Niyazi Mehdi:

Niyazi Mehdi: "Ən böyük hədiyyə insandır"

"Bu dünyada yaxşı adamları görəndə ürəyim əsir"

- Niyazi müəllim, 60 illik yubileyiniz münasibətilə Sizi təbrik edirik. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Sualınız adamı iki stereotipdən birinə çəkir - yaşamağı sevən nikbin müdrikin cavabına (özümü 30 yaşındakı kimi hiss edirəm), küskün qocanın cavabına. Bu cavabı necə stereotipləşdirməyi bilmirəm - bəlkə bu cür: zülm çəkən adam kimi.

Bu stereotiplərin ikisi də yalan deyil, həyat həqiqətini bildirir. Doğrudan da adam var ki, 60, 70, 90 yaşında da yaşamaqdan maksimum ləzzət alır. Adam da var ki, qocalanda talenin zərbələrindən bükülür, qırışır. Sadəcə, «stereotip» sözünü onun üçün işlətdim ki, mənasız yaşayan 60, 70 yaşlılar da var ki, mikrofonu və ya jurnalist sorusunu görən kimi özlərini nikbin qoca stereotipinin qəlibinə pərçimləyirlər. Bəzi yaşlı «intellektuallar» isə «bədbinsənsə, deməli, ağıllısan» məntiqi ilə ikinci stereotipin qəlibinə girirlər.

Mən belə şeylərə uymadan cavab vermək istəsəm, deyərdim: gah özümü (fiziki heç), mənəviyyatca elə pis hiss edirəm ki, belə pis hiss etməyimlə qürrə duyuram, daha doğrusu, düşünürəm ki, nə yaxşı, insafı itirməmişəm. Məsələn, çox adam deyir ki, mən paxıl deyiləm. Bunu yalandan deyənlər heç, özləri haqqında belə düşünənlərin dediklərinə inanmaları məni şaşırdır. Çünki Allah-təala bəzi istisnalarla adamların psixolojisini nankor və paxıl qurub. O yeniyetmələrdir ki, aralarında hələ paxıllar az olur. Ancaq onlar da evlənəndən sonra paxıllaşırlar. O çox uğurlu və ya çox məsum adamlardır ki, paxıllıq və nankorluğu bilmirlər nədir. Yerdə qalanlarımızın çoxu bunun adını «qibtə» qoysalar da paxıldırlar. Özəlliklə, siyasilər, şairlər, rəssamlar, biznesmenlər. Pis odur ki, insan paxıllığını «ədalətsizlikdən hiddət» kimi qavrayır. Yaxşısı odur ki, paxıllıq etdiyini bilir və bundan özünü pis duyduğu, utandığı üçün arada bir qürrələnir də ki, nə yaxşı bu yaramzlığımı bildiyim üçün adamlığımı itirməmişəm.

Mən özümü gah da elə pis hiss edirəm ki, buna görə utanıram. Bədənim ağrıyanda utanıram ki, yoqin oluban niyə ruhumun gücü ilə özümü sağaltmıram, hipertonik ağırları azalda bilmirəm. Halbuki bəzən mühazirəyə təzyiqimlə girəndə ideyalar söyləməyin, ideyaların gözlərdə yaratdığı işığın etgisi altında baş ağrılarım gedir. Bu o deməkdir ki, insanın qutu, ruhu bədən ağrılarına qalib gələ bilər. Mən özümə qızıram ki, niyə dərsdə alınan təsiri istədiyim vaxt özümə yapa bilmirəm. Xəstəlik çağımızın və yaşımızın elə dərdidir ki, ondan bu müsahibədə danışmağım güman ki zəvzəklik kimi görünməz. Dostum və bir çox hallarda özümə, - mürid deməyim, öyrətmən saydığım Vaqif İbrahimoğlu demişdi ki, insan öz xəstəlikləri ilə dost olmağı bacarmalıdır. Ancaq bu, problemə başqa yanaşmadır.

