Paşa Talıblı: “Şəxsiyyətə görə sənətə qiymət vermək absurddur” (MÜSAHİBƏ)

Paşa Talıblı: “Şəxsiyyətə görə sənətə qiymət vermək absurddur” (MÜSAHİBƏ)

Yarasına duz basıb gülən, içindəki qürbətə Vətən olub qarışan, bətnində sevgidən o tərəfə bir hissə sarılıb yaşayan adamla yaz yağışına bürünmüş bir axşamda, Sumqaytda sahibsiz bir kafedə görüşdük. Gözlərini yağışın düşdüyü o məchul boşluğa dikib danışır, mən də əlimə düşən bu fürsətdən istifadə edib suallarımı yağdırıram.

O baxışlar deyir "Zarafatlar xatirəyə çevriləndə ağı olur...”, "İçimdə qaçan atlar mənə çatmadılar...”

O həyatından, yaşananlardan danışdıqca nədənsə mən Tolstoyu xatrlayıram. Sonra niyəsə Tolstoyun qadınına yazdığı vida məktubu düşür yadıma. 82 yaşlı Tolstoy evdən qaçışının üçüncü ilində geri qayıtmamağa qərarlı olarkən bir daha görmək istəmədiyi qadınına bir vida məktubu yazmışdı:

"Gedişim sənə acı verəcək, bağışla, mənə inan və başqa yolumun olmadığını anla. Mənim evdəki vəziyyətim dözülməzdir və dözülməz olaraq qalacaqdır. Başqa səbəblərin yanında, təmtəraqlı bir mühitin içində, əvvəl olduğu kimi yaşaya bilmədim və mənim yaşımdakı qocaların baxışına uyub dünyanı tərk edərək həyatımın son günlərini səssizlik və təklik içində keçirmək istədim.

Bunun mənasını və harda olduğumu bilmək istəyirsənsə gəlib məni axtarmamağını yalvararaq səndən xahiş edirəm, sənin gəlişin ikimizin də vəziyyətini pisləşdirər, ancaq mənim qərarımı dəyişdirə bilməz. 

Mənimlə birlikdə qırx səkkiz illik həyatın üçün sənə təşəkkür edir, sənə edilən və mənə yüklənən günahlar üçün məni bağışlamağını diləyirəm. O cümlədən, sənin mənə qarşı etdiyin haqsızlıqları da mənim bağışladığımı bilməni istəyirəm. Mənim gedişimlə sənin üçün olacaq dəyişiklikləri qəbul etməni diləyirəm. Mənə bir xəbər göndərmək istəsən Saşaya de, o məni harda tapacağını bilər və lazım olanı çatdırar. Amma mənim harda olduğumu deyə bilməz, çünki olduğum yeri heç kimə söyləməmək üçün mənə söz verdi".

...O artıq çox şeyi dərk etdiyi yaşda idi. Əlbəttə ki, o həyat yoldaşından deyil, özündən qaçırdı...Həyatının sona yaxınlaşdığını anlayırdı, bunu həzm etmək lazım idi. Bu isə asan deyildi...Tərki-dünya olmaq...Hamının anlayacağı bir qavram deyil. Görəsən, hamıdan qaçsa da, özündən də qaça bildimi?! Suallarına cavab tapa bildimi?!

Bu sualların məchul qalan cavablarının əlindən tutub yenə üzümü çevirirəm müsahibim, hal-hazırda Rusiyada yaşayan həmvətənlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblıya.


-Niyə heç harda yoxsunuz?
-Yoxluqla varlıq arasında yaşayıram. Amma sualı bir az da dəqiqləşdirsək daha dəqiq cavab verə bilərəm.

- Sizin haqınızda maraqlandım, hamı belə bir şairin olduğunu təsdiqlədi ancaq heç kim sizdən heç bir iz görstərə bilmədi. Heç harda çap olunmamısınız, kitabınız yoxdu amma bunla belə özünüzü şair kimi təsdiq etmisiniz.
-Yox, niyə ki mən zamanında "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında və bir çox mətbu orqanlarda çap olunmuşam. Ancaq bir şeyi deyim ki, çap olunmaq, kitab arxasınca qaçan adam olmamışam. Bilirsiniz, şairin pisi olmur. Azər Mehdioğlu var idi. O həmişə mənə deyirdi ki, "Sən dahi şair deyilsən, amma gözəl şairsən”. Təbii ki, biz hər yerdə olduğu kimi burda da bölgülər yaratmışıq; "gözəl şair” , "dahi şair”, "ali şair”, "çətin şair”.

