Oktavio Pas. Rappaçininin qızı (Bir pərdəli pyes)

Oktavio Pas. Rappaçininin qızı (Bir pərdəli pyes)


 

 

İştirak edirlər:

 

İzabel

Xuan

Rappaçini

Beatris

Balyioni

Hekayəçi

 

 

 

Proloq

 

Doktor Rappaçininin bağı. Bir tərəfdə ev görünür, Xuanın kirələmək istədiyi otaq bu evdədi. Səhnə elə qurulub ki, tamaşaçılar otağın içini görə bilir. Otaq dar və hündürdü, bir küncdə üstü tozlu bədənnüma güzgü var, otağın yazıq görkəmi var. Qapısındakı pərdə yığılıb bağlanmış eyvan bağa açılır. Bağın ortasında sehirli görkəmi olan ağac var.

 

Pərdə açılanda səhnə qaranlıqdı, ancaq Hekayəçinin olduğu künc işıqlandırılıb.


 

Hekayəçi – Adımı bilməyiniz elə də vacib deyil. Haralı olduğumu da bilməsəniz olar. Həqiqətə qalsa, nə adım var, nə cinsim, nə yaşım, nə də doğum yerim. Kişi və qadın, uşaq və qoca, dünən və sabah, Şimal və Cənub... iki cins, üç zaman, dörd fəsil, dört cəhət... hamısı içimdə birləşib qarışır. Qəlbim dumduru su kimidi, amma baxsanız dibində mənim olan heç nə tapmazsınız. Ancaq öz arzularınızın əksini görəcəksiniz orda. Mən görüşüb birləşməklərin tam ortasıyam, bütün yollar mənə gəlir. Həm burdayam, həm də orda. Hər şey burda, hər şey orda. Kainatın hər molekulunda, zamanın hər anındayam. Dünən bu gün idi, sabah da bu gündü. Hər şey nə olmalıydısa, o idi, indi də odur. Ya burda, yerüzündə, ya da göyüzünün ortasında, ta ulduzların yanında. Görüşüb birləşmək nə deməkdi? İki baxışın birləşənə qədər qarşılaşması, iki arzunun qol-boyun olub alov yumağına dönməsi, sırf istəyə bağlı birlik, seçilən tale.


(Bir kart çəkir) Bu da bizim Şair! Dəliqanlı aşiq! Başını uşaqlığına söykədib yatmışdı, Qızın nəğməsini eşidib yuxudan oyandı. O nəğmənin dalınca düşüb uçuruma tərəf sürünür. Əmin addımlarla mənə tərəf gəlir xəyalların arxasından. Mən isə yoxam əslində. Yazıq, başı gicəllənib düşəcək uçurumun dibinə... (Daha bir kart çəkir) Bu da axırıncı kartımız: Sevgililər... Yan-yana iki fiqur, biri gün işığında, o biri qaranlıqda. İki yol görünür. Sevmək, həm də seçmək deməkdi eyni zamanda: ya ölümü, ya da həyatı seçmək!..


 

Hekayəçi gedir.

 

I səhnə


 

Bağça hələ qaranlıqdır. Otaqda zəif işıq yanır, eyvanın pərdəsi çəkilib.

 

İzabel – (içəri girib otağı göstərir) Buyurun, dediyim otaq buradır. (Oğlan susqun çəkingənliklə içəri girir) Çoxdandır burda heç kim yaşamır. Ona görə havada atılmışlıq qoxusu var. Amma siz bura təzədən can verəcəksiniz. Divarları qalındır...

Xuan – Bəlkə də həddindən çox qalındır... Hündür və qalın.

İzabel – Yaxşıdır da, küçədən gələn səslər sizə mane olmaz. Cavan tələbə üçün bundan yaxşısını tapa bilməzsiniz.

Xuan – Otaq rütubətlidir. Bu rütubətə, bu səssizliyə öyrəşməyim çox çəkəcək. Amma deyirlər, təklik düşüncəni bəsləyir.

İzabel – Bir neçə günə özünüzü rahat hiss edəcəksiniz, elə biləcəksiniz öz evinizdəsiniz.

Xuan – Neapoldakı evdə otağım böyük idi, çarpayım gəmi kimi geniş idi. Hər gecə uzanıb gözlərimi yuman kimi adsız dənizlərdə, tənha adalarla dumanlı qitələr arasında səyahətə çıxardım. Hərdən elə bilirdim azmışam, daha qayıda bilməyəcəyəm, ömrümün axırına qədər sonsuz okeanda üzməli olacağam... Amma çarpayım gecənin kürəyindən üzüb salamat çıxırdı. Səhərlər həmişə eyni xoşbəxt sahildə oyanırdım. Yatanda pəncərəni açıq qoyurdum, səhər günəş boylanırdı otağıma, bir də dəniz mehi...

İzabel – Paduyada dəniz yoxdur, amma bağçalar var. İtaliyanın ən gözəl bağçaları burdadır.

Xuan – (öz-özünə) Dəniz, dənizin üstündə günəş... Bu otaq çox qaranlıqdır.

İzabel – Pərdələri çəkmişik, ona grə qaranlıqdır. Pərdələri açanda işıq düşəcək.

 

Gəlib pərdələri çəkir, günəşli bağça görünür.

 

Xuan – (Gözləri qamaşır) Bu başqa məsələ! Günəş necə parıldayır, elə bil qızıldır! (Eyvana yaxınlaşır) Burda bağça da varmış. Bu bağça da evə aiddi?

İzabel - Əvvəllər sarayın bağçası idi, indi doktor Rappaçininindir.

Xuan – (Balkona çıxır) Amma bu bağça deyil, kabusdur. Neapolda belə bağçaya rast gəlməzsən.

İzabel – Paduyada çox adam belə deyir. Amma narahat olmayın, doktor Rappaçini hər əlinə keçən gülü əkmir. Gördüklərinizin hamısı dərman bitkiləri, şəfalı güllərdir.

