Oğuz Atay. Ağ paltolu adam (Hekayə)

Oğuz Atay. Ağ paltolu adam (Hekayə)

"Yolüstü hekayələr” layihəsindən üçüncü hekayə

Qalabalıq içindəydi. Uğursuzdu. Pulu yoxdu. Dilənirdi. Məsçidin qabağındaydı. Bu böyük bir məsçid idi. Minarələri, gümbəzləri, barmaqlıqlı pəncərələri – hamısı yerli yerindəydi. Xüsusən həyəti – dilənənlər üçün ən vacib yer. Bir qıraqda dayanmışdı. Cəhd göstərmədiyi üçün, ya da yazıq görkəmi olmadığı üçün, ya da özümü ətrafdan təcrid edib uğursuzluğuna üzülə bilmədiyi üçün dilənəndə də uğursuzdu. Balaca qablarda qarğıdalı satmadığı üçün uşaqlarla və quşlarla birlikdə savab da qazanmırdı. Sərmayəsi və şiləstliyi də yoxdu. Bəlkə kəndli roluna girərək yoldan keçən birini saxlayıb xəstəxanadan təzə çıxdığını, yerlisi olan inşaat mühəndisinin yanına getmək üçün pulu olmadığını deyə bilərdi; amma danışmadığı üçün bunu da edə bilmirdi. Məsçidin divarına söykənməkdən başqa bir iş bacarmırdı. Hətta hələ ovcunu da açmamışdı. Bununla bərabər, uşaqların və qarğıdalı qablarının və məsçid divarının çıxıntısına düzülən dini kitablarla maraqlanan adamların çoxaldığı vaxtda, onu şikəst hesab edən hicablı və çarşaba bürünmüş arıq bir qadın onun ovcunu açaraq bir az pul verdi. Bəlkə də günəş onun gözlərini qamaşdırdığı üçün pula baxmadı. Bəlkə də həyətdəki uşaqlara baxdığı üçün ovcunu sıxmağı unutdu. Bunların hamısı qadın uzaqlaşandan bir az sonra olmuşdu. Qadın ona baxanda o qəsdən gözlərini oynatmamışdı, qadın da elə bilmişdi ki, o kordur. Ovcuna düşən başqa bir pulun səsini eşidəndə özünə gəldi. Başını qaldırıb baxanda, qabağında özü kimi paltarı cırıq, saqqallı birini gördü. Sonra hirslə böyük çantasını qarışdırıb pul qabını axtaran gənc qızı gördü; ovcuna tökülən pullar əlini ağırlaşdırdı.

Qucağında qundaq tutan qadın gəlib yanında çöməldi. Bir müddət divara söykənib dayandılar. Qırmızı əbalı kişinin komasından ayaqlarına tərəf əsa uzandı; az qaldı yıxılsın. Qoca: "Məni kölgəyə apar, cavan oğlan” dedi. Qocanı kölgəliyə aparıb yerinə qayıtdı. Pullarına baxdı.

"Sağlam adamsan; dilənməyə utanmırsan?” Yanında gombul kişi dayanmışdı. "İş versələr işləməzsən.” Gombulun yanındakı çamadana baxdı, çamadanı qaldırmaq istədi, bacarmadı. Sonra uzaqdakı hambalı gördü. Onun kimi elədi: yerə oturub çamadanı kürəyinə götürmək istədi, onu da bacarmadı. Nəhayət gombulun köməyiylə çamadanı götürə bildi.
Yolda gombul incə səsiylə: "İki lirə yarımdan artıq vermərəm” dedi. Yan-yana getdilər. Sahilə çatanda kürəyindəki çamadanla bərabər yerə çökdü. Gombul bir müddət düşündü; sonra pulu uzatdı. Deyəsən ona yazığı gəlmişdi. Sahildə də dayana bilərdi, amma hambalların arasına girə bilmədi. Sonra dəniz vağzalında bir az diləndi. Sonra prospektə tərəf getməyə  başladı. Bir az yorulmuşdu, ayaq üstündə yellənirdi. Onu günün bu vaxtı sərxoşluqda günahlandıranlar da tapıldı. Amma işi rast gəldi. Sonra yenə çamadanlar, sandıq-filan (sahilə qədər). Onu sağlam sayanlarla şikəst sayanların arasında getdi-gəldi. Bəlkə bir az da işləyəcəkdi. Amma yaxşı geyinmiş bir kişi ona pul vermək üçün əlini cibinə salanda, yanlarından keçən bir qadının qucağındakı uşaq ağlamağa başladı, o da pulu gözləməyib ordan uzaqlaşdı.