Mən özümü gah da mutlu bir işıq bolluğunda görürəm və bundan utanıram, ən azı ona görə ki, xoşbaxtlıqda necə axmaqlaşdığımı sezirəm. Ancaq üslubu elə götürdüm ki, xoşbaxtlığımda özümdən razı qaldığım məqamları da deməliyəm: bu yaxınlarda Vaqif Səmədoğlunun 5-10 şeirini oxudum və xoşbaxt oldum ki, 60-cı illərdə yazılmış bu şeirlər məni belə duyğulandırdı…Düzü, Azərbaycan ədəbiyyatının keçmiş tekstlərini oxumağa qorxuram. Qorxuram ki, Mövludun «Köç» romanı ki məni elə heyran etmişdi, indi oxusam, etməyəcək. Hərçənd bu qorxu ilə 5-10 il qabaq Mirzə Cəlildən bir şey oxudum və o zaman da mutlu oldum.

Beləliklə, mən özümü 60 yaşında tam çaşqınlıqda duyuram. «Gah elə, gah belə» məni dənizdə yırğalanan çöpə çevirib. Mən düşünürdüm ki, yaşlandıqca «necə olmalıdır»ı bilməməkdən «necə olmalıdır»ı bilməyə doğru gedəcəm. İndi gəncliyimdə mənə tam aydın və tam dadlı olan nəsnələr də suallaşıblar. Mən bunları niyə deyirəm? Ona görə ki, «525-ci qəzet» vasitəsi ilə camaatla danışıramsa, danışığım «yubilyarlar» ifasına bir variant əlavəsi olmalıdır. Ancaq niyə olmalıdır, indi onu da bilmirəm. Öncələrsə guya bilirdim.

- Niyazi Mehdi özü özünə 60 ilin hesabatını veribmi? Yaxud arxada buraxdığınız illərə nəzərə salanda daha çox nəyə təəssüflənib, nəyə sevinirsiniz?

- Keçmişə görə özünə hesabat vermək güman ki insan üçün qaçılmazdır. Ora baxanda xeyli suçlarımı görürəm. Arasında elələri var ki, yadıma düşəndə yerə girirəm. Elələri də var ki (belələri daha çoxdur), məzələnirəm, özümə gülürəm. Mənim yaxşı adam olmağımı dostlardan, tanışlardan çox eşitmişəm. Deməli, bunda həqiqət var, yoxsa, niyə deyərlər?! Ona görə də istisna etmirəm ki, eləyəm. Ancaq çox qəribədir bu dünyada yaxşı adamları görəndə ürəyim əsir, qucaqlayıb öpmək istəyirəm. Ancaq neyçünsə özümü belə öpmək istəmirəm. Hərçənd Froydun dediyi Narsistlik, Nərgizlik bəndənizdə də var.

Bir zamanlar çoxlu ampluada işləyən elm adamı olmaq mənim daxili ləzzətim və gizli ədabazlığım idi. Beləcə, mən kinematoqrafın və Ortaçağ Azərbaycan mədəniyyətinin semiotikasından iki kitab yazmışdım. Hətta deyəsən, müsəlman mədəniyyətinin semiotikasından kitab səviyyəsində yazan birinci mən olmuşdum. Halbuki belə kitablar hind, Çin, Avropa kültürləri ilə bağlı vardı. Hər iki kitabımın çapdan çıxmasında iki sevimli dostumun rolu olmuşdu, Zeynal Məmmədlinin və Şahbaz Xuduoğlunun. Fəlsəfə tarixindən xanımımla birgə dərs vəsaiti yazmışam. Xoş sözlərdən belə anlayıram ki, mənim öncəki nəsillərə əndirəbadi görünən dilim yeni nəsillərə elə də görünmür. Bəlkə də bir səbəb odur ki, indiki düşüncə dilinin formalaşmasına 90-cı ildən bu yana Zeynal Məmmədli, Aydın Talıbzadə, Vaqif İbrahimoğlu ilə yanaşı mənim yazı üslubumun də etgisi olmuşdu.

