Rasət Pirisoyu. Kanal (Povest)

Rasət Pirisoyu. Kanal (Povest)

Qatar dayandı. 

Mən perrona  düşən kimi Seymuru gördüm.  Vağzalın böyründəki  seyrək  cinarlıqda mavi «Jiquli»nin acıq qapısına söykənib vaqonlara göz qoyurdu. Barmaqları arasındakı  siqareti acgözlüklə sümürürdü. Tüstü bir anlıq  nəmli havadan asılıb qalır, sonra yavaş-yavaş seyrək dumanın  icində əriyib yoxa cıxırdı. 

Bu ona məzəli görkəm verirdi. 

Mən bir beş-altı dəqiqəlik söhbət ücün  mövzu tapdığıma sevinə-sevinə Seymura tərəf addımlamağa başladım. O da məni gördü. Amma elə bil  özünü itirən kimi oldu.
 Mən ürəyimdə Seymurun bu çaşqınlığını öz bildiyim kimi yozdum:  «Alver eləyirsən də, dost?!» Başını hansısa fikrin içindən  qaldırıb üzümə baxdı. Üz-gözünün ifadəsindən «yox!» cavabını aldım. «Bəs onda səhərin gözü açılmamış vağzalda neyləyirsən?!»  Sualıma cavab kimi mənə sarı yeridi. 

-Salam! - dedi. 
-Maşının mübarəkdir- dedim. 
-Səni gözləyirəm! - dedi, tanımadığım bir adanın «hara gedirsən?» sualına «heç hara» cavabını verib, üzümə baxdı.
 Doğrusu, heyrətləndim. 
-Məni gözləyirsən?  
-Səni gözləyirəm! 
-Nədən bilirdin ki, bu gün gələcəyəm? 
-Bilirdim... 

Bu sözdən sonra siqaretlə bağlı hazırladığım söhbət məzəsini itirdi.
Maşına işarəylə: 
-Nə vaxt almısan?-deyə xəbər  aldım. 
Cavabında:
-Gəl, əyləş ...-dedi. 
-Əşi,yox! ... Budu ha, ev burdadır...
-Dedim axı, səni gözləyirəm...

Fikirləşdim ki, ola bilsin, nə isə işi düşüb. Etiraz eləmək yaxşı düşməzdi. Neçə ilin dostu olmuşduq. Bəlkə də elə bir işi yoxdu. Yəqin ki,  dünən qardaşımdan öyrənib bu gün gələcəyəm,  maşınını mənə göstərməyə gətirib. 

Axır illər dost-tanışdan tamam bezmişdim. Üzümə gülümsəyən  bir adam  görən kimi ağlıma  min  bir fikir gəlirdi. O dəqiqə səbəbini axtarmağa başlayırdım. 
Keçib əyləşdim. Maşın  vağzalın başına dolanıb  asfalt yola çıxdı. Mən sünii  şuxluqla soruşdum: 

-Hara gedirik?
-Yol gəlmisən, acmış olarsan?
-Toxam -dedim. 

Dinmədi.    

Tanış evlər görünməyə başladı. Bu evlərin hər biriylə bağlı ürəyimdə neçə-neçə xatirə vardı. Amma o xatirələr çoxdandı gücdən düşmüşdü. Ürəyimdə heç bir hiss oyatmırdı. Mən bunu rayona tez-tez gəlməyimlə əlaqələndirirdim.

 Seymurla təqribən bir beş-altı il  qabaq görüşmüşdüm. O vaxtdan əlaqələrimiz kəsilmişdi. Mənə elə gəlirdi ki, bir-birimizi unutmuşuq.  Amma görünür belə deyilmiş...
 Maşın evimizin yanından keçəndə mən Seymurun üzünə baxdım:

-Bəs evə dəyməyim? 

Dinmədi.
-Heç olmasa, çantamı  qoyum... 

Kirimişcə mənə sarı döndü. Baxışlarından  narazılıq oxudum. Ürəyimdə: «Bu lap ağ elədi ki...»  deyə düşündüm. Məni xəfif bir əsəbilik bürüdü. Az qala «saxla» deyəcəkdim. Deyəsən, o özü də bunu hiss elədi. Üzümə baxan gözlərinin necə taqətdən düşdüyünü görüb susdum. 

-Saxlayım? - yavaş-yavaş maşının sürətini azaltmağa başladı. 
Açıq-aşkar əsəbiliklə: 
-Sür!-dedim. 
Sürəti azacıq artırıb, birdən, gözləmədiyim halda, vağzaldakı söhbətimizə qayıtdı: 
-Bilirdim gələcəksən... 
 Mən elə-belə, sözgəlişi, xəbər aldım:
-Hardan bilirdin? 
-Onun toyuna hamı gəlir... 

Dalağım sancdı. Mən doğrudan da toya gəlmişdim. Üç gün qabaq qardaşım zəng eləmişdi. Demişdi ki, bazar günü Arifin toyudur. Bəy sənin toyda olmağını xüsusi ilə arzulayır. Deyəsən, səni sağdış seçmək fikrindədir. Əgər işin olmasa, mütləq gəl. Sonra da əlavə eləmişdi ki,  sən bilirsən də indi Arif kimdir? Mən  də demişdim, bilirəm. Bu gün Arifin həm ad günüydü, həm də toyu. Arif kimi bir adamla tanışlıqdan imtina eləmək, yaxud bu tanışlığı sonraya  saxlamaq ən azı maymaqlıq olardı. Özü də bəyin xüsusi  arzusu olandan sonra. Arifin toy qabağı məni yada salması, hətta bunu qardaşıma  bildirməsi, belə bir istəkdən xəbər verirdi ki, mən səni özümə dost bilirəm, mənimlə dost olmaq istəyirsənsə, buyur. Mən də buyurmuşdum, gəlmişdim.  

Amma... 

Birdən-birə Seymurun bu söhbəti salması məni tamam çaşdırdı:   
 
-Onun, yəni kimin? 

Mən ehtiyatla olsa da, sual verdim. Seymur istehza ilə üzümə baxdı. Cavab məlum idi. Söhbət  heç şübhəsiz  Arifdən gedirdi. Amma niyə? Seymurla Arifin nə əlaqəsi? Seymur sürücü adamdır. Arif şəhər sovetinin sədri. Tutaq ki, lap elə Seymurla Arifin arasında nə isə anlaşılmazlıq var. Buna görə məni gözləmək nə vacib düşmüşdü? Bir də, niyə məhz məni?! Mən burda neyləyə bilərəm? Seymur, yəqin ki, bilməmiş deyil, mənim Ariflə heç şəxsi tanışlığım da  yoxdu. Bəlkə Seymur fikirləşir ki, nüfuzlu qəzetdə işləyirəm deyən, qəzetin nüfuzundan  istifadə edib, nəyisə yoluna qoya bilərəm? Onda  bu istehza nə üçündür? 

Maşın yoxuş qalxdığı ücün mator uğuldamağa başladı. Mən uğultu içərisində Seymurun boğuq səslə verdiyi növbəti sualı eşitdim:

-Düzdür? 
-Düzdür! -dedim. Mən maşının sürət ölçüsünə baxdım. Əqrəb yüzü dəyürdü. 
-Yavaş sür.
-Ölümündən qorxursan? 
«Allahu-əkbər ha! İşə düşmədik?!» 
-Hə! -dedim.

 Seymur sürəti azaltdı. Maşın yoxuşu qalxıb, dənizə sarı gedən yola buruldu. Əyri-üyrü uzun küçəni şütüyüb keçdi. Birdən-birə qarşımıza  üfüqlərəcən uzanan yamyaşıl qamışlıq cıxdı. Yumşaq - yumşaq dalğalanan qamışlar yadıma uşaqlıq çağlarımızı saldı. O vaxt bu qamışlar nədənsə, məndə fit calmaq  həvəsi oyadırdı. Ən cox çaldığım mahnı da «Qaragilə»  idi. Adətən axşamlar, bəzən isə gecə yarısı balıq ovundan qayıdanda  Seymur pəsdən başlayardı:

-Gəlmişəm otağına, 
Oyadım səni, Qaragilə, 
oyadım səni.   
Nə gəzəl xəlq eyləyib, 
Yaradan səni, Qaragilə, 
yaradan səni.... 

Beləcə, bu üç-dörd misradan sonra Seymur susardı. Bilərdi ki, indicə bu qamışların xışıltısına məlahətli bir səs qarışıcıq.  Mən fitdə «Qaragilə» mahnısını çalacağam. Bu mahnıda bizim ikimizin - Seymurla mənim, bir də ulduzlu axşamların, xəfif dumana bürümüş gecələrin sirri yaşayırdı. Bir Qəmər yada düşəndə calınardı, bir də Şəhla... Qəmər Seymurun sevdiyi qız idi,  Şəhla mənim.

Bir mahnımız  da var idi o vaxt. «Qaragilə»ni  biz ancaq bir yerdə olanda oxuyurduq, həmin mahnını isə onları bir yerdə görəndə. Mahnını başlamazdan əvvəl həmişə Seymur mənə göz vurar, qımışardı, sonra yavaşdan: 
-Araz axır qıyğacı - deyib, gülümsəyə-gülümsəyə üzümə baxardı. Mən bir balaca pəsdən yuxarı səslə: 
-Ay qız, ay qız, amandır...- deyərdim. 
-Budur, gəlir cüt bacı... 
-Qadan alım... 
-Biri mənim öz yarım... 
-Ay qız, ay qız, amandır...
-Biri başımın tacı...
-Qadan alım... 
Biz oxuyardıq. Onlar isə elə bil küsülü kimi yanaşı addımlayardılar. Mahnı qurtardıqdan sonra kirimşcə bir-birinin üzünə baxıb gülümsəyərdilər.
Biz də mahnını oxuyub qurtarandan sonra mütləq cıxıb gedərdik. Ən qəribəsi bu idi ki, qəlbimiz onların təbəssümləri, baxışları, hərəkətləri ilə doluykən bir kəlmə də onlar haqqında danışmazdıq. 


Maşın üzü cimərliyə yol başlamışdı. Mən bilirdim ki, bir azdan qamışlıq qurtaracaq, qarşımıza  ucsuz-bucaqsız dəniz çıxacaq.  Dəniz mavi yuxu  kimi üfüqlərəcən uzanacaq... 
Amma bütün bunlar indi kimə lazım idi? Bu qamışlıqda, bu ənginlikdə, bu dənizdə, sahildən on-on beş metr uzaqda suya batıb çıxan  qarabatdaqlarda indi elə güc qalmışdımı ki, ötüb keçənlərdən nəyi isə qaytara bilsin? 

Olan olmuşdu, kecən kecmişdi.

Bəs onda Seymurun bu sentimentallığı nəyə lazım idi? Təbii ki, mən nə vaxtsa yaxın olduğum, həyatın adi gedişində yaddan çıxardığım, bəlkə də unutduğum tanışlarım, dostlarım qarşısında borclarımı başa düşürdüm. Bu borcları yada salmaq ücün bu boyda üverturaya ehtiyax yox idi.  Buna nə mənim vaxtım vardı, nə də həvəsim. Bir də mən Seymuru ağır oğlan kimi tanıyırdım. Doğrudur, bu tanışlıq beş-altı il əvvəlin tanışlığı idi. Bu beş-altı ildə hamı kimi Seymur da dəyişə bilərdi. 
Seymurun hərəkətləri mənə yersiz görünürdü. 

-Bakıda nə var, nə yox? 
«Aman allah, bu gicbəsər məni dəli eləyəcək!» 
-Səfərimiz haradı belə? 
-Əvvəllər balıq tutduğumuz yerə!...  
-Olmaya yenə balıq tutacağıq? 
Seymur susdu. 
Maşın artıq sahil qəsəbəsinin  içərisiylə gedirdi. Seymur sürəti azaltmışdı. Bütün diqqəti sükanda idi. Özünü sakit aparmağa calışırdı. 
-Bir az səbirli ol.

Mən partladım. 

-Nə səbirli ol, ə? -əlbəttə, mən bu sözü bir az ərkyana, bir az zarafatla, bir az da  əsəbiliklə deməyə çalışdım:
-Dolamısan  məni? Düz yarım saatdır yol gəlirik, mənimlə gəzlənqaç  oynayırsan.  Sözün nədir, de, qarnının azarını bilək də... 
-Mən səni dolamamışam, Nəsim. - Aman Allah, bu səs düz on il əvvəlin səsi idi, düz ürəkdən gəlirdi. 
-Məni dolayıblar, Nəsim, məni dolayıblar. Niyə dolayıblar, bilmirəm. 

Seymurun səsi göz yaşına qədər enmişdi. Mən dostluq elədiyim müddətdə Seymuru bir dəfə də ağlayan görməmişdim. İndi də heç  ağlayacağına inanmırdım. Çünki sifəti daşa dönmüşdü.
 Bu gün, bu yarım saat ərzində, Seymur ikinci dəfə idi ki, məni caşdırırdı. Bayaq, «indi onun toyuna hamı gəlir»  deyəndə də  məni çaşdırmışdı, amma fikirlərimi qarışdıra bilməmişdi. Mən həmin sözdəki gizli eyhamı müəyyən qədər özümə aydınlaşdırmağa  çalışmışdım. Doğrudur, bir nəticəyə gəlib çıxa bilməmişdim, amma hər halda, qismən də olsa, düşünmüşdüm, düşünə-düşünə fikrimin istiqaməti məndən asılı olmayaraq dəyişmişdi, yadıma uşaqlıq illərimiz, boya başa çatdığımız  bu yerlərin gecələri,  «Qaragilə» mahnısı düşmüşdü. Amma indi hər şey konkret qoyulmuşdu. «Məni dolayıblar». Bu sözdə elə bir şey var idi ki, mən onu bilmirdim. Seymurun da məni bura gətirməkdə məqsədi o bilmədiyim şeyi mənə başa salmaq idi. Birdən elə bil boşluğu düşdüm. Ağlıma gələn fikir məni sarsıtdı. Nədənsə mənə elə gəldi ki, indicə böyründən keçib getdiyimiz qırmızı kirəmidli evi görməsəydim, bu fikir ağlıma gəlməzdi. Amma fikir daha ağlıma gəlmişdi, içəridən məni didib-parcalamağa başlamışdı, birdən-birə Seymur mənə həddindən artıq doğma olmuşdu. Mən fikrimdəki ehtimalı özümdən uzaqlaşdırmaq üçün dönüb Seymurun üzünə baxdım. Seymurun sifəti yaxşı heç nə vəd eləmirdi. Sual verməyə qorxurdum. Fikrin ömrünü uzatmaqla ürəyimdəki nigarançılıqdan yaxa qurtarmağa çalışırdım. 
Mənə elə gəlirdi ki, Şəhla yenidən ərə gedir. Daha doğrusu on il bundan qabaq baş vermiş hadisə yenidən təkrar olunur. Bu xəbəri yenidən mənə çatdırırlar. Bu xəbərin mənim başıma acdığı oyunu yenidən yaşayıram... Bakı yadıma düşürdü. Yataqxana yadıma düşürdü. Qonşu otaqda  çalınan türk mahnısı yenidən iliyimə işləyirdi. Otağımızdakı  kirli pərdələr, balkona açılan qapı, qapının üstündən uçulub yerə təkülmüş  suvaq, suvaq yerinədki hörümçək toru, o tordakı bir neçə kök milçək qurusu, Səftərin: - Alə, qızlar belədir də  -  sözü, bu sözdəki laqeydlik...  hər şey,  hər şey  dünən olubmuş kimi yenidən xəyalımda canlanırdı.

O  axşam sübhə qədər payi-piyada Bakını dolaşmağım, səhərə yaxın yorulub əldən düşməyim, taksiyə minməyim, sürücünün: - Haraya? - sualına, - Dərnəgülə! - cavabını verməyim, qəfil Dərnəgülə çatmağımız, sürücünün: - İndi hara? - soruşmağı, mənim sayğaca baxmağım, sayğacın yazdığı rəqəm; beş manat əlli səkkiz qəpik - elə bil yenidən baş verirdi, mən yenidən əlimi cibimə aparırdım.

-Saxla! -  Seymur səsimdən diksindi. Əyləci basıb maşını saxladı. Küt-küt üzümə baxdı.
- Arif kimə evlənir?!...
Elə bil bir anlıq Seymurun üzünə  gün doğdu. Sonra bu aydınlıq zərif qüssə tülünə  büründü, daha sonra  isə qüssəni istehza əvəz elədi.
 -Qəmərə...
 -Qəmərə?! -Mənim gümanım doğru çıxmışdı. 
 -Qəmərə!... 

