Qəşəm Nəcəfzadə. Əyləşdiyim stul (Esse)

Qəşəm Nəcəfzadə. Əyləşdiyim stul (Esse)

"Azərbaycan” jurnalı poeziya şöbəsinin redaktoru olmuş və dünyasını dəyişən unudulmaz  sənətkarlarımızın xatirəsinə

Hər gün bu otağın qapısını açıram. Hərdən də açarım düşmür qapıya. Sonra bir təhər... çəmini tapıram. Bu otağın yeri, binası çox dəyişdirilib. Əvvəl  başqa ünvanlar, sonra aşağı,  yuxarı, mərtəbələr, indisə lap yuxarı, Azərbaycan Yazıçılar Birliyinin dördüncü mərtəbəsi. Bu,  mənim iş otağımdı. "Azərbaycan” jurnalının poeziya şöbəsi, müdiri də mən. Bu stol, yəni miz, bu da stul, yəni oturacaq. Stolun üstü qalaq-qalaq yazılar, çoxunu oxumamışam, içində şeir azdı, çox az. Yoxsa bu hündürlükdə kağız topası olmazdı ki...

Düşünəndə ki, bu stulda hansı böyük sənətkarlar oturub, bir anlıq həyəcanlanmaya bilmirsən. Bu stul yaz gələndə yazlanıb, qış gələndə qışlanıb, söz gələndə sözlənib, nə qədər müəlliflərin üzünü görüb, 100 ilə yaxın bir ədəbiyyat ömrünün içində olub, müxtəlif ideologiyaların çarpışmasına şahidlik eləyib.

Otaqda Məmməd Orucla Səyavuş Məmmədzadənin şahmat taxtası həmişə nədənsə  məni kövrəldir. Çünki dipdiri bir həyat, təfəkkür çırpınır orda. Hərdən istəmirəm oynasınlar (maneçilik baxımından), hərdən də elə bilirəm bu oyunsuz otağım çox şeyləri itirmiş olar. İndiyə kimi nə qalib məlumdu, nə də ki, məğlub. Nə oyunçu artır, nə də azalır.  Oyunçu elə iki nəfərdi ki, iki nəfər...Kiminsə  təsadüfən ayaq üstə gözləri ilə maraqlı oyuna ilişib qala bildiyini də görmək olar.

"Azərbaycan” jurnalı Azərbaycan Yazıçılar Birliyindən yaşca böyükdü. Birlik 1934-cü ildə yaranıb, "Azərbaycan” jurnalı 1923-cü ildən çıxır. Dəfələrlə adını dəyişdirsələr də dilini, məqsəd və məramını heç vaxt dəyişdirə bilməyiblər.
Bu yaxınlarda  Bakıda,orta məktəblərin birində görüş zamanı "Azərbaycan” jurnalında işlədiyimi bilən yaşlı bir ədəbiyyat müəlliməsi ağladı və dedi: "Demək, "Azərbaycan” jurnalı hələ də çıxır. Mən 50-ci illərdən 90 –ci ilə kimi onun bütün saylarını yığırdım, o jurnal bizim ədəbiyyat universitetimiz idi.”

1980-ci illərin əvvəllərində, daha doğrusu, Əkrəm Əylislinin dövründə  sarı rəngdə çıxırdı bu jurnal. Məhz bu sarı rənglərin zamanında  mən jurnalaın poeziya şöbəsinə şeir gətirdim.

Həmişə şeirlərim bu şöbədə itirdi. Sonradan tapılanda da  vərəqlərı artıq saralmış olurdu. Təzələmək lazım gəlsə də, yenə gözdən- könüldən kənarda qalırdı. Bir dəfə  mərhum şairimiz İsa İsmayılzadə danışırdı ki,  Əli Kərim də (Əli Kərim 60-cı illərdə poeziya şöbəsinin müdiri olub) bizim şeirlərimizi (Ələkbər Salahzadə də bura daxildir) həmişə itirirdi, əvvəl-əvvəl ciddi axtarırdı, sonra isə deyirdi: bəlkə yenilərini gətirəsiniz.

İndi mən də kiminsə yazılarını itirirəm. Doğurdan itir. Kağız topalarını o tərəf, bu tərəfə çevirməkdən yoruluram. Demək şeir təkçə kağız topasında deyil, həm də yaddaşda olmalıdır. Yerini sənə deməlidir: mən burdayam. Ya o vaxtlar mənim şeirlərim  "Mən burdayam” deyə bilmirdi, ya da şeirlərin dalınca Bakıya cəmi ildə iki dəfə gəldiyimdən arada bir boşluq yaranırdı. Onda  nəinki şeirimi, hətta adımı belə yadlarından çıxarırdılar. Ədəbiyyatda, ümumiyyətlə redaksiyalarda "qapının cəftəsini yerindən çıxarmaq” söhbəti də var. Vaqif Bayatlı o vaxt yazırdı:

"Görünməzsən unudarlar,
ah zalım dostlar, zalım qardaşlar”.

