“Qanım birinci qrupdu, ilk vəhşi insanın qanı”

“Qanım birinci qrupdu, ilk vəhşi insanın qanı”

Qəşəm Nəcəfzadə: "Onların tənqidi də mənim şeirlərimə görə yaranıb, yəni onları da mən yaratmışam”

- Salam Qəşəm, necəsən?
- Sağ ol, yaxşıyam. Söz əhvalımcadı.
- Nə işlə məşğulsan?
- Düşünməklə, uzun-uzadı düşünmək, hərdən də qələmin ucunu həyata batırmaq. Şair şeir yazanda həyat onun mürəkkəbi olmalıdır.
- Səni bəzi qəzetlərdə tənqid edirlər.
- Bununla yazıqlar özlərini xoşbəxt hiss eləyirlərsə, halal eləyirəm.
- Tənqidlərdən pis olursan?
- Əsla yox, elə o da mənim şeirlərimə görə yaranıb, yəni onları da mən yaratmışam.
-"Kultaz”da sənin şeirlərin haqqında 70 tənqidi şərh yazılıb. Bu "Kultaz”ın tarixində görünməmiş bir şey...
- Bir az da məsələni mən qızışdırırdım, deyirdim qoy özlərini xoşbəxt hiss eləsinlər.
- Həyatda ən cox sevdiyin nədir?
- Allahın verdiklərinə qane olmaq.
- Ədəbiyyat  nədir?
- Həyatın üzünü köçürmək.
- Dost-düşməni necə, seçə bilirsən?
- Heç kəs düşmən deyil, sadəcə insan bir müddət bir-birini başa düşməyə bilər. Hələ ki, gözləyirəm, səbrim də böyük...
- Cavanşir Yusifli səni tənqid etdi.
- Görünür dişin dəyişirmiş. Bu adam tənqidçi deyil.
- Nərgiz Cabbarlı necə?
- O da, iş tapan kimi başı qarışacaq. Arada "Lit.az” da bir məqaləsi göründü. Şeirimi misal gətirib, adımı yazmayıb. Amma yaman heyif çıxıb məndən, adımı yazmayıb. Bir dəfə demişdim ki, Nərgiz publisistdir. Əsəd Cahangir onun haqqında yaxşı yazmışdı, intiharlarla bağlı kitabı tərcümə edib müəllif kimi öz adını yazanda...
- Prezident təqaüdü alırsan, neynirsən o pulu?
- Yığıb bağ evi üçün torpaq alacağam.
- Az-az görünürsən Vahid Poeziya evində.
- Bezmişəm ordan, nə qədər qeybet olar, o buna deyir ki, sən şair deyisən, bu ona deyir ki,  sən şair deyilsən. Adam internetdə dünyanın şairlərinə baxır, bunlara baxanda xəcalət çəkir. Əgər bir yerdə oturub çay içiriksə, demək mehriban olmalıyıq. Yoxsa bir tikə çörək ye, sonra dalaş, qonşu stollardakı adamlar da sənə harayçılıq eləsinlər. Heç ticarətçilər də belə deyil, onlar daha mehriban və etibarlıdırlar.
- Əsəbisən?
- Yox, mən əsəbləşə bilmirəm. Qanım birinci qrupdu, ilk vəhşi insanın qanı. Mən öz ovumu ovlamaq üçün səbrli və dözümlüyəm.
- Hansı bürcdənsən?
- Qoçam, aprelin 1-də anadan olmuşam.
- Ad günlərini qeyd eləyirsən?
- Yox, bəzən yadımdan çıxır. Sağ olsun hərdən qəzetlər yada salır. Bu ildə ad günü ilə bağlı "Alma” qəzeti bir oyun durğuzdu... Amma çox maraqlıydı, hələ də utanıram.
- Mən fikirlərimi  yenə sizə olan tənqidin üzərində qurmaq istəyirəm.
- Əslində bunu hiss eləmirəm. Kifayət qədər oxucularım var, get-gedə artmaqdadır. Sonuncu kitabım olan "Qadının ölümü” çox yaxşı satıldı. Satılırsa demək, oxucu var. Qaldı ki, internetdə, nə bilim qəzətdə, bəzilərinin tənqidi, bunlar azdı, cəmi üç-döprd nəfərdi, qorxularından ilan-qurbağa nikləriylə yazıb say artırırlar. Mənim üçün bunlar mənasız şeylərdi.
- Gənclərə münasibətiniz...
