Mətnin ağırlığı, yazarın ruh halı

Mətnin ağırlığı, yazarın ruh halı

Gənc nasir Nicat Azərin bir hekayəsinin oxusundan tökülənlər 
 
Azad QARADƏRƏLİ

"Yarpaq.az” saytında Nicat Azər adlı gəncin kiçik bir hekayəsini oxudum. (Elə buradaca qeyd edim ki, yarpaq.az da Nicat kimi gəncdir. Ayağı sayalı olsun.) "Gecə  notu” adlanan bu babbalaca mətn elə ilk cümləsindəncə diqqətimi çəkdi: "Ruhu payızda ağaclardan düşən son yarpaq kimi əsirdi...” 

Deyə bilərsiniz, nə var ki, burda? Klassik metaforadır, hətta Ohenri bunun ən kamil nümunəsini yaradıb...
 
İş ondadır ki, hekayə bu ilk cümlə ilə elə toxunub ki, ən kamil culfanın əl işi kimi səni özünə bağlaya bilir... Mətnə dönək: ”Yorğunluğu üzündən asılı qalmışdı. Gecə uzun, fikirlər qarışıq, zaman isə çayın axdığı kimi surətli idi. O, nəsə etməliydi. Sabah yenə də adamların üzünü görəcəkdi. Adamlardan təngə gəlmişdi. Onları muzdlu qoşunlara bənzədirdi...” 

Düzü, heç belə bir obrazın yerində olmaq istəməzsən. Amma sənlik deyil ki. Auran bu qarmaşaya təslim. Və üstəlik, mahir bir qələm səni istədiyi kimi yaza, çizə bilir... Və sevmədiyin adamlar – muzdlu qoşunlar...

Mən hekayə haqqında danışanda, yaxud yazanda bir qədər sıxılıram. Ondan ki, bu janrın sevincini də, qəhrini də yaşamışam. Amma bu dəqiqdir: yüz hekayənin sevinci bir hekayənin qəhrini unutdura bilməz. Hekayə qəddar şeydir. Tutmayanda səni beş paralıq edər. Günlər, saatlar, dəqiqələr haramın olar. Fikrin-zikrin onun yanında qalar. Dəmə qoyulan plov qazanının başına aşbaz fırlanan kimi, naxış-niyazını tutdurmayan dərzi əyinə oturmamış paltara dizinə döyə-döyə baxan kimi və qazdığı qəbir daşa çıxan məzarçı ölü sahibinin yeddi arxa dönənini söyə-söyə təzə qəbir yeri gözətləyən kimi...

Nicatın hekayəsi isə nəinki tutub, hətta bir qədər şitini də çıxardıb: mətndən az qala məzar qoxusu, intihar arzusu bəllənir. Mətnə bir daha dönək: "Yaşadığı məhəllədə bir dostu da yoxuydu. Qonşularla rastlaşanda yalandan onlara təbəssüm paylayardı. Kimsəsizlik onun içində bardaş qurmuşdu. O, təkliyə məhkum idi.”

Universitetdə tələbələrimə bir fikri dönə-dönə təkrarlayırdım: ədəbiyyat kəşfdir. Bir şeirdə, yaxud hekayədə adamın ayaqlarını yerdən üzən detalın, təşbihin, metaforan yoxsa, təəccüb və heyrət doğurmayan yazı yazacaqsansa, yazmasan yey. 

Gənc dostumuzun bir siqaret çəkimi vaxtda oxuya biləcəyin bu mətnində o kəşflər hər abzasdan boy verir. Mətnə dönməsək, dediyimin faydası olmaz ki... "Bəzən hönkürərdi gecələrin bətninə. Gecə hələ də onun üçün bəstələnməmiş bir röyanın üstündə qalan not dəftəriydi. Hər gün eyni ssenarini təkrar edirdi. O qədər tükənmişdi ki, olmayan səhnələri yandırmaq istəyirdi.”

Mənə bu yazını yazdıran təkcə misal gətirdiyim nümunələr deyil. Başda dediyim kimi, onun yazıçılığı-toxuculuğudur və bir də müşahidə qabliyyətidir. Onun müşahidəsində bir rəssam ortamı da var: hazır eskizlərlə, tünd boyalarla qara fonda işığı özəliyən bir tablo – bu mənim müşahidəmdir. Yaxşısı budur, müəllifin öz müşahidəsinə yer verək – yenə mətndən nümunə: "Çiskinli dumanın arasından kədərli göz yaşı kimi süzülən fənər işıqları yaş küçənin tutqun əksini udurdu.”

Hekayədə yuxarıda gətirdiyim nümunələrin yanında yoxsul görünən cümlələr də var. Hətta təkayaq cümlələr də - bir ayağı yerdən üzülmüş, o birisi də "bədənin” müvazinətini güclə saxlayır. "Uzun boylu, sısqa bədənli, bənizi solmuşdu” – tipli dolaşıq cümlə kimi.

Amma bu yazının məndə buraxdığı təsir o qədər xoşdur ki, naxoş yerlərə heç baş vurmaq istəmirəm. Qoy gənc qardaşımız ürkə-ürkə qapısını çaldığı ədəbiyyata ürəklə daxil olsun. Qəlbində və beynində dolaşan mövzuları şəstlə, çəkinmədən yazsın. Amma bir şərtlə: haqqında bəhs etdiyim mətndən zəif mətnlər yazmasın. 

Və sonda. 

Yazı tərcümeyi-haldır, yazarın ruh halıdır. L.Tolstoyun "İvan İliçin ölümü”nü oxuyanda sümüklərim sızıldamış, ölümü hiss etmişdim. Nicatın kişik hekayəsini oxuyanda da oxşar duyğu yaratdı: mətnin ağırlığı içimə çökdü – qəddimi əydi. Yazar müasir gəncliyin psixi durumunu hiss etmiş və hiss etdirə bilmişdi. 

Lap sonda. 

Nicat Azər beş-on il sonranın tanınan yazarı olacaqmı? Bilmirəm. Amma bu hekayə mənə pıçıldadı ki, sən ondan yaz, qorxma. Özü nə olar, nə olmaz, bu başqa məsələ. Amma "Gecə notu” not olaraq yaddaşlara köçəcək. Bir hekayə ilə tarixdə qalanlar olmadımı?

Ən sonda.

Nədənsə bu cümlələri yazanda Mübariz Örəni xatırladım. İllər öncə universitetdə yaradıcılıq fakültəsində dərs dediyim, ilk hekayələrindən birini "Yazı”da dərc etdiyim Örən…

28.11.2018