Orxan Saffari. İntellektual fahişə (Hekayə)

Orxan Saffari. İntellektual fahişə (Hekayə)

Gecə klublarının birinin yaxınlığında olan restoranda işləyirdim. Demək olar ki, bu ərazidə hamını tanıyırdım. Əsasən də fahişələri. Çünki gecə yarısından sonra əsas müştərilərim onlar olurdu. Yumşaq desəm, çörəyim daha çox onlardan çıxırdı. 

Ümumiyyətlə, gecə yarısından sonra necə adam istəsən tapmaq olur şəhərdə. Valideynləri yatandan sonra evdən gizlincə çıxıb sevgilisi ilə görüşən yeniyetmə oğlan və qızlardan tutmuş, "Sən yat. İşim çoxdu, gələ bilməyəcəm bu gün"- deyib, məşuqu ilə gəzən kişilərə qədər. 

Nələr vardı nələr...
 
-Fahişələrin çoxu ilə dostlaşmışdım. Hər gün bir ərəblə gəlib, hörmətimi də edirdilər, sağ olsunlar. 
Açığı, bir dəfə ingilis dilini bilməyən qız üçün ərəblə qiymət də danışmışdım. Neyləyim?! Fahişə xahiş eləmişdi, keçə bilmədim..

Amma biri var idi, heç fahişəyə oxşamırdı. Sakit, dinməz-söyləməz. O qədər sakit idi ki, üzünə sən fahişəsən desən, utandığından başını aşağı salardı. Danışanda da həddən artıq mehriban danışırdı. Bu, bizim öyrəşmədiyimiz bir şey idi, axı. Dədə-babadan fahişənin söyüşlə danışdını görmüşük. Amma bu, onlar kimi deyildi. 

Onu tanıdığım vaxt ərzində nə o mənim adımı soruşmuşdu, nə də mən onun. Bəlkə də ikimiz də abır-həya etmişdik nədənsə. O, daha çox utanırdı. Sakitcə gəlirdi, restorana girən kimi gözü məni axtarırdı. Hətta bir dəfə işdə olmadığım gün gəlib geri qayıtmışdı. Buna görə iş yoldaşlarımın da dilindən düşə bilmədim uzun müddət. "Səninki gəldi" deyə-deyə zara gətirmişdilər məni. Neyləyim, o da mənim müştərim idi..

Onu deyirəm axı, fərqli idi o.
Digər fahişə yoldaşlarından seçilirdi. Bu seçilməsinə görə gərək bir zarafat da edim;

-O, öz xidmətləri, insanlığı, mədəniliyi ilə hələ ta uşaqlıqdan öz yoldaşlarından seçilirdi. 

*
Onu tanıdığım vaxt ərzində heç vaxt bir artıq hərəkətini, danışığını görmədim. Elə həmişə tək gəlib oturar, sifarişlərini verib ətrafa göz gəzdirər, telefonu ilə oynayardı. Arabir də yan masalardan müştərilər qazanırdı, nömrələşirdilər. 

Sonrasını görməmişəm, nə yalan deyim...

Açığı, son vaxtlar içimdə biraz qısqanclıq yaranmışdı ona qarşı. Kimsə ona söz atanda, nömrə verəndə əsəbiləşirdim. Bəlkə də pulum çox olsaydı, hər dəfə müştərilərin əvəzinə pulu özüm verərdim ki, heç kim ilə yatmasın!

Istəyirdim onunla tək qalıb söhbətləşim. Mənə elə gəlirdi ki, onunla söhbətləşsəm, yolundan çəkindirə biləcəm. Lap filmlərdəki kimi hiss edirdim özümü. Guya mən fərqli adamam, fahişə ilə evlənəcəm, çəkindirəcəm onu bu yoldan. Amma nə yalan deyim, mən bacarmaram..

Həm də, fahişələrə yaxşı bələdəm. Beş-altı dəfə üç-dörd qədəh içmişliyim olub. Adamı təmiz bezdirirlər. Zırıldamaqdan başqa bir şey bilmirlər. Nə bilim, mən onu sevdim, o mənə xəyanət etdi, daha heç kimi sevə bilmədim. Hamısının da taleyi eyni. Yarı real, yarı uydurma. Amma yox, bu fərqli idi. 

Nəhayət, sevişməli havaların birində görüşəsi olmuşduq onunla. Daha doğrusu, xahiş etmişdim. Fahişə olsa gəlməzdi, fahişə deyildi o!

Başqa bir məkanda görüşdük. Içki sifariş verib, ordan-burdan söhbət etməyə başladıq. Ara-sıra da söz atırdım ki, məlum söhbətləri eləməsin. 
Sağ olsun, eləmədi də.

Söhbətin spirtli yerində çantasından qəfildən kitab çıxartdı. Nazim Hikmətin kitabını. Hoopppa! 
Bir-iki şeir oxudu anidən;

"Seni düşünmek güzel şey, ümitli şey,
Dünyanın en güzel sesinden
En güzel şarkıyı dinlemek gibi birşey...
Fakat artık ümit yetmiyor bana,
Ben artık şarkı dinlemek değil,
Şarkı söylemek istiyorum"

Dondum qaldım. Sonra başladı özünü hansı yazıçıların yaratdığı obrazlarda gördüyündən danışmağa. Qəribədi, savadlı qız idi, həm də başa düşürdü içimdən keçənləri. Ailəsindən danışdı, ətrafından, təhsilindən, hər şeydən. O danışa-danışa istəyirdim cibimdən əlli manat çıxardıb verim ki, susmasın... 

Yalan-gerçək nə dedisə hamısına inandım. Bir sözünü də qoymadım boşa gedə. Müştərilərindən danışdı. Ailəli aciz kişilərdən, yoldaşını onun yanında söyüb alçaldanlardan..

Dedi ki, Hüqonun bir sözü var, "sevmədiyi işdə çalışanların fahişədən fərqi yoxdu". Dedi ki, o, bu, işi sevmir. Dedi ki, fahişədi. Mən də onu inandırmağa çalışırdım ki, elə deyil. Qəribədi, o, həqiqətən fahişə deyildi. 

O şeirləri oxuduqca mən də özümü tərifləyib gözə soxurdum arada. Kitablardan danışırdım, şeirlərimdən oxuyurdum. O oxuyanda diqqətlə dodaqlarına baxırdım. Mənim hüzünlü fahişələrimi də oxuyubmuş. 

Söhbətimiz elə şirin olmuşdu ki, vaxtın necə keçdiyindən də xəbərimiz olmamışdı heç.

Gec idi. 
Qalxmalı idik. Hesabı ödəyib restoranı tərk edəndə, qapının ağzında sağollaşmaq üçün əl uzatdı.

-Mən burdan gedəcəm evə, sağollaşaq. 

Bu günün gözəl keçdiyini deyib təşəkkür etmək istəyirdim ki, sözümü ağzımda qoydu;

-Kitablarım qurtarıb, oxumağa təzə kitab yoxumdu. Əgər mənimlə yatmaq istəyirsənsə, 10 kitab ver, yataq-deyib, sinsi bir təbəssüm başı yaylıqlı, həyalı qız misalı çıxıb getdi. 

Qəribədi, o, həqiqətən fahişə deyildi!