- Mən həmişə gəncliyin yanında olmuşam. Tanıdığın istedadlı gəncliyin əksəriyyəti bizim  "Pərvanə”dən cıxıb. Bunlar çoxu indi pərvanə etabını  çoxdan keçib. Aqşin, Samir Sədaqətoğlu, Sevinc Pərvanə, Həyat Şəmi, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli, Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan Pərviz, Faiq Balabəyli, İlqar Fəhmi, Ay Nur, Xatirə, Aliyə, Sevinc Nuruqızı, Dayandur Sevgin və neçə-neçə başqa istedadlı gənclər "Pərvanə”dən parvazlandılar. Məclisə tez-tez Ədalət Əsgəroğlu, Əsəd Cahangir, Mübariz Məsimoğlu, İlham Qəhrəman, Şərif Ağayar, Aygün Həsənoğlu, Xanəmir, Tehran Əlişanoğlu, Səlim Babullaoğlu, Paşa Qəlbinur, Nəriman Həsənzadə, Aqil Abbas və başqaları gəlib yeni yazılarını oxuyardılar və oxunan yazıya, müasir ədəbi prosesə öz fikirlərini bildirərdilər. Onda hələ "Alatoran” yox idi. Bu saydığım imzalar indi çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi. O vaxt "Pərvanə” şeirə yeni nəfəs gətirən Bakıda yeganə gur məçlis idi. İndi bəziləri bunu dansa da qətiyyən pis olmuram. Vaxt gələcək hər şey öz yerini tutacaq. Sonralar yeni ədəbi qruplar, "Nəfəs” yarandı, mən də bu yenu nəfəsi ürəkdən alqışladım, sonra isə "Alatoran” doğuldu, mən buna da çox sevindim. Sonra pərvanəçilərin çoxu getdi "Alatoran”a. Bu təbiidir, hər şey dəyişir, inkişaf edir. Heç kəsi qınamaq olmaz. Amma heç kəsi danmaq da olmaz, yeni ədəbi nəslin formalaşmasında "Pərvanə”nin rolu böyük idi. Yenə sualına qayıdıram , mənə tənqidi münasibətə bu, bir-iki nəfərin öyrətməsi idi. Məncə, indi vəziyyət yaxşıdı, çoxları günahlarını etiraf etdi…
- Bəs onda,  90-cılar və 2000-cilər  niyə sizin imzanıza birmənalı yanaşmırlar ?
- Heç də belə deyil. Mən 90-cılarla da, sizlərlə də dostam. Əsəd, mən 1978-ci ildən, birinci kursdan oxuyan vaxtdan elə indiki yazdığım üslübda yazmışam, indi ona doxsanıncı illərin şeiri deyirsiniz.  Bu kimi şeirləri mən 1-ci kursda yazırdım. Forma və təfəkkür baxımından bu şeirlər o dövr üçün maraqlı idi. Amma məni görünməyə qoymadılar. Səmimi deyirəm, 80-ci illərin əvvəllərində 90-cı illərin havasını (Müstəqillik havası, yeni düşüncə tərzi) öz yaradıcılığında hiss eləyən 80-cı illər nəslinin bəlkə də birincisiyəm."Ulduz” jurnalının poeziya şöbəsiniun redaktoru Vaqif Bayatlı məni o vaxt çap eləmədi. Həmişə şeirlərimi bəyəndi, amma nə olsun, nəticə olmadı. İndi bəziləri kimi mən də acığa düşüb Vaqifi inkar eləmədim. Adamın başının üstə Allah var, Vaqif yaxşı şairdi. Nə olsun ki, məni çap etmədi. Allah rəhmət eləsin İsa İsmayilzadəyə, ən çox sevdiyim şairdi, o da məni "Azərbaycan” jurnalinda çap eləmədi, bəyənirdi, amma şeirlərim nömrədən-nömrəyə qalırdı, axırda da itirdi. Amma o bir şair kimi mənim gözümdən heç vaxt düşmədi. Onun "Ulduzların ad günü” kitabı var, ilk kitabıdı, 1967-ci ildə çap olunub. Bugünki gənc nəslin həmin kitabdan xəbəri yoxdur, həmin kitabı bir-bir hamıya oxutdurdum, sonra həmin kitabdakı şeirlərin hamısını "Ədalət” qəzetində çap etdirdim. Cünki bizdən ayrı düşənlərə bu ehtiram borcumuzdur. Mənim əxlaqım belədir. Ədəbi mübarizənin ən yaxşı yolu başını aşağı salıb öz işinlə məşğul olmaqdı.
- 2000-cilərdən sonra gələn ədəbi nəsil barəsində nə deyə bilərsiniz.
- Çox yaxşı, hamınızın uğuruna sevinirəm. Sən özün, Əli Əlioğlu, Xatirə Vaqif, Mənsurə, Qismət, Elnarə Şəms, Nahid, Zərdüşt, Bəxtiyar Hidayət, Vüsal Nuri, Tapdıq, Günay Dağlı, Elvin Kədər, İltifat Köçəri, Aysel, Nuranə Nur həmişə yazılarını oxuduğum imzalardandır. Bu gənclərə qayğı  gərəkdi.
- Eşitmişik Amerikada  şeirləriniz dərc olunub, daha hansı ölkələrdə cap olunmaq planlarınız var?
- Vallah, bu planla deyil. Əlaqələr qurmuşam. Gələcəkdə hər şey yaxşı olacaq. Mütəxəssislərin dediyinə görə mənim şeirlərim ingilis dilinə tərcümədə yaxşı alınır. Biz gərək dedi-qodulardan yaxa qurtaraq. Kim necə yazıbsa yazıb, çalış sən yaxşısını yaz.