- Maraqlıdır, adi şairlə, dahi şairi necə fərqləndirirdilər ki?
Bax, təsəvvür edin ki, düz bir yoldu və on dənə xəndək qazıblar. Gedib düşdünhəmin  xəndəyə və bu zaman oldun dahi, o xəndəkdən çıxdınsa oldun adi. Dahilər ömrü boyu o xəndəkdə olanlardı.

- Onda siyasətçilər heç vaxt dahi ola bilməzlər?
- Xəndək məsələsində?

- Bəli. Çünki siyasətçilər heç vaxt o  xəndəyə düşmürlər axı.
- Onlar dahi olmurlar deməyək, onlar şair olmurlar deyək.

- Hal-hazırda yazırsınız?
- Əlbəttə. İlk və bəlkə də son kitabımı hazırlayıram. Bütün mövzularda mən, ölüm bir də Allah var. Üçümüz əl-ələ verib bir kitab ərsəyə gətirmişik. Məncə hər bir kişi bir oğul böyütməli, bir ağac əkməli, bir də ev tikməlidir. Mən ev tikə bilmədim, amma şeirlərimi bir yerə yığmaq istədim. Heç olmasa onların başının üstündə bir damı olsun, küçədə qalmasınlar. Çünki mənim körpəlikdən küçədə qalan, damı olmayan adamlara yazığım gəlib. Ona görə də bu mənim kitabım olmayacaq, bu mənim şeirlərimin damı olacaq. Mənim evim olmadı, heç olmasa şeirlərimin evi olsun. Mən bu damın altına özümü, Allahımı bir də ölümü yığmışam. İndi bunların mahiyyətini eləcə də daxili mənimi nə qədər aça bilmişəm onu artıq oxucu deyəcək.

- Bildiyim qədəriylə uzun zamandır Rusiyada yaşayırsınız. Bəs kitabınızı burdamı çap olunacaq yoxsa ordamı?
- İlk olaraq burda- Vətənimdə. Ancaq orda da tərcümə edib çap etdirəcəyəm.

- Orda sizi şair kimi tanıyırlar?
- Mən həmişə özümü şəxsiyyət kimi tanıtdırmağa çalışmışam. Məni orda şairlikdən qabaq şəxsiyyət kimi tanıyıb hörmət qoyublar, sonra şair kimi. Məncə hər şeydən öndə insanın şəxsiyyəti gəlməlidir. Orda mənim yazılarıma görə alnımdan öpüblər.

- Paşa müəllim, oğlunuz da şardi. Adınızı da özünə təxəllüs götürüb. Demək olar ki, günümüzdə özünü təstiq edə bilən, oxucu auditoriyası yığa bilən şairdi. Elvin Paşanı deyirəm. Bəs, siz necə, heç onun alnından öpmüsünüzmü yazılarına görə?
- Mən istərdim ki, oğlumun alnından taleh öpsün, çünki o daha qüvvəlidir. Mən istəmzdim o şeir yazsın, şair olsun. Uşaq vaxtı bir dəfə şaihidi olmuşdum şeir yazmasının. Baxdım ki, bu da mən düşən ədəbiyyat, şeir, daxili narahatlıq bəlasına düşmək üçün yetərincə istedadlıdır. O zaman onu mən bacardıqca uzaqlaşdırmağa çalışdım. İmkan vermirdim yazmağa.

- Niyə?
- Çətin, həm də mətin yoldu. Poeziya elə bir şeydi ki, həftələrlə özündən, içindən narahat olursan. İçini özünə sığdıra bilmirsən. Bunun müqabilində nəsə yazmaq istəyirsən amma bəzən yaza da bilmirsən. Adamı dəli olmaq həddinə çatdırır. Yəni mən istəmirdim oğlum bu hallara düşsün, istəmirdim o yaza bilsin. 

