"Qorxma, mən səninləyəm! 1919” Moskvada - FOTOLAR


Moskvanın "Puşkinski” kinoteatrında məşhur bakılı rejissor Yuli Qusmanın Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 2011-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında "Rusiyanın "Vayt Media” kinoşirkəti ilə birlikdə lentə aldığı "Qorxma, mən səninləyəm! 1919” macəra filminin təqdimatı olub.

Y.Qusman gecəni açaraq bildirib ki, filmdə hadisələr birinci "Qorxma, mən səninləyəm!” filmində əksini tapan hadisələrdən 20 il sonra - 1919-cu ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ilə bağlı qızğın hadisələr fonunda cərəyan edir. Baş rejissor deyib: "Mən Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Vətənim Azərbaycanda bu filmin ərsəyə gəlməsində iştirakı olan bütün dostlarıma təşəkkür etmək istəyirəm”.

O, çəkiliş qrupunu tamaşaçılara təqdim edərək vurğulayıb ki, Rusiyanın tanınmış kinematoqrafçılarının çoxu çəkilişlər zamanı Azərbaycanda olub. Rejissor deyib: "Bəziləri çətinliklə razılaşırdılar: yeni ölkə, gərgin iş cədvəli…. İndi isə bir daha Azərbaycana gəlmək arzusundadırlar və bu da əla nəticədir”.

Filmin bəstəkarı və əsas rollardan birinin ifaçısı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, çəkiliş qrupu Azərbaycanın Milli Dirçəliş Günü Moskvada təqdimat təşkil etmək qərarına gəlib. O, film barədə danışaraq vurğulayıb ki, "Qorxma, mən səninləyəm! 1919” 1981-ci ildə çəkilən filmin davamı deyil. Səfir deyib: "Bəli, ifaçılar da, rejissor da eynidir, lakin bu, tamamilə başqa əhvalatdır. Vaxt gələcək, bu iki film bir-birini tamamlayacaq”. Səfir filmin çəkilişinə kömək göstərdiklərinə görə Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, "Azərbaycanfilm” kinostudiyasına xüsusi minnətdarlığını bildirib.

Filmin prodüseri, "Vayt Media” şirkətinin rəhbəri Timur Vaynşteyn qeyd edib ki, noyabrın 20-də Rusiyada "Qorxma, mən səninləyəm! 1919” filminin prokatı başlayacaq. Prokat ilə Rusiyanın ən iri distribüter şirkəti olan "Sentral Partnyorşip” məşğul olur. O, hamını qəhrəmanlarının məhəbbət, amal və şərəf naminə igidlik göstərdikləri bu filmdən zövq almağa dəvət edib.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman filmin yaradıcılarını təbrik edərək deyib: "Mən bu filmin Bakıda səmimiyyətlə qəbul edilməsinə görə sevindim. Bu gün tamaşaçılar arasında xeyli bakılı var. Ümidvaram ki, Moskvada da belə olacaq. Filmin təqdimatı hamımızın bir yerə toplanması üçün daha bir gözəl səbəbdir”.

Rusiyanın tanınmış telejurnalisti Vladimir Pozner AzərTAc-ın müxbiri ilə söhbətində deyib ki, dostu, peşəkar rejissor Yuli Qusmanın çəkdiyi filmin premyerasına gəlib. Rusiya-Azərbaycan münasibətlərinə toxunan V.Pozner vurğulayıb ki, Azərbaycan elə ölkələrdən biridir ki, Rusiya onunla daha sıx dostluq münasibətləri qurmalıdır.

Qeyd edək ki, filmin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşviq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, Bəhram Bağırzadə, Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Nuriyyə Əhmədova, Rövşən Əsgərov, Rusiya və Azərbaycanın digər populyar aktyorları çəkiliblər. Filmin çəkilişləri Moskvada, Bakıda və Azərbaycanın dağlıq rayonlarında aparılıb.

"Qorxma, mən səninləyəm! 1919” filmi 2013-cü ilin dekabrında Tulada keçirilən "Gülümsə, Rusiya” ("Ulıbnis, Rossiya”) XIV açıq komediya filmləri festivalının Qran-pri mükafatına layiq görülüb. Polad Bülbüloğlu filmə yazdığı musiqiyə görə festivalın Fəxri diplomuna, filmin rejissoru Yuli Qusman isə "Ölkənin yumor hissinə töhfəyə görə” xüsusi mükafata layiq görülüb.

Filmin təqdimatında Azərbaycanın və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin və s. təmsilçiləri iştirak ediblər (AzərTAc).

Ədəbiyyat.Biz