Müsabiqəyə yazını necə göndərməli?

Müsabiqəyə yazını necə göndərməli?

Jalə İsmayıl


Eşitdim ki, "Nəsimi” müsabiqəsi üçün növbəti elan hazırlanır. Ötən "Nəsimi”lərdən yığılıb qalan, şəxsən mənə çox əziyyət vermiş məqamlarla bağlı yazmaq istədiklərim yadıma düşdü. Tez təzə fayl açdım.

Çoxuna gülməli görünə bilər. Amma yazacaqlarım bir ədəbiyyat müsabiqəsinin münsifi üçün başını kitaba döydüyü məqamlardır. Tək "Nəsimi” deyil, digər yazı müsabiqələrinə, ədəbi saytlara yazı göndərəndə riayət olunmalı çox sadə, bəsit, hətta bilənləri güldürə biləcək qaydalar var. Bənd-bənd yazıram.

Faylın adını heç vaxt öz adınızla "guldeste” adlandırıb müsabiqənin üstünə atmayın. Sizinlə eyni adda başqa müəllifin olması mümkündür. Ya da "10”. Sizə görə "10” 10-cu hekayəniz, 3-cü qovluqdan 10-cu fayl anlamına gələ bilər. Amma yüzlərlə yazı oxumalı olan adamlar üçün bunun heç bir əhəmiyyəti yoxdur. Vaxt almaqdan, əsəb verməkdən başqa bir şey deyil. Fayla normal ad qoyun: Badam_agacinin_yarpaqlari_hekaye_Guldeste Shirvanli

Faylın adı artıq bütün lazım olan məlumatları özündə əks etdirir.

Müsabiqəyə həm şeir, həm də hekayə göndərirsinizsə, faylın adında bunu qeyd etməyi unutmayın. Badam_agacinin_yarpaqlari_hekaye_Guldeste Shirvanli və Sheirler_Guldeste Shirvanli
Hekayəni bitirdikdən sonra 4-5 saniyəlik bir proseduru həyata keçirməyə ərinməyin: Ctrl+A (bütün mətn qaralır), sol tərəfdə yuxarıda "Şriftin dəyişdirilməsi” adlanan kiçik pəncərədən "Times New Roman” şriftini seçin. Elə bu kiçik pəncərənin düz yanında daha bir kiçik pəncərə var. Oradan şriftin ölçüsünü seçin, məsələn, 12. Adətən 12. Həmin sahədən şaquli istiqamətdə bir az sağa gəlin. Mətnin səhifədə istədiyiniz kimi yerləşdirilməsinə imkan verən 4 seçimdən "Eninə bərabərləşdirmək” olanını seçin. Onun da düz yanında sətirlərarası intervalı tənzimləyən kiçik pəncərədən 1 ya da 1,5 seçin. 1,5 seçsəniz, daha yaxşı. Bu qayda hekayələrə aiddir. Şeirlər üçün "Sol tərəfdən bərabərləşdir” düyməsini seçsəniz, münsiflərin rəğbətini qazanmış olarsınız. Ola bilər ki, hekayələrdə dialoqlar "Eninə bərabərləşdirmək”dən sonra dağılsın. Belə olduqda dialoqlar üçün ayrıca "Sol tərəfdən bərabərləşdirmək” seçin.
Durğu işarələrindən sonra probel qoyun. Klaviaturanın mərkəzində lap aşağıda yerləşən uzun düymədi (Uzun düymə ye özü də - müəl.). Məsələn: Badam ağacı çiçək açmışdı,ətrafa ətir saçırdı.Amma mən sevinmirdim. Bu cür yazmaq olmaz!
Azərbaycan dilinin qrammatikasına riayət edin!!

Bu bənd barədə o qədər yazmaq olar ki, həm də konkret faktlar əsasında, oxuyan havalana bilər. Neçə ildə nələr gördük. Zahir Əzəmətin humanizmi imkan vermir ki, adbaad yazaq. O əmindir ki, öyrənəcəklər. Həm hekayə yazmağı, həm də düzgün yazmağı. Hamı özündən qayda kəşf etməklə məşğuldur. Məsələn, haradansa, deyəsən, türkcə oxuduqlarından öyrənənlər var ki, dialoqlar vasitəsiz nitq kimi yazılır.

