“Nikolay Alekseyeviç Nekrasovun qadınları”

“Nikolay Alekseyeviç Nekrasovun qadınları”

Nikolay Alekseyeviç Nekrasovun çox əcayib şəxsi həyatı olub.

O, 1846-cı ildə evli xanım Avdotya Panayevaya rast gəlir. Qeyri-adi cəlbedici, çox qabiliyyətli, iradəli və ağıllı qadın olan Avdotya əri İvan İvanoviç Panayevin evində toplanan ədəbiyyat salonunun sahibəsi idi.  Onların nikahını mezalyans (ictimai vəziyyətləri bərabər olmayan şəxslərin evlənməsi – tərc.) hesab edən gələcək qayınanasının iradəsi xilafına 19 yaşında Panayevə ərə gedən Avdotya Yakovlevna çox tezliklə qonaqpərvər sahibəyə və evin əsl ruhuna çevrilir. Onun iri gözləri, incə beli və sözsüz ki, ədəbi istedadı gənc, lakin artıq kifayət qədər tanınmış Çernışevski, Dobrolyubov, Turgenev və Belinskini Panayevlərin dərnəyinə cəlb etmişdi. Əri isə, adlı-sanlı və zəngin ailədən çıxmış, bütün məşhur jurnallarda dərc olunan uğurlu yazıçı çox tezliklə subaylıq vərdişlərinə qayıdır. Şıq geyinərək bəzənib-düzənir, veyil-veyil gəzir, əyyaşlıq edir, hər ətəyin ardınca sürünürdü - müasirləri Panayevi belə xarakterizə edirlər. Lakin buna baxmayaraq, onun zövcəsi qarşısına çıxan ilk adamın ağuşuna atılmır. Hətta tezliklə Panayevlərin evinə dəvət olunan Nekrasov da bu füsünkar qadının diqqətini cəlb etmək üçün çox dəridən-qabıqdan çıxmışdı. Heç kəsə sirr deyildi ki, Fyodor Dostoyevski də Avdotyaya dəlicəsinə vurulmuş, lakin sevgisinə qarşılıq ala bilməmişdi. Ancaq bir dəfə Panayev cütlüyü və Nekrasovun Kazan quberniyasına səfərlərinin birində Avdotya və Nikolay Alekseyeviç bir-birilərinə sevgilərini etiraf edirlər və qayıtdıqdan sonra Panayevlərin mənzilində vətəndaş nikahında yaşamağa başlayırlar. Həm də Avdotyanın qanuni əri İvan İvanoviçlə bir evdə... Çox böyük ictimai qınağa səbəb olan bu qəribə həyat nə az, nə  çox, düz 16 il, Panayevin ölümünədək davam edir. Nikolay Alekseyeviç haqqında deyirdilər ki, o, başqasının evində yaşayır, başqasının zövcəsini sevir, hələ bir qanuni ərə qısqançlıq səhnələri də oynayır. Dostlarının çoxu ondan üz döndərirlər.  

Sevgililər isə xoşbəxt idilər. Panayeva hamilə qalır, Nekrasov ən gözəl şeirlərini – "Panayev silsiləsi”ni  yaradır, bir çox əsərləri cütlük birlikdə yazır və redaktə edirlər. Çox böyük uğur qazanmış bir neçə roman iki müəllifə - Nekrasov və Stanitskiyə (Avdotya Yakovlevnanın təxəllüsü) məxsusdur. Qeyd etmək lazımdır ki, üçlük "Sovremennik” jurnalının yenidən bərpa edilməsi və inkişafı işində həmfikir, mənəvi arxadaş idilər. Görünür, onların bu yaradıcılıq ekstazı yazarların kifayət qədər orijinal həyat tərzi ətrafında dolaşan meşşan dedi-qodusu və qeybətindən daha dəyərli idi.

Tezliklə Avdotya Yakovlevnanın Nekrasovdan bir oğlu olur, ancaq o, çox yaşamır.

Nikolay Alekseyeviç təxminən elə bu vaxtlar xəstələnir. Deyirlər ki, onların münasibətlərinin pozulmasına gətirib çıxaran güclü əsəb tutmaları, əhvali-ruhiyyənin dəyişməsi də məhz bununla bağlı idi. İvan Panayevin ölümü də, Nekrasovla Avdotya Panayevanın ayrılması da 1860-cı ilə təsadüf edir.

