“Məqamlar”dan məqamlar

“Məqamlar”dan məqamlar

Kimdir ziyalı?
Aliyə

“Məqamlar” jurnalist Nərgiz Cəlilovanın “Lider” televiziyasındakı verilişidir. Bu layihə uzunmüddətli reklamdan sonra efirə çıxdı. İctimai-mədəni proseslərdə operativ və əhatəli işləmək istəyini hələ bundan əvvəlki bir neçə layihəsində sübut etmiş Nərgiz xanım “Məqamlar”da qonağı ilə bəzi məqamlara aydınlıq gətirmək iddiasındadır. Son verilişlərinin birində o, yazıçı Çingiz Abdullayevlə söhbətinə “ziyalı missiyası” kimi ağır bir mövzudan başlayır. Rusca düşündüklərini ana dilinə tərcümə edərək danışan Çingiz Abdullayev Azərbaycan cəmiyyəti haqqında təsəvvürlərinin köməyi ilə danışır. Heyrət! Nə qədər bizdən, sosial vəziyyətimizdən xəbərsiz olsa belə, onun cavabları bu günümüzlə səsləşir. Məsələn, o, ziyalının cəmiyyətin aparıcı qüvvəsi olması barədə Nərgiz xanımın fikrini alt-üst edərcəsinə sadəlövh və sərrast cavab verir. O, çoxluğun tərəfindədir. Əgər çoxluq oxumaq, elmə yiyələnmək, mədəni olmaq istəmirsə, onu rahat buraxmaq lazımdır. Razılaşın ki, o, haqlıdır.
Əziz dostlar, Nəhayət anlayın ki, maarifçilik dövrü geridə qalıb. İndi ziyalının missiyası özünü müdafiə etmək və tapdalanıb ayaq altda qalmamaq üçün səy göstərməkdir. Əlbəttə, bu fikirləri Çingiz Abdullayevdən gözləmək olmazdı. O Çingiz Abdullayevdən ki, o tamam başqa dünyada yaşayır, onun Azərbaycan cəmiyyəti haqda dedikləri uzaqda görünən gəmi barədə deyilən fərziyyələrə oxşayır. Deməzsən, bu yazıçının bizdən xəbəri var imiş. O, gənclərlə, gələcəklə bağlı nikbin olduğunu söyləyir. Ona bu nikbinliyi tez-tez “ilk sevginiz olubmu” sualları verən, 90%-i müsəlmançılığın tərəfində olan, universitetlərdə görüşdüyü tələbə gənclər verib.

   Daha bir məqam: Nərgiz xanımın cidd-cəhdlə vurğulamağa çalışdığı ziyalı missiyasını Çingiz Abdullayev intuisiya ilə rədd edir. Bu, bizim əksər yazarların, ziyalıların anlaşdığı, razılaşdığı məqamdır. Razılaşmayanlar bir az AzTV-yə, bir az ANS-ə, bir az ətrafa baxsın. Ya da gedib Muradın hekayəsini oxusun. Nərgiz xanımın bir neçə il əvvəl öz verilişinə qonaq çağırdığı, çağırmağına peşman olduğu, onu əsəbdən ağarmağa məcbur edən yazıçı Murad Köhnəqalanın “İtə dönmüş ziyalı” adlı hekayəsində ziyalının vəziyyəti elə dəqiq təsvir olunub ki, ziyalı missiyası haqqında danışmaq ədəbsiz, az qala əxlaqsız bir işdir. Çingiz Abdullayev anlayır ki, bahalı maşınların şüşəsindən bayıra baxmaqla, tox səslə pafoslu çıxışlar etməklə, müdrik məsləhətlərlə xalqa ziyalı imici sırımaq, onu qabağa aparmaq kimi lazımsız bir missiyadan danışmaq düzgün deyil.
Muradın qəhrəmanı olan itə çevrilmiş ziyalının insanlar barədə maraqlı düşüncələri və yemək tapmaq ümidi var. Artıq ziyalıların işi şəhərə çıxıb bir-birini tapmaq və bir-birinin gözlərinin içinə baxmaqdır. Budurmu əsl ziyalı?
Universitetlərdə işləyən, cild-cild kitablar yazıb tələbələrinə satan, rüşvət almaması ilə elə fəxr edən (guya almalı imiş), ziyalı olmaq istəyən adamlardırmı əsl ziyalı?
Yoxsa vicdanla dərs keçən, tələbələrini işığa, elmə səsləyən, getdikcə “əhəmiyyətli” işlərdən qəsdən uzaqlaşdırılan, özünə qapanan bir ovuc adamlardır?
Bəlkə parnikdə yaşayıb-yaradan, xalqın adından və xalq haqqında danışmağa vicdanı yol verməyən, qapısından “bizə xlor lazım deyil” elanı asmış adamlardı?