Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu il "Nəsimi ili” elan olunub.

Festival, ötənilki kimi, şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana” və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Layihə çərçivəsində həm Nəsiminin doğma diyarı Şamaxıda, həm də paytaxt Bakı və ətraf qəsəbələrdə müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən tədbirlər təşkil olunacaq.

Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edəcəklər.

Rusiyalı psixoloq Aleksey Sıtnikov, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə dünyada məşhur olan bir sıra nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.

Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitablarının təqdimatı olacaq.

Bu il ilk dəfə Nəsiminin bir seçilmiş qəzəlinə tədqiqatçı və şeir biliciləri öz şərhini təqdim edəcək, həmin təfsirlərin müzakirəsi keçiriləcək.

Həmçinin Şamaxı şəhərində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq.

Festival çərçivəsində Mədəniyyət Nazirliyinin "SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri də elan olunacaq.

Festival günlərində incəsənətin müxtəlif növlərinə dair bir sıra sərgilər açılacaq. Bakıda "Şirvanşahlar Sarayının sirləri” sərgisində yerli və xarici təsviri sənət ustalarının əsərləri – video art, qrafika, instalyasiyalar və kinetik obyektlər nümayiş olunacaq.

Azərbaycan Xalça Muzeyinin festival çərçivəsində söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi də açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunulan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq.

Bakının Qala qəsəbəsində istifadəsiz sənaye anbarında isə "Danışan divarlar” incəsənət layihəsi çərçivəsində yaradılmış əsərlərin təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların divarlar üzərində "urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdığı əsərlərlə tanışlıq olacaq.

"Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu və "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq "Tullantıdan sənətə” sərgisi keçiriləcək.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində sərgilər, o cümlədən Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur "Ölümsüzlük otağı” ("Ölümsüzlük odası”) əsəri də ekspozisiyada nümayiş olunacaq. Heydər Əliyev Mərkəzində, həmçinin festivalın qala konserti keçiriləcək.

Festival günlərində keçirilən tədbirlərdə Azərbaycan incəsənət ustaları ilə yanaşı, ABŞ, Çin, Almaniya, Böyük Britaniya, Gürcüstan, Misir, Ukrayna, Fransa, Kanada, İordaniya və dünyanın bir sıra başqa ölkələrindən gələn ifaçılar da maraqlı proqramlarla çıxış edəcəklər.