Oğuz Ayvaz. Sonra günəş batdı aramızda... (ŞEİRLƏR)

Oğuz Ayvaz. Sonra günəş batdı aramızda... (ŞEİRLƏR)

Anamın xatirəsinə...

sən tərk edəndən məni,
bütün qadınlara
yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər, "yanındayam"lar,
əllərimdən tutmalar bulaşdı...
onlar mənə ana oldular,
başımın üstündə əsdilər,
sənin gözlərinlə baxdılar mənə, ana
hissə-hissə tapırdım qalıqlarını
çətin olurdu səni birləşdirmək ana...
yuxularda da bütöv deyildin,
özünü asdığın şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını gəzirdim həyatda
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə...
ad günün də yadıma düşmür
nə vaxt doğuldun,
yadıma düşmür
qarşı-qarşıya tort yediyimiz ,
xatırlaya bilmirəm,
hədiyyələrə sevindiyini,
bütün qadınlar
doğum günün kimi gəlirdi mənə
tanış olduğumuz tarixdə sən doğulurdun
neçə vaxtdı ad gününü keçirtmirik,
sənə bənzəyib
tort yemək istəmir bütün qadınlar...
mən səni, mən səni...
boş qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan uşaqların
sevinci kimi xatırlayıram...

Səni sevmək sənəti

səni sevmək güllələnən uşaqların 
qabağına keçmək,
bütün insanlara gül paylamaq,
qarşından keçənlərə gülümsəmək,
limon satan qadına salam vermək...
səni sevmək böyük şəhərlərin 
kiçik insanlarını bağrına basmaq,
qocaları baxşınla cavanlaşdırmaq,
bütün insanları uşaqlaşdırmaq,
rəngli şarlarla böyük bir meydançaya 
toplamaq bütün insanları,
və səni sevmək təkcə dənizi, 
günəşi, dağları, ağacları,
quşları, buludları deyil
bataqlıqları, xarabalıqları, 
üfunət iyi gələn
gölməçələri sevməkdir
uşaq simasına çevirmək onları gözlərinlə...
səni sevmək görmədiyimiz şəhərlərin küçələrinə 
evinizin eyvanından baxmaq kimi…
səni sevmək Tanrıya əlini toxundurmaq kimi,
yəni sevgilim, səni sevmək
bütün savaşlara,
bütün güllələrə yox əmri!

Quyruğu taleyindən kəsik

sən ey günəşin sakini
küçələri özünə vətən seçən
qulaqları sonuncu yarpaq tək əsən
quyruğu taleyindən kəsik köpək...
sümüyünü oğurladı kölgələr
çiynindən qaçaq düşdü bir mələk
gözləri çiskinli yağış köpək...
Tanrının axtarışıdı ayaqların
pəncələrində yara açıb yaşamaq
bir ümid asılıb boğazındakı tasmadan
sən ey günəşin sakini
quyruğu taleyindən kəsik köpək
adamlara quyruq bulaya bilməmək
necədir görən, gözləri çiskinli yağış köpək...
küçələri özünə vətən seçən köpək
necədir göyüzünü gözlərində yaşatmaq
ayın çıxmasına
ulduzların uçuşuna
günəşin batışına səhnə olmaq?
qovulmaq günəşin ölkəsindən
və hüznlü bir nəğməni
götürmək torpağın altına
sən ey günəşin sakini
quyruğu taleyindən kəsik köpək...

