Məşədi Dadaş məscidində Şəhriyar Del Geraninin imza günü keçirilib (FOTOLAR)

Məşədi Dadaş məscidində Şəhriyar Del Geraninin imza günü keçirilib (FOTOLAR)

Bu gün Azərbaycanda ilk dəfə olaraq məsciddə imza günü təşkil olunub. Tanınmış şair Şəhriyar Del Geraninin yeni çap olunan ‘‘ Gecəniz şeirə…” adlı kitabının növbəti təqdimatı ‘‘Məşədi Dadaş” məscidində keçirilib.

Şəhriyar Del Gerani AzEdu.az-a bildirib ki, ‘‘Quran”ın ilk sözünə əməl edərək məscidlərdə oxu günləri təşkil etmək lazımdır. Bu bir ilkdir, qələm dosotlarımı bu tendensiyaya qoşulmağa dəvət edirəm. Allah necə haqdı!"

İctimaiyyət nümayəndələri və məscid icmasının iştirakı ilə keçirilən tədbirdə ilahiyyatçı-alim Hacı Şahin qonaqları salamlayıb. Daha sonra ilahiyyatçı "Allaha tərəf hikmət və gözəl sözlə dəvət et" ayəsinə toxunaraq bildirib ki, İslam dini sözün rasionallığı ilə yanaşı onun estetik təqdimatına da böyük önəm verir. Şairin imza gününün məhz məsciddə keçirilməsi mənəviyyatla zövqün, ziya ilə estetikanın bir araya gəlməsi kimi dəyərləndirilməlidir. Məscidlər ibadət yeri olmaqla yanaşı, mədəniyyət ocağı olmalıdır həm də, xalqın mədəni həyatının önündə getməlidir. Tədbirin bir mədəni hadisə olması ilə yanaşı həm də xeyriyyə aksiyası olduğunu qeyd edən Hacı Şahin Həsənli bildirib ki, satışdan əldə olunan pullar aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatının alınmasına sərf olunacaq. Sonda ilahiyyatçı belə bir təşəbbüsə görə Şəhriyar Del Geraniyə təşəkkürünü bildirib.

İmza gününə gələn qonaqları salamlayan şair Şəhriyar Del Gerani öz yaradıcılığında səmavi kitablara müraciət etdiyini söyləyib. Onun sözlərinə görə, dünya ədəbiyyatının böyük şəxsiyyətləri dini çevrələrdən çıxıb, yaradıcılığı ilə mənəvi yol qət ediblər. Füzulidən, Seyid Əzimdən misralar oxuyan şair bildirib ki, ən böyük arzusu irfani anlamda həqiqətə qovuşmaqdır: "Allah bunu mənə qismət etsə, artıq şerlərimi imzasız yazacam". Del Gerani hesab edir ki, klassik ədəbi ənənəmizdə də şairlər məhz bu məqam haqda yazırlar. Şairin sözlərinə görə, şer hər zaman məsciddə olub: "Məscidlərdə mərsiyələr oxunur, mərsiyə də şerin janrıdır. Ona görə şair hər zaman məsciddədir". Daha sonra şair yeni kitabından bir neçə şeir oxuyub. Misraları şərh edərkən Şəhriyar Del gerani Quran ayələrinə istinad və ilahi sevgiyə müraciət etdiyini açıqlayıb.

Daha sonra tədbirə qatılan yazıçı, şair, publisist Həmid  Herisçi çıxış edib. Yazıçı qeyd edib ki, orta çağ müsəlman ədəbiyyatı müxtəlif etnik qrupların anlayacağı vahid bədii-fəlsəfi dil formalaşdırıb. Şairlərin əksəriyyəti məhz müsəlman şərqindən çıxıb, müsəlman ruhani kimliyini daşıyıb. Şəhriyar Del Geraninin dini təhsil alddığını bildirən Həmid Herisçi gənc nəsil şairlərin İslamla tanışlığını zəruri adlandırıb: "Təkrarçılıq deyil, ənənəyə bağlılıq olmalıdır ki, Şəhriyar da bu bağlılığı qoruyub".  

Yeni kitabın nəşr olunması ilə bağlı şairi təbrik edən tanınmış ziyalı Namiq Qurbanov Şəhriyar Del Geraninin yaradıcılığından müsbət tənhalıq ətri gəlir. Şair sanki böyük axına düşən müasir insana "dur" deyir, özü ilə xəlvət etməyə çağırış edir. Bu baxımdan Şəhriyar Del Geraninin şeirləri olduqca mühüm mesajlar ötürür.

Tədbirin sonunda Hacı Şahin Həsənli şairə müqəddəs Qurani-Kərim hədiyyə odib.