Qayıdış romanı – İkinci Mahmud “Su sərgisi” haqqında yazır…

Qayıdış romanı – İkinci Mahmud “Su sərgisi” haqqında yazır…

İkinci Mahmud

Qısaca və birbaşa desək, Sərdar Aminin "Su sərgisi” əsəri şəhər romanıdır. Məhz buna görə də, mən bu mətni müasir Azərbaycan romanında çox qiymətli pillə hesab edirəm.

Əgər "dünya mətndir”sə (ifadənin müəllifi Jak Derridadır ), onda biz mətnin tarixinə həm də dünyanın tarixi kimi baxmalıyıq. Bu mənda, istənilən postmodern tekst nümunəsi lap əvvəldən – yaradılış haqqında rəvayətlərdən ta bu günədək yaranmış bütün mətnlərin enerjisini özündə daşımaqda. 
Sivilizasiyanın inkişaf istiqaməti "kənd”dən "şəhər”ə doğrudur. Cəmiyyətin inkişaf səviyyəsi onun şəhərləşmə (urbanizasiya) səviyyəsi ilə ölçülməkdə. Antik əkinçi nəğmələrindən simfonik musiqiyə, qayaüstü cızqılardan abstrakt rəsmlərə, nağıldan modern romanadək bütün sənət sahələri ilkin başlanğıcdan (praktiklikdən estetikliyə) uzaqlaşmağa meylli. 

Aqrar təfəkkürün təbiətə münasibəti ilə urbanistik təfəkkürün təbiətə münasibəti fərqlidir. Kəndlinin yağışa münasibəti şəhərlinin yağışa münasibətinə bənzəməz. Təbiətlə birbaşa kontaktda bütün yanaşmalar praktik əhəmiyyətli. Təbiətlə birbaşa kontakt olmayanda sən ona ekzotika kimi yanaşırsan. Kəndli təbiətlə iç-içə yaşayır, o, hələ də natural başlanğıcda olduğu kimi təbiətin bir parçasıdır. O, təbiəti sevib-sevməmək haqqında düşünmür.
 


Postmodern dövrdə vəziyyət paradoksal forma alır: sivilizasiyanın inkişaf istiqaməti "şəhər”ədən "kənd”də doğrudur. Bir növ, boz göydələnlərdən bezib dağ yamacında və ya dəniz kənarında qırmızı damlı ev tikən, həyatının hansısa dövründə (oxu: bəşər tarixinin hansısa dövründə) arxasına da baxmadan baş götürüb qaçdığı öz doğma kəndinə qayıdan adam kimi. 
"Postmodern” anlayışdan danışarkən onu təkcə sənət cərəyanı kimi qiymətləndirəndə ortaya natamam təsvir çıxır. Bu yazını "Su sərgisi” romanında postmodernizm əlamətləri axtarmaqla yekunlaşdırmaq da olardı. Amma mən postmodern anlayışı və roman haqqında paralel danışmaq qərarına gəldim.

Mənimçün postmodern (həm təfəkkür tərzi, həm də sənət cərəyanı kimi) anlayışı insan və təbiət münasibətləri, daha doğrusu, bu münasibətlərin dəyişkən xarakteri ilə birbaşa bağlı məsələdir.

Sərdar Aminin mətnində postmodernizm elementləri və mətnin arxasında gizlənən, bəzən isə heç gizlənməyən, əksinə, nümayişkəranə şəkildə özünü göstərən yazıçı psixologiyasının postmodern əlaməti diqqəti cəlb edir. Bəzən isə bu, mətni anlamağa imkan vermir; obrazlı desək, udlağında ilişib qalır; onu həzm etməyə, özündə əritməyə və emosiya yaratmağa mane olur. Ola bilsin ki, məhz buna görə roman ilk baxışdan "soyuq”, müəyyən mənada "quru” təsiri bağışlayır. Ola da bilər ki, müəllif bunu məqsədli şəkildə edir. 
Posmodern düşüncə tərzi həmişə keşmişə – unudulmuş keçmişə – qayıtmağa meyillidir. Mən bu keşmişə qayıtmanı natural başlanğıca – təbiətə və ya kəndə, mifə və ya irrasionallığa – qayıtma kimi anlayıram. Yuxarıda kəndlinin təbiətə (və ya kəndə) və şəhərlinin kəndə münasibəti, yəni bu iki münasibət arasındakı kəskin fərq haqqında danışmağım təsadüfi deyildi. Biz "kənd” deyərkən, inzibati vahidi yox, kultural təsisatı nəzərdə tuturuq. "Şəhər” təkcə inzibati vahid deyil, o, həm də kulturaloji leveldi. (Yadına sal:"sivilizasiya” və ya "mədəniyyət” sözlərinin kökündə "şəhər” mənası var) Əks halda, "şəhər” anlayışını "büyük kənd” kimi anlamalı olacağıq. Bu isə elmi cəhətdən çox savadsız yanaşma olardı. İstənilən elmi kateqoriyanın bəlirli xarici və daxili əlamətləri olmalıdır.

