Rafiq Tağının

Rafiq Tağının "Esseler" toplusu çapa hazırlanır

2011-ci ildə sui-qəsd nəticəsində dünyasını dəyişən tanınmış yazıçı Rafiq Tağının esselər toplusu çapa hazırlanır.

Yarpaq.Az-ın verdiyi xəbərə görə kitab bu ilin sonlarında işıq üzü görəcək. Bu barədə kitabın naşiri, "Alatoran" yayınlarının direktoru Rasim Qaraca məlumat verib:

"Rafiq Tağını oxucular daha çox kiçik hekayələr ustası kimi tanıyır, lakin ona şöhrət qazandıran daha çox publisistik yazıları, başqa sözlə desək, esseləri olub. Yazıçının qələmindən çıxan esselər tez-tez skandala səbəb olur, güclü rezonans doğururdu, - ixtisasca həkim olan Rafiq cəmiyyətin ağrılı məqamlarını tuta bilir, bəzən cərrah bıçağıyla müdaxilə edirdi. Kitabda oxuculara təqdim olunan esselər Rafiq Tağının bu janrda yazdıqlarının yalnız kiçik bir hissəsi olsa da, onların necə böyük ustalıqla qələmə alındığını görmək və öyrənmək üçün yetərli sayıla bilər. Rafiqin esselərini bundan sonra da yayımlamağa davam edəcəyik".

2011-ci il noyabrın 19-da naməlum şəxslər yazıçı Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Yazıçının 2006-cı ildə "Sənət qəzeti"ndə çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazmışdı.

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Üç övlad atası idi.