Nabat – rəqqasə və siravi əsgər

Nabat – rəqqasə və siravi əsgər

Müşfiq Xan

Romanı saat yarıma oxudum. Fikrimcə, "Rəqqasə”nin ən böyük uğuru bədii zövqü oxşamasıdır. Müəllif təhkiyəsi oxucunu alıb uzaqlara aparır. Səksən səhifəlik romanın ictimai yükü olduqca cilalanmış və dəfələrlə artıq həcmli əsərin təsirinə malikdir.

Nabatın həyat faciəsi – anası Almazın nəzarətindən uzaqda qalıb bakirəliyinin pozulması, sonra gecə klublarına ayaq açması, anasının yanında fahişəlik etməsi, romanın baş qəhrəmanını sevməsi, ibadətə başlaması, müharibəyə getməsi, sonunda da yenidən gecə klubuna – keçmiş yaşam tərzinə qayıdıb yağlı müştərilərin qarşısında göbək atması bütöv, bitkin və mükəmməl süjetdir. Müəllif oxucunu qətiyyən yormadan yeniyetmə bir qızın cəmiyyətin çirkablarında necə məhv olduğunu ustalıqla açıb göstərə bilib.

Kənan Hacının "Rəqqasə”si həm yazıçı, həm də oxucu üçün "yaxşı nəsr nümunəsi necə olmalıdır?” sualının cavabını tərəddüdsüz açır. Əsəri bədii ifadə vasitələri ilə bol olan xəzinə kimi hiss etmək olur.

"Kərim-Mədinə-Camal” üçbucağı örnək alası, nəticə çıxarılası süjetdir.  Camalın etdiyi əclaflıq, Mədinənin xəyanəti və Kərimin qisası oxucunun gözü önündə puç olmuş üç müxtəlif insan taleyini əks etdirir.

Roman boyunca müəllif müxtəlif xüsusi keçidlərlə həyata baxışlarını oxucuya ötürür. Nəyin doğru, nəyin yanlış olduğunu polkovnik, sərxoş Almaz, ömrünün son günlərini köməksiz yaşayan Camal və başqa obrazların dili ilə aydınlaşdırır. Suallar cavabsız qalmır, əksinə, "Rəqqasə” yeniyetmə oxucusuna belə doğru yol göstərə bilir. Zənnimcə, bu, müəllifin əsərdə ikinci böyük uğurudur.

Romanda ciddi nostalgiya, kənd xatirələri, mühitdən-mühitə düşmüş gəncin ona yad olan aləmə adaptasiyası, başına gələnlər və sevgi macəraları ilə zəngin səhnələr əsəri nəfəs dərmədən oxumağa sürükləyir. Bu yerdə qeyd edim ki, mən həmin səhnələri oxuduğum dəqiqələrdə əsərin təsirində olduğumdan süzdüyüm çayların heç birini isti-isti içə bilmədim.

Və sonda...

Əlbəttə, "Rəqqasə”nin süjet xətti mənə müəllifin "Çəhrayı qan” romanından xeyli tanış idi. Məncə, Kənan Hacının məqsədi mükəmməl qurğu romanı yaratmaq deyil, gənclərə, oxuculara və bütövlükdə cəmiyyətə mesaj vermək, problemləri onların çözüm yolları ilə birgə təqdim etmək olub. Təkrarçılıq, sözçülük, eyni hadisələri uzun-uzadı təsvir etmək yox idi. Bütün bunlara görə "Rəqqasə”ni postmodern Azərbaycan romançılığında ciddi hadisə hesab edirəm.

 

P.S. Məncə, romanda hadisələrin kuliminasiya nöqtəsi Nabatın fahişəlikdən uzaqlaşıb müharibəyə getməsi, əsgər olması idi. Bu hadisə məni həqiqətən çox kövrəltdi...


//1937.az