Rəbiqə Nazimqızı:

Rəbiqə Nazimqızı: "Ədəbiyyata yeni nəsil gəlir"

"Bu nəsil AYB-nin ənənəvi və AYO-nun çılpaq estetikasına yenidən baxır"

Yeni şeirin təmsilçilərindən olan Rəbiqə Nazimqızı ilə müsahibə.

- "Sənə qədər” kitabından (2008) sonra Rəbiqə Nazimqızının şeir yaradıcılığı görünmür? Halbuki buna qədər gənclər arasında parlayan ən fəal imzalardan biri kimi səciyyələndirilmişdi. Bu səngimə nə ilə bağlıdır: durğunluqmu, ya...

- Bu sualı tez-tez eşitməli oluram son vaxtlar. Görünür, məndən nəsə gözləyənlər var və açığı, bu, sevindircidir. Şeirlərə gəlincə, kitabdan sonra xeyli şeir yığılıb və düşünürəm ki, təxminən eyni həcmdə kitab buraxmaq da mümkündür. Hətta ikinci kitabla bağlı təklif də var. Amma gözləyirəm. Özüm üçün dəqiqləşdirməli olduğum məsələlər var yaradıcılıqla bağlı. Birinci vacib sual budur: ikinci kitab birincidən nə ilə fərqlənəcək? Təbii, fərqli şeirlər yazıldı bu ara. Amma bunlar bir kitab üçün yetərlidirmi? Ümumiyyətlə, 10 normal hesab etdiyin şeirdən ötrü 40-50 şeirin daxil olduğu kitabı çıxarmaq lazımdırmı? Bəlkə, xırda həcmdə nəsə eləmək olar. Amma başqa tərəddüdlərim də var. Nəzəri biliklərimdən qətiyyən razı deyiləm və onları sistemli şəkildə yeniləməyi düşünürəm. Nə yazdığımı bilmək üçün ən azı... Arada yaradıcı böhran olur – depressiyaya meylli olduğum üçün qaça bilmirəm. Tərcümə xeyli vaxtımı alır. Həm də deyəsən, fəallıq da bir az yordu məni. Qoy darıxsınlar bir az – tez-tez görünmək bəzən qıcıq mənbəyi yaradır adamlarda. Şəxsi təcrübəmdən bilirəm...

- İki-üç il öncə yazılarınızdan birində AYB-AYO qarşılaşmasından sonra, yeni loyal bir nəslin gəldiyini əsaslandırmağa çalışmışdız; nəsrdə, poeziyada imzalar sadalamışdız. Özünüzü də aid etdiyiniz bu adlar ümumən proqnozunuzu doğrultdumu; indi haralardadır həmin imzalar?

- Haqlısınız. Ədəbiyyata yeni nəsil gəlir və ədəbiyyata yanaşmasına görə bu nəsil AYB-nin ənənəvi və AYO-nun çılpaq estetikasına yenidən baxır. Bu nəsil hər iki tərəfdə istedadları – daha doğrusu, normal mətnləri qəbul edir və məsələlərə şəxsi qərəzliliklə yanaşmır. Bu sırada Jalə İsmayıl var – o həm nəsrdə, həm də poeziyada yeni imzalardan biridir, yeri gəlmişkən deyim ki, heç bir qurumu təmsil etmir. Bir müddət öncə Jalə xanımın "Heykəlin içindəki” adlı bir ktabı çıxdı. Cavidan xanımın adını çəkə bilərəm – o da heç bir qurumu təmsil etmir. Şeirləri məlumdur, indi də özünü nəsrdə sınayır, bildiyim qədərilə yeni romanını çapa hazırlayır. Bundan başqa, həmin loyalların böyük bir qismi hazırda AYB-yə üz tutublar. Deyim ki, əvvəlki loyallıqlarını da saxlayırlar – Qismət, Zərdüşt, Cavid Zeynallı – artıq tanınmış imzalardır. Günel Eminlinin esseleri maraqlıdır, hələlik ədəbi axtarışdadır. Elnaz Eyvazlı əvvəllər ənənəvi üslubda yazsa da, son şeirləri ilə diqqəti çəkir... İmzalar çoxdur. Alik Əlioğlu bu imzalar içində ən maraqlılarındandır. Ötən il itirdiyimiz istedadlı şair Fərhad Metenin adını çəkməliyəm – onun şeirləri qalır. İmzalar yazırlar və inşallah, yazıları ilə yadda qala biləcəklər, düşünürəm.

