“Qiyamət”: hamı üçün

“Qiyamət”: hamı üçün


Azad Qaradərəli


Qurdla qiyamətə qalanların yazısı
 
Hər ağıllı ata övladına deyər: elə yaşa ki, qiyamət gününün imtahanından alnıaçıq çıxa biləsən.
 
Hər ata demədim. Hər ağıllı ata dedim.
 
Və hər ağıllı övlad da əlüstü sorar atasından: nə deməkdir qiyamət günü?
 
Hər övlad demədim. Hər ağıllı övlad dedim.
 
Ata özü bildiyi kimi yozar, çözər qiyamətin mənasını.
 
Bəs sizə necə, o məşhur qiyamət günündən söz danışdılarmı? Əgər demədilərsə, onda yaxın oturun, mən sizə hamı üçün vacib bir "Qiyamət”-dən söz açacam.
 
***
 
1987-ci il idi. Kimin yaddaşında necə qalıb, bilmirəm, mənimçün çox xoş bir il olmuşdu: ilk kitabım çap olunmuşdu!
 
Amma  həmin il həm də ədəbi kluarlarda başqa bir hadisə ilə də möhürlənmişdi: əfsanəvi yazıçı Çingiz Aytmatovun "Plaxa” romanı nəşr olunmuşdu.
 
Nə "Plaxa”sıymış bu? Biri "Edam kötüyü” dedi, biri "Darağacı”, biri "Dişi qurdun yuxuları”... Və biz gənc yazarlar da  bu  əsərlə elə o illərdə jurnal variantında tanış olduq (Gərək ki, "Novıy mir”də çap olunmuşdu). O vaxtlar  gənclərin kumiri olan Çingiz Tanekenin yaradıcılığının ən məhsuldar çağları idi. Bu dünya səviyyəli yazıçı o dövrün də, elə indinin də Nobel ödüllü yazıçılarından geri qalmırdı, bəlkə bəzisindən irəliydi. Lakin onu geri qoyan Şər imperiyası – Sovetlər Birliyi oldu. Ona lazım olmayan vəzifələr, deputat mandatları, SSRİ-nin ali mükafatları neçə-neçə əsərinin meydana gəlməsini önlədi və Nobel kürsüsünə gedən yolunu bağladı (Təbii ki, burada Çingiz Tanekenin özünün  də günahları yox deyildi, bəlkə daha artıqdı).
 
...Çox-çox sonralar istedadlı publisist və tərcüməçi Vaqif Əlixanlının çevirməsində Azərbaycan oxucusuna çatdırıldı sözügedən roman, fəqət yeni adla: "Qiyamət”!
 
Bu yaxınlarda "Qanun” nəşriyyatı həmin əsəri  - "Qiyamət”i kitab şəklində çap edib...
                                                            
***
 
Hər ağıllı atanın öz övladına söylədiyi qiyamətdən savayı, bir də Çingiz Aytmatovun "Qiyamət”i var ki, bunu hər kəsin oxuması lazım. Onda bilinəcək ki, hamının ümumi qiyamətindən başqa, bir də hər kəsin ayrıca qiyamət günü ola bilir.  Məsələn, İsa peyğəmbərin qiyaməti əvvəl fərdi qiyamət olub, lakin zaman-zaman bu fərdilikdən çıxaraq dünyanın qiyamət gününə dönüb.
 
Romandakı ayrı-ayrı fərdlərin qiyaməti onların hərəsini bir yöndə haxlayır: Roma imperiyasının Yerusəlimdəki prokuratoru Ponti Pilatın faciəsi ondadır ki, taleyinin kimin taleyiylə bağlı olduğunu, kimin qətlinə fərman verdiyini (İsa Peyqəmbərin!) anlamır – bu onun elə qiyamət günüdür. İuda da, Avdi də, tiryək qaçaqmalçıları və onların içindəki yeniyetmə Lenka da qiyamətin başlarının üstünü kəsdirdiyini anlamır. "İlahi, - dedim, - axırı buymuş, insan nəsli gör bir havaxtdan bu günə müntəzirdir, qiyamət günüdü, canlı məxluqların tarixi bununla bağlanır... Dölü də, doğulanı da özündə öldürübən nə təhər beləcə köklü-köməcli məhv etmək  olar...” (İsa Peyqəmbərin Ponti Pilata dediklərindən).
 
Əsərdəki bütün qiyamət səhnələri (tiryək qaçaqmalçılarına qarşı dirəniş göstərən Avdinin qatardan tullanılması, sağ qaldıqdan sonra sayqak sürülərini vertolyotlarla hürküdüb bir dərədə pulemyotla qıran cinayətkar dəstə tərəfindən çarmıxa çəkilməsi, balaları ikiayaqlı canavar tərəfindən oğurlanan ana canavarın – Ağbərənin gecələr səhərəcən  balası ölmüş qadın kimi ulaması, elə həmin Ağbərənin intiqam almaq üçün  körpə uşağı oğurlaması, uşağın atası Bostonun Ağbərəni və onun kürəyindəki körpəni gülləylə vurması...) əslində Ustanın – İsa peyğəmbərin qiyamətindən qidalanır, onun qol-budağına çevrilir. Prokurator (müasir prokuror kəlməsilə çox yaxşı səsləşir bu ifadə) Ponti Pilat İsadan şübhələnsə də, onun qüdrət sahibi olduğunu anlamaq istəyir, lakin özü öz istəyini boğur, çünki İsanın ondan aman diləməsini istəyir, fəqət qarşılıq görməyəndə onu dar ağacına yollayır. (Tanış mənzərədir deyilmi? İnsanların inamını, etiqadını sındırmaq, təzim etməyə, əyilməyə vadar etmək – yazıçı sanki öz taleyini yazıb – qarşılıq görməyəndə onları məhv etmək! Sanki yazıçının atasını 37-də ona görə güllələmişdilər ki, özü imperiyaya qarşı açıq çıxışlar edə bilməsin... Bizdə də olmuşdu belələri: "Bəs baş əymədiniz?!” - sualını ədəbiyyata gətirən şair imperiya cəlladları qarşısında baş əyməyi bir yana, onları vəsf edən mədhiyyələr yazmadımı?).
 
Budur prokuratorun iradəsi: "Bilirsən ki, canın mənim əlimdədir, istərəm sağ qalarsan, istərəm – burdan birbaş dar ağacına yollaram!”
 
Elə yollayır da!
 
Əsərdə qırmızı xətt kimi keçən bir fikir var: "O da deyilib ki, dünənkilər bu gündən bixəbər deyillər, bugünkülərsə dünənkilərdən xəbərdardırlar, sabahsa bugünkülər dünənki olasıdır...” 
 
Yaxud,  "O da deyilib ki, bugünkülər dünənkində yaşamaqdadır, vay o gündən ki, sabahkılar bugünkünü yaddan çıxara, dönüb olur hərəmizə bir bəla.”
 
Bu əsəri hamının oxuması lazım – qiyamət hamı üçündür, ondan. Belə baxanda Ponti Pilatın (əslində İsanın!) dövründən nə qədər zaman keçib ki? Cəmi cümlətanı 2014 il! Bir göz qırpımı!
 
Qiyamətdən "Qiyamət”ə nə qalıb ki?


//kulis.az