Qəşəm Nəcəfzadə:

Qəşəm Nəcəfzadə: "Döyüşmədim, ölmədim deyə şeir yazdım"

Nənəsinin söz boğçasından və yovşan ətrindən poeziyaya gələn fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri haqqında

Yaradıcılığa nənəsindən eşitdiyi folklor nümunələrinin, tərəkəmə qadınların dup-duru dilinin, intəhasız türk bozqırını andıran Muğan çöllərindəki köç sədalarının təsirilə gəlib. Amma tələbə olanda yeniyetməykən yazdıqlarını bəyənməyib, müəllim olanda tələbəykən yazdıqlarını, jurnalist olanda müəllimkən yazdıqlarını. Beləcə özünü inkar edə-edə " Pərvanə” ədəbi məclisini qurub və Yazıçılar Birliyinin "Azərbaycan” jurnalinda poeziya şöbəsinə rəhbərlik etməyə başlayıb. Rəhbərlik etdiyi məclisin bir çox yetirmələri də onu bəyənmir. Bir sözlə, Qəşəm Nəcəfzadə 80-ci illər ədəbi nəslinin bir ayağı folklorda və ya klassik Şərq poeziyasında, bir ayağı isə Qərbin epik-erotik poeziyasında olan, həmişə yaradıcılığı ətrafında mübahisələr olan şairdir. Görək özü bütün bunlar haqqında nə düşünür?