Həyat nədir? Onu necə təqdim edirsən odur(Markes). Mən də ədəbi həyatımı belə, olduğu kimi təqdim edirəm. Öz gəncliyimə baxanda, bu günün gənc şairləri otağımın qapısında dayanıb içəri keçməyə icazə gözləmirlər. Artıq  sovet yazıçısının vəzifə imicini zaman öldürüb. Məndən 25 yaş kiçik gənc şair Qismət otağımda özünü yaxşı hiss eləyir. Söhbət edirik, müzakirələr aparırıq. O vaxt  Fikrət Qocadan (O, poeziya şöbəsinin müdiri idi) 25 yaş kiçik olan mən onun otağında nəinki oturmaq, hələm-hələm daxil də ola bilmirdim. Görəsən niyə? Bu, mənim utancaqlığım idi, yoxsa Fikrət Qocanın ciddiliyi? Yoxsa zaman? Bəlkə Azərbaycan jurnalının tirajının 70 mindən  1 minə  enməyi? Nə bilim, bunun səbəbini hələ də anlaya bilmirəm.

"Azərbaycan” jurnalı  Azərbaycan Yazıçılar Birliyində, ümumiyyətlə, Azərbaycanda ən böyük ədəbi orqandı. Onun da ən boyük bölməsi poeziya şöbəsidir.

Bəzən elə olur ki, qarşımızda dayanan gəncin böyük şair olacağına inanmırıq. Bəzən də istedad çobanaldadan yağış kimidir.Azca görünür, sonra yoxa çıxır. Biz çox vaxt qəflətən deyilmiş poetik misraların aludəçisiyik.  Nə qədər belə istedadlı şairlərimiz vardı, hətta prezident təqaüdü aldılar. Hanı indi onlar? Bəzən biz istedadı gəncləşdirməkdən xüsusi zövq alırıq. Məsələn Tibb Universitetinin  13 yaşlı tələbəsi, 10 yaşlı şair və ya müğənni. Ədəbiyyat rekordlar kitabı deyil. Bu, bəlkə də idmanda özünü doğruldur. Amma poeziyada yox. İstedad bişməlidir, sınaqlardan, ailədən, ehtiyacdan keçməlidir. 80-ci illərdə  mən 100-ə yaxın imza tanıyırdım. Bütün qayğılar da onlara göstərlmişdi. "Yazıçı” nəşriyyatı "Gənc müəllifin ilk kitabı” seriyasından ancaq onların kitablarını nəşr eləmişdi. İndi onlardan ikisi, ya üçü qala-qalmaya.  Biz "çobanaldadan” yağışla əsl yağışı ilk andaca ayırd etməyə çətinlik çəkirik. Bəzən də belə olur. Biz şairin yeni sözünü tanımırıq.  Onu döyürük, incidirik, o da küsüb gedir, sonra da adını qoyuruq tələbkarlıq. Məncə, tələbkarlıq elə istedadla birlikdə, onun içində doğulur. Mən istedadlı gənc şairin ilk şeirindən  onun mininci şeirini ( yəni davamlı olmağını, inkişaf edəcəyini) görə bilirəm.

Yuxarıda qeyd etdiyim kimi"Azərbaycan” jurnalının 87 illik ömürlüyündə çoxlu sayda poeziya şöbəsinin  redaktorları  olub. Onlar bu məsələləri işin içində olduqlarından dəqiq bilirlər  Mənə elə gəlir ki, onların da özlərindən asılı olmayaraq, cap etmədikləri, etdirə bilmədikləri və ya capını istəmədikləri yazılar olub. "Beşmərtəbəli evin altıncı mərtəbəsi” həmişə qalıb.O  yazılar illərlə ötürülərək mənə qədər gəlib çatıb. O şeirlərin adını təyin edə bilmirəm.  O vərəqi, o şeiri, ola bilsin ki, mən də gələcəyə ötürəcəyəm.

Hələlik isə jurnalın poeziya şöbəsinin müdiri olmuş bir neçə şairimiz haqqında.

