Nicat Həşimzadə – Qərbli Axundov

Nicat Həşimzadə – Qərbli Axundov

Rotterdamlı Erazm Niderland tarixinin renessans dövrünün alimi, yazarı və filosofudur. "Səfehliyin tarixi” ən məşhur əsəridir. Əsərləri daim təqiblərə məruz qalmışdır. Çünki Erazm böyek cəsarət göstərərək həmişə həqiqəti deyirdi. Onun yaradıcılığı intibah dövrünə təsadüf edir. Avropanın tarixini, coğrafiyasını , etnik tərkiblərini mükəmməl bilən Erazm kitablarında bu faktlardan əminliklə istifadə edib.

Erazm dini dünyagörüşünə görə təktanrıçılığa etimad göstərib. O, Niderlanddakı xristianlığı qəbul edə bilmir, buna baxmayaraq İncili müdafiə edir, onun təmizliyini qorumağa çalışırdı. Həmçinin dini mətnləri tərcümə edirdi. Öncə Lüterlə eyni ideyanın davamçıları olsalar da sonradan ayrılıblar. Belə ki, Erazm neytral mövqe tutub.

Səfehliyin tərifi ideyalarla zəngindir. Erazm insan əxlaqsızlığının, naqisliyinin yaranma səbəblərini aydınlaşdırmağa çalışır. Düzdür, əsər çətin oxunaqlıdır, anlamaq asan deyil, hazırlıqsız oxucu üçün hətta dərkolunmaz əsərdir. Çünki mövzudan kənaraçıxmalar çoxdur. Pinskiyin zəngin məlumatlı ön sözü ilə başlayan əsəridilimizə Namiq Hüseyinli tərcümə edib. Erazm cəhaləti tənqid edirdi. Saxtakar ruhanilərin etdiyi şərəfsiz əməllərdən narahat olurdu. Xüsusən də 60 – 70 yaşına kimi günahlarla zəngin həyat sürən adamın ahıl çağında papa olmasını qəbul etmir. Kilsəyə gələn vergilərin hansı məqsədlər naminə toplandığını biləndə Erazmın kilsəyə olan inamı sarsılır. Hətta Erazm İsanın fikirlərindən, İncildən statlar gətirərək yoxsulların hüququnu müdafiə edəndə papalar, keşişlər onu ciddi qəbul etmirlər.

Kitab müəllifin ön sözü , daha dəqiq desəm dostu Tomas Mora yazdığı məktubla başlayır. Erazm poeziyanı, ədəbiyyatı ciddi qəbul etmir, səmalarda fəlsəfə axtaran, hansısa məsləyə sahib olmaq uğrunda tərifnamələrə bənzər şeirlər yazan şairləri lağ hədəfinə çevirir. Bu məktubda Erazm Mordan bəzi məsələləri soruşur, əslində məktubda Erazmın nisgilli taleyi əks olunur. Filosof insanların ona bəslədiyi laqeyd münasibətə etiraz edir.Mora deyir " Axı Demokriti də ciddi fikir adamı saymır, gülən filosof adlandırırdılar, axı Lukian da bütpərəstlik mifologiyasını və erkən xtistianlıq təsəvvürünü gülüş hədəfinə çevirmişdi, axı məşhur Afina ritoru İsokrat insanları allahlara qurban verən Misir padşahı Busiridi tərif edirdi, axı Plutarx dördayaqlı canlıları ikiayaqlılardan daha üstün bilirdi. Bəs indi mənim fikirlərim niyə ciddi qəbul olunmasın ?

Erazm təfəkkürünə görə özünü sevməyən insanın sevilməyə haqqı yoxdur. İnsan həyatından özünə qarşı sevgini tamamilə çıxarsaq darıxdırıcı dünya ilə qarşılaşarıq. Bəzən yaltaqlığı axmaq hərəhət , hətta şərəfsizlik hesab edirlər. Amma diqqətlə düşünək, it qədər yaltaq heyvan varmı ? İt qədər sadiq heyvan necə, varmı ? Yaltaqlar bəzən daha çpx sadiq olurlar.

Filosof düşünür ki, insan özünü sevməlidir, azacıq da olsa egolu olmalıdır, çünki özünü sevməyən, özünə nifrət edən kəsi kimsə sevərmi ? Özündən razılıq təbiət tərəfindən insana verilə biləcək ən dəyərli mükafatdır. Erazmda Sokrat və nisbətən Platon ideyaları hiss olunur. Sokrat düşünürdü ki, insanlar arasında yaşamaq üçün hər növ müqəddəslikdən imtina etməlisən. Erazm da bu fikri dəstəkləyir və özünəməxsus əsaslarla təsdiq edir.

Növbəti fikirə nəzər salaq. Başqasının axmaqlığı ilə yaradılmış əlverişli həyat şəraitindən istifadə etmək qədər dünyada şirin nə var ? Ağıllı insanlar ona görə ağıllıdırlar ki, dünyada axmaq adamlar var.

Erazm ən çox nədən bezmişdi. Bu suala cavab tapmaq çox da çətin deyil. Dini fanatizm onu dəhşətli hallara salırdı.

Səmimi olaraq deyim ki, kitabı oxuyarkən, Axundovu xatırladım. Gənclik dönəmində Mirzə Fətəlinin Mirzə Şəfi Vazehlə görüşməsi, onların din haqqındakı dialoqu, Axundovun ateistlikdə günahlandırılması , daim təqib olunması və s . İçimdə qeyri – ixtiyari olaraq bir istək yarandı. Yazımın adını " Qərbin Axundovu ” qoyum. Nə dərəcədə məntiqli olub – olmadığını bilmirəm. Buna siz qərar verərsiz.

Fürsətdən istifadə edib bir insana təşəkkür edirəm. Tələbə olduğum üçün kitab almağa çətinliklə pul tapa bilirəm. Həm də özəl universitetdə təhsil alıram. Kitabı mənə Xan Rəsuloğlu bağışladı. Gözlərimi bu kitaba zilləmişdim. Xan yəqin hiss etdi ki, çox arzulasam da almağa pulum yoxdu. Yeganə tələbi bu oldu ki, kitab haqqında fikirlərini mütləq yaz. Mən də həvəslə yazdım.

Bu kitabı mütləq oxuyun. Çox fikir qazanacaqsız. Erazmı təsadüfi yerə Orta Əsrlər Avropasının humanizm simvolu saymırlar.

 


Nicat Həşimzadə