- Doğulduğunuz İmişli bölgəsi poeziya ənənələri olmayan yerdir. Hər bir şair isə müəyyən bir ənənənin üstündə yetişir.
- Mən nəinki İmişlidən, heç vaxtı ilə təhsil aldığım və qədim poeziya ənənələrinə malik Gəncədən də bu gün istedadlı bir gəncin imzasına rast gəlmirəm. Mənə elə gəlir ki, bu, ənənə ilə bağlı deyil. Yaşadığım Muğan torpağının, yovşan ətrinin, söyüd kölgəsinin, çöl küləyinin adamın beyninə işləyən havası bəlkə də min illik Azərbaycan poetik təfəkkürünün çalarlarıdır ki, mən onları dadmışam. Şeir yazmağıma yaşadığımı bu mühitin əsas təsiri olub.
- İlk şeirinizi nə vaxt yazmısınız?
- İlk şeirimi 6-cı sinifdə oxuyanda yazmışam. Ulduzlar haqqında idi. Ulduzlara baxmağı sevirdim. Ümumiyyətlə, həyata, kəndə, yaşlı adamların danışığına, Azərbaycan dilinin qaynaqlarına poeziya kimi baxırdım. Bizim kənddə bir çapar var idi. O vaxtlar toya dəvət etmək üçün dəvətnamə yox idi, onun əvəzinə çapar var idi. Çapar gəlib deyirdi ki, "Söyün kişi toy eləyir, bu gün əvvəlidir, sabah axırı".
Nənəmdən öyrəndiyim çoxlu folklor nümunələri yadımda qalıb. Deyirdi, quşotu çox olanda qoyun acından ölməz: "quşotu, düş otur". Biz tərəkəmə idik, uzaq yerlərə gedərdik. Mənim tərbiyələndiyim və heç bir qatışığı olmayan poeziya bu idi: xalqın danışığı, xalqın təfəkkürü, arvadların ağlaşması, qoyunların mələşməsi, sürünün kəndə qayıtması. Soruşanda ki, filan hadisə nə vaxt olub, deyirdilər ki, qoyunun örüşdən qayıdan vaxtı. Bunlar tərəkəmənin saatı idi, poeziya elementləri idi, mən buradan qidalanmışam.
- İlk dəfə nə vaxt çap olunmusunuz?
- 1978-ci ildə "Ulduz" jurnalında. Mən güclə çap olunurdum. Sonralar Çingiz Əlioğlu "Ədəbiyyat" qəzetinə məni təqdim edib. Abbas Abdulla isə "Ulduz" jurnalının qapısını mənim üzümə açıb.
Bu gün biz və bizim yaşda olan insanların gəncliyə göstərdiyi qayğını o vaxt biz yaşda olanlar bizə göstərmirdilər.
Mənim qoyunçuluq təsərrüfatım var. Mən kapitalizmin nəfəsini duyan adamam, bu dövr mənim xoşuma gəlir. Hətta ədəbiyyatda mənə "fermer şair" deyirlər. Bu sözü mənim əleyhdarlarım desə də, əslində çox xoşuma gəlir. 10 il ilk kitabımın çapını gözləmişəm. "Yazıçı" nəşriyyatına təzə direktor gələndən sonra mənə öz imkanları daxilində kömək etdi. Bu gün Ələviyyə Babayeva AYB-ni qınayır, amma "Gənclik" nəşriyyatının baş redaktoru olanda mən orda kitab çıxara bilmirdim.
- Bildiyimizə görə, o vaxtlar çapdan çıxan kitablar üçün yaxşı qonorar verərmişlər...
- Qonorarın pulu şirin olur. Mən ilk kitabımın pulu ilə maşın almışam.
- Sizin şeirlərinizdə həyatın çox zaman şeirə gətirilməyən təfərrüatları öz əksini tapır. Bu istiqamətdə sizə kiminsə təsiri oldumu?
- Mən realizmi heç kəsdən öyrənməmişəm. Bəzən həyatdan gələn həqiqəti olduğu kimi yazmaq özü poeziyadır. Hərdən biz Allahın verdiyi ədəbi fakta müdaxilə edəndə onu yaralayıb öldürürük. Amma onu olduğu kimi köçürəndə gözəl alınır. Məncə, ədəbiyyat həyatın üzünü köçürmək deməkdir. Realizm mənim həyatımdan doğan bir şeydir. Mənim şeirlərimdə senzura olmayıb. Kitablarımın heç birində sosrealizm yoxdur. Kənd həyatı, qoyun otardığım örüş, dərs dediyim məktəb; həyatın qayğıları ilə yaşayan kənddə mən çılpaq realizmi gördüm. Mən onu heç kəsdən öyrənməmişəm, həyatdan öyrənmişəm. Ola bilsin ki, bu həqiqətlər mənim əvvəl yazdıqlarımın əleyhinə, əksinədir. Düşünürəm ki, ədəbiyyat əksliklərdən ibarətdir. Müəllimlik illərində tələbə vaxtı yazdıqlarımın əleyhinə idim, həmin illərdə yazdıqlarımın jurnalist olanda, jurnalist illərimdə yazdıqlarımın poeziya şöbəsinin müdiri olanda əleyhinə getmişəm. Sabah yenə özümü inkar edəcəyəm, beləcə inkar edə- edə gedəcəm. Ancaq qalan qalır....
- Fikrinizcə, hazırda daxili senzor sizə imkan verirmi düşündüyünüzü olduğu kimi köçürəsiniz?
- Bugünkü poeziyamızın mərhələsi sərbəst, epik, modern şeirdir. Vaqif Bayatlı mənim şeirlərimi 78-ci ildə rəndələyib kənara atdı. O, ədəbiyyata böyük bir hava ilə gəlmişdi, mənim havamı isə qəbul etmirdi.
- Son kitablarınızdan biri "Ömür kitabıma düzəliş" adlanır. Ömrünüzdəki hansı səhvləri bu kitabda düzəltmisiniz?
- Hər bir şeirimi həyatımda gördüyüm səhv işlərə düzəliş kimi başa düşürəm. Şeirlərim ürək kardioqramamdır, həyatda səhv olan işlərimi nişan verən qırmızı işarələrdir. Kitabımın birinin adı "Və sairə" adlanır. Bu kitabdan sonra mənim yaradıcılıq həyatım başlayıb.

Yedim, içdim,
işlədim, gəldim,
oturdum, durdum və sairə... sonra şeirlərim
Ailə qurdum, uşaqlarım,
evim-eşiyim və sairə... sonra şeirlərim