Xuan – Eybi yox, ən azından hava təmizdir burda. Havada nəsə rahatladıcı qoxu var, adamın ruhunu təzələyir. Bu qoxu heç nəyin qoxusuna oxşamır. Etiraf etməliyəm ki, doktor Rappaçininin göz zövqü olmasa da, qoxulardan yaxşı başı çıxır.

İzabel – Dedim axı, Rappaçini savadlı təbibdir, deyilənlərə görə, ondan savadlısı tapılmaz. Başqa şeylər də deyirlər...

Xuan – Məsələn?

İzabel – Buna özünüz qərar verərsiniz. Bu gün, uzağı sabah eyvandan baxanda görəcəksiniz onuş Hər gün bitkilərə qulluq etmək üçün bağa gəlir. Hərdən qızını da özüylə gətirir.

Xuan – Bu bağı heç bəyənmədim. (Pərdəni çəkir) Qız da atasına oxşayır?

İzabel – Beatris bu qoca gözlərimin indiyə qədər gördüyü ən gözəl varlıqdır. O qədər heyranı var ki. Hamısı uzaqdan-uzağa həsrətini çəkir. Çünki atası heç kimin yaxınlaşmağına icazə verməz. Qız özü isə çox utancaqdır, yad adam görən kimi qaçıb gizlənir... Başqa nəsə istəyirsiniz? Sizə xidmət etmək mənə zövq verir, çox cavan və yaraşıqlısınız. Üstəlik də tənha...

Xuan – Çox sağ olun, sinyora İzabel. Tənhalıqdan heç kimə ziyan gəlməz.

 

İzabel gedir.


 

II səhnə


 

Xuan – Bu kahaya öyrəşməyə çalışacağam. Ümid edirəm, axırda yarasaya dönmərəm.

 

Bədənnüma güzgüyə yaxınlaşır, tozu üfləyir, əlləriylə yarasa oyunu çıxartır, gülür, sonra ciddiləşir. İzabel yenə gəlir.

 

İzabel – Narahat etdiyim üçün üzr istəyirəm, sinyor. Sizi belə tənha qoymaq istəmədim, dedim bu gül dəstəsini sizin üçün gətirim. Bu gün yığmışam onları. Bu səhər.

Xuan – (Gül dəstəsini alır) Təşəkkür edirəm, sinyora İzabel, çox sağ olun. (İzabel gedir.) Çox incə qadındır. Güllər də çox gözəldir, amma onları verməli adamım yoxdur.

 

Dəstəni yerə atır, sonra təzədən götürüb güzgünün qabağında dayanır, gülü kiməsə təqdim edirmiş kimi vəziyyət alır. Bir müddət belə dayanır, sonra eyvana boylanır, doktor Rappaçininin bağa çıxdığını görüb gizlincə onu güdməyə başlayır.


 

III səhnə


 

Rappaçini – (Bitkilərə baxır, hansısa çiçəyə tərəf əyilir) Bu qədər qulluq eləmişəm sənə, bəs deyil? Nə üçün utancaq qız kimi qızarırsan? Çox zərifsən! Çox da nazlısan! Yanaqların qıpqırmızıdı, amma tikanların da yerindədi, hünəri var kiminsə sənə toxunsun, o saat bütün bədəni göyərər. (Bu biri tərəfdə bir-birinə dolaşmış başqa bitkiyə baxır) Gör necə aşiq-məşuq kimi bir-birini qucaqlayıblar. (Bitkilərdən birini ayırıb kökündən çıxartır) Bundan sonra tək qalacaqsan, azğın arzuların kəskin qoxu istehsal edəcək, susuzluq hissinə oxşayan hiss yaradacaqsan. (Bir addım bu tərəfdə başqa bitkiyə baxır) Bəs sən? Həyatsan, yoxsa ölüm? (Çiyinlərini çəkir) Kim bilir? Necə olsa ikisi də eyni şeydir. Biz doğulan kimi bədənimiz ölməyə başlayır, ölən kimi isə yaşamağa... başqa bir həyatla yaşamağa. Zəhərlə zəhərə qarşı eleksir eyni şey deyilmi? Müxtəlif zəhərli otlar var. Amma zəhəri dirilik suyuna çevirmək üçün bircə düz hərəkətin kifayət edər. Ölüm və həyat: İkisi də sadəcə addır! (Bir neçə addım atıb ağacın yanına gəlir) Beatris, qızım!


Beatris – (Qapıdan çıxıb gəlir) Burdayam, ata.


Rappaçini – Bax gör ağacımız nə qədər böyüyüb. Günü-gündən boy atır. Hələ meyvələrinə bax!


Beatris – (Ağaca çatıb dayanır) Nə qəşəngdir! Nə tez böyüdün sən! (Ağacı qucaqlayıb yanağını gövdəsinə söykədir) Danışa bilmirsən, amma cavab verdiyini hiss edirəm. (Atasına) Elə bil ürəyinin döyündüyünü eşidirəm, eynən canlılar kimi.


Rappaçini – O da canlıdır.


Beatris – Yox, yəni demək istəyirəm, sənin kimi, mənim kimi canlıdır, yaşayır. (Budaqdan tutub yarpağı iyləyir) İcazə ver ətrini ciyərlərimə çəkim.

Rappaçini – Bayaq öz-özümlə danışırdım. Deyirdim ki, kiminçünsə həyat olan, başqası üçün ölümdür. Biz ancaq bir tərəfini görürük. Amma varlıq həyatla ölümdən yaradılıb. Düz ölçsək, ölümün içində də həyat olduğunu görərik. Hər iki tərəfi birləşdirə bilsəydik, tanrılar kimi olardıq. Əgər bu təcrübəmi axıra çatdıra bilsəm...


Beatris – Yox, bunlardan danışma. Taleyimlə barışmışam artıq, həm də bu bağda xoşbəxtəm, bu bitkilər mənim ailəm kimidir. Amma arada fikirləşirəm ki, kaş bir gülüm olaydı, iyləyəydim. Saçıma yasəmən çiçəyi taxmaq istəyərdim. Ya da tikanlarından qorxmadığım ağ ləçəkli çiçəklərim, çobanyastığım olaydı kaş ki.