Məsçidə gedəndə yolüstü pulunu saydı, sonra yol qırağındakı simit satana bütövlətdi, bir az xırdası da qaldı. Getdi, qalabalıq bir küçəyə çıxdı, yenə adamların arasına qarışdı. Yorğun və tərli hambalların daşıdığı böyük güzgüdə özünə baxdı: pencəyi yox idi, köynəyi cırılmışdı. Bayaq istəmədiyi halda dava edən iki sarsağın arasına girmişdi, köynəyi də onda cırılmışdı. Qayış yerinə bağladığı ipi açıb təzədən bağladı, üstü-başını bir az düzəltdi. Sonra güzgünü apardılar, şalvarının cırığına və yalın ayağa geyindiyi başmaqlarına baxa bilmədi. Yavaş-yavaş gəzməyə başladı, dar və qalabalıq küçələrdən dar və qalabalıq küçələrə keçdi. Gəzən adamlarla alverçilər səsləri bir-birinə qarışdı. Sonra alverçilər yoxuş boyu sırayla düzülməyə başladılar. Əvvəl qısa ayaqlı piştaxtalar göründü; sonra piştaxtalar böyüdü, üstləri müxtəlif əşyalarla doldu. Günəş və binaların üst hissələri itdi; isti azaldı və küçələrin üstündə gəzəcək yer qalmadı. Hardan asıldığı məlum olmayan paltarların arasına girdi. Dayanmalı oldu. Küləyin yellətdiyi ağ palto üzünə  sürtündü. Uzun ağ palto. Böyük düymələri olan, geniş yaxalı, ruh kimi ağ palto.

Xəfif külək əsdi, bütün paltarlar yelləndi, təkcə ağ paltodan başqa. Deyəsən qalın parçadan tikilmişdi. Bir müddət paltoyla üz-üzə dayandı. Bayaqdan ona baxan satıcı sükutu pozdu: "Nə olub? Bəlkə alacaqsan?” Cavab vermədi. Satıcı gülümsəyib yerə tüpürdü; üzündə yarı şıltaq, yarı vecsiz ifadə vardı. Əvvəl satıcıya, sonra yenə paltoya baxdı, əlini cibinə soxdu. "Dayan görək, əvvəlcə geyin bax.” Satıcı ətrafa baxdı, oyuna qatılmalı birini axtardı. Yolun qarşı tərəfindəki meyxanadakı bir nəfər onlara baxırdı; stola dirsəklənib əlində pivə tutmuşdu, hər an gülməyə hazırdı. Ondan başqa onlara fikir verən yoxdu.

Palto əyninə oturdu. Satıcı onu yerində fırlatdı; fırlananda paltonun ətəyi yelləndi. Meyxanadakı adam bu qədərini gözləmirdi; birdən-birə gülməyə məcbur olduğu üçün ağzındakı pivəni ətrafa püskürdü. Satıcı özünə gəldi: "Bu qadın paltosudur, sənə olmaz.” Tələsik paltonu onun əynindən çıxartmağa çalışdı. O yavaşca satıcının əlini itələdi, həyəcanla şalvarının cibini axtardı. Satıcı axırıncı dəfə cəhd etdi: "Çox bahadır, ala bilməzsən. Yüz əlli lirədir. Qadınm paltosudur. Dəlisən sən?” Satıcını dinləmirdi. Bütün pulunu ona uzatdı. Satıcı istəmədən də olsa, pul topasını açdı, əvvəl xırda pulları ayırdı, sonra kağızları saydı.

"Qırx beş lirə,” satıcı sevinclə dedi. "Əsla olmaz. Çıxart paltonu.” Çıxartmadı.

"Mayası yüz iyirmi beş lirədir.” Satıcı dedi. Ona qulaq asmırdı. Paltonun ətəyinə baxırdı: ətək topuqlarına çatırdı.

"Gülərlər sənə,” satıcı davam etdi. "Deyək ki, yüz lirəyə verdim. Hanı o qədər pulun?” Meyxanadakı adam özünə gəlmişdi, sinəsindəki sancı keçmişdi artıq. Amma gülmək getdikcə çətinləşirdi. Bununla bərabər gözünü onlardan çəkmirdi. Satıcının kefi qaçmışdı. "Otuz lirə də ver,” dedi, "Sonrası da mənlik deyil.”

