Rəbiqə Nazimqızı. V-VI Məktublar

Rəbiqə Nazimqızı. V-VI Məktublar

V məktub

Qadın aşiq olacağı kişini özü yaratmalıdır.
Yılmaz Ərdoğan
İcazə ver, bu dəfə səninlə razılaşmayım. Məsələ burasındadır ki, yuxarıda gətirdiyim sitatla mənim üçün ən həssas nöqtəyə toxunmusan. Bəlkə də, hansısa situasiyada (elə deyək ki, dağılmaq ərəfəsində olan ailəni qorumaq üçün) mən də hansısa bir qadına eyni sözləri deyə bilərdim. Amma qəbul et ki, oxşar vəziyyətdə, eyni məntiqlə, kişiyə də eyni sözləri şeyləri demək olar. Nəzərə alsaq ki, ailədə bir qayda olaraq, qadın yaşca kişidən kiçik olur və daha vacibi, təcrübə baxımından ondan, ən azı, bir neçə pillə geridə qalır, bu sitatı xanımların xeyrinə dəyişmək də olar. Ona görə "xeyrinə” sözünü işlədirəm ki, istənilən halda dəyişəcək olan subyektin üzərinə dəyişəcəyi obyektdən daha böyük məsuliyyət düşür...

Amma hətta bu fərqli, şərti olaraq belə deyim, qadınların xeyrinə dəyişdirdiyim düsturla belə razı deyiləm. Çünki istənilən münasibətlər qarşılıqlı güzəştlər tələb edir – deməli, uyğunlaşmaq üçün hər iki tərəfdən eyni dərəcədə cəhd və səbr tələb olunur.

Təbii, burası da var ki, sevmədən kimin üçünsə dəyişmək kişi üçün, demək olar ki, mümkünsüzdür. Qadın (əlbəttə, hər qadın yox!) isə təbiətən fədakar olduğundan nisbətən asanlıqla uyğunlaşa bilir. Yəqin ki, sən də məhz bu məqama işarə etmək istəmisən. Bəlkə də, sevən qadın sevgilisini yenidən yarada bilər, amma bunu niyə eləməlidir axı? Qadının üzərinə yüklənən missiyalar az deyil axı? Üstəlik, sizi də tərbiyələndirməliymişik. Tamam o zaman, bizə ağ vərəq kimi təmiz gəlin ki, orada yazdıqlarımız oxuna bilsin.

Bəli, kişini bir qadın deyil, küll halında qadınlar – daha doğrusu, keçdiyi təcrübə "yaradır”. Və məsələ onu tanıdığı qadınların keyfiyyətində və ya kəmiyyətində deyil, fərdi olanla ümumi olanı ayırmaq bacarığında, düşünmək və nəticə çıxarmaq qabiliyyətindədir...

Əsrlərdir kişi bizə güclü cins kimi təqdim olunur. Özü də, bir çox həmcinslərimdən fərqli olaraq, mən bu ehkamı sevə-sevə qəbul edirəm və düşünürəm ki, qadının kişiyə olan simpatiyasının da əsasında elə bu məqam dayanır.

Məşhur rus tənqidçisi Belinskinin belə bir fikri var: "Qadının ləyaqəti onun sevdiyi kişi ilə ölçülür”. Hələ I kursda oxuyarkən hardansa oxuduğum bu fikrini ləzzətlə cib dəftərçəmə köçürmüşdüm və sonra da əlavə etmişdim: "Ah, bu təkəbbür. Biz həmişə özümüzü ən yaxşılara layiq bilirik. Çünki hər birimiz ürəyimizdə özümüzü hamıdan yaxşı zənn edirik”.