Rappaçini – Qızılgül, çobanyastığı, bənövşə... bir az soyuq olan kimi tez solan, xəfif küləkdə ləçəklərini tökən güllərdi. Amma bizim bitkilərimiz ölümsüzdü!

Beatris – Düzdü, onlar incədi, zərifdi, buna görə də aşiq olunmalıdı. Milçəklərin vızıldadığı, arıların şirə çəkdiyi, çəyirtkələrin, parabüzənlərin nəğmə oxuduğu bağçalar... Bizim bağımızda isə nə quş var, nə böcək, nə divarın üstündə özünü günə verən kərtənkələ, nə göyərçin... Heç nə yoxdu.

Rappaçini – Bəsdi, bəsdi! Hamısı bir yerdə olmaz ki! Bizim bitkilərimiz hamısından yaxşıdı. Çiçəkləri, meyvələri cəvahir kimi parıldayır. Almas, zümrüd, yaqut... cansız daşlardı. Amma bizim daşlarımız canlıdı. Atəş onların damarlarında dolaşır. Bura atəş bağçasıdı, həyatla ölüm burda qucaqlaşır, sirdaş olur.

Beatris – Hə, bunların hamısı düzdü... Amma mən hər halda bir pişiyimin olmağını istəyərdim, onu tumarlayardım. Ya da bir buqələmunum olsaydı, ətəyimin üstünə qoyub, rəng dəyişdirməyinə baxardım. Bir pişik, bir buqələmun, bir də yaşıl-sarı lələkli quşum olaydı kaş ki, quş adımı çağıraydı: Beatris, Beatris! Ya da sinəmə sığınıb gizlənəydi. İstərdim... (Hıçqırıb ağlamağa başlayır)

Rappaçini – Qızım, ağlama. Mən həssas adamam, əzab çəkdiyini görsəm dayana bilmərəm. Göz yaşlarını dodaqlarımla qurutmaq istəyərəm...

Beatris – (İncik səslə) Bunu edə bilməzsən, edə bilməyəcəyini də bilirsən... Göz yaşlarım səni yandırar. (Ağaca deyir) Təkcə sən, təkcə sən qatlana bilərsən mənim göz yaşlarıma. (Ağacı qucaqlayır) Al mənim gözümün suyunu, sonra mənə öz həyat eşqindən ver! (Meyvə dərib dişləyir) Səni yediyim üçün məni bağışla, elə bil özüm özümü yeyirəm. (Gülür)

Rappaçini – (Öz-özünə) Deyəsən artı çox gecdi. (Çıxıb gedir)

Beatris – (Ağaca) Utanıram, əzizim. Şikayətlənməyə haqqım var? Şəhərdəki qızlardan heç biri bu bağa girə bilməz, bu qoxuları iyləyə bilməz, mən yediyim meyvələri yeyə bilməz. Bura gələndə, elə bil öz daxili dünyama gəlirəm. Evdə sıxılıram, elə bil gicgahlarıma çəkiclə vururlar, başım gicəllənir. Sən gəzə bilsəydin, gəlib yanımda uzanardın, nəfəsin bütün ağrılarımı aparardı. Gəzə bilsəydin, bağda bir yerdə gəzərdik, danışa bilsəydin, bir-birimizə nələr danışıb gülərdik. (Ağacı sığallayır) Hündür boylu, yaraşıqlı oğlan olardın, ağappaq dişlərin olardı. Sinəndə sıx sarı tüklər olardı. Bir az da özündənrazı olardın. Başqa qızlara baxmağından da qorxmazdım, istəsəydin də baxa bilməzdin. Mən də baxa bilmərəm başqasına. Yox, əsla, heç vaxt başqasına baxa bilmərəm. (Öz-özünə) Təkbaşına bu bağda gəzib, öz-özümlə danışmağa məhkumam. (Ağaca) Danış mənimlə, nə olar, heç olmasa "Axşamın xeyir” de.

Xuan – (Eyvana çıxır) Axşamınız xeyir!

Beatris – (Qorxub səksəkə içində qaçır, sonra qayıdır) Axşamınız xeyir!

Xuan – (Gül dəstəsini ona tərəf atır) Bu güllər təzə dərilib, iyləsəniz, adımı deyərlər sizə.

Beatris – Təşəkkür edirəm, cənab. Mənim adım Beatrisdi.

Xuan – Mənim də adım Xuandı, Neapoldan gəlmişəm. Bu gülləri mənə...

 

Beatris gül dəstəsini yerdən götürüb yaxasında gizlədir, qaça-qaça uzaqlaşır, Xuanın sözü ağzında qalır. Hava yavaş-yavaş qaralır.


 

IV səhnə


 

Səhnə qaranlıqdı, Xuanın otağında zəif işıq yanır.

 

Hekayəçi – Yatıb. Yuxuda da özüylə mübarizə aparır. Beatrisin əli gül dəstəsinə toxunan kimi güllər solub qaraldı, görəsən Xuan bunu gördü? Axşamın alatoranında qurumuş gülü təzə güldən seçmək asan məsələ deyil. Yat, yat! Yuxunda günəşin qızıl şüalarıyla örtdüyü dənizi, yaşıl təpələri gör, sahildə qaçdığını xəyal elə, uşaqlığına qayıt! Yox, öyrəşdiyin görüntülərdən hər dəfə daha çox uzaqlaşırsan. Gözlərin açıq yatmağa məhkumsan. Yum gözlərini, dala çəkil, qaranlığa, uşaqlığından da o tərəfə get, əsas mənbəni tap. Səhər səndən doğacaq!


 

V səhnə


 

İzabel – Cənab, doktor Balyioni sizi soruşur.

Xuan – Hansı doktor Balyioni? Atamın dostu?

İzabel – Məşhur həkimdi, cənab. Hamımızın fəxridi.

Xuan – Buyursun! Amma yox, bir az gözləsin. Üst-başımı qaydaya salıb gəlirəm.

Balyioni – (İçəri girir) Ehtiyac yoxdu, dostum. Bu şəhərdə atanızla bir otaqda yaşamışıq, bir yerdə dərs oxumuşuq. Onun oğlu mənim də oğlumdu.

