irəlilədilər, Harriet əvvəlki kimi onun əlindən tutmuşdu. 
- Ağılsızlıqdır, - Pol sükutu pozdu. – Mübahisə etməyə hazıram ki, kənar birisi üçün özümüzü çox yüngül aparırıq. Bəs sən necə düşünürsən?    
- Doğrudan da ağılsızlıqdır, - əlini çəkdi. 
- Bəlkə də, - ayaq saxladı, sınayıcı nəzərlərlə Harrieti süzdü. O da dayandı, dodaqlarında ötəri çaşqınlıqdan doğan təbəssüm dolaşdı. – Sən niyə belə geyinirsən? Northemptonda bazar ertəsi səhərini xatırladırsan.   
- Əlimə keçəni götürüb geyindim. Bir saatlığa çıxmışam. 
- Sən adətən böyük gözəl şirniyyat qutusunu xatırladardın, - Pol onun əlini əlinə aldı, yollarına davam etdilər. - Vyana konfetini. Hər biri öz cığarasında, məxməri yuvacığında. Hətta küncdəki mağazaya araq almağa gedəndə də həmişə elə geyinərdin ki, səni desert kimi yeməyim gəlirdi. Yaxşılığa tərəf dəyişdiyini deyə bilmərəm.
 
- Qadınlar hər yaşda bir cür geyinirlər. Pikassodakı kimi, - Harriet cavab verdi, - əgər bilsəydim ki, səninlə qarşılaşacağam, başqa cür geyinərdim. 
 
Pol onun əlini şappıldatdı. 
 
- Elə belə də yaxşıdır. 
 
İrəliləyirdilər, Pol isə gözlərini ondan çəkə bilmirdi. Tanış, uzunsov sifət, həmişəki kimi bol-bol boyanmış çox məhrəm dodaqlar, xırda dişlər. Dişləri xırda olduğundan güləndə sanki bazar günü məktəbinin şagirdinə çevrilirdi. 
- Arıqlamısan, Pol. – Harriet dedi. 
 
Pol başı ilə təsdiqlədi. 
 
- Mən siyənək balığı kimi tarım çəkilmişəm. Tərki-dünya həyat tərzi keçirirəm. Bəs sən necə yaşayırsan?   
- Mən ərə getmişəm, - susdu. – Ərə getməyimi eşitmisən? 
- Eşitmisəm, - Pol yenə başı ilə təsdiqlədi. Altıncı küçəyə keçdilər, yaşıl işıq qırmızı ilə əvəzləndiyindən addımlarını genişlətdilər. – 1940-cı il yanvarın doqquzunda axşam evdə yox idin.     
- Ola bilər. Mən artıq böyük qızam. Hərdən axşamlar da evdən çıxıram. 
- Mən evin yanından keçirdim, gördüm ki, pəncərədə işıq yanmır, - Doqquzuncü küçəyə döndülər. – Yadımdadır. Otağın çox isti olardı. Sanki Botanika bağındakı istixanadaydıq.   
- Mən çox üşüyənəm, - Harriet tam ciddiyyətlə cavab verdi. – Deyirlər, massaçuset mənşəliyəm.   
- Ən çox da xoşuma gələn o idi ki, heç vaxt yatmırdın. 
- Hər qadının öz üstünlüyü var. Bəziləri gözəldir, bəziləri ağıllı... mən... mən heç vaxt yatmırdım. Mənim məşhurluğumun sirri də bundadır.  
 
Pol gülümsündü.
 
- Səsini kəs. 
 
Harriet də gülümsündü, mehribancasına gülüşdülər. 
 
- Özün bilirsən, nədən danışıram. Gecə saat ikidə, üçdə zəngi çalırdım, o dəqiqə də qapını açırdın, şux, parlayan, kölgəli gözlər, ənlikli yanaqlar... 
- Cavan vaxtı gücüm çox tez bərpa olunurdu.
- Səhərlər Bethoven musiqisinin sədaları altında yemək yeyərdik. "Nyu York Siti” radiostansiyasında klassik musiqi saatı. Merin xüsusi göstərişi ilə səhər saat doqquzdan onadək Bethoveni səsləndirirdilər. 
 
 
Pol bir anlıq gözlərini yumdu. Bir də yalnız, bir zamanlar çox yaxın olan, indi isə onunla çox asanca yanaşı addımlayan, az qala heç tanımadığı qadına baxmaq üşün yenidən açdı. Yataq otağının böyük pəncərəsindən şəhərin qaranlıq gecəsində göydələnlərin damında sayrışan işıqlara baxa-baxa yarıyuxulu yanaşı necə uzandıqlarını xatırladı. Bir dəfə isə Harriet yuxulu-yuxulu əlini onun boynuna çəkdi. Günorta saçını qırxdırdığından boynundakı tüklər tikan kimi idi. Harriet əlini tükllərin əksinə doğru bir də çəkdi. Gözlərini açmadan yuxulu-yuxulu gülümsündü: "Kişi – çox heyrətamiz məxluqdur...” – pıçıldadı. Sonra dərindən nəfəs aldı, güldü və yenidən dərin yuxuya getdi. Əli isə Polun boynunda qaldı.
 