- Oğlunuzdan müsahibə alanda demişdi ki, "Mən atamın Azərbaycanda yarım qalan arzularıyam. Onları bütövləşdirməyə çalışıram”
- Oxumuşam o müsahibəni. Onun özü bütövlükdə mənim arzularımdı. Mən öləndə rahat ölə bilərəm ki, arxamda belə bir oğul qoyub gedirəm. Kitabım da çıxandan sonra daha rahat olacağam ki, belə bir oğul, bir də bu kitab mənim xəzinəm oldu. Rahat vidalaşmaq, Tanrıya qovuşmaq olar demək ki. Mən Elvinin kitabına da, onun qabliyyətinə də, tərbiyyəsinə də inanıram. Mən heç vaxt bir şeyə inanmaram ki, o kiməsə xəyanət eləsin. Nəin ki kiməsə, o heç özünə belə xəyanət etməz. Ələxsus da yazılarında. İndi Elvini çox gözəl başa düşürəm. O vaxt Elvin yaşda olanda deyirdim ki, "Mən Səməd Qaraçöp kimi bir misra yazım sonra rahat ölüm” Mən elə anlar yaşamışam. Onun bir misrası var. "Karvan gedir amma dağlar qalır”. İlk baxışdan adi görünə bilər amma bu misra məni alıb haralara aparmışdı, İlahi. O vaxt bu misranı əlimdə silah kimi tutub dünyanın fikir bahadırları ilə mübahisəyə çıxa bilərdim. Sonra ədəbiyyata Salam Sarvan gəldi. O başqa bir səhifə aça bildi. Ümumiyyətlə bütün səhifələrin bir sonu var, bir də başı. O başa çıxa bilmək lazımdı. Aşıq Ədalət də "Yanıq Kərəmi”nin ən uca zirvəsini yaratdı. Amma onacan o səhifənin başına çıxa bilmək üçün nə qədər yüryüşlər oldu. 

- Oğlunuza o səhifənin başından yaza bilməsini arzulayırsınız?
- Simurq quşuları var, yəqin ki, bilirsiniz. Simurq quşu zirvəyə çatan 30 quşa deyilib. Minlərlə quş hədəf olan o nöqtəyə yürüyüş edib. Axırda 30 quş gedib o zirvəyə çata bilib. Onlara deyiblər ki, siz elə bir məqama gedib çatacaqsınız ki, orda həqiqət sizi qarşılayacaq. Gedib çatıblar ki, orda heç nə yoxdu. Orda soruşurlar ki, bəs həqiqət hanı? Deyirlər, həqiqət o səksən faiz quşun qırılıb, 30 quşun bura gəlib çıxa bilməsidir. Bax, mən istərdim ki, Elvin Simurq quşu ola bilsin. Həqiqət illuziyadır, o yoxdu. Amma o mütləqdir. Mən istəyirəm ki, o tapa bilməsə də çatsın həmin həqiqətə.

- Hal-hazırda müasirlərdən kimləri oxuyursuz və ya ümumiyyətlə oxuyursunuzmu?
- Bəli, oxuyuram. Müasirlərimizi əsasən sosial şəbəkələrdən izləyirəm. Bax, səhəri gözləyirəm, açılan kimi gedib Salamın və bir neçə qələm adamının kitablarından alacağam ki, gedəndə özümlə aparım. Amma müntəzəm olaraq Salam Sarvanı sevərək oxuyuram. Sonra Aqşin Yeniseyi. Aqşini şairdən çox filosof hesab edirəm. O adamın çox gözəl yanaşmaları, fikirləri var. Bilirsiniz, şeir bir az rədif, bir az qafiyə, bir az da norma məsələsidir.

- Sərbəst şeirə münasibətiniz necədi?
- Bilirsiniz, bu elə bir növdür ki, gərək Nazim Hikmət kimi yarada biləsən. Salamın nəyi xoşuma gəlir? Məsələn, deyək ki, üç bəndlik şeirdi. Oxuyub görürsən ki, üç bəndin heç birinin bir-biriylə əlaqəsi yoxdu. Amma sonluğu elə yekunlaşdırır ki, o sonluğa görə bütün əlaqəsiz misraları oxumağa dəyər. Məsələn, yazır və sonda deyir ki:

"Mən səni sevmirəm, sənin qoynuna 
səndən gizlənməyə girmişəm, qadın ”.

və ya

"Öləsən bir düşmən sevindirəsən”

Bu misralara görə nəyi desən oxuyaram. Ümumən Salam Sarvan yaddaşlarda misraları ilə möhr vura bilib.

- Gənclərdən kimləri oxuyursunuz?
- Təəssüflə deyirəm ki, heç kimi. Çünki sosial şəbəklərdə elə də aktiv ola bilmirəm, kitabları gəlib çıxmır. Amma Tural Turanın adını eşitmişəm. Deyirlər, yaxşı yazır. Yəqin ki, qayıdanda Vətəndən yüküm ancaq kitablar olacaq.

