Rasət Pirisoyu. İrtica və qaragüruh (Esse)

Rasət Pirisoyu. İrtica və qaragüruh (Esse)

Cəmiyyət  böhranla üzləşəndə,  böhrandan çıxış yolu tapa bilməyəndə  irtica ilə qaragüruh arasında qalır. Belə hallarda cəmiyyətin özünütəşkili xaotik xarakter daşıyır. Cəmiyyətdə birdən - birə  "dahilər", "xilaskarlar" "qəhrəmanlar" dəstəsi meydana çıxır, bu dəstə cəmiyyətin düşdüyü vəziyyəti qiymətləndirmək, bu vəziyyətə uyğun qərarlar qəbul etmək əvəzinə, çoxluğun nümayiş etdirdiyi iradəyə tabe olur və bu halda eyforiyaya qapılmış çoxluğa elə gəlir ki, nicat yolu tapılıb.  Cəmiyyət isə "dahilərin", "xilaskarların" və "qəhrəmanların" gəldiyi nəticələri sonuncu həqiqət kimi başa düşməyə başlayır. 

Və bu o vaxta qədər davam edir ki, cəmiyyətə "dahilərin", "xilaskarların", "qəhrəmanların" heç nəyə yaramadığı məlum olur, cəmiyyət "dahiləridən", "xilaskarlardan", "qəhrəmanlardan" imtina edir. 

Və beləliklə tarix səhnəsinə "O" çıxır.  Cəmiyyət  "O"nu  ümidi  doğrultmamış  "dahilərə", "xilaskarlara", "qəhrəmanlara"  qarşı qoyur, ümidini "O"na bağlayır, "O"nu dahi, xilaskar, qəhrəman elan edir, çoxluğun nümayiş etdirdiyi iradədən imtina edib, "O"nun iradəsini qəbul edir və yenə də cəmiyyətə elə gəlir ki, nicat yolu tapılıb. 
Hər iki halda, cəmiyyət reallıq qarşısında zəiflik göstərir, problemlərin kökünü araşdırmaqdan yayınır, çaşqınılıq, mənasız cəhdlər, ümidsizlik torunda çırpınır. 

Bu isə öz növbəsində cəmiyyətdə irticanın və qaragüruhun çiçəklənməsinə səbəb olur.  İrticanın və qaragüruhun çiçəkləndiyi cəmiyyətlərdə milli iradəyə yer  olmur. Milli iradə   irticanın və qaragüruhun  təsiri  altinda parçalanır, milli ideya param - parça olur, milli düşüncəni irticanın və qaragüruhun düşüncə tərzi   əvəzləyir,  nəticədə  «O»  ya irtica və qaragüruhun  qurbanına  çevrilir, ya da qəniminə..

Gözlə görünməyən, fəqət  min bir bağla bir- birinə  bağlı olan irticanın və qaragüruhun  sərsəm səyi, tükənməz  qara  enerjisi, mənfi passionarlığı nəticəsində «O»   ALLAHLIĞA  doğru qovurlur. 
Və  beləliklə,  özündən,  öz iradəsindən,  hətta öz şəxsi keyfiyyətlərindən   asılı olmayaraq "O”,   "O”nu   tarix səhnəsinə çıxaran milli missiyadan uzaq düşür. 
  
«O»  cəmiyyəti irticanın və qaragüruhun ram edilməsi  prinsipləri ilə idarə etməyə başlayər.  

İrtica və qaragüruh  xalqi  "O”na,  "O”nu xalqa bağlayan bütün bağları gəmrici xislətiylə didib parçalayır. "O” da öz növbəsində  irtica və qaragüruhu cəmiyyətin təlxəyinə çevirir. 
Beləliklə,  çəmiyyətdə    özünütəşkilin  cox vacib  elementləri – tarixi fürsətlər, bəşəri missiyalar, intllektuallıq, ziyalılıq, dəyərlər, qanunlar, idarəetmə prinsipləri,  secib-secilmək mexanizmləri gucdən düşməyə başlayır,  çünki  cəmiyyətdəki bütün  proseslər  irtica və qaragüruhun təsiri altında olur. 

Belə cəmiyyətlərdə siyasi hakimiyyətin dəyişməsi prosesi zora əsaslanır, qaragüruhun bətnində yetişən, formalaşan və qaragüruhun "ideyalarını" mənimsəyən irtica qaragüruhdan ayaqaltı kimi istifadə edərək hakimiyyətin ən yüksək pilləsinə qalxır və  "O”nun yaninda yer almaq üçün hər şeyə gedir. 

