Rəbiqə Nazimqızı: Qum dənəsi (Hekayə-Dialoq)

Rəbiqə Nazimqızı: Qum dənəsi (Hekayə-Dialoq)

K: - Nə fikirləşirsən?
Q: - Heç nə.
K: - Elə olmur axı.
Q: - Olur.
K: - ...
Q: - Yaxşı, burnunu sallama, saçlarımı külək dağıdır, onları toplamaq istəyirəm, bunu fikirləşirəm, amma sancağımı unutmuşam.
K: - Bax belə. Görürsən, nəsə istəyirsən.
Q:  - Adam həmişə nəsə istəyir.
K: - Yoox. Bəzən heç nə istəmir.
Q: - Elə olmur axı.
K.: - Olur...

***

Q : - İstəyirsən deyim, nədən narahatsan?
K: - De.
Q: - Elə bilirsən, susanda aramıza kimsə girir. İkinci bir adam. Yox, məntiqlə, üçüncü. Axı biz iki nəfərik.
K: - Həəə...
Q: - Dəlisən!
K: - Niyə?
Q: - Bizdən birimiz istəməyincə üçüncü olmayacaq.
K: - İstəməyincə... Bu nədir? İntonasiyan xoşuma gəlmədi. Elə bil məni qıcıqlandırmaq istəyirsən.
Q: - Deyəsən.
K: - Niyə?
Q: - Bilmirəm.
K: - Istəyirsən deyim, nədən narahatsan...
Q: - De.
K: - Sənə elə gəlir ki, hər şey indicə düzəldiyim qum evcik kimi adi bir dalğadan dağılacaq. Üstəlik, qum dənələrini sənin gözlərinə çırpacaq külək.
Q: - Deyirsən, dağılmayacaq?
K: - Demirəm.

***

Q: - Deyəsən, külək başlayır. Üşüyürəm.
K: - Bilirsən, indi mənim cibimdə nə var?
Q: - Çox şey ola bilər.
K: - Əminəm ki, tapa bilməzsən. Termosda su qalıb?
Q: - Hə.
K:  - Sənə heç dəniz kənarında kofe düzəldiblər?
Q: - Tapdım. Neskafe!... Otur da. Ayaq üstə içəcəksən?
K: - Üstüm batacaq axı...
Q: - Evinizdə paltaryuyan yoxdu?
K: - Vaaar.
Q: - Vəssalam da..
K: - Bəs şəhərə qayıtmaq da var axı...
Q: - İstəyirsən qayıtmayaq?
K: - Elə istərdim.
Q: - Nəyi?
K: - Qayıtmamağı...


***

K: - Sənə soyuqdu?
Q: - Hə.
K: - Kurtkamı verim?
Q: - Yooox...
K: - Dənizi sevirsən? Lənət şeytana, ağlıma ağıllı heç nə gəlmir.
Q: - Niyə ki. Sualdır da. Bilmirəm. Hərdən hə, hərdən yox...
K: - Heç mən də bilmirəm... Qayıdaq, üşüyürsən?
Q: - Kurtkanı ver...

***

K: - Dayan e, sən bu yeri haradan tanıyırsan axı?
Q: - Yuxumda görmüşəm. Bilirəm, gülməlidi, amma...
K: - Tək idin o yuxuda?
Q: - Yoox...
K: - Kim vardı soruşmuram.
Q: - Soruş.
K: - Kim vardı?
Q: - Sən...
K: - Sən məni xoşbəxt eləmək istəyirsən?
Q: - Bacararam?
K: - Yoxlamaq lazımdı.
Q: - Duzsuzun biri duzsuz.
K: - Sən duzlayarsan da. Bacararsan?

***

K: - Sən yaxşı qızsan...
Q: - "Və biz daha əvvəl rastlaşsaydıq”... bunu demək istəyirsən?
K: - Yox.
Q: - Yooox?
K: - Yox. Zamanın fərqi yoxdu...
Q: - Yoxdu...
K: - Vəssalam...
Q: - Vəssalam?...
K: - Həəə....