Ağ paltosuna baxa-baxa yerində fırlandı. Ətrafa baxıb gülümsədi. Sonra, bir daha gülümsəməyəcəkmiş kimi yenə kədərli sima aldı.

Meyxanadakı müştəri daha onlara baxmırdı. Satıcı tək qalmışdı. "Allah bəlanı versin,” dedi. "Al bu xırda pullarını da.” Paltonun cibindəki əlini çıxartıb pulları aldı. "Desəm inanmazsan, bunu bu səhər bir qarı gətirmişdi. Vallah düz otuz beş lirə vermişdim ona. Qadın əşyasıdır, çətin satılır.” Səsi hirsliydi.

Ağ paltosuyla qalabalığa qarışdı. Göyüzünə baxdı. Günəş yerdəki su gölməçəsində əks edirdi. Ağ paltosuna baxmaq üçün gölməçəyə əyiləndə, suyun üzündəçaşqın qalabalığı gördü. Paltosunun ətəklərini batırmamaq üçün gölməçənin ətrafından fırlandı. Ona baxmaq istəyənlər gölməçəni keçəndə islanıb yarı yolda qaldılar.

Arxaya baxmırdı. Addımlarını yeyinlətdi. Arxadan gələnlər danışmırdılar; amma arxadakı topluluq getdikcə çoxaldığı üçün, xəfif uğultu eşidirdi. Hündür hasarla əhatələnmiş balaca məsçidin yanından keçdilər. Gələnlərdən bəziləri meydandakı qəhvəxanada dayansalar da, çaylarını içib nə edəcəklərini bilməyənlər onların yerini tutdular. Adamlar lap elə də çox deyildi, amma məsçidin həyət qapısından keçəndə bir az itələşdilər. Sonra səkidən düşəndə yaşlı bir kişi iki uşağın üstünə yıxıldı, bir az qarışıqlıq yarandı. Qarışıqlıq qurtaranda paltolu adamı tapmadılar; o artıq  getmişdi. Bir az mübahisə etdilər. axırda dağılışdılar.

Günəş yandırırdı. Addımlarını yavaşıtmışdı, alnından süzülən tər saqqalını isladırdı. Böyük körpünün üstündən keçəndə daraq satan kişinin kölgəsində çöməlib oturdu. Paltosuyla, saqqalıyla camaatın diqqətini çəkdi. Xeyli adam ona baxmaq üçün dayandı, bu arada bir neçə daraq satıldı. Hərəkətsiz oturduğu üçün əvvəl-əvvəl ona yaxınlaşmağa cəsarət etmədilər. Ən çox danışılan xarici dildən bildiyi bir neçə kəlməni deyənlər oldu. "Yox, turist deyil,” biri dedi, "oyunbazlıq edir.” Bir başqası da xarici dildə onu söydü, cavab gəlmədi. Cibindən Amerika siqareti görünən birisi "Bu ingilisdir” dedi. O dildə də söydülər. Sonra ona toxundular, paltosunun ətəyini dartdılar. Canlı olduğu bilindi. Getdi, ordan uzaqlaşdı.

Körpü uzun idi; başqa satıcıların da yanında dayandı. Hətta filtrli siqaret satan oğlan, ayaqyoluna gedəndə onu öz yerinə qoydu. Satıcı gedib qayıdana qədər beş qutu siqaret, üç dənə də kibrit satıldı. Satıcı gələndən sonra hərəsi bir dənə filtrli siqaret götürüb yandırdı. Körpünün məhəccərinə söykənib balıqçılara baxdılar. Paltosunun yuxarıdakı iki düyməsini açdı, amma yenə də sərinlənmədi. Alnında puçurlanan təri paltosunun yaxasına sildi. Körpünün qurtaracağına baxdı, orda qaranlıq küçələr vardı. Satıcıya əliylə nəsə bir işarə edib ordan uzaqlaşdı.