Hər hansı bir şeir həyat tərzinin əksi olmağı ilə bərabər, həm də ona bir düzəlişdir. Səhv işə bir düzəliş, düz işə isə bir səhvdir.
- Son kitabınız "Qadının ölümü" adlanır. Demək olar ki, əvvəlki üslubunuzdan çıxmısınız. Bu yeniləşmədə müasir ədəbi gəncliyin sizə təsiri olubmu?
- Gəncliyin təsiri olmayıb. Həyatın ritminin və yaşamın təsiridir. Bu kitabdakı yenilik ilk kitabımda da olub.
- Bir şeirinizdə deyirisiz: "İlahi, neyləyirsən elə/ amma qadını kişiyə çevirmə..."
- Alçalmış kişilərin çiynində ucalan qadınlar ölmüş qadınlardır. Bəzən deyirlər, aslanın erkəyi dişisi olmaz. Mən bu fikirlə qətiyyən razı deyiləm. Qadın kişiyə çevriləndə ölür.
Kişi qadını qadına, qadın da kişini qəhrəmana çevirməlidir. Məcnun ona görə böyükdür ki, onun arxasında qadın dayanır. Mən şeirimdə də deyirəm ki, səngərdən qaçan hər fərarinin arxasında öz balaca qadını dayanır. Qadın küçə kişisini bir anın içində qəhrəmana çevirə bilər. Amma təəssüf ki, bizim qadınlarımız kişiləri qəhrəmana çevirə bilmirlər. Ona görə də şeirimdə yazıram:

İlahi, neyləyirsən, elə
amma qadını kişiyə çevirmə,
qoy elə qadın kimi qalsın.

- Uzun illər "Pərvanə" ədəbi dərnəyinə rəhbərlik etmisiniz, bir çox gənc insanların üzə çıxmasında kömək olmusunuz. Bu gün onların əksəriyyəti sayılıb-seçilən şairlər kimi tanınır. Peşman deyilsiniz ki?
- Mən sevinirəm ki, bu gün sayılıb-seçilən gənclərin çoxu "Pərvanə" ədəbi məclisindən çıxıblar. Onlar istedadlı gənclərdir. Əksəriyyəti mənim əleyhimə olsa da, bundan peşiman deyiləm. Onları ilk dəfə yazı-pozuya gətirən, bu gün oturub- durduqları adamlarla tanış edən mən olmuşam. Mən heç vaxt onların bu davranışlarından üzülməmişəm. Çünki içimdə arxayın olduğum yaradıcılıq xammalı var. Hiss edirəm ki, vaxt, zaman bir gün onları məcbur edəcək hər şeyi etiraf etməyə.
- Bəs ədəbi tənqdin sizə verdiyi qiymətdən razısınız?
- Mən ədəbi tənqidə minnətdaram. Tənqidçi Əsəd Cahingir 90-ci illərdə müstəqillik dövrü ədəbi tənqidinin əsasını qoyub. O, sosrealizmi darmadağın elədi, yerinə müstəqil, emosional, azad nəfəs alan, düşünən, hərəkət edən tənqid gətirdi. Onun tənqidi, insanlara mənəvi qida verən tənqiddir.

- Şeirlərinizdə birində yazırsınız ki,
Şeir yazdıq bəlkə təzə ev alaq,
Tərif dedik bircə pillə ucalaq.
Ev ala bilmisinzmi?

- Hollandiyadan mənə yazırlar ki, yaşadığın evin önündən şəklinizi çəkib bizə göndərin. Yazmışam ki, evim yoxdur. "Neft və milyonlar səltənətində" 50 yaşlı bir şairin evinin olmaması onlar üçün təəccüblüdür.

- Daha bir şeirinizdə isə "İndən belə şeir vaxtı deyil ki/ bu şeiri yazan ölsün, ay Vətən!" deyirsiniz. Amma ... çox yazırsınız...
- Qurultayda Vaqif Səmədoğlu dedi ki, əgər Qarabağı şeirlə almaq mümkün olsaydı, təkcə Xəlil Rza Ulutürkün bircə kitabı ilə bunu etmək olardı. Sən itirdiklərinin ağrısına görə yazırsan. Qarabağ yoxdur-şeir yazırsan, Təbriz yoxdur -şeir yazırsan. Bunlar hamısı yerində olsaydı ,şeir yazmağa hacət olmazdı. Ona görə deyirəm ki, bu şeiri yazan ölsün, ay Vətən. Vətənin parçalanıbsa, Xocalı soyqırımın olubsa, şeir yazmağa ehtiyac yoxdur, əlinə silah alıb müharibəyə getmək lazımdır. Döyüşmədim deyə şeir yazdım, ölmədim deyə şeir yazdım.