Bəs, bu "ən yaxşı” necə olmalı idi? Sarışınmı, qarabənizmi, hündürboylumu, bəstəboymu? Yeniyetməlikdə hündürboylu sarışınları, erkən gənclik çağlarında qarabənizləri xoşlayırdım. Sonra bir gün mənə elə gəldi ki, hündürboylular əlçatmazlıqla assosasiya olunurlar. Bəstəboymu? Kim zəmanət verirdi ki, bəyəndiyin bəstəboy sənə daha uyğun gələcək, sən onu tamamilə "hasara ala” biləcəksən. Dayan, burada da yanılırdım axı – "hasara alacağım” adam büsbütün mənim hakimiyyətimdə (yəni daha çox nəzarətimdə) olacaqdı. Mənim hakimiyyətim altında olacaq kişi mənə nə dərəcədə maraqlı ola bilərdi? Özüm qədər ən çətinlərini xoşladım, ən anlaşılmazlarını. Sonra bu da xoşuma gəlmədi, dəlisovluğum iki nəfər üçün də çox idi. Ya da yox, sadəcə, mənim ləyaqətim daha artığını tələb edirdi və bir gün anladım, kişinin gücü, cazibəsi təkcə xarici göstəriciləri ilə bağlı anlayış deyil, güc – mənim üçün hər şeydən əvvəl xarakterdir, dünyagörüşünlə bərabər bir bütün təşkil etdiyin prinsiplərə sadiqlikdir, seçim etmək və bu seçimin arxasında dayanmaq bacarığıdır. Üstəgəl inamdır, səhvləri qəbul etmək və onları düzəltməyə çalışmaq, məğlubiyyətini tanımaq və bundan nəticə çıxararaq yeni mərhələyə doğru yürümək istedadıdır.

Deyə bilərsən ki, bu xüsusiyyətlər qadınlarda da olmalıdır və mövcuddur da. Razıyam. Amma önəmli bir fərqimiz var – sizdə ağıl, bizdə hiss başlanğıcı güclüdür. Bizim gücümüz söykənəcəyə ehtiyac duyacaq qədər zərif, sizin gücünüz bu söykənəcək qismində laxlamayacaq qədər möhkəm olmağınızdadır. Məhz bu səbəbdən də özlüyündə heç bir missiya daşımayan dirəyi "dayaq” adlandırmaq gülüncdür. Heç birimiz üstün deyilik, çünki bir yerdə bütünük.

Başqa bir tərəfdən, bunu da deyim: insan aşiq olacağı adamı seçmir, elektriklənmə bizdən asılı olmadan baş verir. Əks halda, istənilən qadın istənilən kişini (və ya əksinə) "rəndələyəndən” sonra sevə bilərdi. Amma bir məqamı da vurğulamaq istəyirəm – güclü xarakterə malik olan kişi ona aşiq olan qadından istədiyini daha asanlıqla "düzəldə” bilər. Çünki elastiklik qadına xas xüsusiyyətdir və özünü nə qədər azad hiss edirsə-etsin, qəlbinin dərinliyində əsl qadın üçün özünü sevdiyi kişinin ixtiyarına verməkdən böyük həzz ola bilməz. Amma təkrar edirəm, istər qadınlar, istərsə də kişilər dəyişərək sevmirlər, sevərək dəyişirlər...

Və... sonda deyim ki, bütün hallarda kişini qadın üçün cəlbedici edən ən güclü bağ  ağıl, məntiq və xarakterdir. Bunlar isə situasiyalarda – ünsiyyətdə ortaya çıxır. "Qadınlar qulaqları ilə sevirlər” mühakiməsi də buradan yaranıb. Amma ağıl, məntiq və xarakter həm də yazılarda əksini özünü büruzə verir, üstəlik, bu zaman düşüncələrini dəqiq və obrazlı ifadə etmək bacarığı da az rol oynamır, bunu da bilirsən...

Həə, belə, deyəsən, bu dəfə lazım olduğundan daha ağıllı görünmək istədim və bir az da xırdaçı oldum. Başqa nə yazım. Mübahisəni davam etdirə bilərdik, amma bunu da deyim – məni razılaşmaq məcburiyyətində qoymalarını sevirəm. Yetər ki arqumentlər tutarlı olsun...
VI məktub
Yazma. O zaman bekliyor insan...
"Vizontele”

Bu gün anlayıram ki, bütün insanlar tənhadırlar. Və bütün cəhdlər də bu tənhalıqdan qaçmaq üçündür... mənim sənə yazdığım məktublar kimi...