Daha bundan aydın nə demək olardı? Hər şey deyilmişdi. İndi mənə bir şey aydın deyildi. Bu yeddi ildən sonra mən Şəhlanı niyə belə ağrıyla xatırlayırdım. Axı mən bilən onu unutmuşdum. Hətta bir dəfə küçədə üz-üzə gəlmişdik. Balaca bir oğlan uşağının  əlindən tutub ağlada-ağlada arxasınca çəkirdi. Onda heç belə sarsılmamışdım. Hətta dayanıb Şəhlayla hal-əhval da tutmuşdum. 

-Bu igid kimdi belə? 
Susmuşdu. Uşaq isə kiriməmişdi. 
-Necəsən? 
-Yaxşıyam - demişdi -  Sonra da uşağa acıqlanmışdır; 
-Ay it oğlu, it, bəsdi də!... -
Bu sözdən sonra uşaq səsini xırp kəsmişdi. 
-Sən necəsən? 
-Mən də yaxşıyam... 
Bir az susub,  başını qaldırmışdı: 
-Evlənmirsən? -demişdi. Bilməmişdim sual verir, yoxsa subay olduğumu nəzərimə çatdırmaq istəyir. Ona gərə də gülümsəyə-gülümsəyə üzünə baxmışdım. 
-Saçları ağardırsan! -  
Mənim saçlarıma doğurdan da əməlli-başlı dən düşməyə başlamışdı. 
Mən yenə də gülümsəməyə çalışmışdım. 
 -Evlənmək lazımdır! -deyib,  uşağı arxasınca çəkmişdi və çıxıb getmişdi. 

Mən isə başımı bulaya-bulaya, özümdən həddindən artıq razı halda, müdrik addımlarla yola düzəlmişdim. 

İndi burda, Seymurun üzümə küt-küt baxdığı bu məqamda, yolun kənarıyla uzanan söyüdlərin altında, bu qəfil sarsıntının yaratdığı çaşqınlıq içərisində, o günki müdrik görkəmimdən həddindən artıq xəcalət cəkirdim. Mənə elə gəlirdi ki, keçirdiyim bu əhvalı Seymur da hiss eləyir. Bu da məni sıxırdı. 

-Sür -dedim. 
Səsim xırıldadı. Seymur əllərini oturacağın çiyinləri boyu arxaya uzadıb, söykənəcəyə sərələndi. Üz-gözündə əvvəlki ifadədən əsər-əlamət qalmadı. Mənim tanıdığım Seymur yenidən qayıdıb gəlmişdi. Əvvəlki təmkiniylə, laqeydliyiylə, istehzasıyla  üzümə baxım gülümsəyirdi. 
-Dəli olmusan? 
Onun bu sözü məni lap hövsələdən çıxardı. 
-Sür dedilər sənə... 
-Hara? 
-Hara istəyirsən? 
-Sür deyirsən, sürüm də... Ağa deyir, sür! Hara? Dərəyə! Baş üstə!...
 Seymur məni dolaya-dolaya maşını işə saldı. 


Mən susurdum. Bu qəfil çılğınlığın hardan gəldiyi mənə məlum deyildi. Niyə birdən-birə belə sarıldım? Nə oldu mənə? Bəlkə ürəyimdə köhnə dostluq hissləri baş qaldırdı? Bəlkə Qəmərin  xəyanəti məni sarsıtmışdı. Amma yoox!... Mən özümə bu dünyada hamıdan çox bələd idim. Belə bir şeyin məni sarsıtmağına yerli-dibli inanmırdım. 
Lap tutaq ki, məni sarsıdan bu idi. Bəs onda bu xəbərdən sonrakı o günü, o Bakı gecəsini, o gecə keçirdiyim dəqiqələrin, saatların ağrısını niyə belə dəqiqliklə xatırlayırdım.
 Bu xatirələrin mənası və məqsədi nə idi? 


Maşın çimərliyə yaxınlaşırdı. Dənizin həm saf, həm də balıq, yosun qoxusu qarışmış havası bütün doğmalığıyla içəri dolurdu. Mən özümü ələ almalıydım. Bir neçə dəqiqə bundan qabaqkı hisslərin təkanı hələ səngiməmişdi. Fikirlər beynimdə arı pətəyi kimi qaynaşırdı. Bu özünütəhlil, hisslərə vaxtında və dəqiq qiymət vermə adəti ilk dəfəydi ki,  zəhləmi tökürdü. 
Çıxış yolu tapmaq lazım idi. Yoxsa Seymurun yanında özümü gözdən sala bilərdim. Dostum olsa da mən bu əclafı yaxşı tanıyırdım. O, insan zəifliyini çətin ki  bağışlayaydı. 
Seymur kişi oğlan idi. Bütün ömrü boyu da beləcə  qalacaqdı. Ağrılarını açıb ağartmayacaqdı. 
Mən isə Seymur kimi deyildim.  Bəzən özümdən, öz hissələrdən baş açmaq mənim ücün müşkülə dönürdü. Belə vaxtlarda  həmişə təkliyə can atırdım. Ürəyimin suallarına cavab tapmayınca adamlardan qaçırdım. 


Seymur sahilin narın qumları üstə maşınla dövrə vurub, yerdən azacıq qalxmış yastı bir daşın böyründə saxladı. Qapını acıb bayıra çıxdı. Pencəyini cıxarıb var qüvvəsi ilə dənizə sarı tolazladı. Köynəyinin yaxasını açdı, sağa keçib nə vaxtsa tez-tez təkrar elədiyim bir misrayla məni maşından bayıra dəvət elədi: 
-Sevirəm Qafqazı mən!... 

-Artist! - Mən maşından düşə-düşə Seymuru acıladım. Elə o dəqiqə də peşman oldum. Amma o incimədi. Bu sözün müqabilində güldü. Əvvəlcə ürəkdən güldü, sonra bu gülüşdə əsəbilik çalarları göründü. Sonra o da ötüb keçdi, yerində doğrudan da artistlik qaldı. 
Mənim birdən-birə ona yazığım gəldi.
-Bağışla! -dedim. 
-Üzr istəmək sənin çoxdankı peşəndi...Yeri, yeri,  bir az dəniz havası ud, ağlın başına gəlsin. Yoxsa səni bura gətirməyimə doğrudan da peşman olaram. Ayaqqabılarını da çıxart, ayaqların bir allah günü görsün... Farmazon!.. 
"Farmazon!..”  mənim artist sözü müqabilində aldığım cavab idi.
Mən yastı daşın üstündə əyləşib ayaqqablarımı çıxardım. Avqust günəşi torpağı qızdırmağa başlasa da, torpaq hələ nəm idi. Soyuq iliyimə işlədi. Mən Seymura baxıb gülümsədim. Seymur da gülümsündü: 
-Pis oğlan deyilsən, yox... Adam olmağına adam olursan, amma bir gec olursan... get əllərinə bir az su vur, beynnin açılsın... Amma gecikmə ha...
Şalvarımın balaqlarını çirmələyib, yalın ayaqlarla dənizə doğru addamlamağa başladım. 
Bir yüz addıma qədər getmişdim ki... 
Əvvəl mənə elə gəldi ki, bu dənizin səsidir. Qəlbim hansısa melodiyanı bu səsdə tapıb, indi mənə eşitdirmək istəyir. Amma bacarmır.
Melodiya ani susur, melodiyayla birlikdə elə bil dənizin də səsi də yoxa çıxırdı. Sonra lap yavaşdan, göy üzünün ən uzaq nöqtəsində görünən ulduz kimi, yenidən peyda olur, yenidən səslənirdi. Melodiyayla birlikdə dənizin səsi də qayıdıb gəlirdi və  melodiyanı eşitməyə qoymurdu.
Mən huş - guşla dənizə qulaq asırdım.
Birdən melodiya gücləndi.  Mən tanıdım. «Qaragilə» mahnısı idi. Özü də dənizdən deyil, arxadan, maşından gəlirdi. Seymur maqnitafonu işə salmışdı. Bu dəfə «Qaragilə» mahnısını Şahnaz Haşımova oxuyurdu:

Təbrizin kücələri 
dolanbadolan, Qaragilə, 
dolabadlan.
Əgər məni sevmirsən 
get ayrı dolan, Qaragilə , 
get ayrı dolan.
Nə mənə qız qəhətdir, 
nə sənə oğlan, Qaragilə. 
nə sənə oğlan...

Bayaqkı hisslər, birdən- birə bütün cılğınlığıyla, mahiyyəti, məzmunu, məqsədi, dərinliyi, dayazlığı,  dəyanəti, ümidsizliyi…  bir sözlə, hər şeyi ilə mənə əyan oldu.
Mən Qəmərə inanırdım. Elə bu inamla da Şəhladan intiqam alırdım. Əsil məhəbbətin gətirə biləcəyi xoşbəxtliklə Şəhlaya meydan oxuyurdum. Elə bu inama arxayınlaşmaqla da  Şəhlanı unutmuşdum. Doğrudur, qarşıma belə bir məqsəd qoymamışdım. Belə bir niyyətim olmamışdı. İndi kim deyə bilərdi ki, Şəhlanın xəyanəti ilə  bağlı qəlbimdə oyanan  min bir fikir fırtınası icərisində bu niyyət olmamışdı.  Bəlkə də buna görə mən o vaxt bütün işimi - gücümü buraxıb Qəmərin hər arzusunu yerinə yetirmişdim. Qəmərlə  Seymurun arasında  bir anlaşılmazlıq görən kimi özümü oda - közə vurub, onları barışdırmışdım. Seymur orduda olanda hər iki gündən bir Qəməri ona məktub yazmağa məcbur etmişdim. Seymurun mərdliyindən, kişiliyindən, insanlığından danışmaqla doymamışdım. Bütün bu hərəkətlərimin adını «dostluq» qoymuşdum.  Əslində bu hərəkətlərin adı «dostluq» yox, sadəcə «intiqam»yış. Qeyri - şüuru intiqam... İndi Qəmər ərə gedirdi. Özü də başqasına - Arifə. Deməli,  mənim bu niyyətim baş tutmurdu. Deməli, mən intiqam ala  bilimrdim. Şəhlayla bağlı, unudulmuş, gücünü itirmiş, amma vəhşiliyini hələ də qoruyub saxlamış, qəlbimə, sinirlərimə  kök atmış, üstü örtülmüş o niyyətim, deməli, məğlub olurdu. Bu məğlubiyyət isə hər şeyi təzələyirdi. Bayaq, keçirdiyim əsəbilik də, xəcalət hissi də, çaşqınlıq da, fikirlərin nizamsızlığı da bu məğlubiyyətdən gəlirdi.

Deməli, bir bayatı da deyildiyi kimi, yar yardan ayırılsa da, məhəbbət  ölüncə var.

Amma yoox!... Əgər iki saat bundan qabaq  qatarda   sual versəydilər ki, sən Şəhla adında adam tanıyırsanmı, mən mütləq   yaddaşımı araşdırmalı olacaqdım. Bu ad məndə hec bir duyğu oyatmaycaqdı. Ünvan verən olmasaydı, mən, yəqin ki, «yox» deyəcəkdim. Cünki mənim  doğrudan da  Şəhla adında tanışım yox idi.
Amma indi...  

Aman allah, insan nə qəribə varlıqdır. 

Mən sarsılırdım. Təkrar sarsılırdım. Ürəyimdə Seymura nifrət edirdim. Ağlıma da gəlmirdi ki, daha bu hissələrin kökü quruyub, bu hissələr bar verə  bilməz. Anlaya bilmirdim ki, uzaqbaşı beş - altı saatdan sonra hər şey qurtaracaq. Şəhla yenə də uzaq xatirəyə çevriləcək.

Soyunub suya girdim.

Su çox soyuq idi. Amma mən bu soyuqluğu tam qavraya bilmirdim. Üşüdüyümü bilirdim. Amma elə o dəqiqə də unudurdum. Hər dəfə addım atdıqca soyuq iliyimə işləyirdi, sonra bu soyuqluğa alışırdım.

Ən nəhayət, özümü topladım. Əllərimi qoltuqlarıma sıxıb, suya yıxıldım, tüklərim biz - biz oldu. Sonra su  isinməyə başladı və mən üzə - üzə  o biri sahilə üz tutdum.
Arxadan Seymurun həyəcanlı səsini eşitdim:
-Qayıt geri, qayıt, qayıt...
İstər - istəməz geri döndüm.

Sahilə cıxanda Seymur pərt - pərt üzümə baxdı. Cəld pal-paltarımı yığışdırmağa başladı. Sonra hüznlü - hüznlü:
-Sən elə bilirsən əvvəlki dənizdir bu? Yox!  O dənizdən əsər- əlamət belə qalmayıb. İndi bu dəniz deyil, allah bilir nədir... Kecən il burda  Alı boğuldu. Bizdən bir sinif aşağıda oxuyurdu ha, o... Niyə boğuldu, necə boğuldu, heç kəs baş aça bilmədi. Adamların gözü qarşısındaca batdı. Meydini üç gün sonra bala dənizdən tapdılar...

Mən bu əhvalatı eşitmişdim. Bu əhvalatla bağlı min bir rəvayətə, fərziyəyə, fikrə, ehtimala qulaq asımışdım. Amma hec biri ağlıma batmamışdı. Alının ölümüylə adamlar bu sahildən üz döndərmişdilər.

Bizim uşaqlığımızın dənizi beləcə unudulmuşdu.

Seymur şalvarımı, kəynəyimi, qalstukumu qoltuğuna vurub qabaqda yeriyirdi. Mən arxadan onun kürəyinə baxırdım. Azacıq irəli əyilmiş, güclü, əzələli boynunu çəkib ciyinlərinə birləşdimiş bu kürəyə baxmaqla Seymurun indiki vəziyyəti haqqında yüz söz demək olardı. Bu kürəyi mən həmişə şax gərmüşdüm. Bu gur, qara. qıvrım sacları küləkdə oynayan bu  başı isə kürəkdən bir qarış yuxarıda görmüşüdüm. İndi isə...

Seymur maşına çatıb, pal - paltarı pəncərədən içəri tulladı. Oğurluq iş üstündə tutulmuş adam kimi utana - utana məni yastı daşın üstündə açdığı süfrəyə dəvət etdi:
-Qonaq, buyur yuxarı başa...

Mən süfrəyə heyrətlə baxdım. Süfrədə nə yox idi. Ağ, qara kürü, kərə yağı, təndir cərəyi, motal pendiri, soyutma ət, yumurta, qaymaq, iki xarici icki, bal, lavaş, mer - meyvə... Termosdan yenicə süzülmüş buğum-buğum nuğlanan çay..

-Bu qədər şeyi neyləyirsən?
-Mən dörd ildir belə yaşayıram, Nəsim müəllim! Adamlar elə bilir mən kasıbam. Amma yox. Doğrudur, mən kasıb  olmuşam... İndi mənim hər şeyim var; evim, maşınım,  pulum... Adamım da var, Nəsim, adamım...
Seymur əlindəki cörəyə kürü yaxa - yaxa danışırdı. Danışığı həm bir az təntənəli idi, həm də bir az laqeyd. Mən yenə də səhərki maraqla, coxdan adət etdiyim  bir peşəkarlıqla qulaq asırdım. Seymurun səsində harınlıq ahəngi axtarırıdım, sındırmaq, yerlə yeksan etmək çaları arayırdım. 
Amma əbəs yerə...

Mən bilirdim ki, söz bir azdan hərlənib fırlanıb Qəmərin üstünə gələcək. Amma hələlik Seymur o söhbəti salmaq istəmirdi. Mənim də dinləməyə həvəsim yox idi.
-Çörəyini ye, cayını soyutma...

Seymur üstünə  kürü çəkdiyi  cörəyi mənim qabağıma qoydu. Mən cay içə-içə onun üzünün cizgilərinə, gərgin olanda azacıq səyriyən sol yanağına, geniş alnına, sol qaşının  üstündən yuxarı  qalxan iki nazik, amma dərin qırışa, güclü çənəsinə baxırdım. Gördüklərim  mənə həm doğma gəlirdi, həm də yad. Mən nə vaxtsa bu çənəyə möhkəm bir yumruq ilişdirmişdim. Onda Seymur dəli olmaq əvəzinə, çənəsini ovuşdura - ovuşdura: - Ə, vicdansız! - demişdi - çənəmi yerindən çıxardın ki? Olmaz ki adam kimi ilişdirəsən?...