Hündür binaların qoruduğu dar küçədəki vitrinlərdən birinin qabağında dayandı. Özünə baxdı. Müştərilərin yolunu kəsirdi. Bir müddət sonra hiss elədi ki, vitrinin arxasından ona baxırlar. Gombul dükançı balaca gözləriylə onu süzürdü. Sonra dükançının yumru üzünü təbəssüm bürüdü. "Ey, bura bax. Bu paltonu hardan tapmısan?” Baxdı, heş nə demədi. Başqa birisi yaxınlaşıb qolundan tutdu. "Hey, mister,” dedi. Başa düşmədiyi dildə nəsə soruşdu. Başa düşmədi. Yanındakı sözlərini əl işarələriylə anlatmağa çalışdı. Yenə alınmadı. Yerdəki çamadanını açdı, içindən bir neçə köynək çıxartıb paltolu adamın qoltuğuna soxdu. Barmağını paltonun böyük düymələrindən birinə dayayıb dedi: "Sən turist. Sən gətirmək köynək Fransa, Almaniya. Pul yox. Satmaq.” Amma başa saldığına əmin deyildi. Sonra paltolu adamdan uzaqlaşıb küçənin başına getdi. Gombul dükançı dükanın qapısında dayanıb onlara baxırdı. Bir az sonra qırmızı şalvarlı cavan oğlan gəlib qabağında dayandı, köynəklərə baxdı. "How much?” soruşdu. O isə sadəcə baxırdı. Köynəkləri ona verən adam müştərini qaçırtmamaq üçün yaxına gəldi, hirslə paltolu adama baxdı. "O kardır,” dedi, "yüz lirəyə satır”. "Bahadır.” "İstəsən səksən lirəyə  salarıq, onu yola gətirərəm.” Axırda köynəyi altmış lirəyə satdılar. Bir saat içində paltolu adam əsil satıcının vasitəsilə bütün köynəkləri satdı. Əsil satıcı paltosunun cibinə on lirə basdı, əlini sıxıb "Goodbye” dedi və getdi. gombul dükançı bayaqdan onlara baxırdı, "İçəri gəl” dedi. Paltolu adam heç nə demədi. Gombul dükançı bayaqkı oğlan kimi danışmağa başladı. "Sən gəlmək dükana burda” dedi və cavab gözləmədən onun qolundan tutub içəri dartdı. İçəridə dükançıyla satıcı bir müddət ondan necə istifadə edəcəklərini düşündülər. "Maniken kimidir.” Bir az da düşünüb, onu elə maniken kimi işlətməyi qərara aldılar. Əlindən tutub vitrinin qabağına gətirdilər. Satıcı onun çirkli ayaqqabılarıyla çirkli şalvarını göstərdi. Ağ bezlə ayağının paltonun örtə bilmədiyi yerlərini sarıdılar. O muzeydəki mumiyalara oxşadı. Qollarından tutub vitrinə çıxartdılar. Satıcı "Belə tir kimi dayanmasın” dedi, "nəsə bir poza verək.” Bir az düşündülər. "Qollarını açaq,” dükançı dedi, "vitrini doldursun.” "Yorulub qollarını oynadar.” Axırda qollarını iplə tavandan asmağa qərar verdilər. bir qolunu qabağa uzadıb iplə tavandan asdılar. O biri qolunu yandakı rəfə yerləşdirdilər. bir neçə nəfər onlara baxırdı. Sonra baxanlar çoxaldı. "Bu kukladır, canlı deyil,” deyənlər də oldu. Satıcı dükanın qapısında dayanıb qışqırırdı: "Canlı maniken mağazasına buyurun! Sərin saxlayan parça çeşidləriylə tanış olun. Böyük əziyyətlə Şimal qütbündən gətirtdiyimiz canlı isveç maniken, bu istiyə bizim parçalardan tikilmiş paltoyla davam gətirməkdədir. Baxın, paltodadır, amma tərləmir. "Saran parçalar” ancaq bizim mağazamızda! Geydirmə mallardan qaçın. Bizdən alın!”

Əvvəlcə ona baxmaq istəyənlər içəri girdilər. ağlayan uşağını çiyninə mindirən qadın qalabalığı yarmağa çalışırdı. Sonra parçalara da baxdılar. Qadınlar parçaları tutuşdurmaq üçün onun paltosuna toxundular. Paltonun ətəyi aralandı, altından cırıq şalvarı göründü. Müştəri az olanda satıcı bir az da parça götürüb ayaqlarını bütünlüklə sarıdı. Dükançı da paltonun ətəklərini qaldırıb ona kpməknetdi. Paltonun ətəyinin bu vəziyyəti dükançının xoşuna gəldiyi üçün, ətəklərin uclarını yelpik kimi qaldırıb iynəylə rəflərə bərkitdilər. paltolu adam bütün vitrini tutmuşdu. Ondan başqa heç nə görünmürdü. Ojnun üçün də çiyninə, qollarına bir neçə cür parça atdılar.