(İzabel təzim edib səssizcə çıxır)

Xuan – Bura gələ biləcəyinizi heç gözləməzdim, ustad. Kasıb tələbə otağının dağınıqlığını bağışlayın. Şərtlər...

Balyioni – Başa düşürəm, oğlum. Sevimli dostumuz Paduyaya gəlib, qarşılamaq borcumuzdu. Eynən atanın cavanlığısan. Səni görən kimi yaşlı ürəyimdə xatirələr oyandı.

Xuan – Məni utandırırsınız, doktor. Gəlişimin səbəbini deyim sizə, hüquq öyrənmək istəyirəm. Dünən çox axtardım, amma əlimdəki imkanlara uyğun başqa münasib yer tapa bilmədim. Fəqirxanama gəlməklə məni şərəfləndirdiniz...

Balyioni – Gözəl mənzərəsi var. Həm yanında bağça da var.

Xuan – Çox özünəməxsus bağdı. Əvvəllər heç beləsini görməmişdim. Məşhur doktor Rappaçininin bağıdı.

Balyioni – Rappaçininin?

Xuan – Eşitdiyimə görə, çox savadlı adamdı. Təbiətin ən gizli sirrlərini bilir.

Balyioni – Görürəm, bizim məşhurları yaxşı öyrənmisən. Əslində Rappaçini həqiqətən elm adamıdı. Universitetdə bir nəfər xaric, onunla bəhsə girəcək heç kim yoxdu.

Xuan – Əlbəttə, siz onu daha yaxşı tanıyırsınız. Eyni şəhərdə yaşayan, eyni amal uğrunda çalışan elm adamısınız ikiniz də. Yəqin dostsunuz onunla.

Balyioni – Gəl yavaş-yavaş hər şeyi danışım sənin üçün. Hə, Rappaçini elmə aşiqdir. Amma onun eşqi vəhşi eşqdir, bu eşq onun ruhunu qaraldıb. İnsanlar onun üçün qorxulu təcrübə alətindən başqa bir şey deyil. Bu təcrübələrin yaxşı nəticələr vermədiyini də deməliyəm.

Xuan – Onda deməli, o təhlükəli adamdı.

Balyioni – Hə, təhlükəlidi.

Xuan – Amma hər halda elmi bu qədər sevmək...

Balyioni – Elm insan üçündü, oğlum, insan elm üçün deyil.

Xuan – Amma bu, Rappaçininin qəribə müalicə üsulları tapmağına mane olmaz.

Balyioni – Uğurlu təcrübələri də olub, əlbəttə... Qonşunla nə üçün bu qədər maraqlanırsan? Bəlkə xəstələnmisən?

Xuan – Özümü heç vaxt belə yaxşı hiss eləməmişəm. Dünən axşam eyvanın qapısını açıq qoyub yatmışdım.

Balyioni – Paduyanın havası təmizdi. Qaldı ki, Rappaçini...

Xuan – Şəhərə təzə gəlmiş biri kimi, marağımı çəkməyi təbiidi. Qonşu olmağımız marağımı daha da artırıb. Elmə olan sevgisindən danışmaqdan doymurlar.

Balyioni – Bu duyğusuz sevginin acı nəticələrindən də danışırlar yəqin ki.

Xuan – Rappaçini üçün dünyada elmdən qiymətli cəmisi bir şey var. Onun uğrunda elmi də fəda edə bilər.

Balyioni – Nə?

Xaun – Qızı.

Balyioni – Nəhayət əsil məramını dilə gətirdin. Ay səni! Deməli bütün bu sorğu-sualın gizli səbəbi gözəl Beatris imiş.

Xuan – Onu cəmisi bir dəfə görmüşəm. Dünən axşam. O da ötəri görüş idi.

Balyioni – O qızı tanımıram. Amma eşitdiyimə görə, Paduyanın əksər oğlanları ondan ötrü dəli-divanədir. Amma yanına yaxınlaşa bilmirlər. Həm də deyilənlərə görə, gözəllik ilahəsi olmaqla yanaşı, həm də çox savadlı qızdı. Cavan yaşda universitetdə vəzifə tuta bilərmiş, bəlkə də elə mənim yerimi. (Gülür) Yaxşı, bu söz-söhbəti bir yana qoyaq... (Eyvana çıxır) Çox dəhşətli bağdır. Ağlın dəhşətlər törədə bildiyinin bariz nümunəsi.

Xuan – Bizə yad görünə bilər, amma bu bağın eşqlə salındığını inkar edə bilmərik. Buna görə baxanların başı fırlanır.

Balyioni – Ss, sakit! Bax, Rappaçini bağa gəlir.

 

Rappaçini bağa gəlir, bitkilərəbaxır. Kiminsə baxdığını hiss edib eyvana tərəf dönür. Balyioni başıyla salam verir, amma Rappaçini salamı almır. Elə bil heç Balyionini görmür, Xuana baxır. Sonra üzünü çevirib gedir.

 

Balyioni – Bizi gördü. Amma salamımı almaq istəmədi. Şübhəsiz mənə yox, sənə baxırdı. Səni tanıyır?

Xuan – Hələ təzə gəlmişəm. Hardan tanısın?

Balyioni – Bilmirəm, amma səninlə maraqlandığı bəlli idi. Maraq... elm... Görəsən bu fırıldaqda Beatrisin rolu nədi?

Xuan – Doktor, sizcə şişirtmirsiniz ki? Nə atanın, nə də qızın varlığımdan xəbəri yoxdu.

Balyioni – Rappaçininin işini bilmək olmaz. Bu barədə fikirləşməliyəm. Köhnə dostumun oğlusan, istəmirəm başına nəsə gəlsin.

Xuan – Məni də şübhələndirdiniz. Fikirləşdiyinizi mənə də deyə bilərsiniz?

Balyioni – Heç nə, hələlik heç nə fikirləşmirəm. Amma nəsə ola bilər... Yaxşı, gec oldu, universitetdə gözləyirlər məni. Vaxtın olanda bizə gələrsən?

Xuan – Əlbəttə, şad olaram.