- Qəribə də olsa bir sual, sən kimsən?
- Mənə elə gəlir ki, biz özümüzü fiziki mənada tanıyırıq: Mən Nəcəfzadə Qəşəm Mirzə öğlu, ailəm, uşaqlarım, iş yerim və sairə. Hə, bu mənəm. Amma mənəvi mənada, ədəbi-bədii və məqam mənasında mən özümü tanıya bilmirəm, böyük Füzuli demişkən "Heyran olduğundandır ki, heyran olduğun bilməz” və mən deyərdim ki, şeir yazmaq elə özümü tanımaq cəhdlərimdi. Hər şeirlə, hər sözlə özümü tapmağa və tanımağa doğru irəliləyirəm. Hamı özünü yaxşı adam blir, hələ özünü pis adam bilənə rast gəlməmişəm, əgər belədirsə, demək, heç kəs özünü tanımır. Məsələn, dəniz bilirmi ki, ö dənizdir? Amma biz dənizi yaxşı tanıyırıq, onun kimyəvi və bioloyi tərkibini yaxşı bilirik, haqqinda məqalələr, kitablar yazırıq. Elə insan da belədir. Nəsimini öyrənirik, təhlil edirik. Məncə, Nəsimi özünü bu qədər tanıya bilməzdi. Yəni o mənadakı Nəsimi hansı gücün daşıyıcısıdır, bunu bilirdi, amma onu hərəkətə gətirən enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə dediyim kimi "Yarpaq bilmir ki, onu açan vaxt özü yıxdı”. Ürək bilirmi ki, onu döyündürən nədir? Əsla bilmir. Amma tibb elmi bunun səbəbini bilir. Buna rəğmən, sən məni daha yaxşı tanıyırsan, nəinki mən özümü. Qəhrəman bilmir qəhrəmanlıq elədiyini, sanki adi bir iş görür, ancaq biz bunun qəhrəmanlıq olduğunu bilirik. Gəl belə danışaq, indi biz burada söhbət edirik. Birdən yanımıza bir qumbara düşsə, onda biz nə edərik. Bax, elə sən, nə edərsən? Biz bunu bilə bilmərik. Bunu bilməyi bizə icazə verməyiblər. Nə edəcəyimiz qəflətən doğulacaq. Fizuli "Leyli və Məcnun” poemasının dibaçəsində deyir ki, " Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi” yəni bizə bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə ixtiyarimiz yoxdur. Həyatin, yaşamağın, ölümün fəlsəfəsi də elə budur. Demək, qəhrəmanlıq da doğulur. Bizim mühütin ən istedadlı gənc şairi kimdi, bəlkə o bizimlə yanaşı yeriyir, çay içir, bəlkə də biz ona əhəmiyyət vermirik. Elə bəlkə mən özüm onu "Azərbaycan” jurnalında çap eləmirəm- onu da deyim ki, bu sahədə çox diqqətliyəm, deyirəm birdən istedadlı bir adama qarşı ədalətsizlik etmiş olaram- və yaxud bəlkə də o bu saat zəif yazır, hələ diqqət cəlb eləmir və s. Sən gəncsən, yadına gəlməz, 80-ci illərdə elə gözəl şeir yazanlar var idi, sonra onlar yazmadılar və yaxyd əksinə. Zəif yazanlar püxtələşib ədəbiyyatda qaldılar. Müğənnilikdə bu daha qabarıqdı, uşaqlıqda bəzən çox gözəl səsi olanlar, boyüyəndə səsləri batır. Ümumiyyətlə, istedadı tanımaq çətindi. Amma 40 yaşı ki, kecdin, ikinci nəfəs deyilən bir şey açıldı, onda yüz faiz inanmaq olar ki, o əsl sənət adamıdı. Gənclik həvəsi də ötüb keçir, ailə problemləri, iqtisadi, fiziki, mənəvi cətinliklər səni qələmdən ayıra bilmir. İndi mən 40 yaşımı keçmişəm, nə yazdıqlarımı və hansı məqamda olmağımı sizlər daha yaxşı bilərsiniz. Bir şey bilirəm, mən çox ağrılı adamam, ağrıyan canım deyil, ruhumdu. Əli Kərim demiş: "Həyatım ağrıyır”, ruhum inciyir. Bu da nədəndi? Məncə, ruhum qopub gəldiyi yerə qayıtmaq istəyir. Mənim özümdən asılı olmayaraq, bütün çəhdlərim, şeir yazmağım, sevməyim və kamilləşməyim də qopub gəldiyim yerə qayıtmaq ücündü. Mən bunu Məcnundan öyrəndim. Fizuli deyir ki, Məcnun Allahdan- Haqdan qopub tələyə- dünyaya düşdü. Məhz Məcnun doğulanda ona görə ağlamışdı. İndi Məcnunun, elə Şeyx Sənanın da əsas məqsədi- əslində ruhun məqsədi sevərək, kamilləşərək qopub fəldiyi haqqa qovuşmaqdı. Mənim də ruhumin əsas çırpıntıları bundan ibarətdi.

Müsahibəni aldı: Əsəd Nəsirli