Mən çox ampluada işləmək iddiası ilə Vaqif İbrahimoğlunun, Mövludun, Anarın, Elçinin, Ramiz Rövşənin tekstlərini dərin qatlar prinsipində açan kitab da yazmışam. Sonra nə yazmışam? Şeir yazmamışam, ancaq Kamal Abdullanın iki romanını və bəzi hekayələrini qanıb özümün qurduğum spekulyativ modellərə proyeksiya edə bilmişəm. Mən etnoqrafik, psixoanalitik, dini və ateist (guya ateist) yazılar da yazmışam. Bir neçə dildən tərcümələrim olub. «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində jurnalistlik etmişəm. «Yeni Müsavat»dakılar heç bunu bilmirlər, orada çıxartdığım bəzi məqalələr beynəlxalq konfransda çıxışım olub və deyəsən, pis qarşılanmayıb.

Millətçi olmuşam, indi millətçiliyimi sakitləşib və kosmopolitliklə qarışıb. Siyasətçilik etmişəm, indi siyasət mənə ilginc olsa da siyasətçi olub hansı partiyanınsa ruporu olmaq mənə daha maraqlı deyil. Bircə demokratiyanın «məddahı» olmaqdan usanmıram.

- Nitşenin «Böylə buyurdu Zərdüşt» əsərini tərcümə etmisiniz. Bu hansı zərurətdən doğmuşdu? Bu səviyyədə kitab yaza bilməmək, yoxsa əsərin sizə təsiri ilə bağlıdır?

- Mən bu tərcüməmlə öyünmürəm. Aşkarlıq dönəmi fürsət verdi, Nitsşe ilə camaatımızı tanış etmək istədim. «Böylə buyurdu Zərdüşt» Nitsşenin özünün çox sevdiyi kitab olsa da mənə elə təsir bağışlamamışdı. Sadəcə, bu kitabın məndə türkcəsi vardı, həvəsə gəldim ki, türkcədən çevirim. Çevirdim-çevirdim, sonra gördüm ki, Nitsşenin bu türkcəsi nəsə Nitsşe deyil. O zaman məcbur oldum köməyə Nitsşenin ruscasını çağırdım. Elə bu prosesdə də tərcümlərlə bağlı təsəvvürlərim tam qarışıdı. Məsələn, mənə bəlli oldu ki, dünyada bir populyar kitab ortaya çıxanda Türkiyədə tələm-tələsik çevirirlər və nəticədə belə keyfiyyətsiz kitablar alınır. Yalnız sonralar, rahat, tələsmədən işləyənlər keyfiyyətli tərcümələr də ortaya qoyurlar.

- Fəlsəfə, fəlsəfəçilik və filosofçuluq anlayışlarını çox adam eyni cür başa düşür. Bu anlayışların fərqi nədir və bu anlayışlar bu gün  hansı səviyyədədir?

- Bu sualınıza cavab verməyə gücüm çatmayacaq. Məni bir dəfə estetikadan çıxış üçün Politexnik institutunda seminara çağırmışdılar. Orada bütün suallara parta-part cavab vermişdim və bu zaman rəhmətlik Xudu Məmmədov qayıtmışdı ki, bu humanitar elmlər çox qəribədir, bütün sualların cavabını bilir. Bizim elmdə isə cavabı bilinməyən suallar var.

Sonralar mən gördüm ki, Xudu müəllim Neopozitivist filosoflarda, Popperdə qoyulmuş məsələni deyir, ancaq bilmirəm onları oxumuşdu, ya özü həmin düşüncəyə gəlmişdi.

Sizin sualınızın ruhuna fəlsəfəsiz fəlsəfə olan Çan-buddizm də yaxındır. Mən özüm bir dəfə «Soros» Təhsil mərkəzində «Fəlsəfə nəyi bilmir» konusunda çıxış yapmışdım. Yadımdadır, hər nəsnəni bilən fəlsəfə ideyasına öyrəşmiş adamlarımızı bu mövzu adı çaşdırmışdı.

Beləcə, sualınızın cavabında yalnız bunları deyə bilərəm.

- Sizcə Azərbaycan mühiti fəlsəfi düşüncə üçün nə dərəcədə imkan verir?