Mən yumruqlarmı düyüb Seymurun üstünə yermişdim:
-Sən Qəmərdən üzr istəməlisən...

Onda Qəmər qruplarındakı bir oğlanın məhəbbətini bir necə ay idi ki, rədd eləmirdi. Bunu Seymur da bilirdi. Tələb edirdi ki, Qəmər bu məsələni qəti həll etsin. Mən də bu məsələ ilə bağlı  Qəməri söhbətə çəkmişdim. Qəmər özünə belə haqq qazandırmışdı ki, axı oğlan pis oğlan deyil, həyasızlıq eləmir. İndi  nə olsun ki, məni istəyir.  Ona «yox» demək mənim üçün  su içimi qədər asan  bir şeydir. Amma ürəyini sındırmaq istəmirəm. Axı necə olsa, bu, məhəbbətdir. Məhəbbəti kobudluqla rədd etmək ən azı insanı öldürməyə bərabərdir. Onsuz da o bilir ki, mən başqasını istəyirəm. Əvvəl - axır iradəsini toplayıb çıxıb gedəcək.

Onda bu məntiq mənə inandırıcı görünmüşdü. Seymur isə Qəmərlə qətiyyyən razılaşmamışdı. Elə buna görə də biz üz - üzə gəlmişdik.

Seymur termosu açıb stəkana cay süzdü. Süfrədən bir dilim cörək götürüb bir müddət əlində o yan bu yana çevirdi, sonra ehmalca süfrəyə qoydu:

-Mən bu cörəyi burda qazanmışam! - dedi. - Bax orda! - əliylə beş - altı yüz metr uzaqlıqdan keçən şosse yolunu  göstərdi.

-O kolluğu görürsən... - uzaqda şosse boyu uzanıb gedən kolluq söhbəti dinləyirmiş kimi bir balaca bükülüb bizə sarı əyilmişdi: - bax,  o kolluğun böyründə maşını saxlmışdım. Axşam toya getməliydim, bədbəxt Alının toyuna... Di gəl,  cibimdə siçan oynayırdı. Cibim də vicdanım kimi təmiz idi. Ha istəyirdim vicdanımın normaları ilə hərəkət eləyim, cibimin normaları qoymurdu. Bilirəm, indi deyəcəksən ki, borc alaydın. Yox, məsələ toya getməkdə deyildi. Sadəcə düşünmək üçün bu bir bəhanə idi. İyirmi iki yaşım vardı, iki ildi ki, işləyirdim. Amma heç nəyim yox idi. Atamdan qalan evi görmüşdün. Sökülüb dağılırdı. Təmir elətdirmək lazım idi. Amma nəylə? O samasvaltla qazandığım qazanclamı? Maşın həftə səkkiz, mən doqquz, xarab olurdu. Alın təriylə  qazandığım pulu da maşının təmirinə qoyurdum.  Elə bil hökumət bu maşını mənə ona görə vermişdi ki, işimi- gücümü buraxıb bu sınıq - salxaq yabının qayğısına qalım.

Nə isə.. Maşının böyründə əyləşib siqaret çəkirdim. İndiki xozeynim də elə o vaxt böyrümdən çıxdı. Bir də gördüm şıq geyimli bir kişi qarşımda dayanıb, yanında da bir qızıldiş oğlan... Mənə baxıb gülümsəyirlər. Qalxıb salam verdim. Yolun kənarında təp- təzə QAZ - 24  dayanmışdı. Sarımı uddum, dedim, yəqin raykomdur.
İrişə - irişə üzümə baxdı:
-İşin - gücün  kür vxtında bu cavan oğlan burda niyə boş - bekar  dayanıb?- dedi.
-Yorulmuşam - dedim, - bir balaca dincimi alıb gedirəm.
-Yorğun adama oxşamırsan axı - dedi, - dilxor adama oxşayırsan...
Elə bu sözlə də məni toruna saldı. Fikirləşdim ki, lap yəqin raykomdur. Başqasının yol qırağında dayanmış adamla nə işi? Görür cavanam, ürəyi yanır. Sizin qəzetlərdə yazıldığı kimi «problemlərimlə» maraqlanır.
Ehtiyatla sözə başladım.
-Yoldaş katib, - Seymur bu sözü istehzayla, hecalara bölə- bölə, məxsusi mənim ücün təkrar elədi: - Yol ... daş  ka ... tib, mən işləmək istəyirəm, Amma maşını görürsünüz də, nə gündədəir. Özüm sağlamam, cavanam. Lap sükan arxasında yüz saat da əyləşə bilərəm.  Amma  maşın buna imkan vermir. 
«Raykom»  gülümsədi. 
-Danış, - dedi, - danış. Ürəyində nə var, de, qorxma.

Mən də danışırdım.

-Siz məni, xahiş edirəm, düz başa düşün - dedim. Bu axşam dostumun toyudur. İndi qalmışam mətəəl. Bir babat maşın olsaydı, həm yaxşı işləyərdim, həm də yaxşı qazanardım, dost - tanış yanında da xəcalətli qalmazdım. Axı partiya da bizdən yaxşı işləməyi tələb edir. Deyir, gənclər sabahın qurucularıdır.
Seymur birdən söhbətini kəsib dik gözlərimin icinə baxdı. Nəfəsi təngiyirdi. Sakit-sakit gülümsündü. Nədənsə mənə elə gəldi ki, gülümsəyən Seymur deyil,  nə vaxtsa,  o kolluğun yanınıda dayanıb Seymurla danışan o  xəyali raykomdur.

Bu təbəssüm mənə həddindən artıq tanış gəldi. Mən bu təbəssümü  harda, kimin sifətində görmüşüdüm. Fikrim toplayıb yadıma salmağa calışdım. Amma xatırlaya bilmədim.
Seymur istehzayla:
«Gənclər sabahın qurucularıdır» Bu cümləni mən sənin məqaləndən götürmüşdüm. -  dedi. - Axı mən səni - şəhadət barmağını xüsusi əda ilə yuxarı qaldırdı - böyük jurnalist  hesab edirəm. 
Mən susurdum. Susmaqdan savayı əlacım yox idi. Seymurun bu günki hərəkətləri - məni qarşılamağı, bu süfrə, hətta əynindəki zolaqlı cimərlik tursiyi, bir sözlə, hər şeyi - mənə ucuz məcarə romanı təsiri bağışlayırdı. 

Amma dözmək lazım idi. Seymurun bu günkü əhvalını nəzərə alıb bəzi hərəkətlərinə göz yummaq lazım idi. 

Seymur təndir cörəyindən bir tikə kəsib barmaqları arasına aldı, xırda-xırda doğramağa başladı. Sonra ovcuna töküb ovdu, ayağa qalxıb süfrədən aralandı, yaxındakı kol-kosun üstünə qonub bizə baxan sərçələrə atdı. Sərçələr yad adamın bu hərəkətindən diksinib havaya qalxdılar, başımızın üstündə bir neçə dövrə vurub yerə endilər, tez-tələsik kiçik ovutuları dənlədilər. Böyük tikələr uğrunda döyüş başladı. 

Seymurun bu hərəkəti də mənə yersiz göründü. 
O, süfrəyə qayıdıb yenidən sözünə  davam etdi. 
-O məni sənin  cümləndə saxladı. «Gənclər sabahın qurucularıdır» deyən kimi «yaxşı!» dedi. Sonra adımı soruşdu. Mən adımı da dedim, familimi də , atamın adını da , iş yerimi də.... Atamı xatırladı; deməli, sən  Manafın oğlusan. Bəli, dedim və başa düşdüm ki, qarşımdakı raykom deyil, hər kimdirsə, başqa adamdır. Raykom mənim atamı tanıya bilməzdi. 
O yanındakı oğlana tərəf döndü:
- Seymura pul ver. 

Mən özümü  itirdim. Pulu götürmək istəmədim. 
O birdən:             
-Mən Manafın qardaşıyam! -dedi. -Əminəm mən sənin. Adam əmisindən pul götürməzmi? 
Söz onun ağzından cıxmamış qızıldişli oğlan maşına tərəf tələsdi, getməyi ilə  qayıtmağı bir oldu. Qardaş kimi qucaqlayıb bir dəstə beşliyi cibimə basdı. Mən bu vaxta qədər bir belə pulu bir yerdə görməmişdim. 

Onlar pulu cibimə basandan sonra cıxıb getdilər. Pula baxırdım, başım gicəllənirdi. Dəhşətli bir qorxu məni didib parçalayırdı. 
Seymur danışa-danışa dənizə baxırdı, mən isə onun gözlərinə. Seymurun gözləri bom-boş idi. Elə bil oba köçmüşdü, yeri boş qalmışdı.                               
Bir anlıq Seymur mənə baxdı və mənə elə gəldi ki, onun gözlərinin dibində nə isə yanıb söndü. Bu mənə sirli göründü. Mən bu dəqiqə həmin ifadəni yenidən görmək ücün Seymurun hər cür təhqirinə dözməyə hazır idim. Ürəyimdə hər şeyi axıra qədər öyrənmək quduzluğu yenə də baş qaldırmışdı. 
Mən səbirizliklə:
-Sonra, sonra ...-dedim. 
Seymur baltanı kökündən vurdu: 
-Elə bilirsən, bu hadisə üçün peşmanam. Xeyir a, xeyir!... Başqa şey üçün peşmanam mən... 
Mən yenə də səbirsizliklə onun sözünü kəsdim: 
- Bu barədə sonra... Bəs bu məsələ necə qurtardı? 
Seymur mənim səbirsizliyimi acıq-aşkar  istehza ilə qarşıladı: 
-Cox sadə!... Belə məsələllər necə qurtarırsa, o da eləcə. Axşam toya getdim. Toya yüz manat saldım. Uşaqların gözü kəlləsinə cıxdı. Dostlar əlüstü mənə hörmət eləməyə başladılar. Bəybaşında hec bilmirdim harda əyləşmidim, toyxanada yerim sağdışın yanında idi, məxsusi hazırlanmışdı. 
-Toy belə keçdi! - 
Seymur  başının üstünə çırtmaq caldı. 

-Səhər avtobazanın müdri məni yanına cağırdı. Get, təzə maşınlardan ürəyin istəyəni seç, götür -  dedi. 
Seymurun birdən-birə bütün sifəti dəyişdi, turşutduğu sifətini gücü gəldikcə gözlərinin dibinə yığdı, yastı daşın üstündən sürüşüb diz üstə torpağa düşdü, əllərini özünə dayaq verib, nifrətlə əlavə etdi: 
-Ən qəribəsi, ən maraqlısı, ən dəhşətlisi, ən iyrənci o idi ki, müdir məndən pul götürmədi. Halbuki o köhnə, o sınıq-salxaq maşın üçün, nə az, nə çox,  düz üç yüz manat pul vermişdim. 
Bu oyundan sonra Seymur ayağa qalxdı, üsullucu dizlərini çırpdı, bu dünyada ən arxayın səslə söhbətinə yekun vurdu. 
-Beləliklə, müdirnən mən dost oldum. O vaxta qədər mənim adımı belə bilməyən prafkom, o vaxta qədər  mənim putyofkalarımdakı ən adi səliqəsizliyi  milli faciə kimi qələmə verən dispetçer mənim qarşımda yalağa döndülər. 
Seymur gəlib daşın üstündə əyləşdi.  
-İki gündən sonra o məni  yanına cağırdı. Kefimi-əhvalımı xəbər aldı. Toya nə qədər pul saldığımı soruşdu. Yüz manat, dedim.  Axmaqsan,  dedi. Bundan sonra tanışlarının toyunda uzaqbaşı iyirmi beş manat sal, dedi, sonra necə hörmət eləyərsən , özün bilərsən. Cıxarıb bir dəstə üclük  verdi. 
Mən yenidən götürmək istəmədim. Gülümsündü, bu pulu bu iki gündə sən özün qazanmısan, dedi. Sənin bir adama bir qara qəpik də borcun yoxdur. 
-Necə?- dedim. 
-Bu iki gündə Bakıya neçə dəfə gedib gəlmisən ? 
-İki dəfə!
-Bax bu pulları da  o iki dəfədə qazanmısan... 

Mən tamam çaş-baş qalmışdım. Bu nə oyun idi mənim başıma gəlirdi. Bir tərəfdən qorxurdum, bir tərəfdən də gedib gəlməyim tamamilə qanuni idi axı. Yol vərəqəm var idi. Hara getmişdim, hardan gəlmişdim, niyə getmişdim, nə gətirmişdim, bilirdim. 

Seymur susdu. 

Mən özümü sual verməkdən güclə saxlayırdım. Çünki dinləmək bacarığını jurnalistin əsas keyfiyyətlərindən biri hesab edirdim. Ürəyimdə: «Qoy bütün həqiqətlərini, düşüncələrini axıra qədər desin, sonradan nəticəyə gəlmək asandır» deyə fikirləşirdim.  

Seymurun sükutu məni darıxdırdı. 
-Yaxşı hara getmişdin, nə üçün getmişdin, nə gətirmişdin? 
Seymur mənə elə baxdı ki, elə bil bu dünyada mən ən böyük qəbahətə yol vermişdim. 
-İntervü götürürsən? 
-Oxu atıb yayı niyə gizlədirsən? 
-Oxu atıb, yayı siz gizlətmisiniz... Özü də elə yerdə gizlətmisiniz ki, indi ha axtarırsınız, tapa bilmirsiniz. Ona görə də oxları sıraya düzüb ona-buna «xox» gəlirsiniz. Amma əbəs yerə. Adamlar coxdan bilir ki, yayı coxdan itirmisiniz. Tapmağınız  isə müşkül məsələdir. 
Seymur hirslə yerindən qalxdı. Mən onun üz-gözündəki ifadədən ehtiyatlandım. Bir anlıq müştəri gözüylə tüklü sinəsinə, əzələli qollarına, enli ciyinlərinə baxdım. Bilmək istədim, sözümüz cəp gəlsə, qarşında dayana biləcəyəmmi? İndi Seymur elə görkəmdə idi ki, ondan hər şey gözləmək olardı. 

Axı vaxtı ilə o Qəmərdən ayrılıb gedə bilərdi. 

-Bilirsən,  Nəsim, deyəsən axı bu qızla mənimki tutmayacaq- bu sözü bir vaxt Seymur demişdi. 
-Niyə? -bu sualı isə mən vermişdim. 
-Nə bilim, vallah... 
-Fakt!
-Fakt?! 
-Bəli, fakt!... 
-Fakt yoxdur! Amma Qəmər var axı! Sözü var, danışığı var... İnanmıram... 
-Nəyə? 
-İstədiyinə
-Qəmər səndən qorxur? 
-Yox!
-İstəməsəydi, deyərdi istəmirəm də... 
-Elə məni caşdıran da budur... 
-Bura bax... - mən dişimin dibindən cıxacaq söyüşləri samballaya-samballaya Seymurun «fizianomiyasını» başdan-ayağa süzmüşdüm. 
-Yaxşı-yaxşı! - Seymur məni qucaqlamışdı - Sev deyirsən, sevim də... 
-Qudurasan, qurbağa ...
-Amma doğrudan, Nəsim, mən Qəmərçün ölə bilirəm... 

Seymur məndən ayrılanda yarı zarafat, yarı gerçək demişdi: 
-Nəsim, bax mən sənə deyirəm. Mənim Qəmərə hec vaxt əlim qalxmayacaq. Qəmər məni aldatsa, acığını səndən çıxacağam. Ol səbəbdən orqanizminin sağlamlığına fikir verməyi sənə məsləhət görürəm. Birdən qaraciyərindən , ağciyərindən, böyrəyindən, qabırğandan biri düz - əməlli işləməz, səni bir yumruğa öldürərəm. 
Aman allah, hansı ilin hansı ayındasa, hansı ayın hansı günündəsə baş vermiş bu söhbətin yaddaşımda qalan xofu, birdən-birə məni kövrəltdi. Ürəyimdə Seymuru xilas etmək duyğusu oyatdı, onu getdiyi yoldan, gördüyü işlərdən çəkindirmək istəyi baş qaldırdı. Hətta ürəyimi çuğlayan hissərin təsiri altında bu arzu mənə məntiqi göründü. Fikrimdə bir-birindən parlaq cümlələr yaranmağa başladı. Mənə elə gəldi ki, Seymur uçurum qarşısındadır. Onu bu uçurumdan uzaqlaşdırmaqla hər şeyi həll etmək olar. Mən hətta yerimdən qalxıb ona sarı addılamaq istədim də. Amma ağır-ağır sahilə doğru yeriyən iyirmi yeddi yaşlı bir gəncin bükülmüş çiyinlərini görən kimi bu fikirlərə də, öz hisslərimə də nifrət elədim.
Mən başa düşdüm ki, uşaq baxçasında deyiləm. Burda, bu sahildə, bu dənizin qarşısında, ən adi hərəkətləri ilə qəlbinin ən cizli güşələrindən xəbər bu adamın qarşısında bu hisslər ən dayaz, bu məntiq isə ən eybəcər məqtiqdir. 