Süleyman Rüstəm

Süleyman Rüstəmin  şair stixiyası mənim xoşuma gəlir. Elə bilirəm iş stolumda onun əl izləri hələ də qalır. Bax, elə bu çap etmədiyim bu şeir də ondan, o vaxtdan qalıb.Yəqin ki, hələ də qalacaq.
Süleyman Rüstəm milli şairdir. Təbriz şeirləri, qəzəlləri, müharibə və məhəbbət mövzularında yazdığı  əsərləri bu tələbləri yetərincə ödəyir, hələ bir az da o yana keçir.”Mən sənin dilinə dəymirəm çəllad, sən də mənim ana dilimə dəymə” deyirdi Süleyman Rüstəm. "Yaralılar qaçırlar havadan tuta-tuta”,”Avtomatla sual ver, avtomatla cavab al” misraları bu gün də müasir şeirimizin önündə duruş gətirə bilən misralardı. Bilirəm bu stulda  onun dizləri çox titrəyib. Ürəyi əllərindəki vərəqlər kimi əsib. Vərəqləri yellədən 37-ci ilin küləkləri onun şeirlərini çiddi şəkildə redaktə eləyib. Yerində bəzən çox az şeylər qalıb. Bu stolda o saatlarla düşünüb, bu şeiri yazsın, ya yazmasın, çap etsin, ya etməsin. Mənə elə gəlir ki, mənim stolumun üstündə bu düşüncələr hələ də qalmaqdadı. Həqiqəti demək lazımdı, Süleyman Rüstəmin yaradıcılığından kommunust partiyasına həsr etdiyi şeirləri çıxsaq, yenə də yerində böyük şair Süleyman Rüstəm qalacaq.

Böyükağa Qasımzadə

Hal –hazırda jurnalın baş redaktoru  İntiqam Qasımzadənin atası... Nakam taleli gözəl bir şair və  tərcüməçi. . İntiqam Qasımzadə az-az hallarda atasından danışar. Onu da biz söz salanda, ya da Böyükağa müəllimin yaşadığı dövrdən söz düşəndə... Cəmi 41 il ömür yaşayıb Böyükağa Qasımzadə. S. Vurğun, S. Rüstəm, R. Rza, M. Müşfiq və M. Rahimdən sonra ədəbiyyata gələn ədəbi nəslin içərisində ənənəvi üslubda yazan və öz dəsti-xətti olan şairdi.  O da Süleyman Rüstəm kimi Bakıda dəmirçi ailəsində anadan olub. 3 yaşı olanda  anası Xədicəni itirir. 30-cu illərin əvvəllərində "Murad” poemasını çap etdirir və ədəbi içtimaiyyətin nəzərindən bu poema kənarda qalmır. 1937-ci ildə  A.S. Puşkinin vəfatının 100 illiyi münasibəti ilə M.F. Axundzadənin " A. S.Puşkinin ölümünə şərq poeması”nı farscadan ana dilimizə çevirmək üçün keçirilən müsabiqədə ikinci yeri tutur. Bu müsabiqədə o dövrün  məşhur şairləri iştirak edir. Birinci yer heç kəsə nəsib olmur. Bu mükafatı alanda  Böyükağa Qasımzadə "Qırmızı Bayraq Ordenli Azərbaycan  Neft  İnstitutunun tələbəsi idi. 1938-ci ildə "Şirin sözlər” ilk şeirlər kitabı onun orjinal, fərdi üslubunu ədəbi prosesin diqqətinə çəkir.  Böyükağa Qasımzadə 1941-ci ildə Böyük Vətən Müharibəsinə gedir, 1948-ci ildə ordudan tərxis olunur,  doğma vətənə, ədəbiyyat cəbhəsinə  qayıdır.1949-51 ci illərdə”Ədəbiyyat və incəsənət”qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri, 1951-52-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat Şöbəsinin müdiri,  1954-57-ci illərdə ömrünün sonuna kimi "Azərbaycan” jurnalında şeir bölməsinin müdiri vəzifələrində çalışır. O qısa və mənalı həyatında M. Fizuli, İ. Həsənoğlu və M.F. Axundzadədən (fars dilindən), eyni zamanda   A.S. Puşkin, T. Şevçenko, Sasunlu David, Nekrasov, İvan Franko, Musa Cəlil, Marşak,  Raunis və başqalarından etdiyi tərcümələr Azərbaycan tərcümə ədəbiyyatının layiqli səhifələridir.
Nizami muzeyində divara vurulmuş bir stendə oxumuşdum: Böyükağa Qasımzadə M. Fizulinin əsərlərinin  tərcümə edən  dünya üzrə 8 nəfər arasında yeganə azərbaycanlıdır.
Mən iş otağımda Böyükağa Qasımzadənin addım səslərini eşidirəm. O 41 il yaşadı, mənimsə indi 50 yaşım var. Birdən ehtiyatlanıram əyləşdiyim stuldan, birdən mənə etiraz edər. Böyük insanların xatirələrini özündə yaşadan bu masa mənimlə haqq- hesab çəkər.
Otağımın qapısı yavaşca açılır. Gələn müəlliflərdir.

