O pop musiqisinin kraliçası idi

O pop musiqisinin kraliçası idi

C. C. Catch Alman Sinti pop ifaçısı və Bəstəkarıdır. 1980-cı illərdə məşhur olmuşdur. Karolina I Can Lose My Heart Tonight mahnısı ilə məşhurluq qazanmışdır. Onun Strangers By Night və Heaven And Hell kimi mahnıları bütün Avropa hit-paradlarında səslənirdi.

C. C. Catch ilə Diter Bolen arasında yaranan mübahisədən sonra onlar bir-birlərinə nifrət edirdilər. 1998-ci ildə isə yenidən musiqi səhnəsinə qayıdır. Maraqlısı burasında idi ki, Karolinanı səhnəyə yenədə məhz Diter Bolen gətirmişdir. Karolina Katarina Müller 31 iyul 1964-cü ildə Niderlandın Oss adlanan kiçik şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. 

Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi. Karolina bir axşam musiqiçilər qrupu ilə görüşür. Karolina onlardan musiqini öyrətməyi xahiş etmişdir. Həmin andan başlayaraq gitara və rəqs dərslərini öyrənməyə başlamışdır. Onun ilk ləqəbi "Karol Din" olmuşdur. Məşhur alman prodüserlərindən biri olan Piter Kent Karolinanı "Optimal" qrupuna cəlb edir. Onun parlaq səsi ilə valeh olan Diter Bolen Karolinanı Aprel ayında 1985-ci ildə Hamburqa dəvət edir.

May ayında 1986-cı ildə Karolinanın 2-ci albomu Welcome to the Heartbreak Hotel çıxır. Bu albomdakı Heaven And Hell Avropada və SSRİ-də ən yaxşı mahnılar sırasında idi.

1987-ci ildə Like a Hurricane albomu çıxır. Karolina SSRİ-də Maykl Cekson və Madonna ilə bir səviyyədə idi. Onun mahnıları Skandinaviya ölkələrində də məşhur idi. Bu illərdə bütün mahnılarının sözlərini Diter Bolen (1985-1988-illər arası mahnılarının prodüseri) yazmışdır. Soul Survivor və Summer Kisses kimi mahnıları Böyük Britaniyanın hit paradında səslənirdi.

1987-ci ildə Diamonds albomu işıq üzü görür. Bu albomda Karolinanın ən yaxşı mahnıları toplanmışdır. Albomun ilk mahnısı olan House Of Mystic Lights mahnısı Avropada ən məşhur mahnılardan biri idi.Bu albomun digər mahnısı Soul Survivor mahnısıdır. Həmin mahnı Karolinanın Böyük Britaniya hit-paradına düşən ilk mahnısı idi.Lakin bu albomun çıxarılmasından başlayaraq Karolina ilə Diter Bolen arasındakı əməkdaşlıq münasibətləri pisləşməyə başlayır.

1987-ci ildə Modern Talking qrupu dağıldıqdan sonra hamı elə düşünürdü ki, Karolina Tomas Andersin yerini tutacaqdır. Lakin bu zaman Diter ilə Karolina arasında mübahisə başlayır. 1988-ci ildə Big Fun albomu çətinliklədə olsa, işıq üzü görür. Səbəbi isə Diter Bolenin bu alboma prodüserlik etməmək istəyi idi. Karolina mahnıların sözlərini yazmaq istəyirdi. Diter isə ona icazə vermirdi. Diter söyləyirdi ki, Karolina heç bir vaxt onsuz məşhurluq qazanmayacaqdır. Lakin Karolina Diterlə qəti olaraq, razılaşmaq istəmirdi. Bu səbəbdən Karolina Diter ilə əməkdaşlığını pozmaq istəyirdi. Lakin Diter Bolen onun prodüseri olduğu üçün Karolinaya bir sıra şərtlər irəli sürürdü. Həmin şərtlərdən biri də belə idi: "Karolina Diterdən ayrıldıqdan sonra daha "C. C. Catch" ləqəbini daşımayacaqdır."

Karolina məhkəmədə Diterə bir neçə milyon verdikdən sonra əməkdaşlığını təmamilə bitirərək, yeni solo karyerasına başlayır. Diter Bolen isə Blue System qrupu yaradaraq, solo karyerasına başlayır. Karolina 1988-ci ildə Diter Bolen ilə əməkdaşlığını bitirdikdən sonra mahnılarının sözlərini özü yazmağa başlamışdır. Bunu Karolina çoxdan arzulayırdı. Lakin bundan sonra Katarina öz əvvəlki müvəffəqiyyətini qazana bilməmişdir. Məhz həmin ildən başlayaraq ifa etdiyi mahnıların janrı, əvvəlki ifa etdiyi mahnıların janrından fərqli idi. 1989-ci ildə İspaniyada Böyük Britaniya Menecmenti Simon Napyer Bellon ilə tanış olur. Simon Napyer Bellon Karolina ilə yaxından maraqlanmağa başlayır. Onun sayəsində 1989-cu ildə Hear What I Say albomunu çıxarır. Karolina istəyirdi ki, fanatlar Diter Bolenin nə demək istədiyini yox, məhz özünün nə demək istədiyini eşitsinlər. 1990-cı ildən başlayaraq Karolina Katarina Müller musiqi karyerasına ara verir. 1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Çernobılın uşaqları – bizim uşaqlardır" adlanan xeyriyyəçilik konsertində C. C. Catch iştirak etmişdir. Karolina 1998-ci ildə musiqi səhnəsinə qayıdaraq bir çox mahnıları Remiks formasında ifa edir və bir çox uğurlar qazanır. 2003-cü ildə Almaniyada Karolina Shake Your Head mahnısını yazır. Bu mahnı bir sıra hit-paradlarda, o cümlədən Belçika və Norveç kimi hi-paradlarında uğur qazanır. 2010-cu ildə Xuan Martinezlə duet oxuyur və bu duet ifası ona müvəffəqiyyət gətirir. Onların ifa etdiyi Unborn Love adlı mahnının sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. 

C. C. Catch 1985-ci ildə Strangers By Night klipinə çəkilən zaman bu klipdə iştirak edən oğlanla bir neçə müddət yaşayır və ayrılır. 1998-ci ildə öz yoqa müəllimi ilə ailə həyatı qurur. Onlar bir neçə müddət keçdikdən sonra ayrılırlar. Sonrakı kliplərindəki repləri ifa edən repçi ilə münasibət qurur. Lakin C. C. Catch ondan da ayrılır.

2012-ci ildə C. C. Catch Alman saytında verdiyi rəsmi məlumata görə musiqi səhnəsini tərk edir.

Elnurə Cəlilova
kult.az