Natiq Məmmədli: «Sübut etmək istəyirik ki, bəzən tək əldən də səs çıxarmış…»

Natiq Məmmədli: «Sübut etmək istəyirik ki, bəzən tək əldən də səs çıxarmış…»

«Bir prosesdən ki, ədəbiyyat qazanmır, ümumiyyətlə ədəbiyyata dəxli yoxdur niyə ondan yazmalıyıq? Bu dava bizlik deyil»

Bu il bir neçə ədəbiyyat müsabiqələri keçirildi. Onlara münasibət birmənalı olmasa da, yeni-yeni imzaların tanıdılması baxımından maraq kəsb etdilər. Çoxdandır start götürən II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri də bu il məlum oldu. Proza nominasiyasında əsəri mükafatlandırılan «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli ilə bu barədə söhbətləşdik.

- Başlayaq elə «Nəsimi» müsabiqəsindən, nə üçün bu müsabiqədə iştirak etmək qərarına gəldiniz?
- Əslində «Nəsimi» müsabiqəsinə 2009-cu ildə qatılmışdım, sadəcə nəticələrin açıqlanması müəyyən vaxt apardı. Hekayələrim bir qayda olaraq «Kultaz»da çap olunurdu, bu sayta həmişə sağlam münasibət görmüşəm, maraqlı ədəbi müzakirələrin iştirakçısına çevrilmişəm, ona görə müsabiqə elanı çıxan kimi özünü sınamaq qərarına gəldim. Çünki içimdə hər şeyin obyektiv olacağına bir əminlik var idi. Bir də bu müsabiqədə hər hansı maddi həvəsləndirmə nəzərdə tutulmurdu elə buna görə də iştirak etmək qərarına gəldim.

- Məgər maddi həvəsləndirmənin olması pisdir?
- Qətiyyən, əksinə, belə bir addım atılırsa, təqdir olunmalıdır. Təki layiqli ədəbi nümunələr irəli çəkilsin. Təəssüf ki, hələ bunun şahidi olma bilməmişəm. Hamının bildiyi sadə məsələ odur ki, bir çox müsabiqələrdə əsərlər yox, müəlliflər seçilir. Biznes və ədəbiyyatın uğursuz sintezindən nəsə mutant bir şey icad olunur, hansı ki heç kimə gərək deyil. Əvəzində isə barmaqla sayılacaq sayda olan ədəbiyyat adamlarında ruh düşkünlüyü yaranır və haqı olaraq fikirləşirlər- «adam divara nə qədər kəllə atar…»

- «Nəsimi» müsabiqəsi nə dərəcədə obyektiv keçdi?
- Müsabiqənin obyektivliyini onun nəticələri göstərir. Maraqlı, müxtəlif üslublarda yazılmış əsərlər fərqli dünyagörüşünə malik münsiflər tərəfindən dəyərləndirilmişdi. Münsiflər qiymət verdikləri əsərlərin hər biri haqqında rəylərinin hazırlamışdılar, yəni qiymətləndirmə subyektivlikdən uzaq idi, hətta iddiaçıların özlərini də təqdimat mərasimi keçirilən balaca salonda gördülər. Münsiflər mənim hekayəmi də maraqla oxuduqlarını dedilər. Bunlar obyektivliyə dəlalət etmirmi?

- Bəlkə sizin əsəriniz qalib gəldiyi üçün müsabiqəni obyektiv hesab edirsiniz?
- Mənim hekayəm ikinci olmuşdu, amma bu da münsiflərin obyektivliyini şübhə altına almağa əsas vermir. «Nəsimi» müsabiqəsi yalnız ədəbiyyat üçün keçirilmişdi, onun heç bir şou effekti yox idi, qaliblərə nə pul, nə kompyuter, nə televizor, nə də soyuducu verildi. Ona görə də bu müsabiqə bəziləri kimi tozanaq qoparmadı, onun üzə çıxarıb həvəsləndiridiyi imzaların ədəbiyyat naminə davam edəcəklərinə inanıram.

- Müsabiqədə yer tutan «Dolma» hekayənizdə Qarabağdan danışırsınız, Qarabağ mövzusuna indi çoxları toxunur, siz fərqli nə yazdınız?
- Qarabağ müharibəsi hələ qurtarmayıb, nə vaxtsa bu problem siyasi müstəvidə həllinin tapsa da, millətin təfəkküründə davam edəcək. Təkcə Xocalı dəhşətləri heç vaxt yaddaşlardan silinməyəcək. Ədəbiyyat bu ümummilli problemi görməzdən gələ bilməz, mütləq ona toxunulmalıdır, amma necə?  Həddindən çox lazımsız və əttökən pafosla yazılmış zövqsüz əsərlər nə dərəcə Qarabağ həqiqətlərini ifadə edə bilir? Axı atəşkəsin imzalanmasından o qədər də çox vaxt keçməyib. Məgər hər şey bizim gözümüzün qabağında olmayıb? Bu qənaətimi Qarabağ mövzusunda yazlan demək olar ki, əksər əsərlərə şamil etmək olar. Digər tərəfdən Qarabağ deyəndə ah-nalə qoparıb, göz yaşları içində skeptik düşüncə aşılamaq da ədəbiyyatlıq deyil. Maraqlı əsər üçün nəsə bir orta xətt tapmaq lazımdır, mən də hekayəmdə buna çalışmışam, daha doğrusu bu, mənim cəhdimdir.