Heç gecələr – tək qalanda hansısa gizli gözün səni izlədiyini hiss edib üşənmisənmi?

Bilirsənmi, çox sevdiyim bir nəfər mənə şipşirin bir yalan danışmışdı. "Pıçılda demişdi, pıçılda, eşidəcəyəm”. Amma pıçıltılarım heç ona gedib çatmadı. Bəlkə, əlləri ilə qulaqlarını qapayırdı, bilmirəm...

Unutmaqdan bəhs edəcəksən, bəlkə, indi mənə. Eləmə. Unutmaq istədikcə daha çox xatırlayırsan unutmaq istədiklərini. Sözləri, jestləri, hadisələri. Xoşuna gələn adamları xatırlayırsan – başqa adamları, başqa şirin sözləri, başqa şirin xatirələri. Hamısı acı gəlir. Çünki bunların hamısını tək bircə nəfəri unutmaq üçün etdiyini bilirsən...

Sonra ən acı xatirələri düşünürsən Onunla bağlı. Yenə də unutmaq üçün. Tərs kimi yadına düşmür. Əvəzində ən yaxşıları xatırlayırsan – məsələn, yadına düşür ki, yaşadığın bu qədər illər ərzində sevdiyin çiçəkləri sənə yalnız O bağışlayıb. Əslində, böyük ehtimalla, sən bu çiçəkləri ondan hədiyyə alandan sonra sevmisən, seçmisən...

Onun təbəsümünü axtarırsan – təbəssüm həmişə adamları özünə çəkir. Özünü inandırırsan ki, onun arxasında nə isə ciddi, gerçək bir qüvvə dayanır. Həmişə bu nəyi isə tapmaq üçün onun ardınca getməyə meylli olmusan. Həmişə də aldanmısan...

Adam bir küçədən nə qədər keçər? Yox, yaşadığın yerə, getməli olduğum işə aparan yolu nəzərdə tutmuram, elə belə qışın soyuğunda o baş-bu başa getdiyin səkini deyirəm. Sən bu küçədə heç kəsi itirməmisən, amma orada kimisə axtarırsan. Elə bil bu dəqiqə gələcək. Gülümsəyəcək və soruşacaq ki, burada nə edirsən. Və sən də absurd səslənəcək həqiqəti deyə bilmədiyin üçün nə danışdığını bilmədən kəkələyəcəksən. O, təfərrüata varmayacaq, yenə gülümsəyəcək və söhbəti dəyişəcək. Sənin qaçmaq istədiyinin tənhalığın əlindən yapışacaq və artıq tək olmayacaqsan. Heç olmasa, bir neçə dəqiqəliyinə. Sonra gedəcək, gedəcək ki, yenə bu və ya başqa səkidə qarşına çıxdığın anda dəli kimi sevinəsən – bu şəhərdə tək deyilsən deyə…

Amma bəzən O olmur…

Bəzən onu yanlış küçədə axtarırsan...

Bəzən O sənin harada olduğunu bildiyi halda qonşu küçədən keçir. Amma bu halda belə Onun motivlərini düşünmək istəmirsən və "Həmişə xoşbəxt olmaq olmaz” fikirləşirsən…

Bəzən Ona qəzəblənirsən. Çıxıb getmək barədə düşünürsən və bilirsən ki, bu getmək fikri yalnız onun yanında ola bilmədiyin üçün gəlir ağlına və gözləmə zalında məhz onun gözləyəcəksən – avtobusu, gəmini, təyyarəni deyil. Yeni adamlarla tanışlıqlar belə sənin üçün yeganə ölçü meyarının yalnız O olduğunu xatırladacaq...