Balyioni – Onda hələlik.

Balyioni çıxır. Xuan eyvana tərəf gəlir, amma eyvana çatmamış Balyioni içəri qayıdır.

Balyioni – Ətrafındakı zəncir səni boğa bilər. Kömək eləsən, onu bir yerdə qırarıq.

 

Balyioni gedir.


 

VI səhnə


 

Xuan fikirli halda bir az dayanır, sonra əlini havada oynadır, elə bil pis fikirləri qovlamağa çalışır. Sonra eyvana çıxır, qərarlı şəkildə bağa tullanır. Bitkilərə baxır, hərəkətləri qəti olsa da, həm də görünməz təhlükələrdən ehtiyat etdiyi bilinir. Hansısa gülə diqqətlə baxanda arxadan Beatris görünür.

 

Beatris – Xoş gördük! Deyəsən bitkilərimiz qonşumuzun da diqqətini çəkib.

Xuan – Cəsarətim üçün məni bağışlayın. Heç öyrəşməmişəm belə bitkilərə, ona görə məni sehrləyiblər. Yaxından baxmaq istədim, ona görə icazəsiz gəldim. İndi də burdayam...

Beatris – Üzr istəməli bir şey yoxdu, marağınızı başa düşürəm. Atam da heç nə deməz. Həmişə deyir ki, maraq elmin anasıdı.

Xuan – Sizi aldatmaq istəmirəm. Təbiət elminə çox da marağım yoxdu. Paduyaya hüquq oxumaq üçün gəlmişəm. Təsadüf nəticəsində qonşu olduq, dünən axşam da sizi burda gördüm. Məhz onda nə istədiyimi başa düşdüm.

Beatris – Sizi çox da yaxşı başa düşmədim. Bağı görən kimi nə istədiyinizi başa düşdünüz? Atam bunu eşitsə çox sevinər.

Xuan – Yox, bağça yox. Sizi nəzərdə tuturam. Dünən axşamdan bu yana gözümü yumanda da, açanda da sizin əksinizi görürəm.

Beatris – Dünyadan xəbərim yoxdu. Balacalıqdan tək yaşamışam. Buna görə də nə demək lazım olduğunu bilmirəm. Yalan danışmağı da bacarmıram. Bacarsaydım da danışmazdım. Sözləriniz ağlımı qarışdırdı, amma təəccüblənmədim. Çünki gözləyirdim. Bunları mənə deyəcəyinizi hiss etmişdim. Ya bu gün, ya da sabah deyəcəkdiniz.

Xuan – Beatris!

Beatris – Adım nə gözəl səslənir dodaqlarında! Bu günəcən heç kim adımı belə deməmişdi.

Xuan – Beatris, gəl biz də quşlar kimi qanad açıb uçaq, bir buludda yuvamızı quraq, bir ulduzda yaşayaq, ayın qumsallığında gəzişək...

Beatris – Səni görən kimi ürəyimin qapıları açıldı. Qapalı idim, örtülüydüm, kordum. Qəfildən qopaq külək bütün qapıları açdı. Tullanıb-düşmək, oynamaq istəyirəm. Dünən gecə az qala uçacaqdım. Amma sonra təzədən bura, bu bağa düşdüm. Elə bil burdakı bütün bitkilər, güllər əl-ələ verib qalın tor hördülər, o torla məni sıxmağa başladılar. Mən bu torpağa bağlıyam. Mən də bu bitkilərdən biriyəm. Məni bur torpaqdan çıxartsalar ölərəm. Get burdan, qoy olduğum yerdə qalım.

Xuan – (Əlləriylə xəyali toru açmağa çalışır) Sənin üçün yol açacağam mən. O gözəgörünməz meşənin qalın budaqlarını kəsəcəyəm. Dişlərimlə, dırnaqlarımla divarda tunel açacağam. Aramızdakı qalın pərdəni qılınc kimi böləcəyəm. Düyünü çözəcəyəm. Bütün dünyanı göstərəcəyəm sənə. Bir yerdə sahilə gedəcəyik. Dəniz səni salamlamaq üçün ləpələnəcək. Evimizin yolundakı şam ağacları sənin qabağında təzim edəcək.

Beatris – Yox, mən dünyanı tanımıram. Açıq hava boğar məni. (Əliylə bağı göstərir) Bu bağın havası mənə həyat verir. Təbəssümümü bu bağın aydınlığına borcluyam. Gözəlliyimin cövhəri də bu bağdır. Sən də burda qal!

Xuan – Biz gəzdikcə dünya böyüyəcək addımlarımızda.

Beatris – Olmaz, olmaz! Dünya səndə başlayır, səndə qurtarır. Bu bağ isə bizim tək üfüqümüzdür.

Xuan – Dünya sonsuzdur, ayaq dırnaqlarının ucunda başlayır, saçlarının ucunda qurtarır. Sənin üçün son yoxdu.

Beatris – Səni görən kimi çoxdandı itirdiyim, amma yeri yara izi kimi qalan bir şeyi xatırladım... Bilirdim ki, haçansa gözlənilmədən qabağıma atılıb qışqıracaq: bax mənə, məni xatırla.

Xuan – Düşüncələrini bilmək istəyirəm. Sən kimsən?

Beatris – Düşüncələrimi üzümdən oxuya bilərsən. Alnım təkcə səni əks etdirən güzgüdü. Heç vaxt səni əks etdirməkdən bezməyəcək. Mən sənin arzularında yerləşmişəm. Səndən qabaq heç kimi tanımırdım, heç özümü də. Günəşin, ayın, suyun, dodaqların var olduğunu bilmirdim. Bu gördüyün bitkilərdən biriyəm. Hərdən bu ağacla söhbət edirdim. Tək dostum o idi... Dünən mənə bir dəstə gül atdın. O güllər mənə başqa dünyalarında var olduğunu göstərdi. Bilmirəm onun əvəzində sənə nə verə bilərəm.

Xuan – Bu bağdan bir dəstə gül verə bilərsən... Onu gücə yatağımın yanına qoyub yatacağam, elə biləcəyəm sənin yanında yatıram.