Pol xatırlayaraq gülümsündü.
 
- Sən hələ də mənim geyimimə gülürsən?  
- Hardasa eşitdiyim bir deyim yadıma düşdü... – Pol cavab verdi. - "Kişi – çox heyrətamiz məxluqdur...” 
 
Harriet soyuq nəzərlərlə ona baxdı.   
 
- Kimin sözləlridir?
 
Pol ötəri baxışlarını onun üzündə gəzdirərək dedi:
 
- Оsvald Şpengler.
- Oho, Harriet başını yellədi. – Məşhur sitatdır.
- Ələlxüsus da, yerində işlənibsə.
- Mən də o fikirdəyəm, - Harriet addımlarını azca sürətləndirdi. 
Onlar uzun qış gecələrində oturduqları balaca barın yanından ötdülər. "Martini” içərdilər, danışar, danışar, danışardılar və elə bərkdən gülərdilər ki, qonşu stolda oturanlar çevrilib onlara baxardılar. Pol gözləyirdi ki, Harriet barı xatırlayacaq, ancaq o, heç fikir də verməmişdi.
 
- Bu ki "Eddinin barı”dı, - ilk təşəbbüsü özü elədi.
- Elədir, - Harriet başı ilə təsdiqlədi. 
- Fransız vermutu qurtaranda martiniyə xeres (şərab növü - Tərc.) qatırdı. 
- Necə də iyrəncdi, - ağız-burnunu büzüşdürdü. 
- Deyə biləcəklərin yalnız bu qədərdir? – Harrietin üzündə səmimi bir təəccüb ifadəsi yarandı, ancaq Pol əvvəllər də heç cürə anlaya bilmirdi ki, o, yalan danışır, yoxsa doğru deyir və bu iki ildə heç nə dəyişməmişdi. – Heç nə demək lazım deyil. Gəl içəri keçək, səni qonaq edim.   
- Yox, sağ ol. "Uonameykers”ə gedib evə qayıtmalıyam. Barda oturmağa vaxtım yoxdur.
- Necə istəyirsən, - Pol tutuldu.
 
Beşinci küçəyə yönəldilər.
       
- Bilirdim ki, mütləq sənə rast gələcəm, - Pol davam etdi. – Bilmək istəyirdim ki, bu, necə alınacaq.
 
Harriet cavab vermədi. Küçənin əks tərəfindəki evlərə baxırdı.
 
- Dilini pişik yeyib? – Pol zarafat etdi. 
- Və bu, necə alındı? 
- Hərdən əvvəllər tanıdığım qızlarla rastlaşıram.
- Mərc gələrəm ki, Nyu Yorkda onların sayı-hesabı yoxdur.    
- Nyu York nə vaxtsa, kiminləsə görüşən qızlarla doludur.  
 
Harriet təsdiqlədi.     
 
- Heç bu barədə düşünməmişəm, ancaq sən, şübhəsiz ki, haqlısan
- Hər dəfə də öz-özümə mat qalıram. O, necə də yaxşı qızdır? Nə üçün ondan ayrılmışam? İlk dəfə görüşdüyüm qız indi polisdə xidmət edir. Keçən yay Koni-Aylenddə hansısa qanqsteri tutubmuş. Anası formada çıxmasına icazə vermir. Qonşulardan utanır.
- Təbiidir, -  Harriet mızıldadı. 
- Başqa biri soyadını dəyişib, rus baletində oynayır. Çox gözəl ayaqları var. Onu həmişə gözəllərin siyahısına daxil etmişəm. Səni də.   
- Biz cütlükdə pis görünmürdük, - Harriet dedi. – Düzdür, tüklərin çox tez codlaşdı. Elektrik ülgücü...
- Daha istifadə etmirəm.
 
Bir vaxtlar yaşadığı evin yanından keçdilər. Pol binanın giriş qapısına baxdı və Harrietlə oradan necə girib-çıxdıqlarını xatırladı: yağışlı günlərdə, qara bələnmiş səhərlərdə... Ayaq saxladılar, kərpicdən tikilmiş köhnə evə, dördüncü mərtəbədəki çərçivələrinin boyası getmiş pəncərəyə baxdılar. Hər dəfə küçədə havanın necə olduğunu öyrənmək üçün oradan boylanardılar. Pol ilk dəfə bir qış gecəsi bu qapıdan birlikdə necə girdiklərini xatırladı.
       