Əli Kərim

Bu otaqda hər gün Əli Kərimi düşünürəm.Tez-tez bu misraları düşür yadıma: "Meşəbəyi, ağacların kefi necədir?”. 38 yaşında həyata "Əlvida və salam”(Rəşad Məcid)- dedi. Şeirimizə Moskva ədəbi mühütündən yeni nəfəs gətirdi. Onlar kimi yazmadı. Orxan Vəlini sevirdi. Onun kimi də yazmadı. Sadəcə, Əli Kərim kimi yazdı. Şair Kələntər Kələnrlinin Əli Kərimə yazdığı şeirindəndi bu misra: " Qəbrin üstə gül qoymağa əlim gəlməz, Əli Kərim” Bu da K. Kələləntərlinin xatirəsidir, özü danışıb mənə: Fikrət Qoca 60-çı illərin əvvəllərində sovet nümayəndə heyətinin tərkibində Kuba respublikasına gedibmiş. Vətənə qayıdandan sonra şair Azərbaycan zəhmətkeşlərinə səfər təəssüratlarını danışır. Ucqar bir aran rayonuna gedir.  Yay... isti hava... özü də bürkü. Əli Kərim də Fikrət  müəllimlə birlikdə olur.Əlinin könlü araq istəyir. Fikrət Qoca  damışmaqdan doymur. Bir-iki dəfə Əli  cəhd edir ki, Fikrət müəllim görüşü tez yekunlaşdırsın. Mümkün olmur. Zəhmətkeşlərdən biri elə bilir ki, Əli Kərim Fikrət Qocadır. Üzünü Əliyə tutub:
-Fikrət müəllim, nəyə görə Fidel Kastro yoldaş üzünün tükünü qırxmır? -deyir.
Əli Kərim  cavabında:
-Ona görə ki, onun tükünün altında üzü yoxdur.
Elza xanımın sözləridir bu: Bir gün  Yazıçılar Birliyinin sədri  Mehdi Hüseyn sırayla dayanan bir neçə gənc şairə salam verir. Hamı salamı qaytarır, təkçə  Əli Kərim dinmir.
Mehdi Hüseyn səbəbini soruşur. Cavabında Əli Kərim deyir:
-Mehdi müəllim, mən də etirazımı belə bildirirəm.
Mən 1981-ci ildə Gəncədə Əli Kərimin 50 illiyini, 1991 –ci ildə İmişlidə 60 illiyini keçirmişəm. 2001 –ci ildə isə Azərbaycan Yazıçılar Birliyində 70 illiyinin keçirilməsinin təşəbbüsskarlarından biri olmuşam. İmişlidəki tədbir zamanı işıq qəfil söndü.  Tez işıq idarəsinin müdirinə zəng elədim ki, Əli Kərimin yubileyini keçiririk, xahiş edirəm işıqları yandırasınız. Arzu tez bir zamanda  yerinə yetirildi. Tədbir uğurla başa çatdı.
3-4 gündən sonra işıq idarəsinin müdiri küçədə mənə rast gələrkən dedi:
-Qəşəm müəllim, Əli Kərimli ilə tədbiriniz neçə keçdi? Qorxmayın, mən də cəbhəçiyəm.
O elə bilib ki, biz Əli Kərimli ilə görüş keçiririk.
Əli Kərim yazırdı:

Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi.

Bu misralar indiyə kimi Azərbaycan şeirini yandırıb yaxır.
Elza xanımın minnətdarlıq hisslərindəndi bu: "Əli həmişə böyük şair Rəsul Rzadan qayğı görüb. Anar da həmişə onun övladlarına və Əlinin ədəbi irsinə diqqətlə yanaşıb”.
Əli Kərim bu stulda əyləşən zaman jurnalın baş redaktoru Çəlal Məmmədov onu işdən çıxarıb. Əli Kərim bu otaqdan gedən zaman özü ilə çox şeyləri aparmayıb. Çap etdirə bilmədiyi bir neçə şeir də qalıb.İndi o şeirlər əlimin altındadı. Bəlkə bu otaq bu stul, stol indiyə kimi o şeirlərin xatirinə  yaşayıb..
Qapı açılır, baş redaktor İntiqam Qasımzadədir:
-Qəşəm, bu mömrəyə nəyin var?
Şübhəsiz bu şeirləri mən yenə təqdim etməyəcəm.

