Murad Muradov -

Murad Muradov - "Həzz və cəza" (hekayə)

Göy üzündə tavan yerinə çəhrayı və qızılı rənglərin qarışığından böyük bir bulud var. Buludla yatağımı uzun bir taxta nərdivan birləşdirir. Gözəl bir qız nərdivanla pillə-pillə yatağıma enir. O əsl gözəllik təcəssümüdür. Şəfqətli baxışları ilə məni süzür. Ayaqlarımı örtən mələfəni sinəməcən çəkib, sakitcə qoynuma girir. Təlaşsızca boynumdan, boğazımdan öpür. Ürəyimi isidən nəfəsi sinəmə, boynuma toxunduqca məst oluram. Ehtirasdan canım gizildəyir. Etiraf edim ki, bu, mənim xoşuma gəlir. Onun hər bir hərəkəti fərqlidir. Qara, çox da uzun olmayan qalın saçları üzümə səpələnir. Əllərimi dərisində, saçlarında gəzdirirəm. Bədəninin hər yerindən şəhvət axır. Bir-birimizi möhkəm sıxırıq. Lakin pis bir iş görür kimi, hər şeydən imtina edib, bir anda ondan uzaqlaşıram.
Yanında sakitcə uzanıb tavana baxıram. Bu günə qədər sevişdiyim məşuqələrimi düşünürəm. 
O, mənə sarı çevrilir, gözlərini qırpmadan baxır. Qəribəlik var baxışlarında. Yanağımı xeyli sığallayır, mələfəni kənara atıb qalxır, acıq pəncərəyə doğru gedir. İşiq saçan mavi kəpənəyə çevrilir. Havada bir az qanad çalır, yataq otağımı tərk edir... 
Yuxudan zəngli saatın zəhlətökən səsinə oyanıram. Başımın içində uğultu, bədənimdə bir süstlük əmələ gəlib. Yatağım tərdən islanıb. Döşəyin quru tərəfində otururam. Qalxıb mətbəxə keçirəm. Çaydanı doldurub qaz sobasına qoyuram. Vanna otağına keçib yuyunuram. Yataq otağıma qayıdıb köynəyimi qoxulayıram. Bu gün də geyinmək olar. Yastığın altında olan saatı götürüb qoluma taxıram. Otağı səliqəyə salıram. Bir fincan çay içirəm, siqaret yandırıb, geyinib evdən çıxıram. 

***
Yaşadığım binanın önündə şəhərin qədim meydanlarından biri yerləşir. Meydanı fəvvarə kompleksi bəzəyir. Hər il minlərlə insan buranın qonağı olur. Fəvvarəni insanlara sevdirən isə gözəl duruşundan qürur, təkəbbür yağan, ağ mərmərdən, dizləri üstə oturub sağ tərəfə baxan, sol əli ilə çiyinlərinə düşən saçlarını tutan, sağ əli ilə də başına sığal çəkən, sinəsi açıq, dizlərinə məhrəba atan qadın heykəlidir. O, elə bil canlıdır. Döşləri adamda gizli istəklər oyadır. Bu heykələ görə heykəltəraşın əlini sıxıb təşəkkür etmək istəyirəm. Gözəl yaradıb, çox gözəl! Heykəl meydandakı hər kəsin gözünü və qəlbini ovsunlayır. Elə buna görə də şəkil çəkdirərkən turist qadınlar yanlarındakı kişiləri oğrun-oğrun heykəli süzən görəndə qısqanclıqla üzlərin turşudurlar. 

