Niyazi Mehdi 34 il sonra oğlunu necə tapdı?

Niyazi Mehdi 34 il sonra oğlunu necə tapdı?

"Evlənməmişdən qabaq hər şeyi Dilara xanıma demişdim”

Naşir Şahbaz Xuduğolunun facebook-da tanınmış ictimai xadim, filosof Niyazi Mehdi ilə bağlı statusu diqqətimizı çəkdi. Statusdan aydın olurdu ki, Niyazi Mehdi 34 ildən sonra cəmi bir dəfə gördüyü oğlu ilə görüşüb. Onun bildirdiyinə görə, Stefan Niyazi bəyin alman xanımdan Moskvada oxuyarkən doğulan oğludur: "Niyazi Mehdi dünən Ştefanla Qız Qalasının üstünə qalxdı. Maşındakı termometr 42 dərəcəni göstərirdi. "Ştefan çox bəyəndi, çoxlu fotolar çəkdi, qalanın üstündən açılan mənzərəyə valeh oldu”. Valeh olduğunu mən də hiss etdim, çünki aşağı enən kimi, fotoları mənə də nümayiş etdirdi.

Ştefan maraqlı bir fon görən kimi atasını saxlayır, fotosunu çəkir. Bir anlıq hiss etdim ki, sadəcə atasının daha çox şəkilləri olmasını istəyir. Fon sadəcə bir bəhanədir. Ştefan və Mehdi ilə "Kiçik qala” küçəsində yeni açılan kafelərin birində oturub çay içdik. Bu fasilədən istifadə edib Ştefandan bir iki sual sordum:

- Ştefan atanla bərabər olduğuna görə xoşbəxtsən?

Ştefan atasına baxıb təbəssümlə deyir:

-Əlbəttə, çox xöşbəxtəm.

-Atanla görüşmək zərurəti nədən yarandı?

-Həyatımda bir qırıqlıq hiss edirdim. Elə bilirdim keçmişlə aramda əlaqə yoxdur, boşluqdur. Atamı tapanda o əlaqəni tapdım və məhz buna görə indi özümü xoşbəxt hiss edirəm. İndi çox rahat və sakitəm”.

Niyazi Mehdi də oğlu ilə ikinci görüşünün təəssüratlarını Teleqraf.com-la bölüşdü: "Birinci görüşümüz Almaniyada oldu. Mən oraya konfransa getmişdim. Orda  görüşdük”.

Ata və oğul uzun ayrılıqdan sonra ilk dəfə təqribən 8 il əvvəl əlaqə saxlaya biliblər: "Moskvada oxuyanda anası İnqa Roza ilə  tanış olduq.  O, Moskva Dövlət Universitetində ingilis dili müəlliməsi  idi. Mən də orda oxuyurdum.  Sonra övladımız oldu. Mən Bakıya qayıdandan uzun müddət əlaqəmiz olmadı. Ünvanı itirmişdim. O vaxt indiki kimi deyildi. İnternet yox idi. Əlaqə saxlamaq olmurdu. Sonra e-mailini tapdım və görüşdük. İndi də burdadır. İxtisasca həkimdir. 35 yaşı var. Bura çox xoşuna gəlir. Bütün almanlar kimi Yaşıllar Hərəkatına bağlıdır. Vegetarinadır, ət yemir. Bakı çox xoşuna gəlib. İndi də gedirik təbiətə baxmağa. Yəqin ki, təbiət də xoşuna gələcək.

- Evdə həyat yoldaşınızın, övladlarınızın bu məsələdən xəbəri var idi? Yoxsa bu görüş bir sürpriz oldu?

- Evlənməmişdən qabaq Dilara xanım bu barədə bilirdi. Mən demişdim ona. O da normal baxmışıdı. Dilara xanim onu öz balası kimi qarşıladı. Özü də o, böyük oğluma çox oxşayır. Böyük əslində Stefandır. Ondan kiçik Orxandır. Orxana çox oxşayır.

- Bəs qardaşlarının münasibəti necə oldu?

- Qardaşları 2000-ci ildə mənə dedilər ki, axtaraq. Dedim, axtarın. Onlar axtarmışdı, tapa bilməmişdilər. Bu görüş qardaşları üçün də xeyli maraqlıdır. Söhbətləşirlər, mehribanlıq edirlər. Öz aralarında ingiliscə danişirlar.

- Bəs Stefanın anası ilə münasibətləriniz necədir?

- Stefan bura gələndən sonra anası ilə əlaqə saxladı. Onunla normal münasibətimiz var. Onu da dəvət Bakıya etmişdik. Gəlməli idi. Amma gələ bilmədi.

Qeyd edək ki, hazırda Niyazi Mehdi oğlu ilə "Altı Ağac"da istirahət edir.

Həsən
Teleqraf.com