Rəbiqə Nazimqızı. Y.E.-yə II məktub

Rəbiqə Nazimqızı. Y.E.-yə II məktub

Bu dəfə məhz sözlər barədə yazmaq qərarına gəldim sənə...

Sözlər... bilirsənmi, barmaqlarımın ucundan sürüşüb düşür və word səhifəsində onları heç cür əlaqələndirmək olmur. İlkin mənşələrini itiriblər sanki, korşalıblar və artıq isimlərin əvvəlinə artırılan epitetlər, şeirin dinamizini artırmaq üçün yararlandığım fellər də istədiyim effekti vermir.

Sözlər quru yuxa kimi ovulub tökülürlər elə bil. Şişirtmələr qədərindən böyük görünür, kiçiltmələr işə yaramır. Əzizləmələrin hamısı təkrardır, üstəlik, bəsit və bayağı görünür, səslənir. Bir sözlə misralar uğursuz proza sətirlərinə bənzəyir. Mən belə yaza bilmərəm, Yilmaz. Bu çox iddialı səslənə bilər və sən də o gözəl təbəssümünlə cavab vermədən uzun-uzun susa bilərsən, amma təkrar edəcəyəm: mən zəif yazmaq istəmirəm. Yazdığımın "yaxşı”, "orta” kimi dəyərləndirilməsini istəmirəm. Bundan belə, böyük mənada ədəbiyyata dəxli olmayan tək bir misra belə yazmaq istəmirəm.

Tamam, indi məni kənar rəylərə həssaslıqda ittiham edəcəksən, amma məncə, şeir mütləq və mütləq paylaşmaq üçündür. Gülümsəmə, dayan, etiraf elə, hətta gündəlik yazarkən belə, ədəbiyyata az və ya çox dərəcədə bələd olan adam sözləri seçir, sanki özünü, başına gələnləri kiməsə (lap olsun vərəqə) nəql edir, deməli, altşüurda bölüşmək istəyir. Amma mən hamının (və elə özümün də) təkrar etdiyi şeyləri növbəti dəfə yazmaq istəmirəm...

Əslində, bir az düşünəndə sözlərlə bağlı yazdıqlarım təbii görünməlidir. İndi əminliklə deyə bilərəm, birinci söz olmayıb, sözün daşıdığı anlam olub, çünki O "ol” deyəndə artıq nəyi yaratmaq istədiyini bilirdi. Model vardı...

Biz də modellərlə işləyirik. Modellər dəyişmir, onları ifadə etdiyimiz sözləri belə dəyişə bilmirik və çarəsizlikdən yalnız onların sırasını, işlənmə tezliyini, yan-yana işlətdiyimiz kəlmələrin yerini dəyişirik. Sonra dəqiqliyini heç cür əsaslandıra bilmədiyimiz kriteriyalarla mətnin uğurlu və uğursuz alındığını iddia edirik. Kim indi məni əmin edə bilər ki, şeir uğursuzluğun məhsulu deyil? İndi ən çox sevdiyim şeir – Orhan Vəlinin "Anlatamuyorum” də şeiri də (məhz sözlərin mahiyyəti bütün mahiyyəti ilə ifadə edə bilmədiyi barədə yazılıb bu şeir) mənə bu uğursuzluğun ən uğurlu ifadəsi kimi görünür. Cümləni yazıram və sonra dəqiqləşdirirəm bu cümlədə neçə sözü təkrarlamağa məcbur oldum...

İndi yəqin ki, bəzi ağzığöyçəklər dilimizin imkanları barədə düşüncələrini dilə gətirərdilər (son günlər bu istiqamətdə müzakirələr gedir bizdə yenə). Heç bir dil kasıb deyil, düşünürəm, çünki dil işlək mezanizmdir – onun imkanları ondan istifadə edənin imkanlarına bağlı məsələdir. Problem dildə deyil, sənin düşüncələrini sözə çevirə bilməməyindədir. Bu problem ədəbi istedadı şübhə doğurmayan adamlarda belə zaman-zaman ortaya çıxa bilir, sadəcə, eqo adamlara əzifliklərini etiraf etməyə imkan vermir. Xüsusən də, orta ya ali təhsili məhz bu gün yazmaq istədiyin dildə almamısansa... Məsələ də budur...

Bütün hallarda biz yazmaq istədiyimiz şeirlərin müəllifiyik, yazdıqlarımızdan daha çox...

Haradan yaranır ağ vərəqləri qara hərflərlə doldurmaq istəyi? Onları həmişə silmək olur, üstündən xətt çəkməklə oxunmaz etmək olur, yazılı vərəqləri oda atıb yandırmaq olur. Bilirəm, indi bunları oxusan, səslərdən danışacaqsan, amma səslər belə eşidildiyi andaca əriyib itirlər, boşluq yenə də qalır...

Sən, təbii, oxumamısan, amma icazə ver özümdən sitat gətirim və bunu qyeri-təvazökarlığa yozma, sadəcə, bir hamımız özümüzə bir köynək daha yaxınıq. Nə vaxtsa yazmağa çalışdığım bir hekayəyə cəhddə qey etmişdim ki, bəlkə də, şeirin altından imza qoymaq olmaz. Hələ bir az uzağa da getmişdim: "Şeirin altına imza qoymaq olmaz. Bəlkə, heç yazmaq da düzgün deyil... Axı sözləri biz yaratmamışıq. Biz yalnız onları seçirik, istədiyimiz qaydada bir-birinin yanına düzürük və düşünürük ki, nəsə yaratdıq. Eynən özünə paltar almağa bənzəyir. Mağazaya girib seçirsən - əvvəl geyim, sonra uyğun ayaqqabı. Təbii, yaraşanını alırsan. Hər şey sənin zövqündən asılıdır”. Və sonra da əks arqument gətirmişdim (yenə icazə ver, məsələyə dəxli olmasa da, xatırladım ki, mən özümə əks-arqumentlər gətirməyi xoşlayıram, bəlkə də, bu qadınların bütün hallarda məsələləri dramatikləşdirəm istəyindən doğur, amma bu barədə növbəti məktunda danışacam. Necə deyərlər, malı mala qatmayaq) ki, paltarı da biz biçmirik, tikmirik, amma geyinirik və bizimki olur...

Səni dinləmişəm sonuncu dəfə. "Etmə” dedin, "Demədimmi” dedin. Yazdıqlarımın əksini – sözlərin, qəşəng deyilmiş sözlərin heç vaxt ölmədiyini sübut etmək üçün məhz bu kəlmələri hələ də unutmadığımı sübut gətirə bilərsən. Cavabında sənə münasibətimi qabarda bilərdim, amma bu doğru olmaz, yəqin. İcazə ver susum və bu barədə düşünüm...

Qəribədir, bu dəfə ovqatım yazdıqlarıma yox, yazdıqlarım ovqatıma təsir göstərir və özümü olduqca yorğun hiss etməyə başlayıram. Bu yorğunluqda melanxolik sətirlərdən başqa nə yazmaq olar ki...

Bilirsən, indi bir bilet alıb düz oraya gəlmək, bütün düşüncələrimi səninlə bölüşmək istərdim, bəlkə də, daha çox səni dinləyib susmaq...

Nə yaxşı bu imkan yoxdur, yoxsa sənə söz verdiyim silsiləni başlamadan görüşməyimiz məni utandırardı...
Xoşca qal...

Şeirləri yazan kimi ortaya çıxaracağam, söz... Təbii, əgər bacarsam...