Nə qədər qəribə səslənsə də, "şəhər” bir kulturoji hadisə kimi kəndin davamı deyil, o, öz daxili əlamətlərinə görə kəndə qarşıdır. "Şəhər” "kənd”i inkar edir. Bu inkar öz əlamətinə görə modernist xarakterli də ola bilər, postmodernist xarakterli də. İndi biz Sərdar Aminin "Su sərgisi” romanından niyə modern roman kimi yox, məhz postmodern roman kimi bəhs etməyimizi izah etməliyik.

 
 
Qısaca və birbaşa desək, Sərdar Aminin "Su sərgisi” əsəri şəhər romanıdır. (Təbii ki, mən bütün təsnifatları, hansısa mənada, əhəmiyyətsiz hesab edirəm. Bu cür bölgülər sırf metodik əhəmiyyət kəsb edir.) Məhz buna görə də, mən bu mətni müasir Azərbaycan romanında çox qiymətli pillə hesab edirəm.

Müasir Azərbaycan prozasında şəhər romanı hesab edilən xeyli mətn var ki, əslində, onları şəhər romanı adlandırmaq olmaz. Bəzən oxucular, hətta peşəkar tənqidçilər də mətni yalnız xarici əlamətlərinə görə qiymətləndirirlər və ortaya çox primitiv mənzərə çıxır; burda qiymətləndirmə meyarı, təxminən, belədir: əgər romanda hadisələr şəhərdə vaqe olursa, ona şəhər romanı deyəcəklər.

"Su sərgisi” romanını şəhər romanına çevirən əsas əlamət haqqında yuxarıda danışdıq. Bu məsələdə əsas meyar təbiətə (arxaikliyə, tabuya, kəndə və s.), yəni natural başlanğıca münasibətdir, bu münasibətin xarakteridir. Ora – təbiətə, mifə, irrasilonallığa, kəndə – qayıdışdır. Və burda da əsas meyar ora kəndli kimi yox, məhz şəhərli kimi qayıdışdır. 
Əvvəldə qeyd etdiyim kimi, kəndlinin kəndə, təbiətə və ya arxaik tabulara yanaşması praktik səciyyə daşıyır. Tabuya boyun əyir, tabu ilə yaşayır, onu sorğulamaq ağlına da gəlmir. Çox qəribədir ki, mən tabunu məhz kənd əlaməti kimi başa düşürəm. Bu mənada, çox mümkündür ki, mənim romana yanaşmam da subyektiv alınsın.

Postmodern düşüncə və ya həyat tərzi də keçmişə qayıdış meyli ilə müşayiət olunur. Posmodernizmi bir sənət cərəyanı kimi özündən əvvəlki cərəyanlardan, məsələn, modernizmdən fərqləndirən əsas kontras da budur: modernizm keçmişi, ənənəni inkar edir, postmodernizm isə keçmişi birbaşa inkar etmir. Ona yenidən baxır. Əslində, bu da bir növ inkardır, amma, məncə, daha yaxşı inkardır.

Romanda diqqət çəkən problemlərdən biri mətnin tabuya münasibətdir. Mən qəsdən "müəllif” sözündən istifadə etmədim. Çünki müəllifin tabuya münasibəti məni qətiyyən maraqlandırmır. Bundan əlavə, biz əgər postmodern roman haqqında danışırıqsa, onda müəllif mətn və oxucu arasındakı münasibətə ancaq və ancaq xələl gətirə bilər.

Bahadır şəhərlidir, Sona "kəndli”dir. Sona erməni sevgilisindən hamilədir. Ona görə də intihar etmək qərarına gəlib. Tabular qüvvədədir; uşağın atası erməni ola bilməz. Çünki o düşmən xalqın (oxu: özgə qəbilənin, "öteki mahallenin”, "çujoy”un) nümayəndəsidir. Lap qəbilədə olduğu kimi: qəbilənin qanını təmiz saxlamaq lazım. Mənim qəbiləmin kişisinin ÖZGƏ qəbilənin qadını ilə cütləşməsi mənim qəbiləmə ziyan verə bilməz. Amma özgə qəbilənin kişisinin mənim qəbiləmin qadını ilə cütləşməsi yolverilməzdir. Çünki bu izdivacdan doğulan bicbala mənim qəbiləmin sakini olacaq. Sadə məntiqdir. Bahadırla Sonanın dialoqunda mətnin tabulara inkarçı münasibəti aydın sezilir.
 