- Sizcə Allah hardadı?
- Bu suala necə cavab verməyimi istəyirsiniz?

- Hiss etdiyiniz kimi.
- Mən bunu tam aça bilməmişəm. O mənim içimdədi, ruhumdadı. Mən ondan dirilirəm, o hislə təzələnirəm. Amma onla qovuşmaq üçün ölümü gözləyirəm.

- Neçə yaşınız var?
- 58

- Dönüb geriyə baxanda bu 58 ildə bir dəfə özünüz ola bilmisinizmi?
- Mən dönüb geriyə baxanda uçurumdan başqa heç nə görmürəm. Mən getdikcə qırıb, töküb getmişəm. Ona görə də bu gün dönüb geriyə baxmağa ürək eləmirəm. Bilirsiniz, adam var yol gedir ayaqqabısını soyunub tərsinə geyinir. Dönüb izinə baxırsan görürsən nə qədər getsə də geridi izlər. Getdikcə keçmişinə dönür. Adam var bir ayaqqabısını düz, bir ayaqqabısını tərs geyinir. Dönüb izinə baxırsan görürsən bir ayağı gedir, bir yağı qayıdır. Onun elə hey bir addımı keçmişindədir. Adam da var getdikcə arxasında buraxdığı uçruma heç kim düşməsin deyə ayaq izlərini silir. Bax, mən keçmişimi silə-silə gedənlərdəndəm. Ona görə də arxaya baxanda darmadağın olmuş keçmişdən başqa heç nə görmürəm. Mənim bütün ümüdüm gələcəyədir.

- İstedadlı adamla itedadsız adamı necə ayrd etmək olur?
- İlkin olaraq düşüncəsi, baxış tərzi ilə. Məsələn, fərz edək ki, bir dostumla bir dəfn mərasiminə getmişik. Mən istedadlıyam, ədəbiyyat adamıyam, dostum isə çilingərdi, işi hisslərdən ibarət deyil. Qayıtdıqdan sonra dostumdan biri soruşsa ki, orda nə baş verdi? O deyər ki, tabutda bir meyid idi basdırdılar. Amma mən ona o cür baxmaram. Mənə görə o sadəcə basdırılan cəsəd deyil, tabutun içində bir adam boyda toxumdur. Bu yaz da nəsə cücərəcək. Bax fərq budur.

- Sizcə ədəbiyyatla şəxsiyyət kəsişirmi? Və ya şəxsiyyətsiz adam uğurlu əsər yaza bilərmi?
- Söhbət bundan gedir ki, siz o adamda nəyi axtarırsız və nəyi görmək istəyirsiz? Sizə o ədəbiyyat kimi lazımdırsa şəxsiyyəti nəyinizə gərəkdi? Dostayevskidən üzü o yana çoxunun həyatına bir nəzər salın. Amma ortaya qoyduğu əsərlərə baxın. Dönə-dönə deyirəm ki, şəxsiyyətə görə sənətə qiymət vermək absurtdur.

- Sizi burda səsləyən varlıq varmı?
- Bəli, var; Oğlum Elvin Paşa. Qürbətdən üzü Vətənə baxıb həmişə oğlumu izləmişəm. Baxıb özü-özümə demişəm ki, "bala, mənim bu yaşımda dərdin qabağında duruşum necədirsə sənin də on yeddi yaşında dərdin qabağında duruşun eynidi. Sən hansı zamanda bu qədər tab etməyi öyrəndin?”.  Bir poema yazmışam qürbət haqında. Orda oğlumu nar ağacı kimi vermişəm. Yazmışam "Məni Vətəndən bir nar ağacı çağırır. Deyir, Paşa qayıt, yaxşı narlarım var üstümdə. Sənin üçün bir balaca budaq da hazırlamışam. Yaxşı asılmalı budaqdı. Qayıt gəl, payızda asılası vaxtındı." Mənsə deyirəm "Sən mənim cəlladımsan. Amma sən məni nə gözəl səsliyirsən, sən məni ölümə nə gözəl çağırırsan, yenidən doğulmağa çağrış kimi. Amma biləsən elə mən burda da dar ağacından asılı yaşayıram”.

SÖHBƏTLƏŞDİ: 
Çinarə Ömray
AYB-nin üzvü,
Prezident təqaüdçüsü