Yaxınlaşıb gül dərmək istəyir.

Beatris – Yox, ona toxunma. Ölərsən!

Bunu deyəndə Xuanın əlindən tutur. Elə bil Xuanın əli yanır, tez əlini çəkir. Beatris əlləriylə başını tutur. Xuan ona yaxınlaşmaq istəyir, Beatris əl hərəkətiylə onu saxlayıb evə tərəf qaçır. Xuan onun dalınca getmək istəyir, amma bu vaxt Rappaçini gəlir.

Xuan – (Çaşqın) Üzr istəyirəm... Mən burda... Bilmirəm sizə necə izah edim...

Rappaçini – (Gülümsəyir) Qonşudan üzr istəməzlər.

Xuan – Bitkilərin təsirinə qapılıb istəmədən bağınıza girmişəm. Bitkilərinizin çəkiciliyi o qədər qüvvətlidir ki, iradəmə qalib gəldi. Deyəsən bir az çox qaldım burda. Getməliyəm...

Rappaçini – Necə istəsəniz... Gəlin yolu sizə göstərim, bəlkə özünüz tapa bilmədiniz.

Xuan – Təşəkkür edirəm.

Rappaçini – Bu tərəfdən.

 

Bir yerdə çıxırlar, səhnə qaralır.


 

VII səhnə


 

Səhnə alaqaranlıqdı. Fonda Xuanla Beatris görünür.

 

Hekayəçi – Beatris Xuanın əlindən tutmuşdu. Xuanın əlində beş balaca ləkə əmələ gəldi, bir neçə saatdan sonra silinib getdi. Beş dənə balaca çiçəyə oxşayan ləkə... Ləkələr sual verməz, nə şübhə edərlər, nə xəyal görərlər. Onlara baxarlar, iyləyərlər. Görəsən ölüm üçün, yoxsa həyat üçün? Ölüm, yoxsa həyat, Tanrı, yoxsa İblis?.. Bunlar nə Xuanın ağlına gəlir, nə də Beatrisin. Nə ruhlarını təmizləmək istəyirlər, nə də var-dövlət və ya güc qazanmaq, nə xoşbəxt olmaq istəyirlər, nə də başqasını xoşbəxt etmək. Üz-üzə dayanıb baxışmaq onlara bəs edir... Oğlan qızın ətrafında dövrə vurur, qız günəş kimi şəfəq saçır. Dövrə getdikcə daralır, qız sakit dayanıb... Sonra gecələr açıb, gündüzlər bağlanan çiçək kimi yığılır ləçəkləri, bütün vücudunu örtənə qədər. Oğlan arzu ilə qorxu arasında qalıb... Sonra əyilir qızın üstünə, qız onun baxışının istiliyi ilə təzədən açılır... Sonra sevgilisinin ətrafında fırlanmağa davam edir. Amma bir-birinə toxunmurlar. Dayanmadan fırlanmağa məhkum olublar. Nə öpüş. Nə qucaqlaşma. Gözləri danışır dillərin yerinə...


 

VIII səhnə


 

Bağçada heç kim yoxdu. Xuanla Balyioni evin içindədi.

 

Balyioni – Ümid edirəm səni narahat etmədim. Xəstələrimdən biri bu tərəflərdə yaşayır, onu başa çıxmağa gedirdim, dedim sənə də dəyim.

Xuan – Məni yada salmağınız məni sevindirir, doktor.

Balyioni – Yox, mən nəyin nə olduğunu bilirəm. Cavanlar çox vaxt qocaların zəvzəkliyindən bezir. Bu onları hirsləndirir. Çarəsi yoxdu, dünya belə qurulub. (Bir az susur) Amma bizə gəlmədin.

Xuan – Doktor, üzr istəyirəm, amma heç cür vaxt tapa bilmirəm gəlim. Səhərdən-axşama qədər oxuyuram.

Balyioni – Nə oxuyursan? Hüquq, tarix, yoxsa botanika?

Xuan – Dil öyrənirəm.

Balyioni – Yunanca, latında, ibranicə? Hansını? Bəlkə quş dili öyrənirsən?.. Bəs bu qəribə qoxu nədi?

Xuan – Qoxu?

Balyioni – Hə, xəfif, amma təsirli qoxu var havada. Adamın ciyələrinə dolub qanına işləyir.

Xuan – Bəlkə sizə elə gəlir?

Balyioni – Yox, oğlum. Bu qoxu həqiqətən var, təxəyyülümün məhsulu deyil... Bax, aşağıdakı bağdan gəlir. Rappaçiniylə qızı, ərköyün Beatris xəstələrinə ölümü belə xoş qoxularla verib həmişə.

Xuan – Rappaçini haqda nə deyirsiniz deyin, amma Beatrisin adını çəkməyin. Onun nəfəsi zəhər deyil.

Balyioni – Başqalarını zəhərləmək Rappaçininin xəstəliyidi. Bu xəstəliyi qızına da yoluxdurub.

Xuan – Yalan deyirsiniz! Beatris elə şey eləməz!

Balyioni – Eləyər, ya eləməz. O qız nəfəs aldıqca ətrafına ölüm saçır.

Xuan – Beatris safdı, təmizdi. Bədəni qaya kimi sağlam, dərisi meyvə kimi yumşaq, ruhu su kimi safdı.

Balyioni – Demək Rappaçini səni təzə təcrübəsi üçün qurban seçib, qızını da istifadə edir.

Xuan – Özünüzdən uydurursunuz.

Balyioni – Birdən düz oldu?

Xuan – Elə olsa, onda axırım çatıb demək, çıxış yolum yoxdu...

Balyioni – Çıxış yolu var. Rappaçinini bir yerdə aldadacağıq. Qulaq as. (Cibindən balaca şüşə çıxartır) Bu zəhər əleyhinə eleksirdi. Əngəlləyə bilmədiyi zəhər yoxdu. Yuxusuz gecələrin, sonsuz araşdırmaların nəticəsində tapılıb. Əgər Beatrisin günahı yoxdusa, ver ona içsin, qısa vaxtda təbii halına qayıdacaq... İndisə sağ ol. Taleyin öz əlindədi.