Mən bunu dərk edib taqətdən düşdüm. Birdən-birə qızmar avqust günəşinin altında üşüdüm. Maşından köynəyi götürüb  geyindim. Ətrafa baxdım. Sahil dəhşətli dərəcədə bom-boş görünürdü. Ara-bərədə kol-kos, bir də uzundıqca uzanan qumsallıq... Elə bil  dəniz də bu mənzərəni xüsusilə nəzərə çatdırmaq ücün allahsızcasına,  yorğun-yorğun ləpələnirdi. 
Bərk darıxdım. Mənə elə gəldi ki, biz heç bir vaxt burdan çıxıb gedə bilməyəcəyik. Bu tənhalığa, bu boşluğa məhkum olunmuş adamlarıq. 

Burdan çıxıb getmək üçün Seymuru dilə tutmaq qərarına gəldim. Süfrəni yığışdırıb axra oturacağa yerləşdirdim. Maşınının güzgüsündə başıma daraq cəkib Seymurun oturduğu yerə tərəf addımladım. Əslində buna heç addımlamaq də demək olmazdı. Qum yandırmağa başlamışdı deyə hoppanırdım. Bunu bir az da Seymurun keyfini açmaq üçün eləyirdim. Mən Seymurun  oturduğu daşa çatıb onun qarşısında çöməldim. Arsız-arsız irişməyə başladım. Seymur könülsüz-könülsüz : 
-Oturursansa, adam kimi otur, oturmursansa, get əyləş maşında, indi gələrəm, çıxıb gedərik. 

Ən nəhayət, «adam kimi» oturub, ayaqlarımı uzatdım. Sonra arxası üstə quma uzandım. Daha sonra isə böyrü üstə cevrilib, gözlərimi Seymura dikdim. Bununla da demək istədim ki, buyur, mən səni dinləməyə hazıram. 

Seymurun dodaqları qacdı:
-Meymunsan da! 
Mən də qımışdım:
-Neyləyim, olanım budur!...

Aradan bir beş il kecəndən sonra biz yenə də ikicə kəlməylə barışdıq. Beləcə barışmağımız, deyəsən Seymurun içərisinə kotan saldı. Ürəyində qat-qat şırımlar açdı. Əməlli-başlı Seymuru kövrəltdi. 
-Bilirsən, Nəsim, məni hec nə yandırmır.- Bir az susdu, sonra özü-özünə etiraz elədi - yox, belə desəm yalan olar. Hər şey yandırır. Amma bir şey xüsusi ilə atama od vurur. Məni sökür, dağıdır, partladır. Az qalıram bir avtomat götürüb çıxım şəhərə, hamını qırıb töküm. Sonra da özümü yetirəm dəmiryoluna, atam qatarın altına...
Seymur danışırdı. Amma gözləri sıxılıb, yığılıb bəbəklərinə dolmuşdu, bəbəkləri par-par parıldayırdı. Seymur icərisindəki quduzu cilovlaya bilmirdi. Bəlkə elə buna görə də mənə elə gəlirdi ki, bu,  bir cüt bəbək bir cüt arıdır, bir azdan böyüyb bütün sahili tutacaq, məni də, özünü də, bu sahili, bu daşları, bu dənizi də çalacaq. 

Amma bu arılar bir anlıq ram oldular, sakitləşdilər, gücdən düşdülər. Seymurun gözləri isindi. 
-Sentyabrın birində Bakıdan qayıtdım. Bir cüt sırğa almışdım. Brilyant sırğalardı, üzükləri də yanında . Axşam üstü özümü dəlləyə verdim. Bəy oğlan kimi bəzənib düzəndim. Zəng elədim ona. Telefonu özü götürdü. -Necəsən?- dedim. Dedi ki, yaxşıyam. Müqqədəməsiz, filansız, bilirsən sənə nə almışam, dedim. Nə almısan? Bu «nə» sözünü elə uzatdı ki, mənə ləzzət elədi. Gələrsən, görərsən,  dedim. Bir  saatdan sonra səni  gözləyirəm dedim və telefonu asdım. Bəlkə də birinci dəfə idi telefonu ondan qabaq asırdım. Gözlədim, beş dəqiqə gecikməklə gəldi.  Aman allah,  necə bəzənmişdi. 

İstisuya qalxdıq. İstisuyacan nə sual verdi, cavab vermədim. Özümü zarafatla yekəxana aparırdım. Bu xasiyyətimə görə məndən incimirdi. 
İstisuyun darvazasına bir az qalmış maşını saxladım. Əlimi ədəb-ərkanla qoltuq cibimə aparmağa başladım. Dördgözlə hərəkətimi izləyirdi. Əməllicə intizar icərisində idi. Sol əlimi qoltuq cibimdə saxlayıb, sağ əlimlə pencəyimin yaxasını acmağa başlayanda dözmədi. 
Seymur danışdıqca, sol əlini ürəyinin başına aparırdı, sağ əliylə guya pencəyinin düymələrini açırdı. Üz - gözü xoşbəxt idi. Elə bil gözlərinin dibində alma ağacı çiçəkləmişdi, yenicə açılmış ləçəkləri xəfif bir yaz dumanına bürünmüşdü. 
Əlini yaxama atdı. Qutunu çəkib cibimdən çıxardı. Açdı,  gördü və ağappaq ağardı. Bilirsənmi, ilk sualı nə oldu? 
Seymurun gözləri yenə də bir az qabaqkı  ifadəni alırdı. 
-Bunu hansı pulla almısan? -dedi. 

 Bir allah bilir, bu sualdan sonra mən hansı hala düşdüm. Mən həmin sırğaları da, maşını da, o evi də öz halalca zəhmətimlə qazanmışam. Onların verdiyi pulu xeyirdə-şərdə xərcləmişəm. Komsomol biletim yanımdaydı, cıxarıb göstərdim. Hesabla dedim. Aylıq maaşım beş yüz manata cıxır. Dörd ildir belə qazanıram. Bir dəfə də xəstələnməmişəm, məzuniyyətə cıxmamışam. İcki icmirəm, siqaret cəkmirəm. Özümə hər gün, vur - tut bir manat xərcləyəm, ya xərcləməyəm.  Rayonda hər ay necə saat oluram, bilirsən, yolda necə saat oluram, bunu da  bilirsən... Bəs onda bu nə sualdır  mənə verirsən? 

Məni ovundurmağa çılışırdı. İnandırmaq isətəyirdi ki, mən bunsuz da xoşbəxtəm. Sən varsansa, mənim hər şeyim var. Amma yalan deyirdi. Qulağı söz almışdı. O sözün sorğu- sualını aparmaq istəyirdi.

Doğrudur, mən həmin adam üçün işləyirdim. Amma həm də dövlət üçün işləyirdlim axı. Planı üc qat yerinə yetirirdim. O adam sadəcə mənə işləmək imkanı yaratmışdı. Gecəm - gündüzüm yollarda keçirdi. Niyə? Çünki cavan idim, sağlam idim, ailə qurumaq istəyirdim, sevirdim. Məndən sonra gətirdiyim malların başına nə oyun gəlirdi, mənim nə borcuma? Nədi, mən prokuroram, milisəm, obexeyisəm, nəyəm? Mən sürücüyəm, sürücü. Sağlam qolları olan sürücüyəm mən... Əvvəllər məni hər gün yolda saxlayan qaişniklər o adama işləyəndən sonra ildə bircə dəfə də qaşıma çıxmırdılar…

  Seymuru saxlamaq lazım idi. Bu söhbət bir az da davam etsə idi, Seymur dediyi kimi doğrudan da partlaya bilərdi. Mən söhbətə  müdaxilə etmək xatirinə sual verdim: 
- Bu səni bu qədər niyə həyəcanlandırır? 
 - Niyə, deyirsən də? Niyə? 

Seymurun sifəti əyildi. Mən sual verməyimə  peşiman oldum. Dili ağzında dolanmağa başladı. Sözü deyə bilmədiyindən, üzünü məndən gizləmək üçün ağzı üstə torpağa qapandı. Mən özümü itirdim. Maşına sarı yüyürdüm. Barjomla dolu iki butulkanı götürüb geri qayıtdım. Seymuru  kürəyi üstə çevirib suyu üzünə boşaltmaq istəyəndə sakitcə əlimi geri itələdi.  
-Mənim canım it canıdır, ölmərəm -  dedi, durub oturdu, hec nə olmamış kimi ovcunu qumla doldurdu, əllərini qıf şəklində tutub qumu süzməyə başladı. 

-Dünən qonşumuzun qızı mənə eşitdirir ki, Qəmərə komplekt brliyant  sırğa gətiriblər. Anası deyirmiş ki, oğlan cox yaxşı oğlandır, elə ilk gündən Qəməri hec kəsin yanında əskik tutmaq istəmir. Adamlar danışırlarmış ki, o boyda vəzifə sahibinin əlində brilyant sırğa nədir ki?... O istəsə, Qəmərə vertalyot da bağaşlaya bilər, bir köpək oğlu da bir söz deyə  bilməz. Özü şəhər sovetinin sədri,  arxasında da Muradov kimi bir adam... Ondan qəbul etmək olar. Özü də qorxusuz qəbul etmək olar  hər cürə hədiyyəni...   Çünki  vəzifəsi də var, adamı da... Məndən qəbul etmək olmaz. Niyə? Çünki sürücü babayam. Cox da qazanıram. Günlərin bir günü bu gəlhagəlin bir gethageti də ola bilər axı. Onda kimdir mənə arxa duran?... Mənim aylıq qazancım o sədrin  aylıq qazancından iki dəfə coxdur.  Mənm qazancım şübhəylə qarışlanmalıdır, onun ki isə yox... Mənim verdiyim hədiyyə sual doğurmalıdır, onun verdiyi hədiyyə minnətdarlıq.  Mənə verilən tula payı  kimi qiymətləndirlməlidir,  ona verilən pay zəhmətkeş xalqın təmənnasız məhəbbəti kimi... 

Seymur susdu. Daha sual verməyə qorxurudum. Seymur özünü tox tutmağa calışsa  da, icərisini didib sökən ağrı hərəkətlərində yüz yerdən  görünürdü. 
Bayaqdan bəri ovcuyla dizləri arasına süzdüyü qum daşıb tökülürdü. İndi Seymur həmin quma forma verməyə calışırdı. Amma bir şey alınmırdı. Deyəsən bu onu bezdirdi. Əlini barjomi butulkasına uzatdı. Ağzına salıb dişləri ilə tıxacı acdı. Butulkadakı suyu qumun üzərinə boşaltdı. Ayaqlarını aralayıb qumu yoğurdu. Qumdan balaca bir qəbir düzəltdi. Başdaşı qoydu.  Sonra nə fikirldəşdisə, qəbri vurub dağıtdı. İkinci butulkanı da qumun üstünə  boşaltdı. Bu dəfə qəbir ücün peydastal kəsdi, qəbri uzun götürdü, balaca bir cöp tapıb qəbrin icinə qoydu, üstünü səliqəyə salıb, başdaşı  əlavə etdi və mənə baxdı.  Bu o demək idi ki, mən işimi qurtardım.

Seymurun bu hərəkəti mənə həddindən artıq mənasız göründü. Bu uşaq  oyunu məndə ikrah hissi oyatdı. Buna hec giclik də demək olmazdı. O bununla nə demək iistəyirdi? Bu, obrazydımı? Ağıl çaşqınılığıydımı?  Yoxsa mənəvi aşınmadan xəbər verən bir əlamətiydi? 

Mən intizar içində Seymurun ilk sözünü gözləməyə başladım. Bu qəribə oyundan Seymurun deyəcəyi  ilk sözdə nə isə olmalı idi. Amma o mənim gözlədiyim sözü demədi. Ayağa durub üst-başının qumunu çırpdı. Sahili göstərib:
-Gedək bir az fırlanaq, sonra çıxıb gedərik- dedi. 

Mən dinməz-söyləməz ayağa qalxıb onun yanına düşdüm. 

Gün günortaya  üz tutmuşdu. Bir azdan sahil od tutub yanacaqdı. Daldalanmaq ücün balaca bir kölgənəcək də yox idi. Əgər  bir-iki saata  burdan getməsəydik,  onda bütün söhbətlərimizi  suda  davam etdirməli olacaqdıq. 

Mənim isə dənizdə əylənməyə qətiyyən həvəsim yox idi. Amma  səhər, qatarda yol gələndə  mütləq dənizə baş cəkməyi qərara almışdım. 
Seymur məni dəhşətli dərəcədə yormuşdu. 

On beş il bundan qabaq bu dəniz bizim ücün əsil cəsurluq məktəbi idi. «Cəsurluq məktəbi!»  Bu adı dənizə idman müəllimimiz Sərhəd vermişdi. 
Bu yarımada, yarımadanın böyründən qıvırılıb limana girən bu dar boğazın  suyu azadlığından bir vaxtlar gəmilərin gediş-gəlişi ücün tam yararsız hala düşmüşdü. Limana  gəmilərin hərəkəti isə coxları ücün vacib idi. Ona görə də kanalda  xüsusi gəmi qurğularla böyük  qazıntı işi aparıldı. Sonralar boğaz işə düşdü. Adamlar da boğaz sözünü yaddan cıxarıb bura kanal adı verdi. Biz isə bu kanalı «cəsurluq məktəbinə» çevirdik. Bu kanal bizim mərdliyimizi, igidliyimizi təyin edən sınaq  meydanına  döndü. 
İndi, burdan baxanda, o biri sahildə görünən ağ evlərin yanına yığışardıq, hərbi şəhərciyin çəpərini aşıb, şəhərciyin dizə qədər qalxmış otları üstündə oynaqlaşa-oynaqlaşa, güləşə-güləşə, zarafatlaşa-zarafatlaşa, min – min beş yüz  metrlik yolu min bir məzəylə qısalda-qısalda hasarın bu  biri  tərəfinə kecərdik. Elə bir o qədər  də yolu  arxada qoyandan  sonra qəfildən bu kanalın üstünə çıxardıq. 

Bu kanalla birlikdə qarşımıza dünyanın ən cətin sualı cıxardı. 
Kim igiddir? - bu suala kanal cavab verərdi. 
Bu kanalı ilk dəfə Seymur keçdi. 
Amma bu kanala ilk dəfə düşən Alı oldu. 

Qəfildən, xirtdəyə qədər suya yıxıldı, batdı, bir anlıq suyun üzündə görünməz oldu. Biz hamımız, yeddi-səkkiz uşaq yerimizdəcə donub qaldıq. Alı dəli kimi suyun altından çıxıb qaranəfəs geriyə üzdü. Dili söz tutar-tutmaz :
-Uşaqlar , Adil müəllim düz deyir - dedi, - suyun altında burulğan var, adamı cəkir...
Mən indi xatırlaya bilmirəm. O vaxt bu kanalı üzüb keçmək söhbəti  ilk dəfə kimin ağlına gəldi.

Deyəsən , bu söhbət martın ortalarında başladı. Qarşıdan aprel gəlirdi. Mayda isə artıq dənizdə çimmək olardı. Biz belə bir qərara gəlmişdik ki, mayın 9-da, İkinci Dünya müharibəsindəki qələbə günü münasibəti ilə biz bu kanalı üzüb keçək. Beləliklə, alman faşizminə qarşı canlarından keçmiş qəhrəmanların xatirəsini öz igidliyimizlə yad edək. Bu qərarımızdan müəllimlərimiz də, valideynlərimiz də xəbər tutmuşdu. Adil müəllim bircə-bircə yeddinci-səkkizinci siniflərə girmişdi. Kecən ilin dekabrında qazılıb istifadəyə verilmiş  kanal haqqında elə bir əhvalat  danışmışdır ki, biz az qala fikrimizdən əl çəkmək qararına gəlmişidik. 