- Mən olduqca nəzakətli idim, - sanki öz-özünə dedi.     
 
Harriet onun nə demək istədiyini anlayaraq gülümsündü.      
 
- Sən həmişə açarı salardın və burnunun altında "Allahım, Allahım”, - deyə deyinərdin.  
- Mən əsəbiləşirdim. Sənin hər şeyi anladığını... heç bir illüziyanın olmadığını dəqiq bilmək istəyirdim. Xeyirxah dostlar, sadə bir vəziyyət, portağal, altı həftədən sonra Detroytdan başqa bir qız gəlir, nə sənə verəcəyim var, nə də səndən alacağım... – Pol yenidən dördüncü mərtəbədəki pəncərəyə baxdı. – Səfeh! Axmaq!     
- Necə də sakit, dinc küçədir, - Harriet başını yellədi, yenə Polun əlindən tutdu. – Mən "Uonameykers”ə getməliyəm.       
O, yoluna davam etdi.   
- "Uonameykers”dən nə alacaqsan? – Pol soruşdu. 
 
Harriet bir anlıq dayandı.       
 
- Heç nə. Uşaq bezi, düyməsiz uşaq köynəkləri. Mənim uşağım olacaq, - dörd iti yedəkləyib aparan qadınla toqquşmamaq üçün divara qısıldılar. – Maraqlı deyil, mən və uşaq? – Harriet gülümsündü. – Bütün günü çarpayıda uzanıb onun necə olacağını xəyal edirəm. Fasilələrdə isə yatıram, pivə içirəm, ikimizi də yemləyirəm. Əvvəllər heç vaxt belə yaşxı yaşamamışdım.
- Nə olar, heç olmasa ərini əsgərlikdən azad etdirmiş olarsan.     
- Ola bilsin. Ancaq o, qızgın vətənpərvərdir.       
- Yaxşı. O, Ford-Diksdə olanda mən səni Vaşinqtonun şəhər bağçasında qarşılayaram. Axı sən uşağı gəzdirməyə çıxaracaqsan. Ədəb qaydalarını gözləmək üçün polis forması geyərəm. Mən o qədər də qızğın patriot deyiləm. 
- Ancaq səni onsuz da orduya aparacaqlar, elə deyil?      
- Əlbəttə. Mən leytenant formasında şəkil çəkdirib sənə gəndərəcəm. Bolqariyadan. Ürəyimə damıb ki, Bolqariyada strateji yüksəklikləri qorumalı olacam.        
 - Sən buna necə baxırsan? – Harriet ilk dəfə Pola sarı çevrilib diqqətlə ona baxdı. 
 
Pol çiyinlərini çəkdi.      
 
- Qismət. Bu, çox ağılsız bir şeydir, amma daha on il bundan əvvəlki kimi yox.
 
Harriet qəfildən güldü.       
 
- Mən gülməli nə dedim ki? – Pol maraqlandı.       
- Mən birdən sənin nəyə isə münasibətin haqqında soruşdum. Əvvəllər buna gərək qalmazdı. Sən hər şeyi özün mənə danışardın: Ruzveltə, Ceyms Coysa, İisus Xristosa, Matissə, yoqaya, spirtli içkilərə, seksə, heykəltəraşlığa... olan manasibətindən, hər şeydən...
- O vaxtlar hər şey haqqında özümün müstəqil düşüncələrim var idi, - Polun təbəssümündə kədər gizlənmişdi. – Ehtiras və söhbət. Cinslər arasındakı sivil münasibətlərin iki təməl daşı.
 
O, dördüncü mərtəbədəki pəncərəyə sarı çevrildi.       
 
- Münasib mənzil idi. Həm ehtiraslar, həm də söhbətlər üçün.
- Gedək, Pol. "Uonameykers” bütün gecəni işləməyəcək.       
 
Pol yaxalığını qaldırdı, çünki Beşinci küçəyə keçəndə külək gücləndi.
 
- Tanıdığım qızlardan yalnız səninlə bir yataqda yata bilirdim.   
- Hələ heç kimdən belə bir şey eşitməmişdim, - Harriet güldü. – Bu sözləri kompliment kimi qəbul edim?      
 
Pol yenə çiyinlərini çəkdi.     
 
- Bu, faktdır. İşə aid fakt. Və ya aid olmayan. Ərli qadınla bu barədə danışmaq düzgündürmü?      
- Yox.
 
Pol bir müddət dinmədi.
 
