Nihat Piriyev. Vicdan (Hekayə)

Nihat Piriyev. Vicdan (Hekayə)

..gecə saat iki olmasına rəğmən Gülər hələ də yerində narahat bir şəkildə o yan-bu yana qurcalanır, heç cür rahatlıq tapa bilmirdi. Bayaqdan bəri gözünü dikdiyi ay da artıq pəncərənin önündən çəkilmişdi. Əslində, öyrəşmişdi bu mənzərəyə. Uşaqları rahatlayıb, saatlarla pəncərəyə dikilməyə, bütün günün, bütün ömrün mənzərəsini hər gecə özü üçün təkrar-təkrar düşünməyə öyrətmişdi özünü. Heç bir mənası olmayacağını bilə-bilə. Bu minvalla nə az nə çox, düz  beş il ötürmüşdü. Və bu beş ilə o qədər qayğıları sığdırmışdı ki... Təkbaşına bircə-bircə atlatmışdı o qayğıları. 

Həyət qapısının səsinin eşidilməsi narahat simasında özündən aslı olmadan qəribə bir rahatlıq yaratdı. Yatağından qalxıb, pəncərədən həyətə boylandı. Hikmət divardan tuta-tuta yarı ixtiyari, yarı qeyri-ixtiyari səndələyə-səndələyə evə tərəf gəlirdi. Gülər üçün bu mənzərə də tanış idi. Günlərlə evə gec saatda gəlməsi, gələndə də bu şəkildə gəlməsi onu daha təəccübləndirmirdi. Düz beş ildir ki, davam edən bu evlilik iki uşaq xaricində bu və bunun kimi səbəblərdən dolayı sadəcə kağız üzərində əhəmiyyət kəsb edirdi. Və hər şeyə göz yummasına, susmasına da səbəb elə məhz o iki uşaq idi. Fuad və Dəniz.

Üşüməsin deyə çiyninə yüngül bir şey atıb, dəhlizə düşdü. 

- yenə içmisən, hə? Heç olmasa uşaqları fikirləş, Fuad 1-ə kimi səni gözləyib...

Güləri eşitməzdən gələn Hikmət başını bulaya-bulaya birtəhər özünü hamama saldı. Və həmişəki kimi hamamın divarından asılan dəyişik paltarları, məhrəbasını görüb, bundan məmnunluq duyar şəkildə qapını örtdü. Gülər isə artıq nəsə deməyin mənasız olduğunu başa düşüb, yenidən yataq otağına qayıtdı. Hikmətin hamamdan çıxıb, divandaca yuxuya gedəcəyini bilirdi.

Hikmət üç qardaşdan ən kiçiyi idi. Böyük qardaşları ali təhsil alsalar da onun oxumağa marağı az idi. Atasının yanında işləyə-işləyə artıq orta məktəbi bitirənə yaxın işin tamamını mənimsəmişdi. Zərgər idi atası. Hikmətin sənətə göstərdiyi hədsiz maraq atasını onu oxutmaq sevdasından döndərə bilmişdi. Tezliklə şəhərin əsas təlabatlı qızıl mağazalarından təklif alan Hikmət işini biznesə çevirməyi bacardı. Güləri Hikmətə atası məsləhət bilmiş və o da sırf atasının sözünə görə 4 il münasibətdə olduğu Nərminlə ayrılmışdı. Bir neçə dəfə atasına qarşı çıxmaq istəsə də xeyri olmamış və nəticədə Gülərlə evlənməyə məcbur olmuşdu.

Hikmətdən fərqli olaraq, Gülər bir həyat yoldaşı kimi vəzifələrini layiqincə yerinə yetirir, Hikmətin ona qarşı bütün etinasızlığına göz yumurdu. Çünki artıq o, qadın olmaqla yanaşı, həm də bir ana idi, həm də bir valideyn idi. Bu valideynlik məsuliyyətini, əslində, Hikmət də dərk edirdi, amma o, Gülərə qarşı heç nə hiss etmirdi. Heç nə. Hətta hörmət hissi də yavaş-yavaş aradan qalxmağa başlayırdı. Ki bunu hər gün köynəyində qalan dodaq boyası, ya da fərqli qadın ətirləri göstərirdi.