Guya kanalda burulğan var. Hətta kanaldan keçən böyük gəmilər belə  bu burulğandan çətinliklə adlayırlar. Guya kanalı qazıb dərinləşdirən Xəzər Gəmicilik İdarəsinin məqsədi heç də o deyilmiş ki, gəmilərin  limana gediş-gəlişini təmin etsin. Məqsəd Bala dənizə axan yeraltı cayın gözünü açmaq imiş. Cünki Bala dənizdə balıq tükənir. Bu da dövlətə  küllü miqdarda ziyan gətirir. İndi həmin çayın gözü açılıb, balıqlar da həmin çayın vasitəsi ilə Bala dənizə üzürlər. Ona görə də kanalı üzüb kecmək istəyən adam mütləq fatihəsini verməlidir. 
Adil müəlllim sözünü elə-belə də yekunlaşdırmışdı:
-İşdi-şayət, kanalı üzüb keçmək fikrinə düşən  olsa, mütləq özüylə molla götürməlidir. 

Sonra di əlavə eləmişdi:
-Belə bədbəxt mütləq balıqlara yem olacaq. Biz isə ölmüş şagirdi cəzalandıra bilməyəcəyik.  Bu məsələ məlumdur. Amma həmin qanlı faciənin - Adil müəllim barmağını yuxarı qaldırıb xüsusi əda ilə bu «qanlı faciə» sözünü təkrar etmişdi: - həmin qanlı faciənin bütün iştirakcılarını amansızcasına cəzalandıracayıq. Onlarıq hamısı padsud gedəcək... 
Sonra bütün yeddinci və səkkizinci siniflərdə akt yazılmışdı. Oğlanların hamısı bu akta qol cəkmişdilər. Aktın məzmunundan belə məlum olurdu ki, baş verə biləcək faciənin nəticəsi haqqında bütün şagirdlər arasında pedoqoji söhbətlər aparılıb. Məktəbin direktoru şəxsən həmin söhbətlərdə iştirak edib. 
İşə milis də qarışmşdı

Akta hamımız qol çəkib, imza atmışdıq. 

Bu məsələdən sonra kanalı üzüb keçmək məsələsi ilə bağlı gizli təşkilatçılar meydana çıxmışdı. «Məxfi təşkilatın» başçısı Seymur seçilmişdi. Ən cəsur şagirdlərlə söhbət aparılmış, on iki nəfərdən ibarət dəstə yaradılmışdı. 

Biz həyəcanla 9 Mayı gözləməyə başlamışdıq. 

-Gəlin gedək, uşaqlar, gəlin gedək. Vallah Adil müəllim düz deyir, kanalda burulğan var. 

Alı bizə yalvarmışdı, dil tökmüşdü, inandırmağa çalışmışdı.  Biz susmuşduq. Deyəsən yavaş-yavaş Alının qorxusunun təsiri altına  düşməyə başlamışdıq.  
Elə bu vaxt Seymur köynəyini çıxarıb mənə verdi. Biz hamımız yerimizdə donub qaldıq. Mən nə deyəcəyimi,  necə hərəkət edəcəyimi hec cürə aydınlaşdıra bilmədim.  Qorxa-qorxa Seymurun köynəyini  aldım. 
Seymur təntənəli bir ədayla bizi süzdü: 
-Deməli, belə  uşaqlar... Mən kanalı keçəcəyəm. Keçdim, deməli keçmişəm. Keçmədim ?... Sizin heç birinizin  bu məsələdən xəbəri yoxdur... Aydındır?!... 
Seymur bu sözləri deyib sakitcə suya girdi. Bir-iki metr üzüb , suda arxası üstə döndü. Bizə baxdı. Üzündə təbəssüm var idi . 
-Məni pis xatırlatmayın , dostlar!  Mən sizin hamınızı sevirdim ! - dedi, üzü üstə cevrildi və o biri sahilə doğru üzməyə başladı. Mən Seymurun köynəyini əlimdə tutub yerimdəcə donub qalmışdım. Seymur sakit-sakit üzürdü. Onun hərəkətləri məni darmadağın etmişdi. Öz-özümdən utanırdım. Birdən əsəbi-əsəbi mən də köynəyimi cıxardım. Uşaqlardan hansınınsa qucağına tulladım. Suya atıldım. Ürəyim ağzıma gəlirdi. Amma fikrimdə bircə istək vardı; üzüb Seymura catmaq. 
Seymurla aramızda məsafə azaldıqca mən sakitləşməyə başladım. Ən nəhayət , Seymura catdım. 

Biz yanaşı üzəndə o mənə 
-Qorxma ! -dedi . 
Mən nəfəsin tutula-tutula : 
-Qorxmuram - dedim. 
Bir az da üzdük. 
-Mən bir dəfə bu kanalı üzüb kecmişəm - dedi, - tək! ... Adil müəllim yalan deyir, kanalda burulğan yoxdur. - Sonra əlavə elədi: -yorulmusansa , arxası üstə üz, dincini al... 
Mən  doğrudan da, yorulmuşdum. 
-Mən də əvvəl yaman qorxurdum. Amma indi qorxmuram - Seymur mənə yenə də ürək - dirək verdi. 
Mən bayaqkı qorxaqlığımdan xəcalət çəkə-çəkə : 
- Sən necə bilirsən, Seymur , mən qorxağam? 
Seymur: 
-Yox! - dedi,  -Sən kişi oğlansan... hətta məndən də kişi oğlansan... Mən bilirdim ki,  sən gələcəksən ... 
Bu sözə görə mən onu bağrıma basıb öpmək istədim. Gözlərim yaşla doldu. Mən səssizcə , ağlaya-ağlaya , üz üstə cevirildim, üzüb Seymuru keçdim. 
Sahilə nə vaxt çatdığımdan xəbərim olmadı. 
Əyləşib Seymuru gözləməyə başladım. 
Mən hədsiz dərəcədə xoşbəxt idim. 
İndi o biri sahildə bircə Alı qalmışdı.  Qucağında bir yığın köynək var idi. Uşaqlar üzü bəri üzürdülər. Uşaqlar sahilə az qalmış Alı geri döndü, yavaş-yavaş , yıxıla - dura hərbi şəhərciyə doğru getməyə başladı. Bizim köynəklərimiz isə , o bir sahildə , suyun üstündə , günün parlaq şüaları altında elə bil bayram eləyirdi. 

Bu xatirə , deyəsən , məni azacıq dirçəltmişdi. Ürəyimdə bir-birindən yanıqlı hisslər oyatmışdır. Mən Seymura , nə isə, çox xoş bir söz demək istəyirdim. Amma o sözü hec cürə axtarıb tapa bilmirdim. 

Arada  istədim bu əhvalatı onun yadına salım. Bu arzu bircə anlığa mənim ürəyimə hakim kəsildi. Birdən başa düşdüm ki, bu əhvalatı yada salmaqla mən hər şeyi vurub dağıda bilərəm. Çünki bu əhvalat Seymurun yadında olmasaydı, yəqin ki, o, maşını başqa yerə sürərdi. Deməli bu əhvalatı mən yox, o mənim yadıma salmaq istəyib. O uzaq hadisəni indiki halda , sözə  cevirmək , ən azı, bizim o uşaqlıq igidliyimizi ucuzlaşdırmaq olardı. 

Bəlkə də bu saat bizə həyan durası bircə şey vardısa, o da həmin günlərin  bu dəlisov igidliyi idi. Məğlub olmuş adamın qələbədən danışmağı bu dünyada ən gülünc məsələlərdən biridir. İndiki halda isə biz məğlub olmuşduq. Bu, bir qızın vəfasızlığı ilə məhdudlaşan məğlubiyyət  deyildi. Bu məğlubiyətin ucu-bucağı görünmürdü. Biz bütün anlayışlarımızda, bütün gümanlarımızda, bütün qənaətlərimizdə məğlub olmuşduq. Bu məğlubiyyətdə qələbə notları olmasa da , hər halda adamı ovuda biləcək calarları axtarıb tapmaq lazım idi. Amma necə? 
Mən birdən-birə Seymura demək istədiyim ən xoş söz yerinə , ən kobud sual verdim. Sual ağzımdan gözlənilmədən çıxdı. Amma bu Seymuru təəccübləndirmədi. 
-Bəs sən o əhvalatdan sonra Qəmərlə danışmamısan? 

-Mənə Qəmərin nişanlanması xəbərini qonşumuzun qızı verdi. Mən inanmadım. O qız axı bir az kəsir məndən. Dedim mən icazə vermişəm. Allah xeyirlərini versin. Qızın əli ağzında qaldı. A - dedi, - oğlan dəli olub e! Mən Bakıdan təzəcə qayıtmışdım. Evə keçib telefonu  yığdım. Telefonu qaldırdılar , amma danışmırdılar, astaca stolun üstünə qoyurdular. Mən də gözlədim. Bir azdan telefonra Qəmərin anası gəldi. -Salam Leyla xala !-dedim. -Salam, salam ay oğul-dedi. -həmişə evində , eşiyində! -dedi. Məşədi İbad demişkən heç hənanın yeridir? Həmişə evində, eşiyində! Elə bil mən türmədən-zaddan qayıtmışdım? Mən Qəməri telefona istədim. -Qəməri neyləyirsən ay oğul!-dedi. Elə sözün var ,  mənə de ... Mən soruşdum ki, indicə  bir söz eşitmişəm,  doğrudur. Başladı, nə başladı. Ay oğul, dünyada hər şey qismətnəndir. Görünür qismət beləymiş... Yazıya  pozu yoxdur... Sən çox yaxşı oğlansan... Allah qoysa, sənin elçiliyini mən özüm eləyəcəyəm... Nə isə, uzun bir sicilləmə... 

Mən keyləşdim. Heç nə başa düşmürdüm. Elə bil bu xəbərə sevinildim.  Gülmək  istəyirdim. Amma bu istəyin özündə də bir keylik var idi. 

Mən nə bir kəlmə artıq söz dedim, nə bir kəlmə əskik. Sakitcə telefonu qoydum. Birdən-birə boğulmağa başladım. Hətta elə darıxdım ki, dəstəyi qoymağıma peşman oldum. Axı heç olmasa o arvad mənə ürək-dirək verirdi. Amma dəstəyi qoyandan sonra o səs də yox olmuşdu.   Amma insan dözümlüdür, Nəsim, insan kəpəyoğlu şeydir. O axşam allah bilir, beynimdən neçə ton neçə söz kecdi. Beynim o fikirlərin  təsiri altından  gücdən düşdü. Zərrə qədər taqət qalmadı məndə, yatdım.  Səhər isə hər şey təzədən başladı. 

Öldürməkdən tutmuş Qəməri zorlamağa qədər hər cürə fikir gəlirdi ağlıma... Ariflə danışmaq istəyirdim. İnana bilməzsən, gedib, Arifin ayaqlarına düşmək istəyirdim, Qəmərə yalvarmaq istəyirdim. Amma sonra  ürəyimdə qəribə bir qəddarlıq başlandı. Özüm özümə əhəmiyyətsiz, boş, vecsiz adam kimi görünməyə başladım.. Elə bil bu işi Qəmər yox, mən tutmuşdum. Bu hissdən sonra «Qəmər» sözünü yaddan çıxardım. Bu iki ayda birinci adamsan ki, mən bu adı sənin yanında çəkirəm. Mənə söz atırdılar, qızışdırmaq istəyirdilər, söhbətə çəkmək istəyirdilər, ürək-dirək verməyə calışırdılar. Amma ikicə kəlmə sözdən sonra üzümə baxıb susurdular. İndiyə qədər mənim özüm ücün də  maraqlıdır,  bu söhbət zamanı mənim üzümdə necə ifadə alınır ki, adamlar susur. Sonralar mənə zəng olunurdu.  Gecə keçəndən sonra zəng eləyib susurdular. Bilirdim, odur.  Dəstəyi qaldırıb bir-iki dəfə «alo»  deyib, xəttdən ayırırdım. 

Mən görməmişəm, deyirlər üzülüb yazıq!

Mən əlüstü Seymurun  sözünü kəsdim:
-Bəlkə səhvini başa düşüb... 
Seymur istehzayla üzümə baxdı:
-Səhvini?
-Hə, səhvini -dedim. 
Mənim ürəyimdə ümid oyanmışdı. «Bəlkə» deyirdim, «bəlkə» deyib fikirləşirdim. «Bu axşam toydur, deməli, hələ vaxt var. Deməli hələ Qəmərlə danışmaq olar, hər halda mən Qəməri telefona cağırsam, gələr!» Fikrimdə ölçüb biçirdim: «Danışaram, qızı götürüb aradan çıxarıq».

Elə bil Seymur ürəyimdən kecənləri üzümdən oxudu:
-Yox, dedi, - yox, Nəsim, bu iki ayda mən Qəmərdən də qəddar olmuşam. Amma günah məndə deyil, günah ondadır...
Mən ürəyimdə doğan ümidin təsiri altında Seymuru dilə tutmağa başladım. Axı dünyada azmı adam səhv eləyir?! Seymur bu vaxta qədər üzündə görmədiyim bir ifadəylə başını qaldırıb üzümə baxdı. Elə bil sifətində qaranlıq  bir ucurum  açılmışdı. Mən susmağa məcbur oldum. 

Birdən-birə Seymurun alnında tər göründü. Tər bir anın icində sifətinə bürüdü. Elə bil bir qaraşın, hamar bir qaşın üstünə yağ cəkib, su cilədilər. 
Mən Seymurun sifətini bir dəfə də belə görmüşdüm. O vaxt biz yeddinci sinifdə oxuyurduq. Mayın ortaları idi. Yay tətilinə az qalırdı. Seymur yazı taxtasında həvəslə məsələ həll eləyirdi. Həmişə haylı-küylü kecən riyaziyyat dərsimiz Symurun qeyri-adi coşqunluğu qarşısında ram olmuşdu. Riyaziyyat müəllimimiz arıq, sısqa Ruqiyyə müəllimə arxa partada əyləşib arabir Seymurun riyazi izahlarını dəqiqləşdirirdi. 

Elə bu vaxt qapı açıldı, direktorumuz icəri girdi. Direktor Seymuru yazı taxtasında görəndə çaşan kimi oldu. Ruqiyyə müəllimə arxa partadan qalxıb qabağa çıxdı. Sualedici nəzərlərlə direktora baxdı, nə deyəcəyini gözləməyə başladı. 
Əzazil direktorumuz görünməmiş bir mehribanlıqla Seymurun başını sığalladı.
-Deməli, belə... Seymur bala dərs danışır...
Direktor bunu deyib bir müddət sinfi süzdü. Sonra Ruqiyyə müəllimədən soruşdu ki, Seymur bala riyaziyyatı necə bilir? Ruqiyyə müəllimə də Seymuru tərifləyib dedi ki, Seymurda fitri riyazi qabiliyyət var. 
Direktor:
-Bu il Seymur balanı tərifnaməyə təltif edərik - dedi. 
Bu gözlənilməz mehribanlığın qarşısında hamımız mat-mətəəl qalmışdıq. Mən heç cürə inana bilmirdim ki, bu bizim direktordur. 
Direktor:
-Bu günki dərsini əla bildiyi üçün mən Seymur balaya bir günlük istirahət verirəm. Məsləhət görürəm ki, evə getsin. 
Seymur etiraz eləmək istədi. 
Direktor:
-Əgər mən məsləhət görürəmsə, Seymur bala mənim sözümdən çıxmamalıdır...- dedi və bu qərarına məni mat qoyan bir əlavə də elədi.- Nəsim də Seymur balayla getsin. Mən bilirəm ki, onlar dostdurlar. 
Biz sinifdən çıxdıq. Seymur karidorda çiyinlərini çəkib mənə baxdı: 
-Heç misalı axıra qədər eləmədim. -dedi.
Sakitcə məktəbin həyətindən çıxıb dəmiryoluna qalxdıq. Mən hələ də direktorun hərəkətlərindən bir şey anlaya bilməmişdim. Birdən Seymur yerində dayandı. Rəngi avazıdı. Sonra üz-gözünü indiki kimi tər basdı. 