Nəriman Həsənzadə

Nəriman Həsənzadə ilə qiyabi tanışlığım gözəl yazıçımız  Mir Cəlal Paşayevin onun kitabına yazdığı ön sözlə başlayıb:”Əsgər paltarında bu cavan oğlan Yazıçılar Birliyinin pilləkənlərindən aşağı düşürdü”.Son görüşlərin  birində Nəriman Həsənzadə deyir: Biz Qəşəmlə tələbə yoldaşıyıq” Bəli, Nəriman müəllim Gəncə Dövlət Unversitetini 50-ci illərin əvvəllərində bitirib, mən isə 80-ci illərin sonlarında. Eyni vaxda olmasa da, eyni məktəbdə oxumuşuq. Niyə bunları xatırlayıram? Azərbaycan şairi üçün Bakıdan kənarda oxumaq və yaşamaq iki qat zülümdü. Düzdü, mən söz xatirinə yaza da bilərdim ki, şərəfdi.Yox,  ikiqat əzabdı. N. Həsənzadə deyir ki,  Gəncədə oxuyanda hər gün dəmir yolu vağzalına gəlib Bakıya gedən qatarların arxasınca uzun-uzadı baxırdım. O hissləri mən də keçirmişəm. Nəriman Həsənzadəyə  və bir də yazıçı Qərib Mehdiyə görə Gəncədə duruş gətirə bildim, yəni yazmaqdan əl çəkmədim, Bakıya "perovod” almadım. Düşünürdüm: Nəriman kimi bir şair  Gəncədə oxuyubsa və o  boyda "Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorudursa, şübhəsiz, belə bir gün işığı mənim də üzümə düşürdü. Hətta bu səadət dolu istiqaməti düzgün qiymətləndirib bir neçə qız da mənə vurulmuşdu. Bilirdik ki, Nəriman Həsənzadə  tələbə vaxtı Gəncədə bir qız istəyib, axırda qız onu atıb və bunu da bilirdik ki, guya qız da axırda bərk peşman olub. İndi məni sevən qızlar da ehtiyatla davranırdılar ki, o qızın səhvini təkrarlamasınlar. Demək, Nəriman Həsənzadənin şöhrətindən mənə də pay düşürdü. Əvvəl institutun qrup şairi, sonra tezliklə institut şairi, sonra isə Gəncənin şairi  oldum. Burada gərək bəzi  məsələləri olduğu kimi deyim. Hərdənbir Bakıya gedirdim, Nəriman Həsənzadənin yanına, məni qəbul eləmirdi,  deyirdim Gəncədə sən oxuyan institiutda oxuyuram, yenə qəbul eləmirdi, şeir verirdim çap olunmurdu, səhəri qayıdırdım Gəncəyə, daha durub deyə bilməzdim ki, Nəriman müəllim məni qəbul eləmədi, gopa basırdım ki, Nəriman Həsənzadə məni apardı evinə, şeirlərimi oxuyub kövrəldi də, Gəncəni də xatırladı,( burda lap zilə çıxırdım ki, o qız eşitsin), hətta  "o”nu da xatırladı, köks ötürdü. İnstitutu bitirən kimi  məni yanında işə götürəcək. Burada  Mir Cəlal Paşayevin  Nəriman Həsənzadəyə dediyi  cümləni də dedim  uşaqlara. Nəriman Həsənzadə işsiz vaxtlarda Mir Cəlal müəllimə rast gəlir. Mir Cəlal müəllim adəti üzrə soruşur:
-Nə axtarırsan, oğlum?
-iş axtarıram Mir Cəlal müəllim.
-iş axtarma bala, adam axtar.
Nəriman müəllimlə uğurlu görüşlərimdən danışandan sonra institutda şeir yazanların sayı çoxaldı. Məni sevən qızların qısqanclıq hissləri çıxdı kəllə-carxa ki, bu, hökmən Bakılı bir qızı alacaq, bizi neynir, əli böyüklərin ətəyindədir.
Niyə bunları yazıram? Çünki Nəriman Həsənzadə sevdiyim və özü də çox böyük şairdi.Uman yerdən küsərlər. İki şair- Nəbi Xəzri və Nəriman Həsənzadə bütün ömürləri boyu təpədən –dırnağa şair kimi qaldılar. Nə olsun,  məni qəzetdə çap eləmirdi. Bunun şairliyə dəxli yoxdur. Bilirəm ki, Nəriman müəllim "Azərbaycan” jurnalında da hansısa gənc şairi sevdiyi qızın yanında məni kimi pərt eləyib. Onun da şeirləri çap olunmayıb. Bunu mənə əyləşdiyim stulum, stolum və stolun üstündə Nəriman Həsənzadən qalma şeirlər deyir.
İndi Nəriman Həsənzadə redaktor deyil, möhkəm dostuq, o qızların biri də o vaxt Nəriman Həsənzadəni unudan qızın yolu ilə getdi, məni unutdu. Nəriman müəllim məni çap etsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Sevilməyimdə də, unudulmağımda da  Nəriman müəllimin müstəsna rolu var. İndi Nəriman Həsənzadədən ilə, demək olar ki, hər gün görüşürük, zəngləşirik. Mənə o qədər sevgisi var ki..
Qapı açılır, şair dostum Səlim Babullaoğludur:
-Bəlkə düşək bulvara, bir çay içək?- deyir.