Qaragüruh nədir - nəyin bahasına olursa olsun hakmiyyətə can atan irtica!
İrtica nədir - nəyin bahasına olursa olsun hakimiyyəti əlində saxlamağa çalışan qaragüruh!

Qaragüruh - hakimiyyətsiz irticadır.
İrtica - hakimiyyətdəki qaragüruhdur. 

Bu mənada qaragüruh və irtica eyni hadisənin müxtəlif tərəfləridir. Belələri haqqında azərbaycanlılar deyirlər; hər ikisi bir bezin qırağıdır.

Qaragüruh və irtica davranışlarına görə bir-birindən, demək olar ki, fərqlənmir; onların hər ikisi özünü zora, böhtana, yalana hesablayır, heç biri öz hərəkəti üçün xəcalət hissi keçirmir - günahları üzündən baş verən bütün faciələri ya tarixi zərurət, ya da rəqibin günahı kimi izah etməyə çalışırlar, özünü xalqın dəstəklədiyi yeganə qüvvə kimi təqdim etməyə səy göstərirlər.
İrticanın və qaragüruhun tərcümeyi-halını diqqətlə nəzərdən keçirmək bəs edir ki, bu qüvvələrin təmsil etdikləri  idealların mənsub olduqları xalqa  heç bir dəxli olmadığı aydın olsun.
İrticanın və qaragüruhun təqdimatında xalqın mənafeyi anlayışı yalnız zahiri xarakter daşıyır, təcrübədə irticanın və qaragüruhun həyata keçirdiyi "proqramlar" faciələrlə müşayət olur. 
Qaragüruhun və irticanın sifəti olmadığı üçün onların mahiyyətini axıra qədər açmaq bir çox hallarda müşkülə çevirilir. Qaragüruh və irtica istənilən vaxt istənilən sifəti qəbul edir. 
Qaragüruh və irtica hansısa ideyanının daşıyıcısı olmur, fəaliyyətlərində həmişə gücün müəyyənləşdirdiyi prinsipləri əsas götürürlər. Bu prinsiplərin nəyə xidmət etməsi qaragüruhu və irticanı bir o qədər də maraqlandırmır. Təki prinsiplər hansısa siyasi dividend gətirsin.

İrtica idarə etmək üçün həmişə cəmiyyətdə qaragüruhun nüfuzunun güclü olmasına səy göstərir. 

Qargüruh isə özünün hakimiyyətə gəlməsini asanlaşdırmaq üçün həmişə irticanın hakimiyyətdə qalmasını təmin etməyə çalışır.

Qaragüruh cəmiyyətin mübarizə əzmini, özünü təzələmək istəyini irticadan daha amansızlıqla qırır. 

Qaragüruhun güclü olduğu cəmiyyətlərdə irticaya qarşı mübarizəni təşkil etmək sadəcə mümkün olmur.

İrticanın və qaragüruhun güclü olduğu cəmiyyətlərdə ziyalı mühiti tamamilə  iflasa uğrayır. Cəmiyyətin istedadlı hissəsi mənəvi  tənhalıq içərisində boğulur.

İrtica istedadı yuxardan boğur, qaragüruh aşağıdan.

İrticanın hakimiyyəti ilə barışa bilməyən ziyalı qaragüruhun ayaqları altına atılır. 

Ona görə də irticanın və qaragüruhun at oynatdığı cəmyyətlərdə heç bir parlaq istedad uğur qazana bilmir.  

Qaragüruhun irtica haqqında ən çox işlətdiyi ifadə budur: 

- O hakimiyyətdə qalmağa layiq deyil. 

İrticanın qaragüruh haqqında ən çox işlətdiyi ifadə isə budur: 

- O hakimiyyətə gəlməyə layiq deyil. 

İrtica ilə qaragüruhun siyasi mübarizə adlandırdığı oyun məhz bu iki cümlənin mövcud olduğu məkanda baş verir.

İrtica hakimiyyəti əldən verməməyə çalışır. Çünki irticanın cəmiyyətdə hakimiyyətdən savayı heç bir dayağı olmur. Bunu başa düşən qaragüruh həlledici momenti - fürsət məqamını  gözləyir. Çünki qaragüruhun hakimiyyət uğrunda mübarizəsi yalnız fürsətin imkan verdiyi məqamlarda reallaşa bilir.