Boğuq səslə:
-Atamı tok vurub -dedi və evlərinə sarı götürüldü. 
Seymurun atası mantyor idi. Amma onu tok vurmamışdı. Bazarın yanında, motosikiletlə harasa gedəndə Əlibalanın yaşıl «Volqa»sıyla  toqquşmuşdu. Motosikilet çevrilmişdi, mantyor Səfərin başı yaxınlıqdakı  dəmir dirəyə dəyib partlamışdı. Elə ordaca da keçinmişdi.
 Seymur evlərinə çatanda həyətləri adamla dolu idi. Əmisi xısın-xısın ağlayırdı. Seymuru görüb yaxın gəldi. Uşağı bağrına basıb hıcqırdı. 
Seymur bir müddət adamlara key-key baxdı. Əmisinin: 
-Anasız idin , atasız da qaldın ! -  sözlərdən sonra Seymur yavaş-yavaş taqətdən düşdü və bayıldı. 
Mən ağlamağa başladım. Mən ürəyimdə Seymurun atasındın çox anasına ağlıyırdım. 
Seymurun anası  üç  il  qabaq uşaq üstündə keçinmişdi. Uşaq da ölü doğulmuşdur. Anayla balanı yanaşı  basdırmışdılar. 
Üç il idi ki, bizim məktəbdə hec kəs ana söyüşü söyə bilmirdi. Seymur ana söyüşü söyənlə qanlı bıçaq olurdu. 
Seymuru atasının dəfninə buraxmadılar. O, özü də buna cəhd eləmədi. İki gün əmisigildə qaldı. Sonra bizdə gecələməyə başladı. Atasının yeddisində yasa gələnlərin qulluğunda durdu. Bu müddətdə mən onu bir dəfə də ağlayan görmədim. 

Sonralar da Seymur bizdə cox qaldı. Evimizdə hamıya isinişdi, dedi, güldü, bircə atamdan savayı. Atam neçə dəfə onu söhbətə tutmağa çalışdı. Həmişə hörmətlə susub qulaq asdı. Amma bir dəfə də söhbətə maraq göstərmədi. 
Deyəsən, atam da bu mehribanlıqdan yoruldu. Elə bircə Seymurun salamını almaqla kifayətləndi. 
Bir dəfə atam mənə :
-Yaxşı dostun var! - dedi. O vaxt, nədənsə, mən atamın bu sözünə ağladım. 
Atam gülə-gülə :
-Kişi ol, ə, dostun kimi kişi ol - dedi. 
Sonra harasa çıxıb getdi. 
Mən bu söhbəti Seymura danışandan sonra  o, ayağını bizdən kəsdi. Doğrudur , arada gəldi, getdi. Amma daha çox qalmadı. Öz evlərində gecələməyə başladı.


Gün günortaya əyilmişdi. Sahilin narın qumu od tutub yanırdı. Elə bil istinin hərarətindən dəniz də süst düşmüşdü, suyun üzündə ləpə deyilən şey yox idi. 
Bu süstlük yavaş-yavaş mənim içimə dolurdu. Mən elə hey xatırlamaq istəyirdim. 

Deyəsən Seymur da bir balaca düzəlmişdi. Rəngi üstünə gəlmişdi.  Aram-aram danışırdı. Mən yuxulu-yuxulu dinləyirdim. 
-Bir dəfə Qəmər də mənimlə söhbət eləmək istədi. Şəhlaylə xəbər göndərmişdi. Mən söhbətə getmədim. Şəhla də məni dilə tutdu. Amma fikrimi dəyişmədim. Niyə? - Seymur sual verdi: -Soruş da niyə?
Mən süst-süst:
-Niyə? - deyə soruşdum. 
-Ona  gərə ki, Nəsim müəllim,  Qəmərlə mənim aramda  ayrılıq var. Bu ayrılıq onun telefonda susduğu dəqiqələrdən başlayıb. Ortalıqda ayrılıq ola-ola, nəyisə götür-qoy eləməyin nə mənası? 
-Bəs onda Qəmərlə Arifin arasında ayrılıq yoxdu?
-Yoxdu !
-Necə yəni yoxdu?  Sən axı ən azı Qəmərlə gəzmisən! 
-Bilirsən , mən kecmiişəm. Qəmərin kecmişi. Uşaqlıq məhəbbəti.                 
-Nə uşaqlıq ,ə? Sənin iyirmi altı yaşın var, Qəmərin iyirmi üc!  Buna uşaqlıq məhəbbəti demək olar?
Mənim icərimdəki süstlük yavaş-yavaş əsəbiliklə əvəz olunurdu. Mən yuxunun içindən çıxıb ayılırdım. 

Seymur mənim əsəbiliyimə qətiyyən əhəmiyyət vermədi: 
-Uşaqlıq məhəbbəti isə həmişə unudulan olur, yaddan çıxan olur. Axı bu məhəbbət qızda hec ciddi qadınlıq hissələri də oyatmır. Bir də Qəmərlə mənim aramda nə olub ki? Bir-iki dəfə kinoya getmişik , parka cıxmışıq, vəssalam. Elə bilirsən Arif bunları başa düşmür? Arif ha?  Arif  indinin özündə yüz qadın saxlayır. O, ikicə kəlmədən sonra başa düşüb ki, Qəmər həm də ruhən qızdır, pakdır, təmizdir... 
İndi Arif Qəməri tamamilə mənim əlimdən almaq istəyir. Şəhla deyirdi ki, Arif Qəmərə mənimlə danışmağı təklif edib. Bu da Qəməri əməlli - başlı əsəbləşdirib. Deyirdi ki, Qəmər mənimlə bu gün qoşulub getməyə hazırdır. Deyirdi ki, Qəmərdən Arifə çətin arvad çıxa. 
Mən nədənsə, söhbətin bu yerində sırf bakılı ləhcəsiylə bu məsələyə öz münasibətimi bildirdim: 
- Alə ,  o  lap maygülüdü ki ?
-Maygülü deyil , tülküdü. Fikirləşir ki, mən sürücü babayam , indi yəqin ki, ağrı da məni taqətdən salıb. O indi Qəmərlə mənim aramdakı ayrılığı sözə cevirmək istəyir. Acı sözə, təhqirə... Elə bilir, mən özümü ələ ala bilməyəcəyəm . 

Bu tülkülüyə isə əla  bir ad ad qoyur:  ziyalılıq. 
Başa düşmür  bədbəxt, o tülküdür - Seymurun səsi xırıldadı -mən isə yırtıcı...
Seymur bu sözü deyib qorxa-qorxa mənə baxdı. Mən bu qorxunu başa  düşmədim. O isə nədənsə  tələm-tələsik bu sözləri də fikrinə əlavə elədi: 
-Tülkülük onun haqqıdır, qəddarlıq mənim...

Biz indi dənizin ikicə adamlığında , nəm qumun üstündə əyləşib bir-birimizi unutmağa calışırdıq. Qumun sərinliyi  canıma işlədikcə fikirlərim durulurdu. Ürəyimddə qəribə bir istək baş qaldırırdı . Seymurun  «tülkülük» adlandırdığı bu riyakarlığı ifşa etmək istəyi. Elə bu məqsədlə  də mən bu axşam toyda iştirak etmək qərarına gəlirdim. Mənə elə gəlirdi ki, Seymur da məni elə bu məqsədlə də bura gətirib. Seymurun üzündəki bayaqkı qorxunu da elə bu məqsədlə bağladım. Fikirləşdim ki, yəqin bir azdan o, bu fikri açıb deyəcək. Hələliksə qorxur. Qorxur ki, mən bu işə qol qoymaram. Amma əbəs yerə! Mənim daxilimdə uyuyan, bütün eybəcərliyi axıra qədər ifşa etmək ehtirası bütün qüvvəsiylə yenidən ürəyimdə baş qaldırırdı.
Mən bu sahədə peşəkar sərihtəsinə yiyələnmişdim. Mənim məşhur istehzalarım, rişxəndlərim, ironiyalarım adla deyilirdi.

Mən hətta fikrimdə toyda çıxaracağım oyunun senarisini də qurmağa başladım. Əlüstü Molla Nəsrəddinin bir - iki lətifəsini ssenarimə saldım. Füzulinin:
Yaxşı görünür surətləri məhvəşlərin amma,
Yaxşı nəzər etdikdə sərəncamı yamandır!

beytini də bu ssenariyə əlavə elədim. Arada atmacalar ücün də yer saxladım. Füzulinin bu beytini bir necə dəfə demək qərarına gəldim, fkrimi əsaslandlırmaq və pərdələmək ücün bir necə izah müəyyənləşdirdim. Bu izahlar məni əks zərbələrdən qorumağa xidmət etməli idi. Mənə sözümü axıra qədər demək imkanı yaratmalı idi.
Bu ideya mənə həddindən artıq parlaq göründü. Mən özümdə qeyri - adi ruh yüksəkliyi hiss etdim. Hətta əlimi əlimə sürtüb:
-Əla! - dedim.
Seymur mənə yanakı baxıb:
-Nədi?  Başına hava gəldi? - deyib acıladı.
Mən ideyamı Seymurdan gizləmək qərarına gəldim. Onsuz da qəti qənaətim belə idi ki, bir azdan o özü bu fikri mənə təklif edəckdi. Ona  görə  də inamla:
-Sonra bilərsən - deyib arsız - arsız hırıldadım.
Elə bil Seymurun qollarını qırıb yanına saldılar, əlləri heysiz - heysiz nəm qumun üstündə dairə cızdı.
-Yaxşı! - dedi, - görürəm  Bakı sənin başını xarab eləyib. Dur, dənizə girib üst - başımızın qumunu təmizləyək, sonra çıxıb gedək.
Mən axşamkı toyun mənzərəsini xəyalımda canlandırıb dil boğaza qoymadım.
-Olmaya öz başını həddindən artıq ağıllı hesab eləyirsən?
Seymur mənim bu sözümdən pərt oldu.
-Şitlik sənə heç yaraşmır - dedi.

Mən Seymurun pərtliyini  öz bildiyim kimi yozdum. Mənə elə gəldi ki, Seymur  edəcəyi təklifin  mənə  vuracağı zərərdən qorxur. Axı hər necə olsa , Arif Muradovun qardaşı oğlu idi. Toyda çıxaracağım o boyda oyundan sonra təbii ki, mən cəzasız qalmayacaqdım. Ola bilsin iş yerimi də itirəcəkdim. Burda qardaşımı da pis vəziyyətdə qoyacaqdım. Bayaq parlaq görünən ideyanın nəticələri məni yavaş-yavaş qorxutmağa başladı. Mən indi ürəyimdə mətni qismən yumşaltmağa  başladım. Fizulinin beytini bir dəfə söyləməklə kifayətləndim. Axı, bircə dəfəylə deyiləsi sözü ikinci, üçünçü dəfə deməyin mənası  nə idi? Xayalımda bir neçə lətifəni də ixtisara saldım. Ən nəhayət ,  bu götür-qoy , bu ixtisarlar , bu qorxaqlıq məni yordu. Mən özüm-özümdən iyrəndim. 

Bəlkə də elə buna gərə də  Seymuru sancdım: 
- Deyəsən, qorxursan axı, aşna?
Seymur  başını qaldırıb düz gözümün içinə baxdı. Mənə elə gəldi ki, fikrində hələ də yol gəlir və mənim sözüm Seymura catınca gözlərindən nifrət aşıb-daşır: 
-Mən hec nədən qorxmuram - dedi və durub dənizə girdi. 

Mən öz-özümə nifrət edirdim. Qorxaqlığıma, cəsarətsizliyimə, durub Bakıdan bura gəlməyimə, qardaşımın zənginə , Arifə, Qəmərə, axşamkı toya, hər şeyə, hər şeyə nifrət edirdim. Bu nifrət içərisində Seymuru da görmək istəyirdim, amma görə bilmirdim. Bir az bundan qabaq mənimlə bu qumun üstündə yanaşı əyləşən , özünü «yırtıcı»  adlandıran, bütün taleyi ilə , sevgisi ilə,  hətta bu gün qarşımda acdığı süfrəsiylə belə , aldığı «tula payıyla» , planı üc qat yerinə yetirməsi ilə , «Jiqulisiylə» bu adam məndə ancaq yanıqlı hisslər oyadırdı, ürəyindəki nifrəti, qəzəbi, gücdən salırdı, yumşaldırdı, bu dənizi, qumları, bu ucsuz-bucaqsız göy üzünü köməyə cağırıb, məni özünə bağlayırdı. 
Bunu necə eləyirdi, bilmirdim. 

Adicə sürücü məndən , şəhər sovetinin sədrindən , Muradovdan, bu dünyanın ən gözəl qızından, elmdən, incəsənətdən, qəzetdən, şeirdən yüz qat təbii görünürdü. 
Nifrət yüz yerdən hücuma keçsə də , onu fəth eləyə bilmirdi. Bu əlçatmazlığın  sirri nədə idi, anlaya bilmirdim.
Bu düşüncələr bir anlıq məni şübhəyə saldı, mənə elə gəldi ki, Seymur o təklifi eləyə bilməz.
Mən indi ürəyimdə allaha yalvarırdım ki,  o bu təklifi eləsin. Mən Füzulinin beytini o məclisdə yüz dəfə təkrar eləməli olsam da, iş yerimi itirsəm də, qardaşımı zərbə altında qoysam da, mən bu fikri həyata keçirməyə hazırdım.

Niyə belə istəyirdim, bilmirdim, amma doğrudan da mən bunu istəyirdim. Bəlkə Seymuru bu alınmazlığı ilə gözüm götürmürdü?  Nə bilim? Bəlkə də...
Ən nəhayət mən gözləmək qərarına gəldim. Durub dənizə girdim. Su ilıq idi. Yavaş - yavaş  Seymura tərəf üzdüm. Kaş üzməyəydim. Seymura çathaçatda o, suya baş vurdu. Bir anlıq suyun üzündə görünməz oldu. Sonra qəfildən   mənmim qarşımda üzə cıxdı. Mən maymaqcasına onun üzünə baxıb  hırıldadım. O, fikirli - fikirli əliylə gözlərinə tökülən saclarını geriyə daradı, gözlərini silib mənə baxdı.

-Bilirsən, Nəsim! - dedi, - hərədən mənə elə gəlir ki sən də onlara oxşamağa başlamısan... - Sonra əlavə etdi: - İncimirsən ki?...
-Yox - dedim və sahilə doğru üzməyə başladım.

Bu təhqir idi; Seymurla mənim münasibətlərimi nəzərə alsaq, amansız təhqir. Ən acınacaqlısı bu idi ki, bu təhqir məndə Seymuru təhqir eləmək ictəyi oyatmırdı. Əksinə Seymurun mənimlə belə danışması icərimi yonurdu, səhmana salırdı, ürəyimdə qranit sərtliyi doğururdu.

Qəlbimdə bu sərtiliyi duya - duya özüm haqqında düşünürdüm. Bakının, jurnalistliyin məndə yaratdığı dayazlığa heyrət eləyirdim. Səthilik, hadisələrə əlüstü qiymət vermək, vaxtı itirmədən bu qiyməti cümləyə cevirmək vərdişii, sən demə,   mənim  xarakterimi əlimdən alırmış. Səthi peşəkarlıq canlı fəal hisslərin üstünü yavaş - yavaş örtürmüş. Kəskin problemlərdən qacmaq, oxucuyla asan dil tapmaq yoluna düşmək xarakterimin başlıca xüsusiyyətinə çevirilirmiş. Mən də bunu başa düşmürmüşəm.
Ürəyimdə get - gedə özünütənqid güclənirdi.  Bəlkə  Seymurun təsiri altına düşmüşdüm deyən belə düşününrdüm. Amma yox! Mən axı azdan - coxdan özümə bələd idim. Bilirdim ki, mənim  şoğərib ağlım indi olmasa da bir saatdan sonra Seymurun bütün hərəkətlərini şübhə altına alacaq, düşünüb daşınacaq. Elə inidinin özündə də düşüncələrimin çevikliyi, bir fakta yüz bucaq altından baxmağım  məndə bu inamı möhkəmləndirirdi.

Bəs onda mənə nə olmuşdu? Bu qərarsızlıq, Seymurun təhqiriylə razılaşmaq fikri  haradan gəlirdi. 

