"Qanun"dan 3 maraqlı kitab - FOTOLAR


"Qanun” nəşriyyatı 3 yeni kitablar nəşr edib.


Onlardan biri dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspert Barbara de Anjelisin "Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər” kitabını oxuculara təqdim edib. Nəzakət Ağayevanın tərcümə etdiyi 524 səhifəli kitabı oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək. Siz bu kitabı oxumaqla təkcə özünüzü dərk etməyəcəksiniz, həm də həmişə xəyalı ilə yaşadığınız sevimli adamla münasibətlərinizi yüksək səviyyədə quracaqsınız. 




Nəşriyyatın oxuculara təqdim etdiyi digər kitab isə Ralf Eppersonun "Gözəgörünməz əl” əsəridir. Yaşar Əsədovun tərcüməsində oxuculara təqdim edilən 676 səhifəlik kitabda siyasi elmlər üzrə mütəxəssis Ralf Epperson tarixi kor təsadüflərin ağılsız oyunu kimi yox, əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr kimi görür. Tarixi o, konspirasiya olunmuş insan qrupunun idarə etdiyi proses kimi göstərir. Kitabda Rotşildlər ailəsinin çoxəsrlik siyasi fəaliyyətindən az məlum olan faktlar, Rusiyada inqilabın və XX əsrdəki hər iki dünya müharibəsinin pərdəarxası tərəfi, ABŞ Federal Ehtiyat Sisteminin yaradılmasının real məqsədləri və FES-dən istifadə praktikası haqqında təfərrüatı ilə danışılır. Epperson 1960-cı illərin əvvəllərində fövqəladə məxfilik şəraitində hazırlanan hansısa, "Dəmir Dağdan Məruzə” haqqında bəhs edir. Məruzəni sifariş edənləri narahat edən, yalnız uzunmüddətli sülhün davamlı nəticələri deyildi, onlar eləcə də müharibənin həm görünən, həm də görünməyən funksiyalarını öyrənmək istəyirdilər... Demə, müharibələr cəmiyyətimizin dayanıqlı olması üçün əhəmiyyət kəsb edən müəyyən funksiyaları yerinə yetirir; bunun üçün başqa üsullar yaradılmayana qədər, hərbi sistem saxlanmalı və onun effektivliyi təkmilləşdirilməlidir. 




Artur Qoldenin "Geyşanın memuarlaı” kitabı da nəşriyyatın oxuculara hədiyyəsi sırasındadır. 20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi olan bu kitabı oxumaqla siz siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, "Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da məhrumdurlar. Geyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. 


Qeyd edək ki, kitabın tərcüməçisi Ülkər Elxanqızıdır.