 

Xuan nəsə demək istəyir, Balyioni barmağıyla susmaq işarəsi verib gedir.


 

IX səhnə


 

Xuan – Hamısı nağıldı! Qısqanclıqdan, gözügötürməzlikdən yaranan nağıl... Amma bəs Beatrisin əli dəyən kimi solan gül dəstəsi, əlimdəki ləkələr? (Əlinə baxır) Yox, nə danışıram? Yaxşıyam mən. Sağlamam, güclüyəm, yaşamağı sevirəm, həyat da məni sevir... Bəs əgər doktor düz deyirsən? Bunu necə öyrənə bilərəm? (Otaqda gəzişir, birdən qışqırıb çağırır) İzabel, İzabel! Tez gəlin, mənə lazımsınız.

İzabelin səsi – Gəlirəm, gəlirəm.

İzabel içəri girəndə Xuan güzgünün qabağında dayanıb üzünə toxunur.

İzabel – Buyurun, cənab. Nə lazımdı?

Xuan – Elə də vacib şey deyil. Mənimçün gül gətirə bilərsiniz? O gün gətirdiyiniz güllərdən.

İzabel – Gül?

Xuan – Hə, o gün qırmızı gül gətirmişdiniz e, ondan.

İzabel – Siz əməlli-başlı aşiq olmusunuz!

Xuan – Bircə dənə qırmızı gül.

İzabel – Bu saat, bu saat. (Gedir)

Xuan – Doktor Balyioni Beatrisin zəhərlə bəsləndiyinə əmindi. Amma mən sağlamam... Güclüyəm... Neapoldan gətirdiyim hava məni qoruyur... Əgər dedikləri yalan çıxsa, Balyioninin dilini kəsəcəyəm!

İzabel – (Əlində gül gəlir) Bundan daha gözəlini tapa bilmədim, cənab. Buna baxın, necə də canlıdı. Elə deyil?

Xuan – (İzabelin sözünü kəsir) Çox təşəkkür edirəm. (Ona bəxşiş verir) Məni tək qoya bilərsiniz?

İzabel – İndiki cavanlar lap özünü itirib. (Gedir)

Xuan – Qıpqırmızı gül, elə bil balaca ürəkdi bu. Əlimdə şəfəq saçan balaca günəş. Susayıb deyəsən. (Gülü üfürür) Sərinlə bir az. (Gül qaralır. Xuan dəhşət içində gülü yerə atır) Balyioni düz deyirmiş, zəhər mənim də nəfəsimə hopub! Mən ölüm saçıram!

Beatris – (Bağdan) Xuan, Xuan! Bax, gün qalxıb, bitkilərimiz bizi çağırır...

Xuan – (Duruxur, sonra qərarlı şəkildə) Gözlə! Gəlirəm!

Eyvandan tullanır.

Beatris – Səhər açılandan saatları sayıram. Səni görəcəyim vaxtı iplə çəkirəm. Çünki sənsiz artıq bu bağ mənə yad görünür. Elə bil uşaqlığımdan bu yana bu bağda olan ağaclardan birisən. Ən böyüyü, ən güclüsü... Yuxularımda səninlə danışıram. Amma sən mənə cavab vermirsən. Öz ağac dilində nəsə deyirsən, mənə söz yerinə meyvə uzadırsan...

Xuan – (Çaşqın halda) Nə meyvə?

Beatris – Böyük, qızıl kimi parıldayan meyvələr. Yuxu meyvələri... Dedim axı, yuxuda görürəm bunu. (Hansısa bitkiyə baxır) Buna bax, rəngi necə dəyişib. Gör necə ətir saçır. Rayihəsi bütün bağı uyuşdurub.

Xuan – Güclü təsiri var deyəsən.

Beatris – Bilmirəm. Bitkilərin bütün sirlərini bilmirəm. Heç atam da hər şeyi bilmir, amma soruşsan, deyər bilirəm. Nəsə... Təzə bitkidi bu.

Xuan – Təzə? Necə təzə?

Beatris – Hə, təzə birkidi. Onu atam icad edib. O təbiəti dəyişdirməyi, qüsurları aradan qaldırmağı, ona zənginlik qatmağı xoşlayır. Elə bil cana can qatır.

Xuan – Daha doğrusu ölümə ölüm qatır. Bu bağ zəhər anbarıdı. Hər yarpaq, hər çiçək ölümcül zəhərdi. Atan cəlladı, biz də onun bağında sakit-səssiz gəzişirik, ölüm bitkilərinə şəfqətlə baxırıq.

Beatris – Sus! Nə qorxulu şeylər danışırsan?

Xuan – Bu bağdan qorxulu nə ola bilər? Qulaq as, nə olduğunun, necə yaşadığının fərqindəsən?

Beatris – Qulaq as. Qulaq asmamış hökm çıxarta bilməzsən.

Xuan – Çəkil, mənə toxunma. Sən ölümsən. Ölümlərin ən gözəli...

Beatris – Sözlərin çox sərtdi, məni incidir, amma həm də doğrudu, vicdanımı oyadır...

Xuan – Sən nəfəsinlə dünyanı çirkləndirirsən, necə cəsarət edib vicdandan danışırsan? Lənətli ada kimi tənha idin burda. Sonra günah ortağı kimi məni seçdin. Daha tək deyilsən. Səninlə mənim nəfəsim birləşib hər şeyi qurudacaq... Danış, nəsə de!

Beatris – Bütün bunları deyəcəyini bilirdim, gözləyirdim. Amma həm də nəsə möcüzə baş verəcəyinə inanırdım axmaq kimi. Uşaqlıqdan taleyimə boyun əyib tənha yaşadım. Hərdən divarların o tərəfindən başqa dünyaların səsi gəlirdi, ürəyim başqa cür döyünməyə başlayırdı onda. Sonra ölüm saçan bağımızı görəndə özümü itirirdim yenə, pişiklərin, atların, güllərin, insanların var olduğunu unudurdum. Almanın, armudun nə fərqi vardı mənim üçün? Qabağımda cənnət ağacına oxşayan ağacın meyvələri vardı. Atam deyirdi ki, bu ağac ölümü həyata çevirib.