Fuadın dörd, Dənizin isə iki yaşı vardı. Hələlik ailəni ailə kimi qoruyan bu iki uşağın varlığı idi. Onların yemək-içməyi, geyimi, uşaq qayğıları və s. Gülərin gündəlik başını qatmasına kifayət edən səbəblər idi.

***

Bu gün Hikmətlə evliliklərinin 5 ili tamam olurdu. Düzü, bunu Hikmətə nə cür deyəcəyini bir xeyli fikirləşmişdi. Bəlkə də ehtiyac yox idi və bəlkə də Hikmət artıq bu tarixdən xəbərdar idi kimi sualların içində biryolluq qərar verə bilmirdi. Amma hər halda bu tarixi onun yadına salmalı idi.

Səhər Hikmət əl-üzünü yuyub, masaya gələnə kimi Gülər süfrəni artıq hazır eləmişdi. O, səhər yeməyini yediyi bir vaxtda, Gülər də guya qab yuyurmuş kimi bir neçə dəqiqə sonra ola biləcəkləri götür qoy edir, yaxud da özünü ala biləcəyi olası cavablara hazırlayırdı. Stəkanın nəlbəki ilə təmasının sayından artıq son qurtumların olduğunu hesabladı. Yavaş-yavaş özünü toparladı. Hikmət də masadan artıq qalxmışdı. Maşının açarlarını götürüb qapıya tərəf gedəndə, Gülər qorxusuna qalib gəlməyi bacardı:

- bu gün evliliyimizin 5 illiyidi. Fuad da bilir, söz vermişəm ona. Evə bir az tez...

- bilirəm, gələcəm!

Beş-altı saniyə çəkən bu dialoq Güləri təpədən dırnağa kimi tərlətmiştdi. Aldığı cavabın yumşaqlığı üzündə kiçik də olsa təbəssüm yaratdı. Və bu təbəssüm bu gün axşama kimi davam edəcəkdi. Bu gün onun kefini heç nə pozmayacaq, ən azından bu gün!

***
Axşama yaxın Hikmət gəldi. Fuad həyət qapısının açıldığını görüncə, sevincək atasına doğru qaçmağa başladı. Sözsüz ki, Hikmət də uşaqlarını sevirdi, yəni bu sevginin Gülərlə ola biləcək münasibətə heç bir dəxli yox idi. Ər kimi nə qədər məsuliyyətsiz və etinasız biri olsa da o, bir ata idi və uşaqlarını sevirdi. 
Fuadı qucağına alıb, yavaş-yavaş evə tərəf gəlməyə başladı. Mətbəxdən gələn fərqli qoxular, aynəbədin işıldayan pəncərələri, süpürülmüş həyətə tozu yatırmaq üçün təzəlikcə çilənmiş su və digər bu kimi hazırlıqlar Gülərin gün boyu gecə üçün necə canfəşanlıq etdiyinin göstəricisi idi. Bu, Hikmətdə az da olsa təbəssüm yaratdı. Elə bu sualı da verməsinə səbəb, bəlkə də, Gülərin hədsiz hazırlığı idi.

- evə nəsə lazımdı?

Gülər əlindəki işi saxlayıb, cavab verməyə tələsdi:

- hə, bir iki şey yazmışam...

- gətir!


Bazarlıq siyahısını alıb, Hikmət həyət qapısına doğru gedəndə, Fuad atasına çatıb, onu da özü ilə aparmasını xahiş elədi. Hikmət də Fuadın sözündən çıxmadı.

***

Ata-bala əllərindəki siyahı ilə marketi o baş-bu baş gəzməyə başladılar. Fuad hədsiz sevincli görünürdü, çünki belə bir gəzinti onun üçün nadir hallarda baş verirdi. Və o hələ bilmirdiki az sonra, bəlkə də, ailənin xilaskarına çevriləcək.

Marketdə bir xeyli dolaşdıqdan sonra Hikmət siyahıya bir daha göz gəzdirib, satıcıdan soğan çəkməsini xahiş elədi. Fuad isə ucadan "yox, soğan alma, ata”- deyə qışqıraraq, onun dizlərini qucaqladı. Ətrafa bir neçə saniyəlik süküt çökdü və hər kəsin diqqəti ata-bala bunlara yönəldi. Gözlənilməz hal Hikməti də təəccübləndirmişdi və o Fuadın boyu bərabərinə enib soruşdu:

- niyə, mənim balam?

-alma, istəmirəm!