Qabil

"Azərbaycan” jurnalında poeziya şöbəsinə rəhbərlik edib.Belə hesab etmək olar ki, bəlkə də o illərdə jurnalda  sərbəst şeirin qıtlığı baş verib. İntiqam müəllim bir dəfə mənə dedi ki, Qabil müəllim müəlliflərlə şeir məsələsində çox ciddi idi. Məsələn,bir şairin şeirlərini verməyəcəksə (amma içindən 3-4-ü seçib vermək də olardı - Q. Nəcəfzadə), demək söz qəti, qərar isə kəsərlidir. Necə deyərlər, yazıya pozu yoxdur. Mən bir şeyi də İntiqam müəllimin fikrinə əlavə edirəm. Bu, həm də Qabil müəllimin xarakteri, həm də sosrealizmin mövcudluğu idi. İndi belə etmək, məncə, mümkün deyil.
Qabil şair kimi daim müasirliklə  nəfəs alıb. Sözün eyhamını, uyarlığını dəqiq tapa bilirdi. Sözün söykəyini, səhmanını hiss eləyirdi. M. Müşfiqin "Yenə şairliyim başıma vurdu” misrasının hər vaxt içində idi. Bir dəfə AYB-nin qarşısında Ramiq Muxtar məndən soruşdu: "Qəşəm, yuxarıda nə var, nə yox? Qabil öləndən mən bu binaya girə bilmirəm”.
Qabil bir insan kimi diqqətcil idi, hirsi dərin deyildi, ola bilərdi ki, bir anlıq sənə xoş təsir bağışlamasın. Amma bir azdan görürdün ki, bu insanın içi saflıqla, sevgiylə doludur. Şeirlərim və ya başqalarının  şeirləri çap olunanda onun qədər o şeirləri axıra qədər dəqiq oxuyan görmədim. Nöqtəsinə, vergülünəcən dəqiq bilirdi. Bir dəfə  Rəsul Rzanın anım günündə yavaşca qulağıma dedi: Ədəbiyyatda şeirlərini oxudum, xoşuma gəldi. Sonra elə oldu ki, o mənə dediyi sözləri Anar müəllimin, bir neçə xalq yazıçısının yanında ucadan  təkrar dedi. Bunu hər adam deməzdi.
Ulu öndərimiz Heydər Əliyevdən Fikrət Sadığa ömürlük təqaüd verilməsinin xahişini elədi. Bunu da heç kəs eləməzdi. Prezdent də, xalq da, Milli Məclis də deyirdi ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunmalıdı. Bu zaman Qabil Milli Məclisin tribunasıından "Ümid sənə qalıb, Azərbaycan əsgəri” şeirini oxudu. Azərbaycan reallığında bunları tək-tək adam eləyə bilərdi, bunun da biri Qabildir.
Qabil işdən sonra və ya başqa bir vaxt gözəl şairimiz Fikrət Sadıqla pilləkəndən düşəndə və ya küçədə gedəndə Fikrət müəllim həmişə ondan ya bir pilləkən, ya da 50 sm arxada qalır. Qabil gedəndə o da gedir, Qabil dayananda o da dayanır. Hərdən də Qabil  arxaya çönüb Fikrət müəllimə nəsə deyir, sonra yoluna davam edir. Bu Fikrət Sadığın böyük şair qardaşına ehtiramının ifadəsi idi. Onların dostluğu gəncliyə, hamıya nümunə idi. Onların dostluğuna qibtə edirdim...İş otağımda Qabilin də çap etmədiyi və ya etdirə bilmədiyi şeirlər qalıb. Bu stolda Qabil təbəssümü, Qabil yumoru qalıb.
Qapı açılır, jurnalın əməkdaşı Südabə xanımdır. Qeydiyyatdan keçirdiyi yazıları mənə verir.

Musa Yaqub

Musa Yaqub vaxtı "Azərbaycan” jurnalının təbiət vaxtıdır bəlkə. Hava İsmayıllı havası, günəş may günəşi.  Yəqin ki, təbiətin özü şəkil kimi köçüb jurnala. Uşaq vaxtı əzbərləmişdim bu şeiri:

Bəlkə də borcundan çıxmadım, vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm bir ovuc torpağın artsın.

