“Qələm tutan əli qəpiyə öyrətməzlər...” – Emil Rasimoğlu

“Qələm tutan əli qəpiyə öyrətməzlər...” – Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, gənc şair Emil Rasimoğlu 2 Fevral Gənclər Günü ilə bağlı günümüzdə ədəbiyyat cameəsində yaşanan bəzi problemləri qabardıb. AYB üzvü gənclərin sosial şəbəkələrdə öz maddi və mənəvi problemlərindən, bəzən də bu istiqamətdə atdığı gərəksiz addımlardan bəhs edib. 

Emil Rasimoğlunun fikrincə bəzi gənclərin maddi durumunun aşağı olması sosial şəbəkələrdə onların yazıqlaşdırıcı portretini cızır ki, bu da ümumilikdə Azərbaycan gəncliyinin kənardan görünən aurasına mənfi fon verməkdədir.

Gənc şair yaşananlara görə həm gəncliyi, həm də əslində onların uğurlu istiqamətini təşkil etmək funksiyasını öz üzərinə götürmüş qurumları dolayı yolla qınayıb: "Mən Azərbaycan ədəbi gəncliyinin bir  nümayəndəsi olaraq öz tərəfimdən- ədəbiyyat prizmasından yola çıxaraq, fikirlərimi mənsub olduğum mühitin üzərində qurmaq istərdim. Xüsusilə də özündən asılı olmayan səbəblərdən  və bir az da aslı olan səbəblərdən – çünki burada xarakter problemi də var – ədəbi gənclikdə gənclərin yaratdığı mənzərəyə baxıb bir neçə fikir sərgiləsəm yanılmaram. Öncə onu deyim ki, bir xalqın yaradıcı gəncliyi onun sabahının mənəvi dəyəridir, sərvətidir. Ancaq gəlin görək bu günün yaradıcı gəncləri hansı durumdadır. Pafosdan, popolistlikdən uzaq olaq; guya gizlədəndə nə olur ki, heç gizlin də deyil. Hər kəsin bir ortama gəldiyi sosial şəbəkələrdir ki, vallah, açıq desəm, yaradıcı gənclərin əlindən bu sosial şəbəkələrə də daxil olmaq olmur. Hamımıza bəllidir ki, bu gün kitab çapı məsələsi yalnız fərdin, müəllifin öz maddi imkanı sayəsində başa gəlir. Ağrılı və bir az da acınacaqlı nüanslardan biri də budur ki, 200-300 səhifəlik bir kitabın çapı üçün sosial şəbəkələrdə biri elan yazıb əl açır, biri zəng edib yardım istəyir, digəri maddi imkanı yaxşı olan adam axtarır. Heç kəs məndən inciməsin. Vurğuladığım kimi burada həm də bir xarakter problemi var. Yəni, insan var öz iradəsinə qısılır, qalib gəlir və sadəcə sabaha öz gücünü gözləyir, insan da var ki, dediyim tərzdə -sosial şəbəkələrdə bu yazıqlaşdırıcı sitiuasyalar yaradır. Son olaraq qısaca onu demək istərdim ki, qələm tutan əli qəpiyə öyrətməzlər, əfəndilər, öyrətməzlər”.

Tural Turan