- Qarabağ münaqişəsində iki tərəf var – haqlı və haqsız tərəf, siz orta xətti necə tapa bilərsiniz?
- Dəyərlərə baxmaq lazımdır, Mirzə Cəlilin tapdığı «Kamança» oldu, hansı ki, ona heç kim biganə yanaşmır, kamançanın səsində bu torpağın iniltisi var, onun səsi gələndə tarixin yaddaşı silkələnir. Kamança heç nəyi unutdurmur, nə də haqsız sülhə səsləmir, bu səsdə nə pafos var, nə də qara-qışqırıq, amma bu bir cəhddir. «Dolma» da tək hamımızın iştahla yediyimiz yemək deyil, onun mətbəx hadisəsi olmaqdan kənara çıxarsaq, onda iddialar baş qaldırır. Dolma kimindir mənim yoxsa, erməninin, mən heç vaxt milli dəyərimdən vaz keçmərəm, amma erməni də kompromisə getmir axı. Hələ üstəlik əsərin sonunda məlum olur ki, sən demə hamının mübahisə etdiyi dolma gürcülərin imiş. Başqa sözlə desək, hekayədə dolma sözünün əvəzinə Qarabağ və ya Abxaziya yazsaq heç nə dəyişməz. Orta xətt bizi birləşdirən, həm də araya keçilməz uçurumlar salan xəttidir.

- Əsərdə hətta Minsk qrupunun həmsədrləri də var?
- Qarabağ mövzusuna hekayənin imkanları daxilində toxundum. Həmsədrləri isə obrazlaşdırmağa çalışmaqda məqsədim onların nə istədiklərini, missiyalarının pərdəarxası məqamlarını göstərmək olub.

- Bəs əsərlərinizi tənqid edənlər nə deyir?
- Cavaba keçməmişdən əvvəl deyim ki, bizdə bir xroniki hal yaranıb, dostbazlıqla, tanışlıqla ədəbi tənqidin predmetinə çevrilmək xəstəliyi. Bu özünə təskinlik verənlərin, nəlbəkidə fırtına qoparmaq istəyənlərin tutulduğu xəstəlikdir. Eyni zamanda kompleksli münasibətdir. «Kultaz»-da hekayələrim çıxdıqca ona münasibətlər də dərc olunur. Hərə öz zövqünə görə münasibətini bildirir. Amma əksəriyyətin, elə ədəbi zövqünə inandığım insanların da vurğuladığı məsələ mənim üslubumla bağlıdır. Deyirlər dilin bir az qurudur, bunu da başa düşürəm. Görünür bu uzun müddət jurnalistlik fəaliyyətimdən irəli gəlir, hər dəfə də çalışıram ki, bunu düzəldəm, görək nə alınacaq.

- Jurnalistikadan söz düşmüşkən, «Kaspi»nin «Ədəbiyyat» əlavəsinə münasibət necədir?
- Əvvəla deyim ki, belə bir addım atdığımıza çox sevinirəm. Elə birinci sayımızdan özümüz üçün şüar müəyyənləşdirdik «Biz imzaları yox, əsərləri dərc edirik». Az vaxt keçib, qəzetimizin elektron ünvanına saysız-hesabsız yazılar daxil olur. Hətta rayonlardan şagird dəftərinə yazılmış şeirləri, hekayələri bizə göndərirlər. Həm də bu əlavəni buraxmaqla ədəbi potensialımızla bilavasitə ünsiyyətdə oluruq, işin içində olanda onun kəm-kəsirlərini, güclü tərəflərini daha aydın görürsən. Təsəvvürlər dəyişir.

- Məsələn, hansı təsəvvürləriniz dəyişdi?
- Bizim ədəbiyyatımızın nə qədər zəngin olduğunun bir daha şahidi oldum, hayıf ki, əlavəmiz Azərbaycan dilində çıxır. Keşkə bunu heç olmasa ingilis dilində nəşr edib dünyaya çatdıra biləydik. Eyni zamanda kəm-kəsirlərimiz də özünü göstərdi. O qədər yararsız şeirlərlə rastlaşırsan ki, istər-istəməz fikirləşirsən yəqin «xalqımız şair xalqdır deyənlər» zarafat edirlərmiş. Sən demə ən yaxşı şeirlər artıq yazılıb qurtarıbmış, indi ancaq qafiyə tutmaqla məşğuluq, amma nəsr nümunələri haqqında bunu demək olmaz.

- Bəs nəsillərarası mübarizə, ədəbi mühitdəki qalmaqallar – qəzetiniz səhifələrində nə dərəcədə işıqlandırılır?
- Heç bir dərəcədə işıqlandırılmır. Bir prosesdən ki, ədəbiyyat qazanmır, ümumiyyətlə ədəbiyyata dəxli yoxdur, niyə ondan yazmalıyıq? Bu dava bizlik deyil. Biz təqaüd davası eləmirik, nə də kiminsə yerində gözümüz var. Elə oturduğumuz yerdə çox şeyi sübut edə bilərik.

- Nəyi sübut etmək istəyirsiniz?
- Sübut etmək istəyirik ki, bəzən tək əldən də səs çıxarmış…

Kultaz.Com