Quzu balası kimi... susmaq

Quzu balası kimi... susmaq

("Facebook" ədəbiyyatından hissələr)

"İstedadlı susmaq istedadlı yazmaqdan çox çətindir" deyirəm. Bəhanə gətirirəm, əlbəttə. Yəni... tamam, formada qalmaq üçün bəzən özün üçün yazmaq məşqi edə bilərsən, elə bəzən bu məşqlərin özündə də çox yararalı nəsə yarana bilər, amma yaranmaya da bilər... 


Əlbəttə, ilham pərisi-filan boş şeydir, bunu da bilirəm, bir dəfə qadın yazarların seminarında iştirak edirdim, açığı, nə seminarda iştirak, nə yazmaq, nə də danışmaq havasındaydım, imkan olsa, masadan qaçıb hardasa, ruhuma yaxın dost, ya rəfiqəylə çay içərdim, söhbət edərdim. Amma çağırmışdılar, getməliydim, üstəlik, hərdən özümə əzab verməyi sevirəm ki, azadlığım məni ərköyünləşdirməsin... Nə isə, belə bir vaxtda dedilər ki, dəftərlərinizi, qələmlərinizi çıxarın, başlayırıq yazmağa. Nəsə düsturu verdilər, qafiyə sistemi, bölgü, bəndlərin quruluşu-filan var, oturub yazmaq lazımdır. Seminarda da iştirakçılardan ən yaşlısı və təcrübəlisi mənəm. Axmaq bir özündənrazılıqla düşünürəm ki, sifarişlə yazmaq olmaz, şeir havası olmalıdır-filan, mənim mətnim mənim istədiyim zaman, məkanda və mənim istədiyim kimi yaranmalıdır və s. İntəhası, dedilər, icra üçün iyirmi dəqiqə vaxt verilir. İlk on dəqiqəm daxili etirazla keçdi. Vaxt daraldıqca "Etmə, eləmə, Rəbiqə, bu uşaqların yanında biabır olmaq var, hamı nəsə yazır", - dedim özümə, abrıma qısılıb, ictimailəşməmiş iki-üç köhnə, sərbəst şeirimdən birini dağıdıb tələb olunan formaya saldım. Utana-utana, daha doğrusu, gizli bir qorxu, həyəcanla oxudum, bəyənildi...

Növbəti dəfə eksperimentlərin şərti dəyişdi, bu dəfə, nə bilim, rəfiqənin çantasından çıxaracağı təsadüfi əşyaya, həmkarının uşaqlıq fotosuna şeir yazmaq lazım gəldii. Yəni köhnə mətnləri rekonstruksiya imkanı yox idi. Oturub quzu balası kimi yazdım. Artıq motivasiya başqalarının yanında utanma ehtimalı deyildi. Proses özü əyləncəli, deməli, həm də maraqlı idi, həzz verirdi...

İndi bütün bunları heç kəs üçün yox, özümü inandırmaq üçün yazıram. Guya tənbəlliyimə qarşı guya mübarizə aparmaq istəyirəm. Özümə motivasiya yaradıram. Və etiraf edirəm ki, daxilimdəki ikinci səs ironik təbəssümlə "bəsdi, ağıllı-ağıllı danışdın, axı kimə, nəyə lazımdı" cümlələrini susur... 
İntəhası, mən iki səsin ikisini də məzuniyyətə göndərə bilirəm hərdən))

Rəbiqə