"Güldəstə, tez bura gəl.”

"Gəlmirəm. Zəhləmi tökmə.”

"Sənə gəl deyirəm, gəlsəm başını əzəcəm.”

"Rədd ol. Zəhləm gedir səndən.”

Bu dilin qrammatikasında dialoq yazmaq qaydası nə vaxt dəyişdi axı, xəbərimiz olmadı? Bu nədir? Yalançı türk ədəbiyyatçılar olsun, soruşduqlarım türk dilinin qrammatikasında belə formanın olmadığını dedilər. İngilis dili mütəxəssislərindən də soruşdum. Orada da belə şey yoxmuş. İndi biz niyə bir-iki əzvay türk naşirinin əlində qalmalıyıq? Həm də defislə yazmaq daha rahat olduğu halda!

Əziz yoldaşlar, nöqtə-vergülün yerini bilməmək olar. Amma nöqtə-vergüldən sonra probel qoymağı bilməmək necə mümkün olur, onu da mən bilə bilmirəm. Elə müəlliflər olur ki, oxuya-oxuya fikirləşirsən: "Buna kompda yazmağı kim öyrədib görən??”

Öyrədən olmayıb, özünüz öyrənin. Heç saytlarda-filan görmürsünüz ki, yazı necə görünür? Görüb-götürün də, ay insafsızlar!

Sözlərin düzgün yazılışını öyrənin, dırnaqdan istifadə qaydalarını təkrarlayın. Göndərilən yazıların ən az 90%-də yuxarıda sadalanan bəsit qaydaların ya hamısına, ya da 90%-nə əməl olunmur! Hətta tanınmış imzaların yazılarında belə! Açığı, adam da utanır: camaat ülvi hisslərdən, kişi tənhalığından, qadın xoşbəxtliyindən, bəşəriyyətin qlobal problemlərindən yazır, mən də başlayım ki, niyə probel yoxdu yazında?

Amma bir fikirləşin. Yüzlərlə yazı oxunur. Bir adam üst-üstə neçə pinti yazı oxuya bilər? Onu necə qiymətləndirə bilər? Hələ onlar saytda da yerləşdirilir axı. Əgər bütün yazılar gəldiyi kimi saytda görünsə, bu ədəbiyyat 3-5 oxucusunu da itirəcək! Bu texniki bəlalar kult.az-ın gündəlik olaraq yenilənməsində də ən böyük problemdir. Yazıları sadəcə oxuyub sayta yerləşdirmək mümkün deyil. Mütləq nöqtə-vergül, şrift, abzas düzəltmək lazımdır ki, abırlı görünsün. Yüzlərlə yazının qarşısında bunun nə boyda bir dərd olduğunu ancaq o yazıları görənlər bilər. Azərbaycan dilində olan hər bir sayt həm də Azərbaycan dilinin güzgüsüdü. Vallah da, billah da, güzgü silməkdən cana doyduq.

Müsabiqədə yaxşı yer tutmaq istəyənlərin nəzərinə. Səliqəli yazı artıq bir bal deməkdir. Mətn sona çatmadan ilkin müsbət rəy formalaşır. Lap şedevr olsun, yazını başlayanda nəfəs alıb, bitirəndə vermədinsə, bir mənası qalmır. Texniki bərbadlıq içində şedevr, elə bilin ki, çirkli süfrə üstündə döşəmə plov. Yeyə bilmirsən.

Bütün münsiflər adından bir az diqqət xahiş edirəm gələcək iştirakçılarımızdan. Hətta Təşkilat Komitəsinə təklif edirəm, ən səliqəli yazıya da xüsusi mükafat verilsin. Biz dahiyanə düşünə bildiyimiz kimi savadlı olduğumuzu da göstərməyi bacarmalıyıq, əziz yoldaşlar.

Hamıya uğurlar arzulayıram növbəti "Nəsimi”də!

P.S. Yazıların bədii keyfiyyətləri və qiymətləndirmə metodları ilə bağlı yazıya da bitməyi arzulayıram :)