- İki il öncə sizi BSU-nun Yaradıcılıq fakültəsində gördük; şair Salamın kursunda. Bu, yenidən-təhsilə maraq hardan idi, özünü doğrultdumu, Yaradıcılıq fakültəsi sizə nəsə verdimi, ümumən bu barədə fikriniz?

- Bəli, filoloji təhsilim olsa da, deməliyəm ki, hazırda universitetlərimizdə ədəbiyyat tədrisi ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Bu mənada yalnız BSU və Xəzər Universiteti fərqlənir ki, bu da yəqin ki, onların rəhbərlərinin (Kamal Abdulla və Hamlet İsaxanlı – red.) ədəbiyyatda təmsil olunması ilə əlaqədardır. Bu mənada hesab edirəm ki, magistr dərəcəsi alsam da, təhsilim tam deyil, öyrənməyə ciddi ehtiyac var. Sadəcə, zaman çatışmazlığı üzündən yalnız Salam müəllimin və Aydın Talıbzadənin dərslərində iştirak edə bildim. Yəni mən orada dinləyici idim. Yaradıcılıq fakültəsi hər şeydən əvvəl emalatxana rolunu oynadı – eksperimentləri sevirəm. Salam müəllimin dərslərində yaradıcı imzalar bir-birini dinləməyi, bir-birilə mübahisə etməyi öyrənirdilər. Hesab edirəm ki, indi ədəbi mühitimizdə məhz bu çatışmır və ümid edirəm, orada öyrəndiklərini dostlarımız o qədər də tez unutmayacaqlar. Yaradıcılıq fakültəsində müəllim-tələbə münasibətləri yox idi və müəllimlər sənə həmkarları, yaşıdları kimi yanaşırdılar – bu, öyrənən üçün olduqca vacibdir... Mən həm də orada dostlarımızı yaxından tanıdım...

- Oxuculara indi hansı şeir gərəkdir? Qarşıda bu tələbə cavab verəsi şeirləriniz...?

- Oxucuya əslində həmişə lazım olan şey gərəkdir – yaxşı mətn. Janrından, müəllifindən, hətta deyərdim ki, mövzusundan asılı olmayaraq. Şeirdə də belədir, nəsrdə də. Yaxşı mətn heç vaxt köhnəlmir, əgər hər hansı yaxşı hesab olunan mətn sonradan "unudulursa” - deməli, ciddi qüsuru varmış. Mən hesab edirəm ki, indi elmi texniki nailiyyətlərdən, səs-küydən bezən oxucuya işıq, dostum Qismətin dili ilə desəm, oksigen lazımdır. Bol və təmiz hava... Bu mənada onun Edisson işığı silsiləsini olduqca qiymətləndirirəm... Bu sırada başqa bir dostum Səlim Babullaoğlunun şeirlərindən danışmasam olmaz – onun demək olar, bütün şeirlərində bu işıq var. Xüsusilə, Səlimin "Səttarın Məsiağa dedikləri”, "Ata və uşaqlar” şeirlərini misal çəkmək istərdim... Hə, bir də, mühüm bir məsələni qeyd edim, ola bilsin, bu müsahibədən sonra məni dostbazlıqda qınayacaqlar – çünki adlarını çəkdiklərimin hamısı mənim dostlarım və rəfiqələrimdir. Buna təbii baxmaq lazımdır - ədəbiyyatda mən dostlarımı ən istedadlılar arasından seçirəm. Yoxsa o qədər dostlar var ki...

"Ədəbi həftə”
"Həftə içi” qəzetinin şənbə əlavəsi