Xuan – Sənin o həyat dediyindən ancaq xəstəlik törəyib. Ölüm törəyib. Sənin nəfəsin ölüm saçır.

Beatris – Nəfəsim ölüm saçır, hə, amma düşüncələrim elə deyil... Varlığım atama məxsus idi, onun tükənməyən yuxularından biriydim, onun yaratdıqlarından idim mən də.

Xuan – Ən günahkar yaratdığı.

Beatris – Yox, günahkar deyiləm mən. Heç vaxt ətrafımda canlı nəsə olmayıb, heç kimi öldürməmişəm. Özümdən başqa heç kimə heç nə eləməmişəm. Nə itim olub, nə pişiyim. Mənə mahnı öyrədən olmayıb, mənimlə oyun oynayan olmayıb. Heç kim qaranlıq otaqda mənimlə gizlənib qorxudan titrəməyib... Bütün həyatım bitki kimi böyüməkdən ibarət olub. Hə, birki kimi yaşamaqdan...

Xuan – Hamının arzuladığı, amma heç kimin toxunmadığı meyvə kimi yaşamaq...

Beatris – Torpağa kök atmışdım. Amma sonra sən gəldin, məni torpaqdan ayırdın, havaya atdın. O gündən özümə yer tapa bilmirəm. Ayaqlarına düşmək istəyərdim, amma onda da kölgəni zəhərləyərəm.

Xuan – Bir-bizimizi görsək də, toxuna bilmirik. Buna məhkum olunmuşuq.

Beatris – Sənə baxmaq bəsdi mənə. Sənin mənə baxmağın kifayətdi... Özüm özümə sahib deyiləm, öz varlığıma sahib deyiləm. Nə bədənim var, nə də ruhum. Sənin düşüncən içimə işlədi. Öz içimdə özümə yer qalmadı. Amma mən öz içimdə qalmaq istəmirəm axı... Mən sənin içində olmaq istəyirəm. İcazə ver ağlındakı düşüncələrdən biri olum. Ötəri, ağlına gələn kimi də unutduğun düşncələrdən biri.

Rappaçini – (Bağın içində gizlənib, ancaq səsi eşidilir) Qızım, artıq tənha deyilsən. Bağdakı güllərdən istədiyini seç, qopart ver sevgilinə. Sevgilin çəkinmədən toxuna bilər ona. Sənə də toxuna bilər. Savadım sayəsində sizi bir-birinizə uyğunlaşdırdım. İndi bir yerdə ola bilərsiniz. Qucaqlaşıb gəzərsiniz, hamı sizdən qorxar, tanrı kimi yenilməz olarsınız.

Xuan – Ölüm yayan cütlük olarıq onda. Nifrətlə əhatələnərik. İlan kimi yerin yarıqlarında yaşamağa məcbur olarıq.

Rappaçininin səsi – Axmaq! Hörmətlə əhatələnmiş olacaqsınız. Həyatın sahibi olacaqsınız. Ölümün muridləri olacaqsınız.

Xuan – Sənin qürurun bizə qalib gələ bilməyəcək! Bizi tora sala bilməyəcəksən! Çıxış yolumuz var, qurtuluşumuz var. Bizə azadlıq verəcək açar məndədi. Beatris, al iç bunu, zəhərə qarşı eleksirdi, içən kimi həqiqi təbiətinə qayıdacaqsan.

Şüşəni uzadır.

Rappaçininin səsi – İçmə, qızım, nəbadə içəsən. O eleksir sənin üçün ölümdür.

Xuan – İç, iç, atana inanma, hiylə işlədir. Qorxma, iç. Atanı lənətlə. Azad olacaqsan.

Rappaçininin səsi – Axmaq! Cahil! Onun qanı mənim zəhərlərimi elə mənimsəyib ki, hər cür eleksir onu o saat öldürər. İçmə, qızım.

Beatris – Ata, madam ki, məni tənhalığa məkhum edirdin, onda nə üçün gözlərimi kor eləmədin? Nə üçün dilimi, ağzımı bağlamadın? Nə üçün məni torpağa basdırmadın? Qaçmazdım sevgimin dalınca. (Xuana) Ah! Kor, kar, lal, torpağa bağlı... Amma yenə sənə tərəf qaçardım... Bütün fikirlərim sarmaşıq kimi sənə dolanır.

Xuan – Talesiz qızcığaz! Bağlandı artıq bütün qapılar!

Beatris – Bütün qapılan bağlı idi. Amma sən gəldin, sevginin qapısını açdın. Sonra da geri çəkildin, ona görə qapılar təzədən bağlanır. Nə üçün?

Xuan – Çünki gözüm açıldı. Bu bağda həyatdan qopduğumu, atanın bitkilərindən birinə döndüyümü gördüm... Başım fırlanır... Aç gözlərini, mənə bax, həyata bax.

Rappaçininin səsi – Qulaq as! Ağlaya-ağlaya yalvarıram sənə. İçmə onu. Gəlib səni qaytaracağam o yoldan. Səni həyatdan daha güclü eləmək istəyirdim.

Beatris – (Eleksiri içir) Son addımı atdım. Artıq qarşı sahilə keçirəm. Uşaqlığımın bağı, zəhərli cənnət, əziz ağacım, oğlum, tək sevgilim! Qucaqla məni! Yandır məni, sümüklərimi ərit! Yıxılıram. Öz içimə düşürəm, amma ruhumun dibinə çata bilmirəm...

Rappaçini – (Səhnəyə çıxır) Qızım! Ah, nə üçün tək qoydun məni?


 

Epiloq


 

Hekayəçi – Uğur diləyək bütün axtaranlara, uğur diləyək boşluqda çırpınanlara... Çünki nə dünən var, nə də sabah. Təkcə bu gün var. Hər şey burdadı, qabağınızdadı. Keçmiş isə... həmişə keçib gedir...

 

 

 

Pərdə

 

 

 

Tərcümə:Həmid P.