Nahara qədər yaxşı alver oldu. Yemək qablarını açanda dükançı "Ona da bir şey verək,” dedi, "ac-acına qalmasın.” Onu açıb vitrindən düşürtdülər, yanlarında taburet üstündə oturtdular. Yemək qabının qapağına makaronla lobya töküb qabağına qoydular. O da iki parça çörəyi çəngəl əvəzinə işlədib yeməyi yedi. Dükanın arxasındakı ayaqyolunun krantından su içdi. Oturub piştaxtaya söykəndi. Siqaret verdilər, siqareti dükançı özüü yandırdı. Sonra dükançı onun çiyninə vurub satıcıya baxdı, "İşə yaradı, hə?” deyib güldü. Satıcı da ona baxıb "Yorulmusan?” soruçşdu. Cavab vermədiyi üçün daha heç nə demədilər. siqareti qurtarıb bir müddət dəoturdu. Sonra asta-asta ayağa sdurub qapıya tərəf getməyə başladı. "Hara gedirsən?” dükançı qışqırdı. Dayanmadı. Dükançı ona çatıb cibinə bir az pul soxdu. O isə paltosunda qalan inələr, iplər və ayağına sarınmış ağ bezlə birlikdə çıxıb getdi. çiynində qalan bir parça əski də tində yerə düşdü.
Dik bir yoxuşun yanına çatanda dayandı. Səkinin qırağında oturdu. Əlinin arxasıyla alnının tərini sildi. Ətrafa baxdı: qabaqdakı avtobus dayanacağının nlövhəsini gördü. Ayağa durub bir-iki addım getdi, yenə dayandı. Satıcının ayağına sarıdığı bez açılmışdı. Belindəki ipi çıxartıb yerə qoydu. Səkinin qırağındkı daşla vurub ipi qırdı. İplə ayağındakı bezi bağladı. Dayanacağa gedə-gedə paltosunun üstündən şalvarını dartışdırdı. Yanından qatıqsatan keçdi; dayanacağın arxasındakı köhnə evə gedirdi, yanından keçəndə ağ paltolu adama dəydi. Paltolu adamç səndələdi, qapıya baxdı; qatıqsatan qaranlıq həyətdə yoxa çıxdı. Sonra qabağında qara eynəkli, qara saçlarını yağlamış biri peyda oldu. Paltolu adam baxdı, qabaqda bir neçə pilləklan var idi, eynəkli kişi ordan çıxmışdı. Qolununj üstündə xeyli kəmər var idi. Paltolu adam əlini tünd rəngli kəmərə uzatdı. Paltosunun yaxasını açdı, amma şalvarının belində kəmər yeri tapa bilmədi. Şalvarını bir az yuxarı dartdı, amma balağına bağladığı ip şalvarı dartılmağa qoymadı. Ümidsizliklə eynəkliyə baxdı, sonra ikisi də kəmərə baxdılar. Eynəkli çıxdığı pilləkanlarla aşağı düşdü, sonra geri qayıtdı. Əlində bir neçə dənə böyük iynə vardı. Həmin iynələrlə şalvarı paltonun içəri tərəfinə bənd elədilər. "Kəməri də üstdən taxarsan,” eynəkli bunu deyob güldü, "daha yaxşı olar.” Elə də elədilər. Paltosunun cibindən çıxartdığı kağız pullardan birini ona uzatdı. Kəmərsatan bir müddət pula baxdı, sonra aldı və yaxınlıqdakı dükana girdi. Pulun qalığı, bir şüşə ucuz şərab və balaca qabda tomat pastasıyla qayıtdı. Pulun qalığını ona verdi, şərabı açıb bir neçə qurtum içdi. Şüşəni ona uzatdı. Almadığını görəndə pilləkanlarla aşağı düşdü. Adamın ağzını kəsməsin deyə kənarı hamarlanıb düzəldilmiş konserv qabıyla qayıtdı. Paltolu adam üçün konserv qabını şərabla doldurdu. Pilləkanların qırağında oturub şərab içdilər. Bir avtobus keçib getdi. İkincisi gələnə qədər şərabları qurtardı. Avtobusa bir yerdə mindilər. Yolpulunu kəmər satan verdi və paltolu adamdan iki dayanacaq əvvəl düşdü.