- Azərbaycanda müdrikliyə sayğı Ortaçağa və Sovet dönəminə baxanda xeyli azalsa da hər halda gücünü tam itirməyib. Bu, fəlsəfə üçün mühitin qalmasına bir arqumentidir. 80-ci illərdən bu yana Rəhman Bədəlov, Həsən Quliyev, Gündüz Sariyev, Əli Abbasov kimi parlaq filosoflarımız olub ki, dünyanın istənilən mötəbər elm və bilik ocağında seçilən adamlar olardılar. Yeni nəsildən mən böyük fəxrlə Ağalar Məmmədovun adını çəkə bilərəm. Bundan başqa mədəniyyətin fəlsəfəsi ilə bağlı dəyərli ideyalar irəli sürmüş Anar, Elçin, Ramiz Rövşən, Kamal Abdulla, Vaqif İbrahimoğlu, Aydın Talıbzadə kimi düşünərlərimiz də var. Hələ düşüncələri fəlsəfə ilə sınırlarda gəzişmiş və gəzişən Aydın Məmmədovu, Kamil Vəli Nərimanoğlunu demirəm. Deməli, Azərbaycanda fəlsəfi mühit üçün nəsə olub və nələrsə qalıbdır.

- Azərbaycanda fəlsəfənin durumu sizi qane edirmi? Bəs fəlsəfə sahəsində yeni adlar indiki nəsil necə?

- Gördüz ki yeni nəsildən yalnız Ağalar Məmmədovun adını çəkdim. Bəlkə də mənim tanımadığım daha kimlərsə var. Ancaq mən çağımızda fəlsəfi həssaslığı daha çox Zamin Hacı, Nərmin Kamal, Seymur Baycan, Əli Ələkbər, Qanturalı kimi neçə-neçə yazarlarda görürəm. Seymur bu həssaslığını özündə görməsə də onun da adını çəkirəm. Haydaqerin bir deyimi var: iki nəfər fəlsəfi anlayışlarla dolu söhbət edə bilər və görərsən ki, bu söhbətdə bir qırnıq da fəlsəfə yoxdur. Başqa iki nəfərin ola bilər ki, danışıqlarında fəlsəfi terminlər olmasın, ancaq görərsən ki, çox ciddi fəlsəfi axtarışla məşğuldurlar. Bu anlamda bizdə fəlsəfi terminlərdən istifadə etməyərək fəlsəfə yapan xeyli ağıllı adamlar var.

- Maraqlıdır, filosof Niyazi Mehdi ad gününü necə qeyd edir və hansı hədiyyəni almağı xoşlayır?

- Bir vaxtlar hansısa kitab hədiyyəsi məni mutlu edə bilərdi. Ancaq İnternet dönəmində kitab fanatlığım xeyli azalıb və bu, pisdir. Qaldı o biri hədiyyələrə - mənim çevrəm elə zəngin olmayıb ki, məni mat qoyan maddi hədiyyə etsin. Paltar-pultar hədiyyəsi isə kimi ilgiləndirir?!. Hədiyyə dünyanın ən qədim törənlərindəndir. Ancaq yazıqlar olsun ki, hədiyyə məsələsində mən dostlarıma da, ailəmə də çox yararsızam. Sizə düzünü deyim ki, ən böyük hədiyyə insandır ki, onu da Allah-təala və insanın özü verir. Bu sarıdan mənim baxtım pis gətirməyib. Mənə ictimaiyyətin yaxşı tanıdığı ancaq bu müsahibəmdə hələ adlarını çəkmədiyim Rəhim Əliyev, İlham Səfər, Qulu Məhərrəmli, Əsgər Əhməd kimi neçə dostlar ərmağan edilib. Onlarsız yaman pis olardı.

Ad gününü qeyd etməyə gələndə yəqin dörd-beş dost yığışacağıq və orada mütləq ədəbiyyatçı- polkovnik Eldar Eyvazov, prof. İkram Qasımov iştirak edəcək. Ancaq görək, məclisi ruhun gurluğuna tutulmuş mühitə çevirə biləcəyikmi. Bizim yaşda ən çətin məsələlərdən biri elə məclis yapmaqdır ki, hamı hamını heyran etsin.

Pərvanə SULTANOVA
"525-ci qəzet”, 19.02.2011.