Orxan Saffari.

Orxan Saffari. "Pox Əhməd" (Hekayə)

İllərdir ki, poxlarımızı təmizləməklə məşğul idi. Gözümü açandan onu yerin altında- poxun içində görmüşəm. Elə axıra qədər də belə oldu. 

Adı Əhməd idi. Ləqəbi "Pox Əhməd". Vallah, ciddi deyirəm. Bilmirəm, özü bundan xəbərdar idi, ya yox, amma hamı öz arasında ona belə deyirdi. 

İsti yay aylarında onu həmişə küçələrdə görərdin. Yayda da kanalizasiyalar tez-tez tutulur, axı. Qarpızdan, yemişdən yeyib qarın ağrısına düşən hamı Əhmədin məftilinin umuduna qalırdı. Bu kiçik qəsəbənin yaraşığı idi o. Hər nə qədər özü pis gündə olsa da.

Məftili də sehirli çubuğ idi sanki. Hər poxun öhtəsindən gəlirdi.

Bir də gördün balaca boyu, qəribə yerişi, əlində də halqa şəklində olan kanalizasiya məftili ilə küçə-küçə dolaşır, pox axtarır. Sakit, bir o qədər də gülərüz adam idi. Amma hamı ondan uzaq dururdu. Pox iyi verdiyinə görə. 

Hamının zarafat yeri idi Əhməd. Bir dəfə qəsəbənin uşaqlarının dilindən bu zarafatı eşitdim;

- Poxa düşmüşəm, brat. 
- Əhmədə denən, çıxartsın!

Əhməd insanların "eyibini" təmizləsə də, heç kim ciddi yanaşmırdı. Nə özünə, nə də işinə. Elə bil, bu poxlar onların deyildi.

Əhməddən fərqli olaraq qızları dünya gözəli idi. Üç qızı var idi. Sizə qız deyirəm, az qala onları sevən oğlanlar Əhmədin gözünə girməkdən ötrü kanalizasiya təmizləsin. Əhmədin ən hörmətli vaxtları da elə qızlarının yanında olduğu vaxtlar idi. Hamı başına dolanırdı. O qızlarını nə qədər varlı-karlı adamlar istəsə də, Əhməd üçünü də kasıba verdi. Deyəsən, Əhməd üçün poxdan dəyərli heç nə yox idi. Təbii, qızlarının xoşbəxtliyini də düşünürdü. 

Qızları bəlli etməsə də, mənə elə gəlirdi ki, atalarından utanırlar. Əslində, başa düşüləndir. Sonunda insandır nə də olmasa. Hələ hələ qadın. Görüntü yaratmaq istəyir, rəfiqələrinin yanında sıxılırdı bəlkə də. 

Atan harda işləyir? Pox təmizləyir.. 

Necə də pis səslənir. Nə qədər bəzəsən də, poxdur ki, pox. 

Amma Əhmədi bunların heç biri incitmirdi. Poxdan qazandığı pullar ilə hər üçünü elə də böyük korluq çəkmədən böyütdü. Həmişə əyin başları yaxşı oldu. Heç deməzsən bu pox təmizləyən Əhmədin qızlarıdı. Axırda cehizlərini də yığıb ərə verdi. 

Yaşından, saç-saqqalından asılı olmayaraq hamı onu adı ilə çağırırdı. Ayağı boyda, nəvəsi yaşda uşaqlar da. 60 yaşlı Əhmədi.   

Əhmədlə ara-sıra həmsöhbət də olurdum. Ya da başqaları söhbətləşəndə eşidirdim. Düzdü, insanlar onunla lağlağı formasında danışsalar da, ciddi qəbul etməsələr də, Əhməd heç kimə fikir vermir, gülür, sakitcə poxunu təmizləyirdi. 

Deyəsən, onu həyatda tək xoşbəxt edən şey də elə bu poxlar idi. 

Əhmədin üstü-başı da pis gündə olurdu. Bircə əlləri təmiz idi. O da əlcək taxırdı deyə. 