Mənim ən gücüm çatdığı şey məktubdu. Elə bilirəm, söz məktub şəklində olanda ona daha çox inanırlar.Rayonda yaşayırdım, hamıya-redaksiyalara, şair və yazıçılara tez-tez məktublar yazırdım, şeirlərimin dərc olunmağına kömək etmələrini xahiş edirdim. Daha əlimdən nə gəlirdi ki... Bəlkə də o məktublardan cavab gəlmək ümidi əsəblərimi pozulmağa qoymadı. İsa İsmayılzadəyə, Nəriman Həsənzadəyə, Ələkbər Salahzadəyə, Vaqif Bayatlıya, Vaqif Səmədoğluna, Məmməd İsmayıla və neçə-neçə başqalarına məktub ünvanlayırdım. Məktub yazırdım ki, görüm bu adamlar varmı, mənə cavab verirlərmi? Heç kəs mənə cavab yazmadı, bir Musa Yaqubdan başqa.
Haşıyə. O vaxt "Ulduz” da Vaqif Bayatlı şeirlərimi bəyənib götürmüşdü. Aradan bir il keçdi.  Bakıya gəlmişdim, Vaqif dedi ki, səni salmışıq Gəncə səhifəsinə. Gəncə səhifəsində bir şeirim gedirdi. Vaqif  dedi ki, şəklini tapmadıq.(Amma  bəlkə də bu bir il  ərzində on şəkil, yüzdən çox şeir gondərmişdim ona) Şəklimin şeirimlə getməyini elə arzulayırdım ki... Vaqif dedi ki, şəklin varsa, ver arxasına qol çəkim, apar ver Kommunist (İndiki Azərbaycan) nəşriyyatına, filankəsə. Adı yadımda qalmayıb. On manata taksi tutub getdim nəşriyyata, içəri girəndə gördüm ki, şəkil taksidə gedib, unutmuşam.  O adamdan xahiş etdim ki, başqa şəkil verim, dedi yox, gərək arxasında Vaqifin qolu ola. Nə isə, şeirim şəkilsiz gedəsi oldu. Rayona qayıtmağa pulum yox idi. Ümümi vaqonda konduktorun gözündən gizlənə-gizlənə qayıtdım İmişliyə.
Otağımın qapısında Musa Yaqubun səsi gəlir. Elə bil meşənin, dərənin üstündə göy guruldayır. Demək, "Azərbaycan” jurnalına yağış gəlib. İntiqam müəllimlə görüşür Musa Yaqub.Mən də onun keçmiş stulundan qoparaq o  dağlar oğlunu - Musa Yaqubu bağrıma basıram.

Fikrət Qoca

Gözəl şairimiz Fikrət Qoca bir neçə il bu stulda əyləşib. Qarşısında neçə-neçə şeir qovluqları üst-üstə qalanıb. Süleyman Rüstəmdən, Əli Kərimdən qalma şeirlər də bu qovluqların içində. Şübhəsiz ki, mənim də şeirlərim sapsarı vərəqlərdə. Bu stulda Fikrət Qoca o qədər yalanlara qulaq asıb, bəzən istəmədən kiminsə xahişini eşıdıb. Kimsə qapısını gündə on dəfə açıb-örtüb, az qala qapının çəftəsı laxlayıb yerindən çıxsın. Bax onda, ola bilsin ki, Fikrət müəllim vərəqin bir neçəsini götürüb o tərəfdən bu tərəfə qoyub.Kim bilir,  bəlkə atom göbələyi şeirini elə bu stulda yazıb.Evində, sosial həyatında, yaradıcılığında  problemlər olub, bu stulda düşünüb, hər halda xalq yazıçısı Anar  demiş  "Fikrət Qoca həqiqəti” bu stolda yaşanıb. Bu stol tarixdir. Həm uzaq, həm yaxın tarix. Hər halda bu stolun üstündə pis şeylər, pis niyyətlər yazılmayıb. Burada şeir yazılıb. Donoslar olmayıb. Mikayıl Mişfiqin, Hüseyin Cavidin əleyhinə ittihamlar, məqalələr yazılmayıb. Amma bu tipli yazılar çap olunan qəzetlər bu stulda oxunub, Fikrət Qocanın əsəbləri səpələnib bu stola, Əli Kərim məsumluğu, M. Müşfiq nakamlığı yaşanıb bu stolun üstündə. Ona görə də bu stolun üstü illərin, zamanın xəritəsinə bənzəyir. Bax, bu çızıq 37-ci ildi, bu cızıq isə Səməd Vurğunuin ölümü. Bu xətt isə Bakı –Mərdəkan yolu- Rəsul Rzanın ölümü. Bu isə Süleyman Rüstəmin demədiyi həqiqət. Bu nədi, stolun son ucunda qırmızı qələmlə edilən qeydlər, maaş günü, ya  oğlunun  ya da nəvəsinin anadan olduğu gün. Bəlkə  bir misranın başlanğıcı-söz vadisi. Fikrər Qoca Rəsul Rza şeirinə təkan verdi, onu daha da milliləşdirdi. Əli Kərim başqa bir xəttdi, deyək ki, dəmir yolu, F. Qoca dəmir yolunun üstündə, deyək ki, dayanacaq, ünvan, şəhər. Cabir Novruz isə Xızı dağlarının oyanışı, kəndin səs-küyü. Əli Kərim şeiri bədiiliyin elmi, Fikrət Qoca şeiri bu elmliyin dili, Cabir Növruz  şeiri bu dilin  quruluşu, görünüşüdür.
Qapı açılır, gələn şair dostum Balayar Sadiqdır:
-Mənim şeirlərim...
-Hə, şeirlərin tezliklə çap olunacaq
- Yox ee, ay Qəşəm, mənim şeirlərim artıq çap olunub. Gəldim ki, təşəkkür edim.

