Qaranlığın qəlbi

Qaranlığın qəlbi

(çox sevdiyim bir filmə)

Qaranlığın qəlbinə yerləşir
bütün şübhələr.
Ayaq altına atılır
kədərli şəkillərdə rəngli gülüşlər...
Acı eşqin ardından
acı qəhvə izləri.
Ləkəli fincan boyu sürünür əllər...
Dodaqlara qovulmuş öpüşlərlə
qucaqlaşır...
ayrılır...
itkin kölgələr.
Xəyanətə çevrilir
ən məsum qadın qoxusu belə
Evinə gətirərkən
bir kişi köynəyində...
Böyük hərflərlə "SON" yazılır
Həyatın kiçikliyinə...

Kamran Süleyman

Edebiyyat.biz