Xalq, vətən, dövlət mövzuları  qaragüruhun və irticanın ən çox sevdiyi mövzulardır. Elə buna görə də onlar bir qayda olaraq xalqın, vətənin və dövlətin adından danışmağı xoşlayırlar. 
İrtica və qaragüruh xalqı hər şeyə qadir qüvvə kimi təqdim etməyi sevir. Halbuki tarix dəfələrlə sübut etmişdir ki, təşkilatlanmamış, yaxud saxta prinsiplərin əsirinə çevirilmiş xalq heç bir vaxt ədalətli, insaflı və güclü cəmiyyət yarada bilmir və xalqlar birliyinin mövcud olduğu dünyada hörmət qazanmır. 

Tarix yalnız insanların deyil, həm də xalqların qəbirstanlığıdır. 

Prinsipləri məlum olmayan, yalnız güc şəkilində meydana çıxan xalq, hərəkat, proses həmişə ya iricanın, ya da  qaragüruhun iddialarını yerinə yetirir, davamlı olmur, tezliklə parçalanır və cəmiyyətdə nüfuzunu itirir. 

İrtica və qargüruh heç bir vaxt ideallardan çıxış edib situastya yarada bilmir, onlar bir qayda olaraq, həmişə  hadisələrin arxasınca sürünür, hadisələrin həlledici məqamlarında xüsusi qəddarlıq nümayiş etdirir, fürsətdən maksimum yararlanmağa çalışır.

İrtica özünü qorumaq üçün zopanı əsas götürür. Qaragürüh böhtanı, şantajı və suyu bulandırmağı... 

İrtica da, qargüruh da cəmiyyəti informasiya torunda saxlamağa çalışır. Real vəziyyəti təhrif edir. 

Xalqın irtica ilə qaragüruh arasında qaldığı dövrləri  itirilmiş dövrlər də alandırmaq olar. Belə dövrlərdə cəmiyyətdə axtarış ruhu, demək olar ki, tamamilə sönür. Xalqın özünü təşkili ləngiyir. Əhali problemlərin həllini öz içərisində deyil, özündən qıraqda atarmağa başlayır.

Nəticədə cəmiyyətdə duruğunluq ab-havası  yaranır.

Bu duruğunluq növbəti inqilabi situasiyaya qədər davam edir.

İnqilablar isə heç bir vaxt heç nəyi xilas etmir.

İrtica ilə qaraguruh arasında qalan xalqların müstəqilliyi də formal xarakter daşıyır. Bu müstəqillik hamının mənafeyini nəzərə alan mədəni mühit yaratmaq iqtidarında olmur, irticanın hədsiz varlanmasına səbəb olur. Xalqa məxsus yeraltı və yerüstü sərvətlər isə irticanın hakimiyyətinin qorunması naminə xərclənir.

İrticanı və qaragüruhu həm də cibində konspekt gəzdirən siyasi qüvvə adlandırmaq olar. Onlar heç bir vaxt mənsub olduqları xalqın mahiyyətindən çıxış etmir, xalqa dəxli olmayan, qıraqdan gətirilən özünütəşkil,  özünüidarə ideyalarını əhaliyə sırımağa çalışırlar. Bu isə öz növbəsində irticanın və qaragüruhun xalqdan qıraqda olan qüvvələrin təsiri altına düşməsinə səbəb olur.
İrtica və qaragüruhdan qurtarmağın yolu  təşkilatlanmadan və hamının və hər kəsin mənafeyini nəzərə alan, eyni zamanda hamının və hər kəsin tarixi missiyasını müəyyənləşdirən, onları ayırıb bir yerə yığan ideyalardan keçir. Təşkilatlanmaq üçün özünə pul xərcələməyən əhali, xalq, cəmiyyət bir qayda olaraq təşkilatlanmış irticanın və təşkilatlanmış qaragüruhun soyğunçuluğuna  məruz qalır, rüşvətxorluq və zor bataqlığında boğulur. 

İrtica ilə qaragüruh arasında qalan xalqları Sizif xalqlar da adlandırmaq olar. Belə xalqlar bir qayda olaraq Sizif ömrü yaşayırlar. Onlar min bir zəhmət hesabına qazandıqları hər şeyi bir andaca itirirlər. İrtica və qaragüruh isə hər şeyini itirmiş adamlarda belə bir illüziya yaratmağa çalışır ki, xoşbəxt gələcək lap yaxındadır, bir az da dözmək lazımdır, lap az qalıb... 
Və beləliklə, illüziya öz işini görür, adamlar dözür, gözləyir,  xoşbəxt gələcək isə gəlib çıxmaq bilmir...