Arxa oturacaqda tək qalanda ayağa durub qabağa gəldi. Sürücünün yanına çatanda qəfildən əyləci basdı və paltolu adam qabaqdakı oturacağa oturdu. Yanına oturan bir nəfər gülümsəyirdi. Əvvəlcə buna fikir vermədi. Amma gülümsəmə qurtarmadı. Təlaşa düşdü, kəmərini düzəltdi. Amma gülümsəmə davam edirdi. Yaxasına, ətəyinə, ayağındakı bezə baxdı, açılmamışdı. Görünüşündə heç bir uyğunsuzluq yox idi, rahatlandı bir az. Gülümsəyən adama baxdı. Axırda ona gülmədiyini anladı. Həmnin adam cibindəki radionun qulaqlığından gələn və avtobusda ondan başqa heç kimin eşitmədiyi bir mahnıya gülıürdü. Güniş meydanda avtobusdan düşdü. Ayaqqabı təmizləyən uşaq qutusunu yanında yerə qoydu. "Ayaqqabılarını təmizləyim?” Ayağını balaca sandığın üstünə qoydu, sarğının arası ağ fırçayla təmizləndi. Sonra göyərçinlər üçün qarğıdalı aldı, qolllarını yana açaraq quşlara səpdi. Parkın girişində oturan gənc oğlan yanındakıəna dedi: "Ona bax, tirə oxşayır.” "Çarmıxa,” deyə yanındakı özfikrini dedi. Güldülər.

Parkın girişində buz kimi qazlı sudan alıb içdi. Sonra kölgəlikdəki skamyada oturdu. Dişləri olmadığı üçün danışığı yaxşı anlaşılmayan bir qocanın dərdini dinlədi. Park boş  olduğu üçün ona fikir verən yox idi. Sonra qocanı avtobus dayanacağına apardı. Parkdan çıxan kimi yenə dalınca düşdülər. Əvvəlcə uşaqlar. Dayanacağa çatana qədər onu izləyənlər çoxaldı. Köynəyini şalvarının üstünə salmış bığlı biri dedi: "Allah bəlasını versin bu xaricilərin. Plkəmizdə havayı yaşayırlar.” Maşınının qapısına söykənib müştəri gözləyə-gözləyə nəsə yeyən taksi sürücüsü də bunu təsdiqlədi: "Pulumuzun dəyəri də buna görə düşür.” Qoca paltosunun qolunu dartdı, "məni qarşı tərəfə keçirdin” dedi. Sürətlə keçən maşınlara görə bir müddət yolu keçə bilmədilər. Qoca paltonu dartışdırırdı. "Hamısı da narkomandır. Öldürsən bəlaya düşərsən.” Sürücüylə bığlı siqaret yandırdılar. Hansısa qadın ərinə "Buna bax,” dedi. Baxdılar. "Uşaqlar arxasına quyruq taxıblar.” Güldülər. Paltolu adam maşınlarla uşaqların arasında qalmışdı. Qocanı tapa bilmədi. Qalabalıq getdikcə artırdı. "Ayaqları sarınıb.” "Bəlkə cüzamlıdır?” Hamı kənara çəkildi. Uşaqlarsa ətəklərindən tutub fırlatdılar onu. "Qarnına iynə sancıb.” "Qolları iplə bağlanıb.” "Bəlkə dəlixanadan qaçıb?” "Dəlidir də, paltonun üstünə taxdığı kəmərinə baxın.” "Paltoya?” "Qadındır?” "Nə qadın? Başdanxarabın biridir.” "Polis çağırın.” Başını qaldırdı: qabaqda, körpünün üstündə bir nəfər onun şəklini çəkirdi. "Bunlar kino çəkirmiş ki.” Hamı körpüyə baxdı. O bu qısa vaxtdan yararlanıb ordan uzaqlaşdı. Sonra qaçmağa başladı.

Uzaqdan keçən qatara tərəf qaçmağa başladı. Yıxıldı, əlini əzdi. Axırda dəmiryoluna çata bildi. Relslərin üstüylə getməyə başladı. Stansiyaya çatanda tər içindəydi. Yerə yıxıldı. Ayağa duranda ətəyi ayağına dolaşdı, yenə yıxıldı. Sonra dal-dalı gedə-gedə stansiyadan uzaqlaşdı. Qadınlar tualetinin divarına söykəndi. Bir-iki qatar keçdi, stansiya boşaldı. Kassaya yaxınlaşdı. Kassadakı məmur onun üzünə baxdı və bu danışmayan adama ikinci klasdan bilet verdi. Qatarda sarı taxtaları üstündə oturub, özü kimi çirkli, özü kimi yorğun adamlarla yol getdi. Qatarda siqaret çəkməyin yasaq olmağına baxmayaraq, onlarla birlikdə siqaret çəkdi. Pəncərəsindən dəniz görünən stansiyada qatardan düşdü.

