O, bunu yataqdaca edir...

O, bunu yataqdaca edir...

 Yazarlar nə ilə yazırlar?

Yazı prosesi təkcə oxucular üçün deyil, yazıçıların özləri üçün də hər zaman maraqlı olub. Bəzi yazıçılar yazı prosesinə xüsusi ayin kimi yanaşırlar, bəziləri yazmaq üçün daima xüsusi qələmlərdən istifadə edirlər. Digərləri maşınka ilə yazmağa və ya kompüter olduğu halda əllə yazmağa üstünlük verirlər. Kulis.Az bu yazarlardan bəzilərinin siyahısını təqdim edir.

Vladimir Nabokov

Nabokov romanlarının qaralamasını yazarkən həmişə "Eberhard Faber Blackwing 602” qələmindən istifadə edərmiş.

 
Ernest Heminquey

Heminquey yazı yazmağa başlayan zaman qələm, kağız və maşınka arasında seçim etməkdə çətinlik çəkən yazıçılardan olub. Yazıçı maşınkanı seçmə səbəbini bu cür izah edib: "Yazı yazmağa başlayanda sən həddindən artıq həvəsli olursan, ancaq bu istək oxucuya təsir etməyə də bilər. Yəni belə zamanlar üçün maşınkadan istifadə etmək daha faydalıdır, çünki istifadəsi daha asandır və daha əyləncəlidir. Maşınkayla yazmağı öyrənəndə ifadə etmək istədiyin hər duyğunu, detalı, fikri, məkanı oxucuya çatdıra bilərsən. Bunu edə bilmək üçün yazdıqlarının üstündən də keçməyin lazımdır. Əgər qələmlə yazırsansa oxucunun yönələ biləcəyi üç fərqli baxış bucağını hesaba ala bilərsən. Yazdıqlarına təzədən nəzər yetirərsən, maşınkada bunu etdiyində səhvlərini görmə şansın daha yüksəkdir, qələm-kağızla məşğul olduğun zaman isə bu şans azalır.”

Heminqueyin Paris xatirələrini oxuyanda isə başqa fikirlərə rast gəlirik:

"Mavi üzlü dəftər, iki karandaş və bir də karandaş yonan (cib bışağı karandaşın tez bitməsinə səbəb olur), mərmər stollar, südlü qəhvə qoxusu, səhərlər yeni təmizlənmiş yerlərin qoxusu və şans - bütün ehtiyacım bunlardır.”


Cek Keruak

Cek Keruak qeydlərini bloknota və ya qeyd dəftərlərinə yazırmış. Bu dəftərləri ədəbiyyatla bağlı müxtəlif qeydlər yazmaq üçün istifadə edən yazıçı gəncliyindən bunlara özünün uydurduğu və oynadığı xəyali idman müsabiqələrinin nəticələrini də qeyd edirmiş.
 
Nil Qeyman

Nil Qeyman yazılarını avtomat qələmlə yazır. Qeyman 2012-ci ildə verdiyi bir müsahibəsində bunları deyib: "Avtomat qələmdən istifadə etməyə 1994-cü ildə "Ulduz tozu”nu yazarkən başlamışam. 1920-ci illərdə hansı üsulla yazırdılarsa o cür yazmaq istədim. Böyük bir dəftər ilə "Waterman” markalı bir qələm aldım.

13 yaşımdan bəri ilk dəfə avtomat qələm istifadə edəcəkdim. Yavaş-yavaş yazmaq xoşuma gəldi. Beləcə cümlələr üstündə daha çox düşünə bilirdim. Əl yazısı ilə yazanda, ikinci dəfə təkrar yazmağa məcbur olursan. Bu xoşuma gəldi. Ora-burasını silib düzəltmək olmur. Qələmi mürəkkəblə doldurmaq da xoşuma gəlmişdi”.

Yazıçı 60-a yaxın avtomat qələminin olduğunu, yazarkən və imza günlərində də kitablarını bu qələmlə imzaladığını deyir: "Mürəkkəbin rənglərini dəyişməyi sevirəm, bu mənə həm də hər gün nə qədər səhifə yazdığımı da bilməyə imkan verir”.

Qeymanın "TWSBI 540”, "Visconti”, "Pilot Custom 823 Amber”, "Delta Fluida” və "Lepine Indigo Classic” kimi avtomat qələmləri var.


Simon de Buvuar

Simon de Buvuar da avtomat qələmlə yazırmış. İşlətdiyi markalar isə bunlardır: "Sheaffer Snorkel Triumph”, "Sheaffer's Snorkel” və "Esterbrook”.

Mark Tven

Tvenin özünün düzəltdiyi dəri üzlü dəftərləri çox sevirmiş. Qələm isə "Conklin Csescent Filler”dən imiş. Bu qələmi stolun üstünə qoyanda dığırlanıb düşmürmüş. Tven revmatizm xəstəsi olduğuna görə yazı yazmağa çətinlik çəkirmiş. Ona görə adətən kiməsə hekayələrini diqtə edirmiş.

Con Steynbek

Steynbek qələm həvəskarı imiş. Yazı yazmağa başlayanda yanına düz 24 qələm qoyurmuş. Yazıçı məşhur "Blackwing” qələmlərini çox sevirmiş. "Mongol 480” qələmlərindən də xoşu gəlirmiş. Steynbekin "Cənnətin doğuşu”nu yazarkən 300, "Qəzəb salxımları”ni yazarkən isə 60 qələm işlətdiyini deyirlər.


Ceyn Ostin

Ostin romanlarını lələk və mürəkkəblə yazırmış. Onun mürəkkəbinin tərkibi isə bu cürdür: "8 yemək qaşığı qallium turşusu, 4 qaşıq dəmir sulfat, 3 qaşıq qatran, və yarım litr boyat pivə. Bunlar qarışdırılır. İçinə də bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanında saxlamaq və hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı”.


 Truman Kapot

Kapot belə yazır: "Başlanğıcda maşınka istifadə etmirəm. Əvvəlcə qələm-kağız işlədirəm, bir dəfə də qələmlə düzəlişlərimi edirəm. Üçüncü mərhələdə isə sarı vərəqdən istifadə edərək maşınkada yazıram. Bunu edəndə heç yatağımdan çıxmıram. Maşınkanı dizlərimin üstünə qoyur və dəqiqədə 100 söz yaza bilirəm”.

 Coan Roulinq

İndi artıq multimilyoner olsa da "Harri Porter”in birinci hissəsini Roulinq dəftər-qələmlə yazıb. Yəqin artıq kompüterdən istifadə edər.

Artur Konan Doyl

"Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını "Parker Duofold” qələmilə yazıb.
 

Aqata Kristi

Sirlərlə dolu romanların yaradıcısı Kristi "Remington Home Portable Number 2” maşınkası ilə işləməyi sevirmiş.

 
Silviya Plat

Ted Hyuzun "Ad günü məktubları”nda yazdığına görə Plat "Shaeffer” markalı qələmlə yazmağı sevirmiş.  

Elnarə Ağaoğlu
kulis.az