Musiqili Teatrda “Əliqulu evlənir”

Musiqili Teatrda “Əliqulu evlənir”

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib. Söhbət komediyaları ilə milyonlarla tamaşaçının ürəyini fəht etmiş Sabit Rəhmanın "Əliqulu evlənir” əsərindən gedir. Bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. Səhnə əsərinə Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal quruluş verəcək. İlham Namiq Kamal eyni zamanda tamaşanın liberetto müəllifidir. "İlk növbədə yaratdığı yüksək yaradıcı şəraitə görə teatrımızın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə dokturu Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. "Əliqulu evlənir” illər öncə yazılsa da, onda günümüzlə səsləşən bir çox məqamlar var. Mən bu əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım və yeni bir iş ortaya çıxardım” deyə İlham Namiq Kamal bildirib.

Qeyd edək ki, tamaşaya musiqini Xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.

Edebiyyat.biz