Mən coxdan idi ki, başqasının həqiqətini belə hərtərəfli dinləmirdim. Elə bir həqiqəti ki, orda həm də mənim keçmişim yaşaryırdı. Məndən ayrı düşmüş keçmişim. Bu ayrılıq mənim mənəviyyatımın əsaslarını sarsıtmışdı. Mən on illik ömrümdən özümə təzə mənəviyyat yaratmışdım. Bu mənəviyyat mənə  tamamilə əl verirdi. Rahat idi, adamların nə istədiyini asanlıqla təyin eləyirdi. Adamlar da cox şey  istəmirdilər. Tapşırıq, pul, hörmət, tərif  - istədikləri bu idi. Bunları alan adam isə səni bu dünyanın ən yaxşı adamı hesab eləyirdi. Sən də elə bilirdin çox yaxşı adamsan. Onda yaşamaq da asan olurdu, yazmaq da. Arabir sənə məlum olan və olmayan səbəb üzündən qapını kədər dəyəndə cəld götürüb dostlardan  birinə zəng  eləyirdin.  Bir iki lətifə, üç - dörd xoş söz, ya restoran, ya gəzinti, ya da allah bilir, nə... Beləlikə kədər unudulurdu.

Mən bütün bunları özüm kəşf eləmişdim, yoxsa başqasının təcrübəsindən mənimsəmişdim, bilmirdim. Sadəcə rahat, səssiz, şöhrətli  və hörmətli yaşamığın yolunu tapmışdım.
Elə məni  bu  toya gətirən  də  bu yol idi.

Seymur da yeddi başlı  əjdaha kimi yerin altaından çıxıb bu yolu kəsmişdi. Niyə kəsmişdi?  Məqsədi nə idi?  Nə istəyirdi məndən? İndi bunu bilmək lazım idi. Seymurun bütün xarakteri, bu vaxta qədər  mənimsədiyi və yaşadığı həyatın mənası elə bu istəklə də açılacaqdı.

Deyəsən mən yenə də ürəyimdə Seymura meydan oxumuağa başlamışdım. Və elə bir hiss  dolaşıqlığına düşmüşdüm ki, hələ bu hissin adı yox idi. Amma bir azdan olacaqdı.
Bu  nifrət hissi olacaqdı, yoxsa məhəbbət, təhqir hissi olacaqdı, yoxsa təəssüf...  Bilmirdim.  Bildiyim bircə o idi ki, bu mənim Seymurla  münasibətimi qəti şəkildə aydınlaşdıracaqdı. 
Seymur sudan cıxmışdır. Üzü bəri gəlirdi. Bir az yuxulu kimi görünürdü. Amma hərəkətləri səliqəliydi, samballıydı. Seymurun yerişində mənim bu dəqiqəki əhvalıma yem ola biləcək hec nə yox idi. 

Mən Seymura baxırdım və nə vaxtsa , sahildə gördüyüm , nə məqsədləsə torpağa sancılmış bir dirək yadıma düşürdü. 

O dirək başdaş-ayağa copur-copur idi, qabıq bağlanmışdı, balıqqulağına bələnmişdi. Elə bil bu sayaq da hər şeyi unutmuşdu; dənizi , küləyi, özünü , dünyanı... Görkəmindəki heç nə dirəyin yaşadığından xəbər vermirdi. Bircə duruşundan savayı... O vaxt mənə elə gəlmişdi ki, əgər  bu duruşu olmasa, dirək birdən-birə yox olar, ovulub tökülər , sovrulub havaya qarışar. 
Mən o dirəyə eləcə uzaqdan baxmışdım. Amma o dirəyin copurluğunu , sərtliyini , nahamvarlığını , kələ-kötürlüyünü ovcumda hiss eləmişdim. İndi üzü bəri gələn Seymura baxdıqca , o vaxt kecirdiyim hissləri yenidən yaşayırdım, o sərtliyi, kələ- kötürlüyü yenidən hiss eləyirdim. Bu da mənə bayaqkı fikirlərimi davam etdirməyə imkan vermirdi. 
Ən nəhayət Seymur gəlib catdı. Yastı daşın üstündə əyləşib bir müddət dinib danışmadı. Sonra başını qaldırıb yorğun-yorğun üzümə baxdı. 
-Yordum səni!...
Mən dinmədim. 
-Özüm adam deyildim , səni də  adamlıqdan cıxardım. 

Mənə elə gəldi ki, artıq oyun başlayıb. Bayaqkı fikirlər yenidən beynimdə axar tapdı. Ürəyimdə : «üzrxahlıq mərhələsidir» deyib Seymurun  sözlərini yekunlaşdırdım. «Bir azdan özünümüdafiə mərhələsi başlayacaq» Mən Seymurun bundan sonrakı nitqinin məzmununu təqribən planlaşdırdım. 
Sonra da  əsas fikrimi deyəcək.   

Ürəyimdə ləzzətlə bu «əsas fikrini» sözünün altından xətt cəkdim. Daxili analizin hansı görüm nəqtəsindəsə, bu söz birləşməsini yaradan hərflərin formasını da gördüm. Ən qəribəsi  bu idi ki, həmin hərflər mənim xəttimlə deyil, Adil müəllimin xətti ilə yazılmışdı.

Birdən-birə yadıma düşdü ki,  xəttim pis olduğuna görə  Adil müəllim məni Seymurun yanında əyləşdirmişdi. Seymurun xətti yaxşı idi. Xəttimi düzəltmək ücün Seymur bir-iki həftə mənimlə məşğul oldu. Sonra: «Qozbeli qəbir düzəldər!» deyib məndən əl çəkdi. 

Əvəzində biz dost olduq.
 
Gün yavaş-yavaş axşama üz tuturdu. Tək-tük olsa da, çimərlikdə adam görünməyə başlamışdı.  Dənizin gözəl vaxtıydı. 
-Deyirəm, gedək, hə - Seymurun darıxdığı üz-gözündən görünürdü. Mənim nəzərdə tutduğum "özünümüdafiə” fərziyyəsi deyəsən baş tutmurdu. Mən fikrimdə təslim olmaq istəmirdim: «Yolda eləyəcək bunu»

Seymur maşının arxa oturacağına yığdığım şeylərin bəzisini ayırıb yük yerinə qoydu. Qalanları qəzetə büküb tulladı. Termosların cayını boşaltdı.
-Yolda yaxşı bir cayxana var, orda icərik  - dedi

Mən susmaq oyununu axıra qədər oynamaq qərarına gəldim. Seymurun çöhrəsindəki ifadələr yavaş - yavaş dəyişirdi, darıxmaq hissini nigarançılıq əvəz eləyirdi. Amma o bunu büruzə  verməməyə çalışırdı.

Biz kecib maşına əyləşdik. Üzü dənizə sarı dayanan maşının pəncərəsindən  o biri sahil görünürdü. Qıdırğalıq, qındırğalıqdan bir az o yanda qaratikan kolları, hərbi şəhərciyin çəpəri, şəhərciyin çəpəri içində  ilboyu  yamyaşıl qalan yoncalıq, yenə də çəpər...

O çəpərin böyründən keçən şosse yolunu burdan görmək mümkün deyildi. Amma o yoldan keçən hündür kuzovlu maşınları elə burdan da görmək  olurdu. Mən bilirdim, o  yolun böyrüylə uzanan saysız - hesabsız evlərin sırasında bizim evimiz də vardı. Amma ha baxırdım, evimizi tapa bilmirdim.

 Evlər yamanca coxalmışdı.

Birdən - birə evimiz ücün, atam,  anam qardaşım, balaca  Arzu ücün burnumun ucu göynədi. Səhərdən bəri burda olmağıma baxmayaraq, evimizi axtarıb tapmadığıma görə ürəyimdə özümü danladım.
Seymur maşını yerindən tərpətdi. Sürəti dəyişdirə - dəyişdirə  soruşudu:
-Evinizi tapa  bildinmi?
-Yox - dedim.
Seymur atmacalı ahənglə:
-İndi burdan baxanda heç nəyi axtarıb  tapmaq olmur - dedi.
Mən  fikrimdə «aha» deyə düşündüm, «başlandı».
-Niyə qındırğalıq da, kolluqda elə həmənkidir...
-Mən insan əli dəyən şeyləri nəzərdə tuturam
Mən obrazlar üzərində qurulan bu mübahisəni uzatmaq qərarına  gəldim:
-Elə qaradok da əvvəlki qaradokdur...
Seymur ürəkdən güldü:
-Olmadı da bu, Nəsim müəllim... Bu oldu söz güləşdirmək...
Maşın şosseyə cıxdı
-Hara gedirik?
-Yeməkxanaya...
-Bəlkə evə gedək, hə...
-Evə?...
-Hə!...
Elə bil Seymuru içəridən çarmıxa cəkdilər. Mən onun bu sözdən sonra necə gərilib boşaldığını sövqi - təbii hiss etdim. Bu mənə həddindən artıq  qəribə görünüdü
Seymur dilini sürüdü:
-Evə də  gedərik...
Bir az susub:
-Əgər sən belə istəyirsənsə... - deyə əlavə elədi.
Sonra qəti şəkildə fikrini yekunlaşdırdı:
-Mütləq!!!
Bu gün allah bilir Seymur neçənci dəfə idi ki, məni çaşdırırdı.

Deməli, Seymur mənim evə getməyimi istəmirdi. Niyə? Axı bu necə ola bilərdi? Eşidən, bilən nə deyərdi ?

«Dayan bir!» Mən daxilən özümü dialoqa çağırdım. «Deməli belə...  Mən toya gəlmişdim. Mənim evimizə getməyim , o toya getməyim idi. Deməli Seymur istəmir mən o toya gedim. Mənim o toya getməməyim  nəyi dəyişirdi ? Olmaya bu yolla Seymur o toyun qarşısını almaq fikrinə düşüb ? 
 «Aman allah , nə qədər boş hərəkət ! Nə qədər eybəcər, gücsüz , taqətsiz, gülünc intiqam !»  
Mən ürəyimdə Seymura həm hirsləndim, həm də yazığım gəldi. Bir anlıq mənə elə gəldi ki, Seymurun əsəbləri yerində deyil.  
Normal ağılla belə hərəkət eləmək ən azı, mənə görə , iyrənclik idi. 
Mən dönüb  Seymura baxdım. Seymurun fikri-zikri yerində idi. 
Bir az bundan qabaqkı Seymur bircə anan içində yoxa cıxdı. Daha doğrusu bu adamla o adam arasındakı əlaqə mənə təmamilə anlaşılmaz gəründü. O adam bayaqdan bəri məni özünə inandırırdı. Mənim ürəyimi didib sökürdü. Amma indi . 
Yox! Burda mənim başa düşmədiyim nəsə vardı. Gözləmək lazım idi .

Seymur maşını yeməkxananın qarşısında saxladı. Biz maşından düşdük . Elə bu vaxt icəridən bir cavan oğlan çıxıb maşına tərəf tələsdi.  Hörmətlə Seymura əl uzatdı.
-Xoş gəlmisiniz, Seymur dadaş   
«Dadaş» bizdə böyük qardaşa deyirdilər.
-Siz də xoş gəlmisiniz, Nəsim müəllim.
Oğlan məni də tanıyırdı.
-Buyurun
Oğlan qabağa düşdü. Seymur məni irəli buraxdı .Biz yeməkxanada  günorta eləyən beş-altı adamın arasından kecib balaca , xudmani bir otağa daxil olduq.
Otaq xüsusi zövqlə tikilmişdi.  Üc-dörd adam ücün lap rahat idi. Amma üstü müxtəlif mer-meyvəylə dolu stolun ətrafına ikicə stul qoyulmuşdu.
Mən başa düşdüm ki, stol xüsusi bizim üçün nəzərdə tutulub.
Biz keçib əyləşdik.
Seymur : 
-Mən icən deyiləm -dedi ,-sən nə icəcəksən ?
Mən heç nə ifadə etməyən bir səslə :
-Su ! - dedim .                  
Seymur oğlana baxdı. 

Bir azdan stolun üstü doldu. Seymur yavaş-yavaş yeməyə başladı. Amma mənim iştaham qaçmışdı. Eləcə su icirdim. 
Seymur, ən nəhayət : 
-Çörək ye !  - dedi , sonra gülümsündü - qorxma , indinin özündə də mənimlə çörək kəsmək olar. 
Deməli, öz hərəkətlərinə qiymət verməyi bacarırdı. Qarşısındakının kim olduğunu unutmurdu. Axı mən dostluğumuzun tüğyan elədiyi vaxtlarda da onu yaxşıca söyməyi bacarırdım. 
Mən əlimi uzadıb çörək götürdüm. Buluddakı qovurmadan iki tikə ayırıb boşqaba qoydum. 
-Deyəsən axı, sən mənim o toya getməyimi istəmirsən ? -mən laqeyidcəsinə sual verdim. 
-İstəmirəm ! - Seymur da sakitcə sözünü dedi. 
-Məni qarşılamaqda məqsədin bu idi? 
-Bu idi ! 
-Niyə ? 
-Başa düşmürsən ? 
-Deyəsən , bəzi şeyləri başa düşürəm ... 
-Məsələn , nəyi ? 

Mən təhqir etmək qərarına gəldim: 
-Yəni sənin sözünlə o toya getməyənlər belə çoxdu?... 
 Aman allah, bircə anın içində onun sifəti necə dəyişdi? Üz-gözünü tər basdı . Üsulluca əlini süfrədən çəkdi. Barmaqlarına baxdım , titrəyirdi. 
Boğuq səslə soruşdu : 
-Səncə, mən, səndən savayı, başqa bir adamla bu söhbəti eləyərəmmi? 
Mənim ürəyim yumşalmaq bilmirdi. 
-Niyə sənə elə gəlir ki, bu barədə mənimlə söhbət eləmək olar? 
-Mən səninlə də söhbət eləmək istəmirdim. 
- Amma eləmək qərarına gəldin. 
-Elədir - Seymur təsdiq etdi:  - Mənə elə gəldi ki, sən bunu başa düşəcəksən ... 
Mən ikibaşlı cavab verdim : 
-Bunu elə mən özüm başa düşmüşəm. 
-Düz başa düşməmisən . . . 
-Nəyi düz başa düşməmişəm ? 
-Məni . . .   

Seymuru tər aparırdı.  Mən əlimi cibiminə salıb dəsmal çıxardım. 
-Al tərini sil . . . 
Seymur dəsmalı almadı. 
-Eybi yoxdur - dedi  . - Mən həyəcanlananda həmişə belə oluram. 
Şeytan məni yoldan çıxardı. Mən sonuncu zərbəni də endirmək fikrinə duşdum : 
-Xəcalət təridi  də . . . 
-İstehzan yersizdir - Seymur bu sözə də dözdü. 
Araya sükut çökdü. 

Seymur handan -hana , qəzəbini boğa-boğa , amma nifrətini zərrəcə də  gizlətmədən , yəqin ki, Qəmərin nişanlandığı gündən bəri ürəyində götür-qoy elədiyi həqiqətləri , gəldiyi nəticələri asta-asta acıb deməyə başladı : 
-Mən inana bilmirəm , Nəsim . . .  Adamın bu qədər xəyanətkar keçmişi ola biləcəyinə mən inana bilmirəm. Bu mümkün olan şey deyil . . . Əgər keçmiş bu qədər gücdən düşə bilirsən , özü də sənin həmişə qoruyub saxladığın , qayğısına qaldığın , sevindiyin keçmiş bu qədər gücdən düşə bilərsə , onda hər şeyi  - alcaqlığa da qorxaqlığa da , satqınlığa da , fahişəliyə də , hətta atom müharibəsini  də qəbul etmək lazımdır. . . 
Seymur birdən-birə sözünü kəsib sual verdi  : 
-Bilmək istəyirəm , səni Arifin toyuna kim dəvət eləyib ? 
-Qardaşım ! - dedim. 
-Bəs sən soruşmadın ki , Arif kimə evlənir ? 

Yadıma düşdü , mən telefonda qardaşımdan Arifin kimə evləndiyini xəbər almışdım. Qardaşım : - bilmirəm  - demişdi. Seymurun bu sualından sonra mənə aydın oldu ki, qardaşım hər şeyi bilirmiş. . . Bəs mənə niyə deməyib ? Deməli , mənim toya gəlməməyimdən ehtiyat eləyib. . . 
Deyəsən , mənə aydın olmayan bir məsələ meydana çıxırdı. Elə bir məsələ ki , orda mənim xüsusi rolum vardı. Orda mənim uğrumda , daha doğrusu , mənim rolum uğrunda vuruş gedirdi. «Kim -kimi» məsələsi həll olunurdu.
Seymur sualına cavab gözləyirdi.
-Mən qardaşımdan soruşdum, o, ad çəkmədi... - mən bildiyimi
dedim.
-Səncə o Arifin kimə evləndiyini  bilmirdi?
Sualın cavabı aydın olduğuna görə mən susmaq qərarına
gəldim.
Seymurun rəngi yavaş - yavaş üstünə gəlirdi.
-Sən bilirsən Arifə nə üçün lazımsan?! - o başını qaldırıb
dik mənim gözlərimin içinə baxdı: Qəməri inandırmaq üçün  lazımsan sən Arifə «Bu də sənin məhəbbət məcaralarının cəfakeş Zeydi» demək üçün... Bax mən bunu istəmirəm!...
Mən başa düşüdm ki onu daha dinləyə bilməyəcəyəm
Boksda deyildiyi kimi mən nakauta düşmüşdüm, Şahmatda deyildiyi kimi məndən peşka kimi istifadə etmək qərarına gəlmişdilər. Ən acınacaqlası bu idi ki, Seymur da bu oyunda özünə mövqe seçmişdi.