Şair ömrünün bu dönəmində tez-tez rəfiqələrini dəyişirdi, ancaq onlardan biri ilə münasibətləri öz ciddiliyi ilə digərlərindən fərqlənir. Fransız aktrisası Selina Lefren-Potçer və onun rus şairi ilə məhəbbət macərası haqqında çox az yazırlar – güman etmək olar ki, bunun səbəbi bu bağlılığın Nekrasovun yaradıcılığında heç bir əhəmiyyətli iz qoymamasıdır. Lefrenin otuza yaxın yaşı vardı, xususi gözəlliyi ilə seçilmirdi, amma füsünkar və fəhmli idi, royalda çalıb oxuyurdu. Hekrasovla çətin anlaşırdılar, çünki şair fransız dilini bilmirdi, o isə rus dilində bir-iki kəlmə öyrənmişdi. Çox vaxt Lefren haqqında bir qədər kapital yığıb vətənə dönmək üçün kişinin mövqeyindən istifadə edən klassik məşuqə kimi danışırlar. Fransız  aktrisası ilə məhəbbət macərası Avdotya Yakovlevnanın gözləri önündə başlayır. Nekrasovun heç nəyi gizlətməməsi və onu təsərrüfat müdirəsi rolunadək alçaltması Panyevanı çox təhqir etmiş və incitmişdi. Odur ki, Panayeva 20 illik birgə həyatdan sonra onu tərk edir və çox keçmir ki, "Sovremennik”in ədəbi katibi Qolovaçevə ərə gedərək yeganə qızını dünyaya gətirir. Qolovaçevlə nikah xoşbəxt və uğurlu alınır. Onlar 13 il birlikdə yaşayırlar, lakin o, vərəm xəstəliyindən dünyasını dəyişərək Avdotyanı 11 yaşlı uşaqla tək qoyur.

Maraqlıdır ki, şairin bütün yaxınları – bacıları, qohumları Panayevanı Nekrasovun bütün rəfiqələrindən seçirdilər, ona heyran olduqlarını bildirirdilər. Selina Lefrenin vaxtında da evin ailə düzəni pozulmamışdı, lakin Nekrasovlar ailəsinin Panayeva ilə olan münasibətinə o, heç yaxın da düşə bilməmişdi. Selinanın Parisdə balaca oğlu var idi, bundan başqa o, tez-tez Peterburqun iqlimindən şikayət edirdi və 1867-ci ildə Parisə gedərək bir daha heç vaxt geri qayıtmadı. Onun gedişindən dərhal sonra Nekrasov Meyşenlə görüşməyə başlayır. Gənc dul qadın Praskovya Nikolayevnanı Nekrasov Yaroslavldan gətirmişdi. Bu qadın haqqında bircə bu məlumdur ki, onu heç kim heç vaxt əlində kitab və ya musiqi aləti ilə görməyib. Amma əvəzində şairin qara atında gəzməyi çox sevirdi və onu gənc general arvadı sananda hədsiz sevinirdi. Sözün əsl mənasında bu bəsit qadın Nikolay Alekseyeviçi tezliklə bezdirir, şairin dostlarını və doğmalarını onun evindən uzaqlaşdırır və o, Praskofyanı Yaroslavla geri göndərir.      

Bu zaman Nekrasovun 48 yaşı var idi. Çox tezliklə ilk və yeganə qanuni zövcəsi – sadə rəiyyət içərisindən çıxmış 19 yaşlı Fekla Viktorova şairin həyatına daxil olur. Şair onun adını qətiyyən bəyənmirdi, odur ki, Fekla Zinaya, Zinaida Nikolayevnaya çevrilir. Şairin doğmalarının sözlərinə görə, Zina kök, tərtəmiz ev qulluqçusuna bənzəyirdi, savadı yox idi, Peterburq mağazalarını dolaşmaqdan ötrü ürəyi gedirdi, Nekrasovun əllərindən öpür, onun şeirlərini əzbərləyirdi. O, inadla Nekrasova olmağa can atırdı və 56 yaşında ölümcül xərçəng xəstəliyinə düçar olmuş, bir dəri-bir sümük qalmış şair Zina ilə nikah kəsdirir, yarım il sonra isə vəfat edir. 

Şairin vəsiyyətnaməsinə əsasən, "Çudovskaya Luka” malikanəsi və Peterburqdakı mənzil Zinaya qalır. Şayiələrə görə, Zina bütün bunların hamısını şairin qohumlarına paylayır. Halbuki sonralar onlar Zinanı heç astanadan içəri də buraxmır, onu tanımaq belə istəmirdilər. Beləliklə, Fekla-Zina Saratova qayıdır və son gününədək çox qapalı və sadə həyat keçirir. Şair öz əsərlərinə olan hüququ bacısı Anna Alekseyevna Butkeviçə vəsiyyət edir.    

Nekrasov kifayət qədər imkanlı idi. O, "Sovremennik”in işinə praktik yanaşması ilə fərqlənirdi. Bundan başqa onun çox əcaib bir xüsusiyyəti var idi –  kartda bəxti inanılmaz gətirirdi. Nekrasov İ.İ.Panayevin "Sovremennik”ə qoyduğu pulu onun ölümündən sonra arvadına qaytarmışdı. O, Lefrenə də maddi köməklik göstərirdi. Deyirlər ki, Zina ilə münasibətlərinin lap başlanğıcında o, Parisə Selinanıın yanına getmiş, 3-4 həftə orada qalmış və qayıtması üçün ona yalvarmışdı. Demək olar ki, eyni vaxtda da dostlarına Panayevadan ötrü darıxdığını yazırdı.

Hər necə də olsa, Nekrasovun macəraları çox idi. Lakin şairi sevənlərin hamısına yaxşı məlumdur ki, "Nekrasovun qadınları” içərisində onun irsinə layiq olan yeganəsi - Avdotya Yakovlevna Panayeva idi. //axar.az