- axı anan yazıb, almasam bəs nə yeyərik?

- yox, alma. Soğan anamı ağladır, hər gün anam ağlayır, mən soruşanda deyir ki, soğana görədi. Alma, ata, alma, nolar...

Fuad atasının dizini qucaqlayıb içdən ağlaya-ağlaya "alma, alma” - deyə ayaqlarını yerə döyəcləyirdi. Hikmət isə yavaş-yavaş halının dəyişdiyini hiss elədi, udquna bilmir, göz qapaqları elə bil ağırlaşırdı. Heç cürə özünü vəziyyətdən çıxara bilmirdi. Satıcının "müəllim, soğan çəkim?” - sualına "yox” - deyərək Fuadı qucağına alıb, gözünün yaşını sildi.

- yaxşı, sakitləş. Almarıq soğan, anan da ağlamaz, sakitləş!

Mağazadan çıxıb, aldıqları ərzaqları maşına qoyub, evə qayıtdılar. Yol boyu Hikmət bu günə kimi hiss etmədiyi bir ağrını hiss edirdi. Bu, illərdir çiynində daşıdığı lakin heç bir vəchlə onu oyada bilməyən vicdan ağrısı idi. Güləri incitdiyini, ona qarşı çox haqsızlıq etdiyini, onun zəif tərəflərindən istifadə edib, yaxşı ər olmadığını, övladları üçün layiqli bir ata olmadığını yaxşı bilirdi. Amma heç kəs ona Fuadın verdiyi dərsi verməmişdi, verə bilməmişdi. Fuad olanları bir güzgüyə çevirərək atasının qarşısına qoymuşdu və Hikmət indi özü ilə üzbəüz dayanmışdı. Heç vaxt rastlaşmadığı özü ilə ya da rastlaşmaq istəmədiyi özü ilə.

Maşın həyətə yaxınlaşanda Fuad artıq sakitləşmişdi. Aldıqlarını evə daşıyana qədər Hikmət maşında ard-arda 3-4 siqaret tüstülətdi. Bu 10-15 dəqiqə ərzində o, bütün 5 ili gözünün qabağında canlandırır və əsl həqiqəti indi görürdü. 

Maşını həyətə salıb, evə qalxdı. Gülərin səsi mətbəxdən gəlirdi.

- bəs atan soğan almadı?

Elə bu vaxt Hikmət mətbəxin qapısında göründü. Hikmətin qəribə görkəmi Güləri bir az təşvişə saldı.

- Hikmət, yaxşısan?

Hikmət addım-addım ona sarı getməyə başladı. Gülər mat bir şəkildə ona baxır, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Hikmət Gülərə çatıb, onun üzünü iki ovucu arasına aldı və gözlərinin içinə baxaraq:

- Gülər, məni bağışla!

Hələ də nələrin baş verdiyini başa düşməyən Gülər təəccüb içində gözünü o yan - bu yana qaçırır, tez-tez udqunurdu...

- Hikmət, sənə nə olub? Mən...

- heç nə demə, heç nə soruşma, sadəcə de ki, məni bağışlayırsan...! Başqa heç nə!

- Hikmət...

Heç vaxt Gülərin gözlərinin içinə baxmayan, beş ildə onun varlığını görməzdən gələn Hikmət indi bütün fikri və hissiyatı ilə onun gözlərinə zillənmişdi. Fuadın "anam hər gün ağlayır, deyir ki, soğana görədi” ifadəsi ağır bir yük kimi sinəsinə çökmüşdü. Bu yük onu az qala nəfəs almağa da qoymurdu. İllərdir onun üçün heç kim olmayan Gülərin indi sadəcə "bağışladım” kəlməsinə ehtiyacı vardı. Başqa heç nəyə! 

- yaxşı, sakitləş, qurbanın olum, sakitləş. Uşaqlar qorxacaq, sakitləş...

Hikmətin peşmançılığının haradan qaynaqlanmasını başa düşməsə də, söhbətin nədən getdiyini dərk edən Gülər onun boynuna sarılıb hönkürtü ilə ağlamağa başladı...

- yaxşı, sakitləş....sakitləş... bağışladım, sakitləş!

Fuadsa ağlayan bacısı-Dənizi qucaqlayıb, başını sığallaya-sığallaya astadan pıçıldayırdı:

- axı biz soğan almamışdıq...