Natiq Rəsulzadə:

Natiq Rəsulzadə: "Kitablarımda bütün həyatım əks olunub"

Bakı Kitab Mərkəzində "Yazıçı ilə dialoq” layihəsi çərçivəsində tanınmış yazıçı, kinodramaturq, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü, "Şöhrət” ordenli Natiq Rəsulzadə ilə görüş keçirilib.

Yazıçı ilə görüşdə mədəniyyət xadimləri, ziyalıların nümayəndələri, tanınmış ədibin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Kitab Mərkəzinin direktoru Günel Rzayeva qeyd edib ki, müasir yazıçılar nəslinin ən tanınmış nümayəndələrindən biri, əsərləri ilə ölkənin hüdudlarından kənarda da oxucuların rəğbətini qazanmış Natiq Rəsulzadəni təqdim etməyə ehtiyac yoxdur.

Yazıçı özü haqqında danışıb: "Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım. Hələ məktəb illərində "Azərbaycan gəncləri” qəzetində yazmağa başladım, ilk ciddi tapşırığım isə "Qırmızı qərənfil” inqilab veteranları klubu haqqında reportaj hazırlamaq olub. Həmin vaxt on yeddi yaşlı gənc veteranlarla görüşü poetik çalarlarla qələmə almışdı. Bu qəzet mənə ən başlıca keyfiyyəti – artıq sözçülüyə varmamağı öyrətdi”.
 


Sonra dördüncü kursda tərk etdiyim Azərbaycan Politexnik İnstitutu və Moskvadakı A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığım illər gəldi. "Mənim kitablarımda bütün həyatım, tərcümeyi-halım, taleyim əks olunub”,- deyə Natiq Rəsulzadə sözlərinə yekun vurub.

Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, tarzən, Xalq artisti Ramiz Quliyev, Xalq rəssamı Arif Hüseynov, dirijor, Xalq artisti, professor Yalçın Adıgözəlzadə və başqaları yazıçı ilə onların hər birinin həyatında unudulmaz bir mərhələyə çevrilmiş dostluq illərindən bəhs ediblər.

Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, Natiq Rəsulzadənin yaradıcılığı müasir Azərbaycan nəsrində əsl hadisəyə çevrilib. Onun ədəbiyyatda Bakının həyatını məişət prizmasından təsvir edən özünəməxsus mövqeyi var. "Onun "Eşşək, eşşək haqqında” hekayəsi məndə çox böyük təəssürat yaradıb. Həmin əsərdə yazıçı ölkənin həyatında baş verən köklü dəyişikliklər dövründə - ağır 90-cı illərdə Azərbaycan ziyalısının şaşqınlığını və tənhalığını kəskin qələmlə təsvir edib”, - deyə Ç. Abdullayev vurğulayıb.

Yazıçı 40-dan çox kitabın, 200-dən artıq hekayə, roman və povestlərin, bədii filmlərə ssenarilərin müəllifidir. Onun hər bir kitabı unikaldır, ölkənin ədəbiyyat tarixində bənzərsiz iz qoyub.

Natiq Rəsulzadənin nəsrinin unikallığı əsərlərinin rus dilində yazılmasıdır. Bu dildə elə yazmaq lazımdır ki, nəşrlərin bol olduğu bir dövrdə belə rusdilli oxucu onları oxumaq istəsin. Oljas Süleymenov, Çingiz Aytmatov və Natiq Rəsulzadə - bu ədiblərin hamısı əsl milli yazıçı olmaqla yanaşı, rus dilində yaradıblar və bunun sayəsində oxucular onların ölkələri haqqında məlumatı ilkin mənbədən alıblar. Ən maraqlısı isə, bu yazıçılar əcnəbi oxucuların sevimli nasirlərinə çevrilə biliblər.

Sonda Natiq Rəsulzadə görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, oxucular üçün kitablarını imzalayıb.

AZƏRTAC