Mətiş və Hidiş -

Mətiş və Hidiş - "İsanın qadını" haqqında

Əfsanə Səxavət Sahilin "İsanın qadını" romanını tənqid edir 

Mətiş və Hidiş


İlk dəfədir bu biçimdə roman oxuyuram. Qulağım heç bu qədər söyüş eşitməsə də  gözüm görüb oxudu. Təbii ki, müəllifi bu söyüşlərə görə qınamaq fikrim yoxdur. Mətiş canıyanmış elə birmühitdə böyüyübki, biz ondan mədəni nitq gözləyə bilmərik. Elə xalaları, əmiləri olanın dilindən "dür” tökülməsə idi təəccüblü olardı. Həm maraqsız və həm də qeyri-real... (Kiçik məktəblilər belə bilir ki, ədəbiyyatda vulqarizim deyilən ifadə vasitələri var)

Hələ də kitabın havasındayam. Elə ona görə də onun dilində də yazacam. Həyəcanlanmayın Mətiş kimi arada söyüş söyməyəcəm.

Müəllif romanda maraqlı bir pryomdan istifadə edib. Eyni əhvalatı bu taydan Mətiş danışır, o biri taydan Səxavət Sahil. Mətiş demiş müəllif oyun çıxarıb. Ona görə də əsəri iki hissəyə bölmək olar. Məhəbbətin danışdığı hekayə və yazıçının yazdığı hekayə.

Mətiş də onun söhbətinə tez-tez müdaxilə edən müəllifi bəyənmir. Bu da romana maraq gətirən ikinci məqamdır.

Kişinin qadının dilindən yazması da özlüyündə maraqlıdır. Bu böyük ustalıq tələb edir. 

Müəllif Mətişə minnətdar olmalıdır. Onun adından cəmiyyətə nə mesajlar atıb...

Əsərin İsa ilə bağlı hissələri isə romana mifik-mistik ruh verir.  Təbii ki, bu təxəyyülün məhsuludur. Şam ağacının müqəddəs olduğunu isə bilmirdim. Kitabın adı "İsanın qadını” olsa da burda İsa ikinci plandadır. Türmə səhnələri, Mətişin yuxularının onun həyatına təsirindən daha qabarıqdır. Onu hər kəs yuxuları ucbatından dəli hesab edir. Bu səbədən Mətiş dəlixanaya düşməli, ya da ən azından işdən çıxarılmalı idi. Təbii ki, bu mənim düşüncəmdir. 

Amma tez-tez oxucudan üzür istəmələr yerinə düşmədi. Səkkizinci səhifədəki birinci abzasın mətni isə çox çirkindir. Kobud desək yeri yoxdur. Əsərə xələl gətirir. 

Mətişin dilindən yazılan "mən yazıçı deyiləm”, "Heç gözümün ucu ilədə baxmıram yazıçılığa” və.s kimi ifadələr müəllifin "özünü əvvəlcədən sığortalamaq tədbiri” təəssüratı yaratdı məndə. 

Əsəri nəşrdən əvvəl də oxumuşdum. Dəyişikliklərlə qarşılaşdım. İndi əsər daha təsirli və məntiqli bitir. Belə də olmalıydı. İlk dəfə oxuyarkən niyəsə müəllifin qadının içini, hisslərini tam aça bilmədiyini düşünmüdüm. Yanlmışam. Yəqin ki, "başdansovdu” oxuyubmuşam.

Hidiş bədbəxtində əsərə girməyi ilə çıxmağı bir oldu.  Müəllif imkan vermədi ki, Hidiş "hidişliy”ini eləsin. Amma o olmasa idi roman belə təsirli bitməzdi.

Bir balaca da qaydaya uyğun olaraq romanın dilindən danışaq. Vulqarizim və varvarizimlərdən bol-bol istifadə edilmiş bu kitabda heç bir sintakti-leksik pozuntu sezmədim. Qeyd edəcək xüsusi qüsur tapmadım.

Sonda bir arzu keçdi ürəyimdən kaş romanı rus dilinə tərcumə edərdilər və kitabı rahib və rahibələr oxuyardı...