***
Saatım 18:00-ı göstərir. Ofisdə iş vaxtı bitir və mən artıq azadam. İçimdə dözülməz bir susuzluq hiss edirəm. Dərhal özümü iş yerimə yaxın döngədəki paba çatdırıram. Hamıdan uzaq masaların birində otururam. Gözəl ofisiant qızın gətirdiyi bir bakal soyuq pivəni ciyərlərimi, böyrək¬lərimi, mədəmi və digər daxili or¬qanlarımı vecimə almadan, birnəfəsə başıma çəkib dərindən nəfəs alıram. Birini də sifariş edib, siqaret yandırıram. Ofisant qız xətrimi çox istəyir, hər dəfə qarşılaşanda, gülümsəyib hal-əhval tutur, qayğıma qalmağa, çalışır.
Qolumdakı saat 19:50-ni göstərir. Əhvalım yaxşıca düzəlib. Mən artıq sərxoşam. Birtəhər masadan qalxıb pabı tərk edirəm. Bir az gəzmək, təmiz hava almaq istəyirəm. Bunun üçün ən əla yer qadın heykəli olan fəvvarəli meydandır. Həm də bu saatlarda fəvvarənin ətrafında fahişələr bol olur. Zövqümcə olanı rastıma çıxarsa, onunla da bir iki şüşə pivə içmək pis olmaz. Ürəyim siqaret istəyir. Əl atıb cibimdən siqaret qutusun çıxarıram. Qutu boşdur. Məndən bir az aralıda dayanan, marixuana satmaq üçün müştəri gözləyən qoca qadın gözümə sataşır. Narkotik istifadəçisi olmasam da, siqaret və pivə mənə istədiyim həzzi versə də, marixuananın təsirinin alkoqol təsirindən fərqləndiyini yaxşı bilirəm. Bu gecə çəkmək istəyirəm: Pulu ödəyib qarıdan bir baş alıb elə oradaca yandırıram. Üç-dörd qullab vurub yerə tullayıram. Ayaqqabımın ucu ilə tapdalayıb torpağa qarışdırıram. Çox keçmir ki, xumarlanmağa başlayıram. Nədənsə ağ mərmərdən olan qadın heykəli də bu gecə gözümə başqa cür görünür. Onu məşuqələrimin hansınasa oxşadıram. Amma kimə? Bax, onu heç cürə xatırlaya bilmirəm. Bu aralar həyatıma gəlib-gedən qadınların sayını itirmişəm. Meydan boyu təmiz havada gəzişdikdən sonra: "Ən yaxşısı evə getməkdi”,- düşünüb, yolu keçirəm. 
Öz küçəmizə çıxıb, yaşadığım yeddimərtəbəli binanın pilləkənlərini qalxıram. Qapını açıb evə girirəm. Soyuducuda bir şüşə pivəm qalır. Onu da içirəm. Soyunub, vanna otağına gedib, böyrəklərimi boşaldıram. İşığı söndürüb, çarpayıma uzanıram.

***
Bura kirayədə qaldığım sayca üçüncü evdir. Köhnə əşyaları olan bu evi aylıq kirayə pulu az olduğu üçün tutmuşam. Bu evdə hər şey qəribə tərzdə çırıldayır; xalçasız döşəmə, çox işlənmiş ev əşyaları elə bil dil açıb adamla danışır. Ev sahibəsindən qalan, divardan asılmış qırmızı şərab badəsinə qonan boz sərçə və çıxmış gözlərini əlində tutub, gülən kişi rəsmini çox xoşlayıram. Mən burada məskunlaşandan bu günə qədər evə qadın əli dəyməyib. Elə buna görə də səliqə-səhmandan danışmağa dəyməz. Hara baxırsan, yarımçıq siqaret qutuları, boş içki şüşələri, siqaret kötüyü ilə dolu külqabılar, nəlbəkilər gözə girir. Bəzən təklikdən, tənhalıqdan bezəndə otağın hündür, bozarmış divarları ilə söhbət edirəm. Nuh əyyamından qalan tavandan sallanan çıraq gecələr közərə-közərə yanır.

***
Çarpayımın üstünə bədirlənmiş qırmızı ayın işıqı düşür. Otağımı işıqlandırıb fərqli görüntü yaradır. Çarpayıdan başqa, otaqda olan bütün əşyalar başıaşağı səmaya pərcimlənib. Aydan kəndirlə yelləncək sallanır. Yelləncəkdə gözəl bir qız əyləşib, rahat-rahat yırğalanır. Hərəkət edən incə beli ağlımı başımdan alır. Yellənərək irəli-geri gedib-gəldikcə əlimi uzadıb onu tutmaq istəyirəm. Barmaqlarımın ucu dabanlarına toxunur. "Kaş onun bədənini əllərimlə oxşaya biləydim”- düşünürəm.
Ona vəhşicəsinə sarılmağım gəlir. Hirsimdən dodaqlarımı gəmirirəm. Yataqdan qalxıram. Ay məndən uzaqlaşır. Otağın rəngi dəyişir. Hər tərəf anidən çəhrayı və sarıya boyanır. Hoppanıb ondan tutmaq istəyirəm. Cəhdim boşa çıxır. Müvazinətimi saxlaya bilməyib, dibi görünməyən qaranlıq boşluğa yıxılıram. Qurtulmağa çalışıram, amma heç nə alınmır. Otaqdakı bütün əşyalar üstümə tökülür. Tər içində, təngənəfəs, öz qışqırığıma oyanıram. Bütün bədənim sustalıb. Taqətim yoxdur. Hisslərimi, duyğularımı itirmişəm.
Saat 05:51-dir.
Yataqda nə qədər sağa-sola dönsəm də, gözümə heç cür yuxu getmir.
Mən onu haradansa tanıyıram. Buna əminəm! Biz gercək həyatda rastlaşmışıq.
Siqaret çəkə-çəkə səhəri açıram.