***

K: - Evcik düzəldim sənə...
Q: - Külək dağıdacaq...
K: - Dağıtmaz...
Q: - Dalğalar  toxunsa... Birdən sabah...
K: - Allahın yerinə danışırsan?
Q: - Yooox, mən... mən...
K: - Sabah olmayacaq. Dünən də yoxdu. Bu gün var. Bir ömür uzanacaq bir gün.
Q: - Əminsən?
K: - Yox.
Q: - Yooox???
K: - Amma yoxlamaq istəyirəm.
Q: - Birdən alınmasa...
K: - Yoxlamaq lazımdır...
Q: - Birdəənn....
K: - Susss....
Q: - Səndən dəniz iyi gəlir. Saçların da qumludur...

***

K: - Allah insanı nədən yaratmışdı?
Q: - Qumdan.
K: - Yox... Nəfəsindən...
Q: - Ona görə nəfəssiz yaşamaq olmur?
K: - Bilmirəm. Yəqin...


***

Q: - Fikirləşirəm ki, bəlkə...
K: - Fikirləşmə...
Q: - Niyə?
K: - Mən hər şeyi fikirləşmişəm.
Q: - Mənim də yerimə?
K: - Həəə....
Q: - Bu necə olur axı.
K: - Demirdin, fikirləşmək səni yorur?
Q: - Həə.
K: - Seçim etməkdən də zəhlən gedir?
Q: - Hə.
K: - Mən səni seçimsiz qoyuram.
Q: - Necə yəni?
K: - Sənin cibində nə qədər pul var?
Q: - Yoxdu. Hamısını sənə verdim də bayaq.
K: - Ay sağ ol. İndi necə qayıdacaqsan evə?
Q: - Sən getmirsən ki?
K: - Heç sən də getməyəcəksən.
Q: - Dəlisən?
K: - Istəyirsən zəng edim, evdəkilərə deyim?
Q: - Başın xarab olub?
K: - Telefonunu ver.
Q: - Sən ciddidən axmaqlayırsan.
K: - Ola bilər. Bax indi nömrəni yığıram.

***

Q: - Yaxşı, nə deyəcəksən?
K: - Deyəcəm, mənimləsən və mənsiz bir də o evə ayaq basmayacaqsan.
Q: - Bəs mən?
K: - Razılaşacaqsan.
Q: - Niyə?
K: - Çünki səndən soruşmayacağam da.
Q: -  Işə düşdük də...
K: - Bunu istəmirdin həmişə? Güclü kişi. Şərtlər. Məhdudiyyətlər.
Q: - İstəyirəm e. Amma. Belə... qəfil...birdən...
K: - Mən beləyəm...

***

K: - Yaxşı, niyə ağlayırsan? Incitdim səni? Çox kobud oldum?
Q: - ...
K: - Evə qayıtmaq istəyirsən?
Q: - Yox...
K: - Bəs nədi?
Q: - Əllərin qumludur... Gözlərimi yaşardır...
K: - Yalançı... Niyə demirsən axı?
Q: - Nəyi?
K: - Xoşbəxt olduğunu!
Q: - Xoşbəxtlik sözə gəlmir.
K: - Başladın yenə?
Q: - Həə...
K: - O zaman davam elə.
Q: - Niyə?
K: - Səninlə dalaşmaq xoşuma gəlir.

***

Q: - Bax, dalğa dağıtdı evciyi!
K: - Mən yenidən düzəldəcəm.
Q: - Yenə dağıdacaq.
K:  - Yenə düzəldəcəm. Sonra bir də... bir də...
Q: - Sonra?
K: - Sonra yorulacam.
Q: - Bəs evcik?
K: - Onu oğlumuz düzəldəcək. Gəlinimizə...