- Məni görəndə nə fikirləşdin? – nəhayət, soruşdu.      
- Əslində, heç nə.      
- Yalan deyirsən?
- Yox.      
- Məgər sən fikirləşmədin ki: "İlahi, mən onda nə tapmışdım?”      
- Yox. – Harriet əlini paltosunun cibinə saldı.     
-  Bilmək istəyirsən, səni görəndə nə fikirləşədim?     
- Yox.      
- Mən səni düz iki il axtarmışam, - Pol özünü saxlaya bilmədi.       
- Mənim ev telefonumun nömrəsi sorğu kitabçasında var, - Harriet daha da sürətlə addımladı.       
- Mən səni görənə kimi səni axtardığımı dərk etmirdim.       
- Sən Allah, Pol...      
- Mən küçə ilə gedirdim, yanaşı oturduğumuz barı görürdüm, içmək istəməsəm də, içəri girirdim, heç özüm də bilmirdim ki, niyə belə edirəm. Amma indi bilirəm. Mən gözləyirdim ki, sən də gələsən. Evinin yanından təsadüfən keçməmişdim.       
- Qulaq as, Pol, -  o, az qala yalvarırdı, - bu, çoxdan olub, bizim gözəl xatirələrimiz var, ancaq hər şey bitib...    
- Mən haqlı deyildim. Başa düşürsən? Mən haqlı deyildim. Bilirsən, mən hələ də evlənməmişəm.      
- Bilirəm. Xahiş edirəm, mumla.     
- Mən Beşinci küçə ilə addımlayırm və hər dəfə də müqəddəs Patrik kilsəsinin yanından keçəndə boylanıb baxıram görüm, sən də küçədə deyilsən ki... Mən səninlə məhz orada rastlaşmışdım. Hava soyuq idi, sən göz yaşları içərisindəydin, dişini vurub salmışdılar, gözlərin qıpqırmızı idi. Və mən səninlə yalnız onda təsadüfən rastlaşmışdım... 
 
Harriet gülümsündü.      
 
- Ədəbi memuarlara layiq xatirələr.      
- İki il... – Pol susdu. – Son iki ildə mən çox qadınlarla ayrılmışam, - o, çiyinlərini çəkdi. – Onlar məni usandırırdılar, mən də onları. Səni görmək ümidilə yanımdan ötən hər kəsə tərəf boylanırdım. Bircə, biləydin, buna görə qızların əlindən nələr çəkmişəm. Bəzən qara şaçlı qadın görəndə, əynində sənin geydiyin xəz jaket olan birisinə rast olanda, sənin kimi gözəl yerişli qızla qarşılaşanda ardınca düşürdüm, fikirləşirdim ki, bəlkə sən olarsan...  İki il şəhərin küçələrində dolaşıb səni axtarmışam. Və bunu yalnız indi anlayıram. İlk dəfə getdiyimiz balaca ispan restoranı. Hər dəfə onun yanından keçəndə olub-keçənlərin hamısını yenidən xatırlayıram: nə qədər içmişdik, hansı musiqi səslənirdi, nədən danışırdıq, piştaxtanın arxasında oturub sənə göz vuran kök kubalı mənim mənziliməcən necə gəlib çıxmışdı...            
 
Hər ikisi də tez-tez addımlayırdılar. Harriet əllərini böyrünə sıxmışdı.       
 
- Biz qovuşub vahid bir varlıq olanda məni saran o məstedici hiss... 
 
- Pol, bəsdir, - Harriet ehtirassız, amma ucadan qışqırdı.
 
- İki il. Düz iki il bu duyğular kütləşə bilərdi. Ancaq bunun müqabilində... – Sən belə bir müdhiş səhvə necə yol verə bilərdin, Pol özündən soruşdu. Necə? Artıq heç nəyi düzəltmək mümkün deyil. O, qəfildən Harrietə sarı çevrildi. O, Pola baxmırdı, sanki heç eşitmirdi də, yalnız univermağa mümkün qədər tez çatmağı fikirləşirdi. – Bəs sən? Məgər sənin yadında deyil?..
 
- Mən heç nə xa-tır-la-mı-ram, - dedi və o dəqiqə də gözlərindən yaş tökülməyə başladı. – Mən qətiyyən heç nəyi xatırlamıram. "Uonameykers”ə getmirəm. Mən evə gedirəm. Əlvida! – küncdə dayanmış taksiyə tərəf qaçdı, qapını açıb içəri atıldı. Maşın yerindən götürüldü və Harrietin acı göz yaşları ilə parıldayan bir cüt gözü Polun yanından ötüb getdi.      
 
O, taksini küncdə burulanacan gözləri ilə yola saldı. Geri çevrilib başqa səmtə döndü. Başında bir fikir dolaşırdı: "Bu məhəllədən getməliyəm. Deyəsən burada çox yaşadım...”