Üstünə "Xalq çimərliyi” yazılan qapıdan girdi. Qumun üstündə bir az gəzişəndən sonra boş stul görüb üstündə iturdu. Əvvəlcə qum üstündə futbol oynayan gənclər ona baxdılar. Onu bir-birinə göstədilər. Başına top atdılar. Topdan yayınmaq istəyəndə stulla birlikdə yıxıldı. Ətrafına yığıldılar. Çılpaq ayaqlara baxmamaq üçün gözlərini yumdu. Qabaqdakı gənclərdən biri dedi: "Sarınıb.” "Yəqin çox pis xəstəliyi var. ” qabaqdakı gənc qız bunu deyib bir az arxaya çəkildi. Qalabalıq böyüdü, arxa sıradakılar onu görmək üçün itələşdilər, dairə daraldı. Ayağa durmaq istəmirdi. Üçüncü sıradan bığlı biri qabağa keçib camaatı arxaya itələməyə başladı. "Onsuz da xəstədir, qırağa çəkilin.” Bığlının itələdiklərinin yürini başqaları tutdu. Qalabalıq yerindən tərpənmək istəmirdi. Danışmırdılar da. Sadəcə ona baxdılar. Arxadan bir nəfər "Ayaqlarını qaldırın” dedi. Bunu eşidən bir məmur artıq müdaxilə etməyin vaxtı çatdığını düşünüb irəli yeridi. İsti qum, palto, kəmər və sarğı onu yandırırdı; qalabalıq da hava almağını əngəlləyirdi. Daha üzündən axan təri də silmirdi. Məmur ona dedi: "Bu paltarla çimərliyə girmək olmaz.” "Paltosunu çıxartsın!” Kimsə qışqırdı. "Bəlkə də içində heç nə yoxdur. Hardasa buna bənzər bir şey oxumuşdum.” Məmur yenə dedi: "Tez buranı tərk edin. Xalqın rahatlığını pozmağa ixtiyarınız yoxdur.”  "Paltarla otura bilər axı,” bığlı cavan onu müdafiə etdi. "Qadın paltosu!” "Başdanxarabın biri.” Yerbəyerdən qışqırdılar. "Çıx bayıra!” məmur onun qolundan tutub qaldırmağa çalışdı. "Özü gedər” bığlı dedi, "burax onun qolunu”. Ağ paltolu adam ayağa durdu, qalabalığın üstünə getdi, o saat yoldan çəkildilər. Onun keçə biləcəyi qədər yol açdılar. Tərdən gözləri yanırdı, üzü qıpqırmızı idi. Getdikcə ayağındakı sarğı açılırdı. Məmur "Dənizə yox!” deyib dalınca qaçdı. Bığlı gənc məmurun yolunu kəsdi. Sonra gələn qalabalığın içində yox oldular.

Su topuğuna çatanda paltosunun ətəyini yığdı. Məmur onun dalınca gəlmək istəsə də, paltarla suya girmədi. Paltonun ətəkləri əvvəlcə suyun üstündə açıldı, sonra islanıb suya batdı. "Dayan!” bığlı gənc qışqırdı. "Fikir vermə,” dedilər, "çox uzağa getməz.” Paltosu suda batdığı vaxt sahildən çox uzaqlaşmışdı. Çox uzağa getmişdi. Səhv eləmişdilər.

Bığlı gənc də gecikmişdi. Ağ paltolu adamın bu qədər dərinə gedəcəyi ağlına gəlməmişdi. Onun dalınca qaçdı, amma çata bilmədi. Daha əvvəl belə bir hadisəylə rastlaşmamışdı. Sonra başqa könüllülər də tapıldı. Axtarsalar da bir şey tapmadılar. Bığlı gənc sahilə çıxıb qumun üstündə oturdu, dərindən nəfəs alıb yerə tüpürdü, "Əcəb hekayədir,” dedi.

Uyğunlaşdıran: Həmid P.