İlkin Tomar&Məlik Cahan - Onlar kimi - Şeir

İlkin Tomar&Məlik Cahan - Onlar kimi - Şeir

İlkin  Tomar:
Soyuq  baxışıma  tuş  gələcəksən,
Min  dəfə  öləcək, diriləcəksən,
Sağa – sola  baxıb  hey süzəcəksən,
Qatardan  üzülən  durnalar  kimi.

Məlik Cahan:
Mən  yoxam, deməli, yox  sənə  dayaq, 
Mən  şirin   yuxuda, sən  isə  oyaq, 
Düşüb  səhralara  səfillər  sayaq, 
Məni  axtararsan  axmaqlar  kimi.

İlkin Tomar:
Düşünmə  çarəni  sən  tapacaqsan
Günlərlə  ağrıdan  sızlayacaqsan
Hər  gün  qabıq  verib   qanayacaqsan
Heç vaxt   sağalmayan  yaralar  kimi

Məlik Cahan:
Gec  olar  peşmanlıq  çəkdiyin  zaman, 
Sən  bədbəxt  qızcığaz, həyatın  viran, 
Gözünün  çeşməsi  dayanmaz  bir  an, 
Yazda  coşub - daşan  bulaqlar  kimi.

İlkin Tomar:
Sənsiz  həzz  alıram  mən  yaşamaqdan
Bil  ki  sən  olacaqsan   yerində sayan,
Yalnız  sənin  üçün  duracaq  zaman,
Daşı  çoxdan  ölmüş  saatlar  kimi.

Məlik Cahan:
Özün  də  səhvini  anlayacaqsan, 
Güzgüdə  özünü  danlayacaqsan, 
Düşüb  ayağıma  ağlayacaqsan, 
Üç  yaşli,  beş  yaşli  uşaqlar  kimi.

İlkin Tomar:
Guya  ki,  mən  səni  axtarırmışam?!
Kim  dedi  yolunda  ağac  olmuşam?
Sənə  uşaqlıqda  mən  inanmışam,
Göydən  alma  düşən  nağıllar  kimi.

Məlik Chan:
Hər  gecə  qəlbinə  qəhər  girəcək, 
Mənsiz  həyatına  zəhər  girəcək, 
Soyuq  yatağına  kədər  girəcək, 
Abırsız, həyasız  qonaqlar  kimi.

 İlkin Tomar:
Uzaqdan  xəbərim  gələcək  sənə,
Göz  yaşın  dönəcək  yanaqda   selə,
Qürurun  püskürüb  çıxacaq  çölə,
Yuxudan  oyanmış  vulkanlar  kimi.

Məlik Cahan:
Hər  məni  görəndə  tutulacaqsan, 
Məcbur  bu  əzaba  qatılacaqsan, 
Sevilib,  sevilib  atılacaqsan , 
Köhnələn  lazımsiz  əşyalar  kimi...

Ədəbiyyat.biz