Atamın şəkli haqqı

atamın şəkli haqqı yadımdasan,
indi ən gözəl uzağımın adı sənsən...
atamın şəkli haqqı yadımdasan,
indi daha çox mənə oxşayırsan...
inan, bir az keçəndən sonra
ağrı da doğmalaşır, 
çox ləzzətlə ağrayır canın da...
atam kimi ağrayır bütün ağrılarım
anam kimi
inan mənə, elə ləzzətlə ağrayır ki...
mən elə bilirdim ağrıdan yıxılar insan
oysa itirdiyin adama çevrilərmiş ağrı
o qədər darıxarsan ki, 
ağrın dönüb atan olar, anan olar,
günlərcə yalvararsan Tanrıya
əzab çəkməyin üçün
qolunu sındırmaq istəyərsən,
ayaqlarını qırıq şüşələrə batırmaq istəyərsən
ağrımaq üçün min hoqqadan çıxarsan
sonra ağrını qucaqlayıb
gah ağlayarsan, gah gülərsən
elə bil atan uzaqdan gəlib
istədiyin oyuncağı almayıb amma
atamın şəkli haqqı yadımdasan
indi sənə çevrildi bütün əzablar
doğmalaşdı çıxıb getməyin
qucaqladım bütün gözyaşlarımı
sən bilməyəcəksən, bir az keçəndən sonra
əzab üçün Tanrıya yalvararsan...
o qədər darıxarsan ki, o qədər, e o qədər...
sevdiyin adama bənzətmək istəyərsən adamları
yalvararsan ağrımaq üçün
atamın şəkli haqqı düz deyirəm...

Qəzaya uğrayan misralar

səndən şeir yazıram,
yazmasam daha yaxşı,
bu şeir alınmayacaq,
misralar qəzaya uğrayacaq,
sözlər tüfənglə vurulan
quş kimi yerə çırpılacaq...
sənə yazdığım şeirlərin nəfəsi yoxdur,
boğuluram içində,
sənə çata bilmirəm misralarda,
əlimi uzadıram boşluqdu, təklikdi,
niyə belə yazmışam, bilmirəm...
sən həmişə mənimləydin oysa,
hələ ayrılanda da
şəkillərin vardı, mesajların,
aldığın köynək, Bukovskinin kitabı,
mən oysa istəyirəm sənin üçün darıxam,
misralarım imkan vermir...
mən şeirlərdə darıxıram,
sənin olmadığın şeirlərdə
yağışa bulaşmış
göy üzü kimi xatırlayıram səni...
oyuncaq silahlarla
bir-birini öldürən,
ölənə sevinən uşaqlar kimi...
sən bu şeirdə də yoxsan,
bu şeir də sənə yazılmadı,
ən yaxşısı yandırmaq şeiri,
silkələyib atmaq içimdəki şairi
və sənə çılpaq sözlərlə bağırmaq:
Səni sevirəm!

Doğum

gecə ikiyə bölünmüşdü,
yağış yağırdı gecənin qucağına
bir qızcığaz qalmışdı gecənin bətnində
tuta bilmirdi yağışın ucundan
enə bilmirdi oyuncaqlar şəhərinə
göyərçinlər qucaqlamışdı ağacları
gecənin ay işığıydı ağ göyərçinlər,
öz şeirini bəstələyirdi yağış
yağışa qarışırdı misralar
misralar düşürdü küçələrə,
parklara, narıncı yarpaqlara...
gecənin ürəyində saat çıqqıltısı
oyuncaq şəhərində doğum rəsmi
aslıb yağışın qaranlıq üzündən...
yavaş-yavaş pərdəsini endirirdi bir qızcığaz
yağışla bərabər düşürdü aşağı...
gəlişiylə bir şeir yazmışdı gecəyə,
Tanrının nəfəsini gətirmişdi üstündə
ata sözünü qucağına almışdı,
gülümsəyirdi qucağındakı ata sözü...
üzündə "yox" sözünün tablosu
açılmamış gözlərində bir dua yeri
ata sözü kimi qısa yerişləri
oyuncaq şəhərinə qonurdu ayaqları...
yağışı yanaqlarına köçürən bir qadın
pəncərə gözləriylə baxırdı qızcığaza...

