Mətanət İM -

Mətanət İM - "Düşüncələrimizi qapayan pərdə" (+18)


  İsmayıl Rizvanoğlunun "Gözümüzə pərdə olan ..." hekayəsi məncə bizim cəmiyyət üçün kifayət qədər xoş qarşılanmayacaq , qalmaqallı nüanslarla doludur. Oxuyanlar güman ki, mənimlə razılaşacaq. Gənc yazar gündəmdən düşməyən əxlaq, namus məsələlərinə çox az qism insanın razılaşa biləcəyi bir nöqteyi nəzərdən yanaşıb. Sərhədli düşüncələrə, sorğusuz sualsız dədə-babadan görüb mənimsədiyimiz, həqiqiliyi üzərində düşünmədiyimiz bir çox məsələlərə də fərqli baxış bucağından, əslində "belə imiş deməli" olduğumuzu bu hekayə vasitəsi ilə insanlara çatdırmağa çalışıb. Yazıya əsasən qənaətə gəlmək olar ki, bəli, əxlaq anlayışı yalnız insanın düşüncələrində olmalıdır. "Əxlaq ayaqların arasında deyil düşüncədədir" aforizmi onun özünə məxsus düşüncələrini müdafiə etdiyinin bariz nümunəsidir. Yazıçı bir çoxunun "bu fahişədir ki", deyə düşünəcəyi bir obrazı Nanə obrazını yaradaraq insanın hətta ölümə belə səbəb yaradan bakirəlik, əxlaq anlayışını o qədər önəmsəməməyi müdafiə edir. Nanənin Nəsimi ilə olan dioloqunda Nanə onda ruhi xəstə olan biri, yaxud əxlaqsız təəssüratı yaradır. Nanənin "səndə qəhbə təəssüratı yaratdım?" sualının qarşısında Nəsiminin əslində düşündüyünün əksini deməyə nə vadar etdi bilmirəm. Cəmiyyət olaraq qarşımızdakı insan haqqındakı əsl düşüncəmizi gizlədərək onu qane edəcək şəkildə cavab vermək qanımızda olduğundan Nəsimi də Nanəyə "yox, öz həyatındır" deyərək əsl düşüncəsini gizlədib cavab verir. Yazıçı, Nanənin Nəsiminin əlindəki bağlamanın içərisindəki kitabları gördüyündə Nəsiminin dodaqlarına xəfif bir öpüş qondurması səhnəsi ilə doğurdan da mənəviyyatın, insanlığın kitab oxumaqla elmə yiyələnməklə, öz başı ilə düşünməyin digər "məsələlərdən " daha önəmli olduğunu oxuculara çatdırmağa çalışıb. Yazıda olan bu səhnə, "sevgilisini sevdiyi halda Nəsimi bəzi ehtiyaclarının qarşılanmadığı üçün, həm də içkili olması səbəbindən Nanə ilə bir yatağı paylaşması, Nanənin onun sevgilisi ilə əlaqə saxlayaraq həmin məkana gətirtməsinin açıqlaması, əslində bir münasibətin əsas qidası olan cinsi əlaqənin vacibliyini bildirmək , həmçinin bunlar olmadığı təqdirdə fərdlərin münasibətdə xəyanətlə qarşılaşacaqlarının labüdlüyünü göstərərək, sevdiyinə sahib çıxmağı, bu ehtimalı aradan qaldırmağı tövsiyyə edir. Cahil bir toplum təbii olaraq bu düşüncələri mənimsəyə bilməz. Onların öncə elmə yiyələnərək geniş düşünməyə çalışmaları lazım, silkələnmələri lazımdır.