Süfrə pozulmuşdu. Ayağa qalxmaq lazım idi. Mən qalxdım. Seymur əsəbi - əsəbi  - otur - dedi
Mən qeyri - iradi oturudum. O, dinib danışmadan yeməyə başladı.  Seymurun bu əsəbi hökmü  pərt ermək əvəzinə,  məndə nədənsə bir yüngüllük oyatdı.  Ürəyimdə qəribə bir arxayınçılıq hiss eləyə - eləyə bayaqdan bəri ac olduğumu  başa düşdüm. İşhtahla yeməyə girişdim.
Bayaqkı oğlan sakitcə otağa girdi. Nəyə ehtiyacımız olduğunu soruşdu. Mən konyak sifariş elədim. Gətirdi. Amma süfrəni təzələməyə qoymaldım.  Qalxdıq. Seymur çıxarıb stolun üstünə bir iyirmibeşlik  atdı. Mən etiraz eləmək istədim. 
Seymur:
-Lazım deyil - dedi.  - mən nə elədiyim bilirəm. Bir də ki oğrudan oğruya halaldır.
Biz otaqdan cıxdıq. Maşına əyləşəndə bayaqkı oğlan elə bil yerin təkindən cıxdı.
-Deyəsən bu dəfə narazı gedirsiniz, Seymur dadaş...
-Yox, razı gedirik.
-Siz allah bağışlayın Nəsim müəllim əgər bir günahımız olubsa, bilməmişik...
Mənim əvəzimə oğlana Seymur cavab verdi:
-Dedim axı, razı gedirik...
Maşın yerindən tərpəndi. Oğlan quruyub yerində qaldı.
Biz yenidən şosseyə cıxdıq.

Biz bayaqkı yolla geri qayıdırdıq . Maşın Sahil kəndinin min bir formasındın xəbər verən , müxtəlif biçimli , müxtəlif rəngli evləri , çəpərləri arxada qoyub dənizə uzanan yola cıxanda, məndə nədənsə geriyə dönüb baxmaq ehtiyacı baş qaldırdı. Amma geriyə dönüb baxmağı mən çoxdan özümə qadağan eləmişdim. İndi də geriyə baxmadım. Cünki bilirdim , qəlbimə qurğuşun kimi ağırlıq gətirən bu hiss bir azdan ötüb keçəcək , mən yenə də əvvəlki kimi azad və hürr olacağam. 

Deyəsən, konyak da təsirini göstərirdi. Xəyalım zərif duman icərisində hey harasa üz tutmaq istəyirdi. Bəlkə arxada qalan evlərin hansındasa , elə bir şey var idi ki, dönüb arxaya baxsaydım, o şeyi görüb , ürəyimdəki bu hisslərə ünvan tapacaqdım. Bəlkə də . . . Amma indi mənə belə bir şey lazım deyildi. 

Maşın «yaxşı yol» yazılmış çəpərsiz darvazanı adlayıb təqribən on-on beş metrlik yoxuşu birnəfəsə  qalxdı. Birdən-birə gözlərim qarşısında üfüqlərəcən uzanan dənizin ponaramı açıldı. Elə bil xəyalım da genişliyə çıxdı , hətta mən ani səksəkə hiss də keçirdim. Birdən-birə ucsuz -bucaqsız bir rahatlıq duydum.
İndi dünyaya açıq nəzərlərlə baxa bilərdim. 

Daha bu dəniz,  bir az qarşıda görünən, sahil boyunca uzanıb gedən qamışlıq əvvəlki kimi məni min bir xatirəylə  - « Qaragilə » mahnısını nisgilli melodiyası ilə , uşaqlığımın bu günə gəlib çatan arzuları ilə bağlana bilmirdi ,  daha cox kimsəsiz , tənha görünürdü. 

Nə qədər qəribə olsa da , bu ögeylik fikirlərimə aydınlıq, duruluq gətirirdi. Uzaqda bir dəstə hacıleylək dövrə vururdu. Amma uçub getmirdilər. 
Hardansa matorlu qayığın səsi gəlirdi. 

Bir az qarşıda yol şaxələnəcəkdi. Bir yol Bakıya , bir yol isə bizim evə sarı dönəcəkdi. Mənim hesabıma görə Seymur yol ayrıcında mənə sual verməliydi. Axı mən bayaq qərarımı ona deməmişdim ; evə gedəcəyəm , yoxsa yox. Seymur yaxşı  bilirdi ki,  mənim evə getməyim  toya getməyim  kimi bir şeydir. 

Seymur qardaşımın xasiyyətinə yaxşı bələd idi. Bir də bizlərdə böyük qardaşın sözündən çıxmaq ən azı tərbiyəsizlik sayılırdı. 

Belədə hec olmasa  ümid yeri vardı;  uzaqbaşı deyə bilərdim ki, işim oldu , gələ bilmədim. Bununla da hər şey qurtarıb gedərdi. 

Biz yol ayrıcına catdıq.
Seymur:
-Hara gedirik ?  - deyə xəbər aldı. 
Mən tərəddüd  etmədən : 
-Evə ! - dedim. 
Seymur bir anlıq çaşdı. Mən bunu onun sükanı tutan əllərindən hiss elədim. Amma hec nə demədi. Maşını şəhərə uzanan yola sarı yönəltdi.  Biz avtobazanın hündür  çəpərləri  yanından keçib köhnə məktəbimizə catdıq. Məni məktəbin tinində dayanıb nə haqdasa danışan üc tanış adamı gördüm. Onlardan biri başını geri atıb nəyəsə  ürəkdən güldü. Mənim də dodaqlarım  qaçdı. Bu , Seymurun gözündən yayınmadı.  Təbəssümüm onu əməlli-başlı pərt elədi. Mən bunun fərqinə varmadım.  
Bir az qabaqda şəhərimizin məişət evi görünürdü. Evin guya milli forma  daşıyan görkəmi, nədənsə, mənə həddindən artıq yaltaqlıq təsiri bağışladı. Bir anlıq mənə elə gəldi ki, bina bu görkəmi ilə məni təhqir eləyir. Deyəsən , Seymurun fərqinə varmadığım pərtliyi bu binanın görkəmində mənə gəlib catdı. Mən adamın özündən asılı olmayan hisslərinin bu qəribə dəcəlliyinə ürəkdən heyrətləndim. 

Deməli , dünyada heç bir şey təsirsiz ötüb kecmir , ani təbəssüm , ani pərtlik, ani yaltaqlıq, fərqi yoxdur , bu kecmişə aid olsun,  ya gələcəyə , heç bir şey boşluğa getmir; ürəkdə iz salır, düşüncəyə möhr  basır. İnsan taleyi isə bu izdən , bu möhrdən yaranır, sonradan insan özü də taleyə, izə , möhrə çevrilir.  Bu izin , bu möhrin yaratdığı keyfiyyət isə günlərin bir günü bu bərbad  görkəmli bina kimi qarşına çıxır və səni təhqir edir. 

Binanı  coxdan ötüb kecmişdik. Mənim «fəlsəfi» düşüncələrim isə bitmək bilmirdi. 
Seymur evimizə çatıb maşını saxladı. Üz-gözü yenə də tər içində idi.  Amma gülümsünürdü :
-Çatdıq ! - Seymurun səsi dumduru idi. Təbəssümü isə  təmamilə  özündən , hərəkətlərindən razı olan adamın təbəssümü idi. Bu təbəssümü şifrələyib açmaq olsaydı , yəqin ki, bu cümlə alınardı: «Mən sənə nə deməliydim , dedim. Qalanı öz işindir. Mən səndən incimirəm , hec nə ummuram.  Xoş getdin ! »  
Mən dönüb həyətimizə baxdım. Hündür barıdan hec nə görünmürdü. 
-Sür, gedək  o biri tərəfə . . .  heç  olmasa, həyətə baxım , sonra gedək . . .
Seymur yenə də bircə anlığa çaşdı . Sonra səsinə , sözünə qadağa qoymadan məni ürəkdən söydü : 
-Ay əclaf ! . . .    

Maşın yavaş-yavaş yerindən tərpəndi. Soğan bazasının böyründən  keçib torpaq yola cıxdı, təpəyə qalxıb dayandı. 
Mən maşının pəncərəsini aşağı salıb həyətimizə boylandım. Darvazamız açıq idi. Anam evimizin qabağında yay pələməsində əyləşib göyərti təmizləyirdi. Balaca Arzu da nənəsinin yanında idi. Əlindəki topu göyə atıb - tutmaq istəyirdi.  Amma tuta bilmirdi. Top yerə düşüb diyirlənə-diyirlənə harasa gedir, Arzu qaçıb yenidən gətirirdi. Anamın qarşısında dayanıb hərəkətini yenidən təkrar eləyirdi.  Anam uşağın bu hərəkətini qətiyən vecinə almırdı. Anam öz işində idi. 

Mən kövrəlmişdim. Anamdan cox Arzu məni kövrəltmişdi. Bəlkə də buna gərə Arzuya daha çox baxırdım ; balaca  Arzuya, dəcəl Arzuya, gözəl arzuya  - gözəl meymuncaya...
-Arzu, sən babanın nyisən?
-Babanın qəşəngiyəm!
-Bəs nənənin nəyisən?
-Nənənin ipləməsi
-Bəs atanın nəyisən?
-Atanın qızı ...    
-Bəs dayının nəyisən?
-Deirsən, deyim də
-De       
-Deməzsən ki, aldatdım?
-Yox!
-Dayının meymunçası!
-Meymunçası?
-Hə də…  çox gözəl meymunçası...
Mən xəyalımdakı bu söhbətə gülümsünüdm. Elə bu vaxt Arzu topu göyə atdı. Top havaya qalxıb anamın  təmizlədiyi göyərtinin icinə düşüdü. Anam yerindən qalxdı. Arzu götürüldü.  Darvazadan çıxıb qapının ağzında dayandı. Anama yalvarmağa başladı: 
-Nənə , ata canı bilmədim ! . . .
Anam yalandan hirsləndi.
-Sən orda dayan bir . . .
Anam evə sarı yollandı. Arzu dil tökməyindən qalmadı : 
-Nənə , ata canı . . . topdu da ... Qalxdı göyə , düşdü yerə... Dili yox, ağzı yox . Nənə, ata canı topun ağlı yoxdu . . . 

Deyəsən Arzuun  yalvarışları ananın ürəyinə insaf saldı. Pilləkanın üstündə dayanıb topu bayıra tulladı . Top maşına tərəf diyirləndi. Arzu da maşına sarı qaçdı. Topu götürmək əvəzinə bir anlıq yerində donub qaldı. Deyəsən azacıq məni tanıdı. Amma dəqiqləşdirə  bilmədi, maşındakı mənəm , yoxsa başqası. . . 

Seymur maşını yerindən tərpətdi. Mən qanrılıb Arzunun durduğu yerə baxdım. Uşaq mat-məəttəl yerindəcə donub dayanmışdı. Maşın yerindən tərpnəndən sonra  əyilib topu götürdü,  göyə tulladı. 

Maşın ağ evlərin yanından dönüb şosseyə cıxdı. Evimiz arxada qaldı. 
Seymur sakitcə :
-Görürəm ev üçün yaman darıxmısan? -dedi. 
Mən təsdiq elədim:
-Hə , bir balaca....
Mən evə dəymədiyimə görə əməlli-başlı pərt olmuşdum. Peşimaşçılıq hissi kecirirdim.  Elə bil günah işlətmişdim. 
Amma bu hissə təslim olmaq olmazdı. Mən başa düşürdüm ki, bu dəqiqələr Seymur üçün nə deməkdir. Bəlkə də mən bu hərəkətimlə Seymuru xilas eləyirdim. 
Xilas eləyirdim? 
Nədən ? 
Allah bilir . . . 
Peşimancılıq məndən əl cəkmirdi : 
-Sür avtovağzala . . .
-Avtovağzala niyə ? 
Mən cavab vermədim. 
-Yox, Nəsim, səni Bakıya mən özüm aparacam. . . 
Peşimançılıq ən nəhayət özünü ifadə elədi :
-Nədi , inanmırsan ? 
-Mən sənə inanmasaydım  - Seymur dilini sürüdü . - Səni qarşılamazdım. . . 
          Mən bir az da pərt oldum .
-Bağışla -  deyib səmimi etiraf  elədim - evə dəyməməyim mənə yaman yer elədi...
Seymur bircə kəlmə söz dedi:
-Bilirəm...

Birdən mənim yadıma Qəmərin telefonu düşdü. Bayaq, sahildə Seymurdan soruşmaq istədiyim bu nömrə bütün ardıcılığı ilə xəyalımda canlandı. Ürəyimdəki peşmançılıq , pərtlik , nigarançılıq bir düyünə yığılıb məndə istehza əhvalı yaratdı. Mən Qəmərə zəng edib toyunu təbrik etmək istədim. Təbrik etmək, cavabını gözləmədən dəstəyi asmaq...  Tərs kimi  bu fikri yerinə yetirmək üçün şərait də yarandı. Qarşımda telefon budkası  göründü. 

Mən fikirləşmədən əsəbi şəkildə Seymurun üstünə çığırdım : 
-Saxla ...
Deyəsən bu günkü hadisələr məni tamamilə yormuşdu. 
Seymur cəld əyləci basdı. Mən ona heç nə demədən maşından düşdüm. Telefon budkasına sarı yeridim. Cibimi eşələyib iki qəpiklik axtardım, əvəzində iki on qəpiklik  tapdım. On qəpikliyi telefonun yarığına salıb birinci iki nömrəni yığdım. Elə bu vaxt arxadan Seymurun səsini eşitdim. 
-Dayan ! . . . . 
Mən səsdəki ağrının təsiri altında telefonun çəngəlini basdım. Seymur mənə tərəf yüyürdü. Mənə çatıb dayandı:
-Kimə zəng eləyirsən ?   
Mən əsəbləşdim: 
-Sənə nə ?
Axı indi Qəmərin ona nə dəxli vardı ? Mən isə Qəmərin tanışı idim. Zəng eləyə bilərdim. 
Seymur sakitcə əlini cəngəlin üstünə qoyub bir də soruşdu:
-Düzünü de...
Mən düzünü dedim:
-Qəmərə ...
-Lazım deyil...
-Niyə? 
Elə bil sözləri kəlbətinlə Seymurun ağzından çəkib çıxardılar: 
-Bu cox pis qəddarlıq olar...
-Qəddarlıq? Niyə ki? Mən axı onun toyuna gəlmişdim. . . onsuz da onu orda təbrik edəcəkdim . . . 
-Sən orda onu indi təbrik etdiyin kimi  təbrik etməycəkdin . . . İndi isə sənin onu təbrik etməyin onu öldürməyə bərabərdir. . .
-Sən buna bu qədər əminsən ? 
-Cox əminəm  . . . - Seymur bu sözləri elə dedi ki, mənim ürəyimdə şübhə qalmadı. Mənə elə gəldi ki, bu zəng doğrudan da Qəməri  öldürə bilər. . . 

Mən telefon budkasından cıxdım.  

Maşına əyləşəndə yadıma düşdü ki, on qəpikliyi unudub telefonun yarığında qoydum. Bəlkə də buna görə  dönüb arxaya baxdım. Telefon budkasının böyründəki iki mavi zolaqlı xətt       nədənsə yadıma dənizçi kəynəyini saldı,  bir də bizim harayımıza baxmayıb , kanalı keçə bilməyən, yıxıla - dura geri qayıdan , elə o kanaldaca boğulan Alını xatırladım. . .

Maşın yerindən tərpəndi . 
  
 May 1981-ci il