Nicat Həşimzadə   -  Erməni söyənlər

Nicat Həşimzadə - Erməni söyənlər

20- ci əsrin əvvəllərində Azərbaycan ziyalıları Azərbaycan türkcəsində qəzet çap etmək üçün Peterburqa rəsmi məktub göndərirlər. Məktuba belə cavab verilir:

" Ziyalılar qəzeti rusca oxusunlar, qalan əhalisə gedib qoyununu otarsın"
40 qəpiyə qəzet almağa qarnı ağrıyanlar, bu faktı unutmayın. Ziyalılarımız ana dilində qəzet yaratmaq üçün gərgin zəhmətlər çəkiblər.

P.S 1900- cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən 42 qəzetin 32-si rus və ingilis, 4- ü erməni, 4-ü gürcü dilində idi. Azərbaycan qızlarının təhsil alması, çarşafdan azad olması üçün ziyalılarımız mübarizə aparıb, həyatlarını təhlükəyə atıblar. Yusif Vəzir Çəmənzəminli yazırdı:

" Şuşa realni məktəbində oxuyan 300 şagirddən yalnız 10-15 nəfəri azərbaycanlı idi, onlara da tatar deyə müraciət edirdilər. Ermənilər bizdən daha mədəni olsalar da bizdən daha çox dəli idilər. Biz isə məsum, dünyadan xəbərsiz insanlar idik”

1832- ci ildə Bakıda yaşayan 15 erməni ailəsi təşkilat yaratmağı bacarmışdı. Bu hadisədən 10 il sonra 1842- ci ildə 20 yəhudi ailəsi birləşərək təşkilat yaradıblar. Azərbaycanlılar isə 1872- ci ildə Müsəlman xeyriyyə cəmiyyətini yaradıblar. Bu, ilk təşkilatımız idi. Bu faktlar sübut edir ki, biz təşkilalanma, birləşmə mədəniyyətini ermənilərdən sonra öyrənmişik. Düşməni söyməklə işlər həll olunmur. Gərək sivil xalq, savadlı toplum yaradasan. Əgər ermənilər Sarı gəlin mahnısını bizdən daha yaxşı ifa edirlərsə bunun nəyi pisdir? Bizim oxuduğumuz muğam guya özümüzündür? Biz də haradansa oğurlamışıq. 7 əsas muğamın heç birinin adında türk, ya Azərbaycan sözü yoxdur. Musiqi beynəlmiləl olmalıdır. Amma son illərin hadisələri sübut etdi ki, xalq erməniləri söyən ziyalıları, müğənniləri sevir.

Bizim də kəndimizdə ermənilər yaşayıb. Kəndimizin qocaları deyirdilər ki, ermənilər kənddə səliqə-səhman yaratmış, bağlar qurmuş, hər tərəfdə ağaclar əkmiş və quyular qazmışdılar. Onlar kəndi tərk etdikdən sonra yerli əhali ağacları qırıb odun kimi istifadə edib, bulaqlar baxımsızlıqdan yararsız hala düşüb. Başa düşə bilmədiyim bir məsələ var. Guya erməni ailəsində uşaq doğulanda anası qulağına pıçıldayır ki, bəs türk sənin düşmənindir, onun qanı sənə halaldır. Nə qədər məntiqsiz söhbətdir. Milyonda bir ana övladının cani olmasını istəyər. Bu nağıla hələ də inanan adamlar var. Ermənilər sənətkarlıq işlərini də yaxşı bacarırlar. Biz isə tənbəl xalqıq. Həmişə kiminsə əmrini gözləyirik. Kimsə bizi döyə-döyə məcbur işlətməlidir. Azərbaycan ziyalıları doğma dildə qəzet buraxmaq üçün min cür zəhmət çəkiblər. Lakin bugün Azərbaycan insanı qəzet almağa 40 qəpik ödəmək istəmir. Bugün Azərbaycan qızları uzun dırnaq saxlayır, dərsdə kosmetik vasitələrdən istifadə edirlər. Çantalarında dəftər-kitabdan başqa hər şey var. İşləri camaatdan vərəq, qələm dilənməkdir. Bu tip qızları görən oğlan necə evlənmək eşqinə düşə bilər? Oğlanların vəziyyəti daha betərdir. Universitetdə hər tip tələbə var. Onların arasında Polat Alemdarlar, Cahidlər, Pusat Çakırlar da gözə dəyir. 2 vərəq mühazirəni üzdən oxuya bilməyən bu adamlar Polat Alemdar olub dünyanı dəyişə biləcəklərini zənn edirlər. Şair belə yerdə deyib e, uçduq, xəyallar qanadında.

Qəzet almayın, kitab oxumayın, qonşunun ailə işlərini müzakirə edin, Gülnisənin bakirə olub-olmaması ilə maraqlanın. Qohumların nə qədər maaş aldığından, kimin nə qədər kredit ödəməyindən, Hadisənin Murat Bozu öpməsindən, Kiralık aşk filmində Dəfnənin mənasız, dəcəl hərəkətlərindən danışın.