***
Saat 09:05-dir. Ofisdəyəm. İş masamın arxasında alnımı ovuşdura-ovuşdura yuxuda gördüyüm o qızı fikirləşirəm. Nə etsəm də, onu ağlımdan çıxara bilmirəm. Mənə onun nəinki çöhrəsi, ağlımı başdan çıxardan vücudu belə tanışdır. Deyəsən, gercək həyatda mən onunla sevişmişəm. Amma harada və nə vaxt?
Vaxt getmir. Gözümü önümdəki monitorun saatından çəkə bilmirəm...
17:59. Əşyalarımı çantama yığıb, iş masamı səliqəyə salıram. Hamı ilə sağollaşıb, içməyə tələsirəm. Bütün günü fikirləşdiyim,- "Görəsən mən o, qızı harda görmüşəm?”-sualından qurtulmaq istəyirəm.
Yol boyu havası çatmayan adam kimi dərindən nəfəs alıram. Addımlarımı yeyinlədib özümü yaxınlıqdakı paba çatdırıram. Bir şüşə pivə və bir qab duzlu peçenye sifariş verirəm. Ofisant dərhal gətirir. Butulkanı qaldırıb, özümə pivə süzürəm, içkimi dadıb, siqaretimi tüstülədirəm.
Saat 19:20-ni göstərir. Hesabı ödəyib, pabı tərk edirəm. Siqaret çəkə-çəkə meydanda gəzişirəm. Fəvvarənin mərkəzindəki ağ mərmərdən olan qadın heykəlinin yanına gəlirəm. Siqaret əlimdən düşür, ağzım açıq qalıb. Nəfəs ala bilmirəm. Yıxılmamağa çalışıram. Yuxuma gələn o qız- elə bu ağ mərmərdən olan heykəldi.
Kövrəlib məsum görkəm alıram. Bu görkəmimi heç kimin görməsini istəmirəm. Sağa-sola nəzər yetirirəm. Ətrafda adam azdır. Boğazımı arıtlayıb udqunuram. Bir daha qarşımdakı heykələ maddım-maddım baxıram. Yuxuma gələn, qoynumda yatan odur! 
Evə gəlirəm, amma içəri girmirəm.
Məhəllədəki skamyada otururam. Siqaret yandırıb, qarşısına çıxan nə varsa qoxlayıb var-gəl edən döşləri sallaq qancıqa baxıram...

***
Gecə yarıdan keçir. Gözlərimi qırpmadan tavandakı qırmızı buludlar arasında üzən qoca tısbağaya zilləmişəm.
Otaqda olan əşyaların hamısının qanadı var. Ətrafımda bir-birlərinə mane olmadan uçuşurlar. Yastığımın altından çıxıb havada üzən qol saatıma qanadlar çox yaraşır. Əqrəbləri tərsinə hərəkət edir. Saatım uça-uça gah sağıma, gah da soluma keçir.
Ayaqlarım tərəfdəki divar böyük bir güzgüyə çevrilib. Sağ və sol çiyinləri üzərində ağ göyərçinlər uçan, sarı xalatlı o qız aynanın içindən keçib çarpayımın ayaq tərəfində dayanır. Sarı xalatının kəmərini açır. Xalat əynindən sürüşüb ayaqları altına düşür. Çarpayıda dizləri üstə iməkləyir və üstümə çıxır. 
Qolları arasındayam. Bir-birmizə baxırıq. Qulağıma doğru əyilib, anlamadığım dildə sözlər deyir. Sinəmdən öpür. Biz mələfənin altına giririk. Anidən otaq su ilə dolmağa başlayır, amma biz boğulmuruq. Su qabarcıqlarının ətrafımızdakı rəqsi möhtəşəm görünür. Biz də üzməyə başlayırıq. Üzə-üzə dururuq. Onun əllərindən tutub, dodaqlarından öpürəm. Bu məni daha da cuşa gətirir.
Zəngli saatın səsi məni yenə oyadır. 
Ovuclarımı yatağa dirəyib tavandakı boşluğa bir xeyli baxıram. Başımı sağa-sola hərəkət etdirib, gülürəm. 

