Nicat Həşimzadə   -  Anar Rzayevə yeni il məktubu

Nicat Həşimzadə - Anar Rzayevə yeni il məktubu

Anar Rzayevə Yeni İl Məktubu

Salam, Anar müəllim. Çox güman ki, məktuba cavab yazmayacaqsız. Amma yazıram. Yazmasam iflic olaram. Mən 3- cü dünya ölkəsinin ortabab yazarıyam. Maddi vəziyyətim çox bərbaddır. AYB- ni nəyə görə sevmirəm? Səbəb siz deyilsiz. AYB sədri Anar yox, Əhməd, Məmməd, Sədulla, Feyzulla olsa belə o birlik mahiyyətini dəyişməyəcək. Bu məktubu yazmaqda məqsədim kiminsə qəlbini qırmaq deyil. Sadəcə ürəyimi boşaltmaq istəyirəm. Qəzetlər və ədəbi portallar mənə qonorar ödəmirlər. Çünki ancaq qısa ətəkli xanımlara qonarar verirlər. Eybi yox, qoy işlərində olsunlar. Heç olmasa qısa ətəkli xanımlar arasında ən istedadlısını tapsınlar. Belə daha ədalətli olar. Azərbaycanda oxucu kütləsi azdır, hətta çox azdır demək olar. Yazarları həvəsdən salan əsas səbəb budur. İlk kitabımın satışından müəyyən qədər pul qazandım. Fəqət yaşamağa yetəcək qədər pulum yoxdur. Həm də tələbəyəm. Əslində bir neçə dəfə iş təklifləri olub, xarakterimə, ədəbi fəaliyyətimə yaraşmadığı üçün imtina etmişəm. Əməyimi istismar etmələrini istəmirəm. Eşitdiyimə görə dövlət ədəbiyyatın inkişafı üçün pul ayırır. Bu vəsait ciddi, istedadlı gənc imzaların tanınmasına sərf edilsə daha yaxşı olar. Qocalar onsuz da tanınıblar, bundan sonra 1000 il yazsalar da heç nə edə bilməyəcəklər, çünki onlar qocalmaqdan daha çox köhnəliblər. İnsan qocalmaq əvəzinə köhnələndə yaşamaq çətinləşir. Azərbaycanda sağlam ədəbi mühit yoxdur. Bəli, bunu əminliklə deyirəm və təkrar edirəm. Azərbaycanda sağlam ədəbi mühit yoxdur. Musa Yaqub və Əkrəm Əylisli uzun müddət ədəbiyyatla deputat mandatı arasında qalmaqdan əziyyət çəkiblər. Seçim etmək onlar üçün çox çətin oldu. Yaradıcı insan rəsmi işlərdən uzaq olmalıdır. Əks halda yaradıcı enerjisini və zamanını, həmçinin azadlığını itirə bilər. İnsan həmişə həqiqətin yanında ola bilərmi? Həqiqəti demək cəmiyyətdə niyə bu qədər kəskin aqressiya yaradır?

Anar müəllim, siz hesab- kitab işlərini yaxşı bilirsiz. Bu gedişlə ömrümün sonuna neçə il qalıb? Məqsədlərimə, oxuduğum kitablara xəyanət edə bilmirəm. Bu səbəbə görə də yaşamaq getdikcə daha çətin olur.

Qarşıdan yeni il gəlir. Hamı bayram edəcək. Mənsə kirədə qaldığım soyuq mənzildə tənhalığımın əzabını çəkəcəm. Aclıq, qış soyuğu və tənhalıq. Aclıq deyəndə münasibət aclığını, insan laqeydliyini nəzərdə tuturam. Azərbaycanda yazıçını hər kəsdən öncə doğmaları, ailə üzvləri tərk edir. Siz mütaliəli, savadlı insansız. İstedadsız adamların kitabını çap etdirməkdə məqsədiniz nədir? Bəlkə onlar sizin haqqınızda tərifnamələr yazıblar. Siz axı onların yaltaq, qeyri- səmimi olduğunu bilirsiz. Bəs bu həqiqəti bilə-bilə onlara yardım etməkdə məqsədiniz nədir? Mənə istədiyim kitabları verin, dünyanın ən yaxşı kitabını yazım, tamamilə ciddi və səmimi deyirəm, təkrar edirəm. Mənə istədiyim kitabları hədiyyə edin. Dünyanın ən yaxşı kitabını yazım. Sizin hekayələriniz və esseləriniz haqqında xoş sözlər demək olar. Lakin 90-cı illərdən sonra sizin də yazılarınız köhnəldi, aktuallığını itirdi. "5 mərtəbəli evin 6-cı mərtəbəsi” ənənələri yıxmaq baxımından gözəl əsərdi. Amma o romanı ciddi ədəbiyyat saymaq cahillik olar. Nəysə, Anar müəllim, deyəsən çox danışdım. Nəvəniz yaşındakı bir gəncin fikirlərini səmimi qəbul edin. Yeni iliniz mübarək.

Hörmətlə Nicat Həşimzadə , bəşəri aclıq akademiyasının üzvü