"Bir gün bir kitab oxudum, həyatım dəyişdi” (cümlənin müəllifi Orxan Pamukdur). Bahadır xərçəng xəstəliyinə tutulduğunu öyrənir. Klassik düyün (konflikt) "Su sərgisi” romanında, təxminən, bu cür təzahür edir: bir gün bir xərçəngə tutuldum, həyatım dəyişdi. Bahadır xərçəngə tutulduğunu öyrənən kimi əlində L.Tolstoyun "Sergi ata” kitabı peyda olur. "Pastiş” və ya "göndərmə” adlanan metod postmodern mətndə intensiv istifadə edilir. Amma bir iş var ki, müəllif iki-üç səhifədə bir-neçə dəfə "Sergi ata” kitabının adını çəkir və bu da oxucuda müəllif haqqında "naşı” təəssuratı oyadır. Xoşbəxtlikdən hava soyuqdur; hadisələr elə cərəyan edir ki, Bahadır kitabı yandırmalı olur və müəllifi biabırçılıqdan xilas edir.

Mətn rasional təfəkkürün zaman və məkan haqqında olan ənənəvi təsəvvürünün altını üstünə çevirir; lap mifik süjetlərdə olduğu kimi qəhrəman bir göz qırpımında tozlu Bakıdan tozlu Suriyaya keçid edir. Simurq quşu və ya hansısa başqa mifik qəhrəman kimi… Biz "istənilən postmodern mətn özünədək olan bütün mətnlərin enerjisini daşıyır” deyərkən bunu nəzərdə tuturduq. Axı real aləmdə bir göz qırpımında məkan dəyişmək mümkünsüzdür – real ələmin öz primitiv həqiqətləri var. Bəs beləysə, biz niyə bu fantastik hadisəyə inanırıq?! Ona görə bu fantastik hadisəyə inanırıq ki, beynimizdə qədim miflərin bizə öyrətdiyi irrasional həqiqətlər var. Müəllif məsələni sadə həll edir: cəllad baltasını onun boynuna endirəndə qəhrəman yuxudan oyanır.

Bir gün bir xərçəngə tutuldum, həyatım dəyişdi. Dəyişən, əslində, həyat haqqında təsəvvürlərdir. Kasatski kimi günlərin bir günü "xərçəngə” tutulursan və indiyədək yaşadığın hər şeyin, bütün həyatının, həyatını həsr etdiyin həqiqətlərin əslində yalan və adi illüziyadan ibarət olduğunu anlayırsan. Öz həqiqətini axtarmalısan! 
Bahadır öz həqiqətini axtarmağa yollanır. Qədim miflərdəki müdrik qocanın yanına – arxaikə, keçmişə, təbiətə, irassionallığa… Əgər sən bütün rasional həqiqətlərə inamını itirmisənsə və ya daha onlara inanmaq istəmirsənsə, başqa aləmə düşəcəksən; bu sehrli aləmdə bütün ölçülər sənin xəyal gücünə görə müəyyən edilir. Bu aləmin yaradıcısı sənsən. Hər şey lap asan imiş ki! Hər şey öz əlində imiş ki! Hər şey sənin beynində imiş ki! Rasional Qərb (oxu: şəhər) fəlsəfəsində bezib həqiqəti irrasional Şərqdə (oxu: kənd) axtaran Şopenhauerin dediyi kimi: "Xoşbəxtlik mənbəyini öz içində axtarmalısan, çünki qalan başqa xoşbəxtlik mənbələri fanidir.” Sən indi ciyərinə hava almaqdan da xoşbəxt ola bilərsən. Əslində, xoşbəxtlik ucuz və əlçatandır. Bir ciyər dolusu hava qədər havayı və əlçatan. Amma bunu anlamaqçün bəzən sən uzun və mənasız bir həyat yaşamalı olursan. Bunu anlamaqçün sən havasızlığı yaşamalısan. Bunu anlamaqçün sən xərçəngə tutulmalısan. Bunu anlamaqçün sən bütün riyazı həqiqətlərdən qurtulmalı və müdrik qocanın (əslində, özünün) axtarışına çıxmalısan. Nəhayət, özünə – əvvələ, kəndə, mifə, irrasionallığa, təbiətə qayıtmalısan.

Sərdar Aminin "Su sərgisi” romanı qayıdış haqqındadır – özünəqayıdış haqqında. Süjetin finalda gözlənilmədən (əslində, gözlənilən) lap əvvələ – Sonanın yanına qayıtması təsadüfü deyil.

Biz qəsdən romanın üslubu və dili haqqında danışmadıq. Yaxşı ki, danışmadıq. Amma bir iş də var ki, postmodernizmin heç bir çərçivə tanımayan imkanları bəzən təhlükəli görünür. Ekonun sözləriylə desək, bu sərhədsizlik günlərin bir günü bizi ağ vərəqə və ya ağ kətana (ədəbiyyatda mətnsizlik, rəssamlıqda rəngsizlik, musiqidə səssizlik ) gətirib çıxara bilər.

//nargin.az