Bəlkə, xoşuna gələn adamlara gülümsəyəcəksən də, bəlkə, o an təbəssümün özünə də səmimi görünəcək. Amma tək qalan kimi özünü qeyri-səmimilikdə ittiham edəcəksən. Çünki ürəyindəkini gizlətmək istədiyini yaxşı bilirsən. (Gizlətdiklərimiz bizi göstərdiklərimizdən daha çox narahat edir. Gizlətmək məcbiriyyəti də buradan yaranır. Sirlər ürəyimizə biçdiymiz paltarıdır – ən səmimi etiraflar belə özündə hansısa təfərrüatları gizlədir. Danışa bilmədiklərimiz daha çox bizimdir, biz heç vaxt səsə çevirməyəciyimiz düşüncələrdən ibarətik. Anadangəlmə nitq qüsuru olan adamlar kimi bir gün dilimizin açılacağını və hər şeyi sözə çevirib bölüşə biləcəyimiz anı gözləyirik)...

Başqasını sevdiyini uyduracaqsan, Ona da, özünə də yalan söyləyəcəksən: "başqası var”, bəlkə, hətta "əlvida” yazacaqsan - əvəzində "hələlik” oxumaq üçün. Özünü inandıracaqsan ki, hamısı darıxmaqdandır, "ciddi bir işlə məşğul olmaq lazımdır” deyəcəksən, amma ağlına gələn ən maraqlı ideyalar belə sənə cəlbedici görünməyəcək. Dostları axtaracaqsan, bəlkə, oturub çay da içəçəksən kiminləsə. Amma gözün qapıda olacaq. O gəlsin istəyəcəksən...

O gələcək bəlkə. Amma başını qaldırıb üzünə baxmağa cəsarət etməyəcəksən. O üzdə axtardığın ifadələri görməyəcəyini bilirsən çünki... Bəlkə, dindirəcək də səni, hələ bir-iki xoş söz də deyəcək, bəlkə, əvəzində sən də iltifatlı olacaqsan. Amma bu iltifatların saxtalığını o da duyacaq. Sonra susacaqsınız. Danışmağa sözünüz qalmayıb çünki. Ən gözəl və ən ağrılı şeyləri demisiniz indiyədək bir-birinizə. Heç biri vəziyyəti dəyişməyib. Bundan sonra da dəyişməyəcək. Bütün gözəl şeylər keçmişdə qalıb sanki. İndi yalnız ağrı var. Sən sevdiyinin, o qarşılıq verə bilmədiyinin ağrısını yaşayır. Yox, bu qədər bəsit də deyil. Onun xəyalında yeni macəraların dolaşdığını bilmisən hər zaman. Sənin kitabındakıları bilir, bilmək üçün kitabı oxumağa da ehtiyacı qalmadı, bu oçerki ona cümlə-cümlə özün oxudun çünki. O, vərəqlərə toxunmadı belə. Sənin danışdıqlarını nağıl saymaq istədi və belə də qəbul etdi, cavabı pritçalar oldu hər zaman. Sənsə çoxmənalı, çoxqatlı pritçaları sevsən belə, eşitmək istədiyin bu deyildi. Bundan sonra pritçaları heç xoşlamayacaqsan, təəssüf...

Amma yox, görünür, O bu kitabı oxumadan kənara atıb. Sən də onu bağlamaq istəyirsən, məsələn, başını qarışdırmaq üçün rəfiqənlə teatra gedirsən və bu zaman "əclaflıq qanunu” işə düşür. Lap filmlərdəki kimi, qonşu kresloda onu görürsən – başqa biri ilə...

Həə... bütün sevgi hekayələri  bir-birinə bənzəyir – hamısı bir gün üçbucağa dönür və sonra batırsan bu üçbucaqda. Lap Bermud kimi. Saman çöpləri adamı xilas etmir – mən bunu çoxdan bilirəm. Saman çöpü – sonuncu ümid işığıdır amma...
Sonra adama heç nə qalmır özünü aldatmaqdan başqa. Düşünürsən ki, hardasa sənin qədər darıxan adam var və O özü bilməsə belə məhz sənin üçün darıxır. Ona yazmaq istəyirsən. Onu sevmək istəyirsən. Onu gözləmək istəyirsən... Nahaq yerə...

Sən bunların hamısını məndən yaxşı bilirsən, amma yenə də bölüşmək istədim...