İntihar ipi
Albert Kamyü üçün

uzun saçlarından 
özümü asmağı seçdim
oysa dərinlərdə batmamaq üçün
kifayət edərdi uzun saçların
cəsarətim çatmadı 
ölümün üstünə getməyə
həyatla ölüm arasında 
bir siqaret yandırdım
düşünüdüm çox sonraları
səni düşündüm
məni düşündüm
uzun saçlarını düşündüm
sonra saçların 
intihar ipinə oxşadı
sonra gülümsəyirdi saçların
sonra günəş batdı aramızda
sonra yox olduq 
amma
ölmədik,
həyatla ölümün arasında 
qaçışan uşaqların 
arxasınca yüyürdük
yoxa çıxdıq dalanlarda, tinlərdə
divarlara uzun saçlarının 
qoxusu yapışmışdı
sən yoxdun, saçların vardı
bir də dolanbac, əyr-üyrü yollar...

Yaşamağın səsi
 
kədərli gözlərini üzündən çıxartmalıyıq dostum,
gözyaşları süzülən yanaqlarını da....
hərdən ay çıxanda, qaranlıq güllə tək göy üzünə sancılanda,
aramsız yağış kimi başından döyən xatirələri,
bir də, bir də, dostum
şəkillərə baxıb köks ötürməyini çıxarmalıyıq həyatından,
birdəfəlik...
 
heç bir əşyanın üstünə kədər qondurma, dostum,
yalan söhbətdi, əşyalar insanları xatırlatmır,
əşyalar da insandır....
 
yanında boş bir bardaq varsa,
ya da bir stul, yaxud bir bıçaq,
üzülmə, üzülmə...
 
elə bil ki, ən doğma adamın oturub yanında...
 
fikir çəkməyin də başını burax,
düşüncələrini qəfəsdən uçurt,
qoy otaq boyu uçsunlar,
sevdiyin qız üçün
özünü öldürməyi də yaraşdırmıram sənə...
 
ondansa bir ətirşah gülünü sev,
yaxşı qulluq eləsən
heç vaxt ayrılmaz yanından...
 
Tanrıya da üsyan eləmə,
həyatı tanımaq üçün, anlamaq üçün,
həyata sarılmaq üçün göndərir faciələri, dərdləri...
 
gəl səninlə oyun oynayaq dostum,
əzabları, ağrıları sevgiyə çevirək...
 
necə deyə soruşma
əlimizdə bir boşluq var, yəni heç nə,
o boşluq yaşamağın lap elə özüdür...
 
ölümünə yaşayacaqsan, dostum,
bütü əzalarını itirsən də,
ayaqlarını, əllərini, gözlərini,
nə bilim daha da dəhşətli,
daha da çıxılmaz halqanın içinə düşə bilərsən,
ağrıdan nəfəsin tıncıxa da bilər,
bütün insanları ləkə kimi də görə bilərsən gözlərində,
bütün ağaclar asılacağın ip kimi gələ bilər sənə...
 
amma dayan...
 
dayan, bir anlıq dinlə,
həyatın özü-özünə bəstələdiyi musiqini,
maşınların uğultusunu,
gəmilərin fit səsini,
qab-qacaqların,
dənizin, dalğaların,
itlərin, pişiklərin, qağayıların...
 
yəni bütün səslərin bir səs kimi gəldiyini eşit...
yaşamağın səsidir o,
yaşamığın səsi...
 
sən olmasan bu bəstə yarımçıq qalacaq dostum,
küsmə həyata,
küsmə insanlara,
öldürmə özünü...
bəstəmiz yarımçıq qalmasın
səslər kəsilməsin...
 
hamımız təsəlli üçün yaşayırıq, dostum,
gəl sənə yaşamağın sirrini deyim,
elə bir şey deyim ki,
yaşamaq sevdiyin adamın portreti kimi
asılsın başının üstündən...
 
dostum, qulaqlarında sırğa elə, heç vaxt unutma:
ölmək istəsən uşaqların gözlərində qaçışan
həyata bax...