"Qanun"dan daha iki kitab

Bu gün "Qanun" nəşriyyatında iki yeni kitab yayıma göndərilib. Bunlar John Le Carre-nin "Sonuncu xəfiyyə” və İsmayıl bəy Qaspralının "Firəngistan məktubları” romanlarıdır. 

20-ci Əsrin ən çox satılan müəlliflərindən biri John Le Carre-nin "Sonuncu Xəfiyyə” əsəri ilk dəfə Azərbaycan dilində. 

Sonuncu xəfiyyə romanın qəhrəmanı, Rikin oğlu, Tomun atası, İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyem kimdir? Onun təhsilinə kimlər xüsusi nəzarət edirdi? O, kimin adamıdır? Maqnusun qəfildən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmamışdı, düşmənləri də xeyli narahat idi. Dövlət sirri təhlükə altındadır. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə necə çevrildiyinin şahidi olur. 

John Le Carre romanları klassik xəfiyyə janrının ən dəyərli nümunələrindən biridir. Onun məharətlə yazılmış romanları dünyada böyük oxucu kütləsi qazanmasına səbəb olmuşdur. John le Carreyə ən böyük uğur gətirən əsər "Sonuncu Xəfiyyə” romanıdır.

Tərcüməçi: Ziyad Quluzadə


"Dildə, fikirdə, işdə birlik”  ideyasının müəllifi ilk ziyalılarımızdan İsmayıl Bəy Qaspralının "Firəngistan” romanı.

"Onu Türklərin böyük müəllimi adlandırırdılar”.

Türk dünyasının böyük fikir adamı İsmayıl bəy Qaspralının (1853-1914) trilogiya şəklində qələmə alınan "Firəngistan məktubları” romanı qardaş Krım-tatar ədəbiyyatının klassik nümunələrindən biri sayılır. Əsas hissələri XIX əsrin sonunda qələmə alınan bu əsərdə İslam dünyasının problemləri, tarixi inkişaf yolları diqqət mərkəzinə çəkilir. Ustalıqla qələmə alınmış roman realist, utopik və ictimai-siyasi çalarların zənginliyi ilə seçilir. Kitab ədəbiyyat həvəskarları, geniş oxucu kütlələri üçün nəzərdə tutulub. 

Müqəddimə, Krım-tatar türkcəsindən çevirmə, izahlar və şərhlər: Vilayət Quliyev

Edebiyyat.biz