Mərahim Nəsib. Getdilər edamlıq adamlar kimi (ŞEİRLƏR)

Mərahim Nəsib. Getdilər edamlıq adamlar kimi (ŞEİRLƏR)

Yığıb öz köçümü gedirəm indi, 
Bilmirəm, başımı alıb gedirəm.
Gedirəm eləcə bilinməz yerə, 
Başımı aşağı salıb gedirəm.

Çıxıram özümdən qayıtmıram da, 
Belə də deyirəm, qayıtmaq olmur.
Hikkəmi birtəhər soyudaram e, 
Özümü özündən soyutmaq olmur.

Guya ki, getsəm də nə dəyişəcək,
Sən çıxsan qapıdan həsrətin gələr.
Elə hey gözlərim qapıda qalır, 
Sora da deyirəm, bu çətin gələr.

Hər səhər, hər axşam deyinirəm ki,
"Gələ də Allahın altında nolar"
Mən sənə etdiyim dualar qəbul
ola da Allahın qatında nolar.

***

Darıxmaq da başqa dərddi vəfasız, 
Alınmır e, yoxdu səbrim gözləyəm.
Heç özümlə yola gedə bilmirəm, 
Neyləyim ki, mən qaragün, beləyəm.

Bu dərddə ki, yapışandan yaxamdan, 
Elə bil ki, keçib getmir zaman da.
Çətin olur, çətin olur bacarmaq, 
Allah haqqı düz deyirəm, inan da.

Elə bil ki, birdi axşam, səhər də, 
Boğur məni boğazımın qəhəri.
Ağır olur darıxmağın gecəsi, 
Çətin olur gözləməyin səhəri.

***

Getdilər edamlıq adamlar kimi, 
Bahar da gəlmədi gün də çıxmadı.
Sonuncu çiçək də əlimdə soldu,
İstədim bir kəlmə qayıt gəl deyim, 
Çıxdı ürəyimdən dilimdə qaldı.

Bir də pəncərənə baxmadım sənin,
Daha kövrəlməyi, fəryadı kəsdim.
Qalandan avara, sərsəri hər gün,
Külqabı qoxuyur, tütün qoxuyur, 
Otağın hər küncü, hər yeri hər gün.

Düşəndə qəflətə birdən düşürsən, 
Bəla da gələndə özündən gəlir.
Göydən yıxılırsan yerdən düşürsən,
Hər şeyi xeyirə yozsan da hər gün, 
Yediyin, içdiyin gözündən gəlir.

Əlacın kəsilir çıxıb gedirsən,
Ömürlük gedirsən sonuncu dəfə...
Gedirsən baxaraq evə, eşiyə, 
Torpağa, səmaya baxıb gedirsən.
Onsuz da deyil ki birinci dəfə,
Qayıdıb məzardan kiçik beşiyə, 
Beşikdən məzara çıxıb gedirsən.

***

Sözündən olmur çıxmaq, 
Unut deyirsən unudum.
Lap istəsən göz yaşımı, 
Hər səhər, axşam qurudum.

Yolda qoyandan gözümü, 
Azıb itirdim izimi.
Getdiyin andan özümü, 
Vallah alınmır ovudum.

Bilmirəm ki, kiməm, nəyəm, 
Nə qədər dərddən əyiləm?
Ta həmən uşaq deyiləm, 
Qalma nigaran böyüdüm.

***

Ürəyin tab gətirməz həsrətin qapısında
sənə versəm bircə gün gözlədiyim növbəmi.
And içirəm hər axşam səni unutmaq üçün,
Peşman olub pozuram ertəsi gün tövbəmi.

Kir-kimsəsiz yaşamaq bir ayrı dərd olsa da, 
Vallah alınmır belə, unudacam səhərdən.
Unutmağa nə var e, unudaram birtəhər, 
Soruşaram uzağı hərdən beş-üç nəfərdən.

Unutmaq da deyirəm, gecə başlayan kimi, 
Həsrət yaman göynəyir bədənimdən içərdə.
Düşən kimi yadıma tapıram bir bəhanə, 
Gəlib-gedib deyirəm yavaş-yavaş keçər də.