Nicat Həşimzadə   -  Ədəbiyyatla nəfəs alanlar

Nicat Həşimzadə - Ədəbiyyatla nəfəs alanlar

İşsizlik səviyyəsi yüksək ölkələrdə yazar, şair həmişə çox olur. Azərbaycanda yazıçı, şair daha doğrusu yazıçı, şair olmaq istəyən çoxdur. Amma onlarda yazıçı görünüşü yoxdur. Ən yaxşı halda qəssaba, rüşvət alan həkimə, kolxoz sədrinə bənzəyirlər. Azərbaycanda, həmçinin dünya ədəbiyyatında yazıçı görünüşünə sahib insanlar olub. Məsələn Cəfər Cabbarlının, Hüseyn Cavidin, Viktor Hüqonun, Mopassanın rəsminə baxanda anlayırsan ki, bu adamlar ədəbiyyatla nəfəs alıblar. Ədəbiyyat onların yaşama səbəbi olub. Müasir Azərbaycan ədəbiyyatında simasından ədəbiyyat yağan 3-5 yazar var. Onlara baxanda dərhal anlayırsan ki, bu insanlar ədəbiyyatla nəfəs alırlar. Azərbaycanda əksər yazarların yazdıqları ilə yaşadıqları arasında dərin uçurumlar var. Onların həyat tərzləri ilə yazıları biri- birini inkar edir. Təbiətə ana təbiət deyən bu adamlar əslində təbiəti dağıtmaqla, ağacları qırıb odun satmaqla məşğuldurlar. Azərbaycan ədəbiyyatı bu adamlara görə inkişaf etmir. Son zamanlar yorulmuşam. Enerjimi qorumaq, daha çox kitab oxumaq, daha çox yazmaq istəyirəm. Yazdığım hər 10 səhifədən 9-u zibil qutusuna atılır. Çünki yazdıqlarım məni qane etmir. Çalışıram, vuruşuram, insana yaşama, yazma səbəbi verən oxucular barmaqla sayılacaq qədər az olsa da ümid edirəm. Amma etiraf edirəm, ümidlərimin ölümündən qorxuram.

Həmin şairlər vaxtilə Stalinə şeir həsr ediblər. Onların ataları da şair olub, onlar da Leninə şeir həsr edirlər. İndi onların oğulları, övladları bu ənənəni davam etdirirlər. Onlar o qədər varlıdırlar ki, sadə insan həyatından yazmağı özlərinə yaraşdırmırlar. Ancaq zəngin iş adamlarının həyatları haqqında yazırlar. Sadə insanları unudublar. Sadə adamlar haqqında biz- sadə yazarlar yazırıq. Həmin sadə adamlar da bizi adam yerinə qoymurlar.

Bu sual haqqında çox düşünmüşəm. Niyə hamı yazmaq istəyir. Bu adamların məqsədi nədir? Bəzən görürsən ki, istedadsız adamdır, lakin yazmaq üçün özünü zorlayır. İstedadsız olduğunu deyəndə səni özünə düşmən sayır. Bunu dəfələrlə demişəm, yenə də deyirəm. Azərbaycanda sağlam ədəbi mühit yoxdur. Yazıçılar arasında səmimi münasibət yoxdur. Mən heç vaxt qeyri- səmimi davrana bilməmişəm. Bacarmıram. Bəzən qeyri-səmimi davranmağa məcbur olsam belə etmirəm. Əgər bu tip şairlərə, yazıçılara bənzəsəm oxuduğum kitablara xəyanət etmiş olaram. Ciddi, sağlam ədəbiyyat qurmaq üçün ədəbiyyatla nəfəs almalısan. Ədəbiyyat naminə AYO andı içmişəm. Materiya bizi xəyanətdən qorusun.