Qalib Şəfahət.

Qalib Şəfahət. "Tələ"nin tələsi

Son vaxtlar oxuduğum kitablar arasında Eyvaz Zeynalovun "Qanun” nəşriyyatında çapdan çıxmış "Tələ” romanı da var. Adətən oxuyub qurtardığım kitab xoşuma gələndə, məndə xoş hisslər oyadanda onları kiminləsə bölüşmək ehtiyacı duyuram. Yenə belə oldu. Bu yazı həmin ehtiyacdan doğdu. 

Düzünü deyim, qabaqlar nə gəldi oxusam da, indi hər kitaba pul vermir, alıb oxumuram. Vaxt az, kitablar isə çoxdu. Hamısı da adamı sevindirmir. Ona görə seçim etməyə məcbursan. Eyvaz müəllimin kitabını görən kimi, fikirləşmədən aldım. Çünki bundan əvvəl onun bir sıra hekayələri ilə internetdən tanışdım. Həmçinin "Bələdçi” və "Qisas” romanlarını alıb oxumuşdum. Həmin əsərlərlə bağlı xoş təəssüratlarım vardı.

"Tələ” romanında, ümumiyyətlə, bu müəllifin əsərlərində məni ən çox cəlb edən, çəkən cəhətlər hansılardı? 

İlk növbədə, dilinin rəvanlığı, səlistliyi, gözəlliyi. Eyvaz müəllim sözə qayğı və hörmətlə yanaşır, onun üzərində səbrlə, dözümlə çalışır. Bu əsərləri oxuyarkən dilimizi bəyənməyən, onun kasadlığından, söz ehtiyatının azlığından, bu dildə fikirlərini ifadə etməyə çətinlik çəkdiklərindən gileylənənlərə inanmırsan. Dilimizin bostanına daş atanlara, sadəcə, bu dili Eyvaz müəllim kimi sevməyi onun əsərlərini oxumağı məsləhət görərdim. Arxayın olun, onlar sizi yormayacaq, dilimizi sizə bir daha sevdirəcək, zövq verəcək.

 Keçək əsas romanın məzmununa. Burda belə başa düşdüm ki, yazıcı əsər xatirinə roman yazmayıb, sənət baxımından ona yanaşıb.

Bu roman nakam  bir eşq hekayəsidir. Əsərin əsas qəhrəmanları İlham və Dilarədir.

Döyüşdə iştirak etdiyinə görə  onu dərindən tanımayanların yanında lovğa-lovğa danışan İlham müharibədə cətinliyə dözməyib ayağından özünü yaralayaraq, kəndə evlərinə qayıdır.  Çətin güzaran onu şəhərə iş axtarmağa məcbur edir. Satıçı işinə düzəlir. Burda Dilarə ilə tanış olur və bir-birini sevirlər. Dilarənin rəfiqəsi Saranın da İlhamdan xoşu gəlir, onların arasını vurmağa çalışır. Tələ qurur və buna nail  olur. İlham Dilarədən ayrılmaq istəməsə də Sara maddi imkanları ilə onu özünə  tabe etdirir.

   Bu romanı oxuyanda bir fikir başımda fırlandı.Uşaq vaxtı eşidirdim, el arasında belə bir fikir dolaşırdi,ən cox da dedi-qodu gəzdirən kənd arvadlarının dilindən eşidirdim:
    -Filankəs çox bilmişdi. Necə əməl etdisə, filankəsin qızının ailəsini dağıtdı.  Burda mövhümatcılıq, xurafatcılıq üstünlük təşkil edirdi.

    Burda bunları yazmaqda məqsədim başqadır. Əsərdə mövhümatçılıqla deyil, Saranın yüksək bacarığ və qabiliyyəti hesabına  bunlara nail olub. Yazıçı bunları obrazların dili ilə ustalıqla təsvir edib.

     Yazıçı mövhümatçılığı, xurafatcılığı  da bədii boyalarla, obrazların dili ilə tənqid  atəşınə tutur.
    Yazıcı burda iki sevənlərin  əmələ necə tuş gəlməsini, belə desək,  necə tələyə düşməsini bədii boyalarla əks etdirir. İlhamla Dilarə bir- birini məhəbbətlə sevir, lakin öz  eşqlərini qoruya bilmirlər. Bu da onların həyatınin  faciə ilə nəticələnməsinə səbəb olur. Söz yox tələ quran Sara da bu tələdən qurtula bilmir. 

    Burda tələ quran Saradır. Lakin cəmiyyətin özü də başdan-ayağa bir tələdir. Istənilən adam asanlıqla bu tələyə düşür və bu eybəcərliyin qurbanı olur.
    Yazıçı ticarətdə insanların pul əldə etmək naminə bir-birlərinə necə kələk gəlmələrini bədii boyalarla incə detalına kimi vermişdir. Üzdə ticarətdi. Hamı elə bilir ki, pul qazanmaq naminə biznes qurur. Alt qatı bataqlıqdır, bataqlığın içində tələ. Hamı o bataqlığın içindədir. O bataqlıqda insanlıq məhv olur. Insanlar mənəviyyatsızlaşdırılır.

Mənəviyyatsızlaşdırılmışlar məqsədlərə asanlıqla qulluq göstərir və o bataqlıqda məhv olurlar. 
Eyvaz müəllimin  bu əsərində də xüsusi peşəkarlıq özünü göstərir. Başqalarından  fərqli olaraq hadisələr  və əhvalatlar  quru və cansız formada verilmir. Yazıcı  maraqlı təhkiyə yolu ilə oxucuyla  təmas qura bilir. Bu da əsərin sanballı ədəbiyyat nümunəsi kimi genış oxucu rəğbəti qazanmasına səbəb olur.Eyni zamanda obrazların psixologiyasının, iç aləminin daha çox təsvirinə xüsusi önəm verib. Əsərdə hadisə də  var, obrazların psixologiyasının sadə dillə oxucuya çatdırılması da.

Burda əsas, əsərin dilinin mükəmməlliyi, hadisələrin təhkiyə yolu ilə çatdırılması, obrazların psixologiyasının, iç aləminin özünəməxsus şəkildə qabardılması əsərin sanballığının ən mübariz təzahürüdür.

Bu, mənim oxucu mülahizələrimdir. Yazıçıya yeni-yeni yaradıcılıq uğurları arzulayıram!