***
İşdən sonra meydanda oturub  sevimli heykəlimə baxmaq məndə vərdiş və aludəçiliyə çevrilib. İndi mənim səssiz və cansız olsa da, sevimli qadınım var. Mən, hətta daşdan olan sevgilimi qısqanmağa da başlamışam. Onunla şəkil çəkdirənlərə qarşı ürəyimdən qara qanlar axır, qəlbimdə baş qaldıran qısqanclıq məni boğur, əldən salır.
Çox qəribədir, adamlar hər dəqiqələrini əbədiləşdirirlər. Bəlkə həmin o fotolara baxmağa heç vaxtları da olmayacaq, bunu bilə-bilə canlı həyatı doya-doya yaşamaqdansa, saniyələri dondurmaq üçün əlləşirlər.
Hamı çıxıb gedir. Mən isə şüşədəki pivə, siqaret qutusundakı son siqaret bitənə qədər fəvvarənin kənarında oturub, onunla bağlı  erotik fantaziyalarımla təmas qurur, öz xəyal dünyamda yaşayıram.
Bəzən isə gecənin bir aləmi heykəl sevgilimlə sevişmək arzusuna da düşürəm. 
İndi mənim üçün yuxularımda onunla əl-ələ tutub, yeni biçilmiş ucsuz-bucaqsız buğda zəmilərində qurumuş heyvan başlarını tapdalayıb, gülüşə-gülüşə gəzmək qədər gözəl heç nə yoxdur.

***
İçkinin təsirindən yuxudan gec ayılıram. Başım bərk ağrıyır, ödüm ağzıma gəlir. Özümü xəstəhal hiss edirəm. Pəncərənin pərdəsini kənara çəkirəm. Günəşin şüaları gözlərimi qamaşdırır.
Sevgilimi axtarıram. Yerində yoxdur! Ürəyim həyəcanla çırpınmağa başlayır. 
Tələm-tələsik əynimi geyinirəm, evin giriş qapısını zərblə çırpıb, meydana tərəf götürülürəm. Ətrafa göz gəzdirirəm.
-Heykəlim hanı?! - deyə yaxınlıqdakı polisə qışqıram. 
Polis mənə yaxınlaşır, nə istədiyimi soruşur. Onun yaxasından tutub "heykəlim hardadır?!” bağırıram. Polisə yumruq atıram. 
Sifətimə ağır yumruq zərbəsi dəyir. Yıxılıram. Zorla ayağa qalxıram. Bir-birimizi yaxşıca əzişdiririk. Başqa polislər də gəlir. Məni qamarlayıb üzü üstə yerə yıxır, əllərimi bağlayırlar. 
Gözlərimi açıram. Palatadayam. Burda məndən başqa iki xəstə də var. Çarpayımın yanında ağ xalatlı bir kişi və biri qadın dayanıb. Onlar danışa-danışa əllərində olan dəftərə nə isə qeyd edirlər. Kişi həkimin siması mənə tanış gəlir. Onu tanıyıram; "Gənc həkimin qeydləri"ndəki həmin həkimdir. O, tez-tez mənə baxır, qadın həkimə nəsə izah edir. 
Onlar palatadan çıxır.
Üzümü yana çevirib, palataya göz gəzdirirəm. Sevimli heykəlim canlı olaraq yanımdadır. O, yuxularımda olduğundan da gözəldir. Palatanın bir küncünə qısılıb, mənə əl eləyir. Qəşəng və mənalı gülümsəyir. Yorğun gözlərimi onun ehtiras dolu baxışlarından çəkə bilmirəm. Qonur gözlərinə baxıram. Həyacandan özümü itirirəm. Əl-ayağım titrəyir. O, palatadakılar görməsin deyə, işarə barmağını dodağına toxundurub, mənə göz vurur.