Hərdən o da işindən irgənirdi, bilirəm...

Şər qarışdımı, məftilini çiynindən sallayıb, yerə baxa-baxa, öz-özünə gülümsəyə-gülümsəyə evinə gedirdi. Poxlar günün sonunda onun üzündə təbəssüm yarada bilirdi. 

Bilmirəm, evlərində onu necə qarşılayırdılar, arvadı irgənirdimi ondan, ya necə, amma görünən, hərdən belə də olurdu. Əhmədin arvadı da özünə oxşayırdı. Ümumiyyətlə, Əhmədin həyatı pox kimi idi. Arvadını qonşu qadınlarla dalaşan görmüşəm bir neçə dəfə. Bir dəfəsində bir qadın onu o ki var söymüşdü.  Arvad əvvəl səbrini bassa da, sonda bu cür cavab verdi;

"Pox balası, ağzına pox qoyaram, ərim sənin ərinin ağzına pox qoyar". 

Sanki poxdan başqa söyüş bilmirdi Pox Əhmədin arvadı. 

Yazıq Əhməd də ölmürdümü poxdan ötrü?..

***

2016. İyul. 41 dərəcə selsi istilik. Kölgədə it də durmur. Əhmədsə, günün altında, məftil əlində gedir. Qəsəbənin ümumi kanalizasiya sistemi çökmüşdü. Hər yan kanaliziyasa suyu, poxlarla dolmuşdu. Əhmədin gözlərinə işıq gəlmişdi elə bil. Çörək var idi, çörək. 

Başqa yerdən də "əhməd"lər gəlmişdi. Bunu düzəltməyi tək bacarmadı Əhməd. Amma yenə də hamı Əhmədə inanırdı. İnanırdı ki, onları bu poxdan ancaq Əhməd çıxarda bilər.  

Qəsəbənin ortasında yerin altı ilə gedən bütün turbalar üzə çıxmışdı. Əhmədlərsə öz işini görürdü. 

Ona görə Əhmədlər deyirəm ki, mənə görə bütün işçilər aşağı-yuxarı Əhməd kimi idi. Bütün işçilərə eyni cür yanaşırdılar. İşçi sinfinə münasibətin belə olması, əslində, heç də ürək açan deyil. Amma bu gələn "əhmədlər" bizim Əhməddən fərqlənirdi. Onların geyimi də başqa idi. Onların müdiri var idi. Bizim Əhməd öz poxunun ağası idi. 

Kendi çöplüyü vardı.

***

Qəfil, hay-küy qopdu. Kiminsə ayağı məftilə ilişib, 4 metr dərinlikdəki yerə dəyibmiş. Ora da nə gündə. Turbalar, daşlar. Çıxardan sonra yerindəcə keçinib. Bəli, bu, bizim qəsəbənin pox Əhmədi idi. 

Ömrü boyu poxun içində yaşa, axırda da elə burda öl. Nə qəribədir. 

Əhməd öləndən bir ay sonra mən qəsəbədən çıxdım. Artıq onu unutmuşdular. Əhməd öləndən sonra kanalizasiyalar da gec-gec tutulmağa başladı. Yuxarıdan gələnlər bu ölüm hadisəsinə görə yaxşıca düzəltmişdilər turbaları. 

Aradan iki il keçmişdi. Qəsəbəyə qayıtdım. Məhləyə girəndə eyni Əhməd kimi bir adamın əlində məftil dolaşdığını gördüm. Maraqlandım onu. Sən demə, bu təzə pox təmizləyən imiş. Bura camaatı da ona hörmət qoyurmuş. Nə ləqəb qoşublar, nə də onu incidirmişlər. Elə bil, icra başçısıdır. Amma onu da bura yuxarıdan göndərmişdilər. Yəqin buna görə imiş. Qəsəbə sakinləri bu Əhmədi sevməyiblər o qədər də. Bizim Əhməd poxdan konfet düzəldirdi..

***

Məhəllənin ortasındakı kanalizasiya qapağına baxdım. 

Əhməd üzümə gülürdü...