Dilsuz

Maraqlı və həm də sevdiyim şair... "Yol” hekayəsinin , "Ağ atlı oğıan” kitabının müəllifidir.  80-ci illərin əvvəllərində  şeirlərimə baxıb dedi:
-Sən indiyəcən hardasan?
-Rayondayam
-Niyə indiyəcən gəlməmisən?
-İndi gəlmişəm, bəyənirsiniz şeirlərimi?
-Əlbəttə, üzümüzə gələn nömrə cap olunacaq.
-Doğrudan layiqdir?
-Hətta jurnalın üz qabığlnda çap olunmağa belə layiqdir.
O şeirlər birdəfələk itdi. İndi o şeirləri yazı stolumda axtarıram, deyirəm bəlkə  buralardadı.

Səyavuş Sərxanlı

Onun ilk şeirlər toplusunu "Qayıt” kitabını-kənd kitabxanasından "oğurlamışdım”. Sevdiyim bir şeiri vardı orda, "Qayıt”.

Ana həsrətlisi körpə quzu tək
Görüş yerlərində ayaq döyürsən.
Saralıb- sınıxan qütb ulduzu tək
Əlacsız üzümə gülümsəyirsən,
Qayıt ömrünə sən, qayıda bilsən.

Xalqımızın ruhunu, tutan, folklorunu dərindən bilən, hiss və düyğuları çeşidli olan sevimli bir şairdi Səyavuş Sarxanlı. Pulumun yox vaxtıydı, mənə dedi ki, akademiyada Akif Hüseynlinin bir jurnalı var, "Çıraq”, şeirlərini vermişdim ora, çıxıb, get qanororını al. Getdim aldım, 50 manat. Evə qənd, çay aldım. Bir səhvimi özümə bağışlaya bilmirəm hələ də.  İlk əvvəl şeirlərimi şöbə redaktoru kimi ona yox, baş  redaktora verirdim... O isə bundan incimirdi, hər dəfə deyirdi:- Şeirlərini oxudum, təbrik edirəm, yaxşı şeirlərdi.
Bundan sonra şeirlərimi ona təqdim etdim. O isə gen-bol  çap eləyirdi.
Həmişə bu qapıdan keçəndə  onu səliqə ilə geyinmiş, dalğalı saçları arxaya daranmış, həmin bu stulda oturmuş  halda görürdüm. Elə bil harasa gedəcəkdi və yaxud hardansa gəlmışdi. Qarşısında isə bu kağız qalaqları. Günlərin bir günü  harasa çıxıb getdi... Ruhu şad olsun. Yerinə mən gəldim, bu stola. Indi   yazı masamda nə qədər şeirlər-xatirələr qalıb. Süleyman Rüstəmdən, Böyükağa Qasımzadədən, Nəriman Həsənzadədən, Əli Kərimdən, Musa Yaqubdan, Fikrət Qocadan, hələ yazmadığım neçə-neçə şöbə redaktorunun çap etdirmədiyi şeirlər-xatirələr qalıb məndə. Təzə yollar, qırışlar  çəkilib masamın üstünə. Hərəsi bir şey deyir, hərəsi bir ünvana gedir.  Bu da Səyavuş xətti, 20 yanvar, Xocalı faciəsi. Əli Kərim ehtiyacı, Fikrət Qoca həqiqəti, Böyükağa Qasımzadə coşqunluğu, Nəriman Həsənzadə səmimiliyi, Musa Yaqub təbiəti, Səyavuş Sarxanlı nisgili...
Daxili telefon zəng çalır. Anar müəllimin  referenti, hamımızın sevimlisi Tovuz xanımdır.
-Sizə rayondan məktub var.
Özüm yadıma düşürəm və  məktubu götürmək üçün dördüncü mərtəbədən aşağı düşürəm.

Qəşəm Nəcəfzadə
Hal-hazırda "Azərbaycan” Jurnalının  poeziya şöbəsinin  müdiri işləyir _______

--------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------

P.S: Mənim haqqımda isə kimsə yazacaq... Amma yazsın ha...
15-16 yanvar 2010